01 Oktyabr 2023 10:15
208
SİYASƏT
A- A+

Xarici siyasət kursunda Çin ilə münasibətlər mühüm yer tutur

 

"Çin və Azərbaycan yaxşı dostlardır".

İlham ƏLİYEV

 

Qədim sivilizasiya mərkəzlərindən biri olan Çin və onun zəhmətkeş sakinləri bu gün iftixar hissilə öyünə bilərlər ki, onların ulu babaları dünya mədəniyyəti xəzinəsinə özünəməxsus töhfələr, yeniliklər vermişlər. Bəşəriyyət özünün sosial-iqtisadi, mənəvi, iqtisadi, texniki, mədəni tərəqqisinə görə Çin xalqına minnətdar olmalıdır. Özünəməxsus xüsusiyyətlərə, füsunkar gözəlliklərə, zəngin fauna və floraya malik olan bu diyar çini qablar, kağız, ipək, barıt, kompas, seysmoqraf, ilk kitab çapı və yazının vətənidir. Avropada o zamanlar belə möcüzələr haqqında heç bir təsəvvür yox idi. O, həmçinin insanlara rahatlıq və gümrahlıq gətirən çayın vətənidir. 
Miladdan əvvəl IX əsrdə əlifba yaradan yunanlar sevindilər. Lakin onların xəbəri yox idi ki, Çində heroqlif yazı sistemi ondan 6 əsr əvvəl yaradılmışdı. İtalyanlar e.ə.753-cü ildə Roma şəhərinin əsasını qoymuşdular. Ancaq onlar da bilmirdilər ki, Pekinin indiki ərazisində ilk yaşayış məskəni bundan üç min il əvvəl yaranmışdı. İngilislər bir zamanlar bu ölkənin əhalisinin sayını duza olan təlabata görə müəyyən edirdilər.     
Bu gün möhkəm əminliklə demək olar ki, Çin iqtisadi potensialına görə dünya nəhənglərinin önündə inamla irəliləməkdədir. Ölkədə ümumi daxili məhsulun miqdarı 2023-cü ilin birinci yarısında 5,5 faiz artaraq 8,27 trilyon dollar təşkil etmişdir. Çində 2023-cü ilin birinci yarısında adambaşına düşən gəlir isə 2,74 min dollara bərabər olmuşdur.
Çin 2023-cü ilin birinci yarısında 105 milyon ton neft hasil etmişdir. Çin iqtisadi potensialına görə dünya üzrə ümumi daxili məhsulun 18,5 faizini təşkil edir.
Bu gün saat, velosiped, tikiş maşınları, akkumulyator batareyaları, pivə, mebel, plastik emalı maşınları da daxil olmaqla 100-dən çox növdə yüngül sənaye mallarının istehsalına görə Çin dünyada birinci yerdədir. Təsdiq edilmiş mineral resursların ehtiyatlarına görə, Çin dünyanın 45 əsas növü arasında 25 mineral növü üzrə dünyada üçüncü, nadir torpaq ehtiyatları, gips, vanadium, titan, tantal, volfram, bentonit kimi 12 mineral ehtiyatına görə birinci yerdədir.
Hazırda Azərbaycan Respublikasının çoxtərəfli xarici siyasət kursunda Çin ilə münasibətlər mühüm yer tutur və üstün istiqamətlərdən birini təşkil edir. Təsadüfi deyil ki, iki ölkə arasında əlaqələrin kökləri 2.500 il əvvələ gedib çıxır. Birbaşa iqtisadi əlaqələrin və tranzit əlaqələrin tarixi də orta əsrlərə gedib çıxır. Hər iki xalq bu əlaqələrə görə tarixi İpək yoluna borcludur. Ticarət əlaqələrinin inkişafı Azərbaycan və Çin xalqlarının bir-birinə mədəni təsirinin güclənməsinə də səbəb olmuşdur. Lakin iki dövlət arasında çağdaş münasibətlərin tarixi 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı qoyulmuş və çoxşaxəli istiqamət almışdır. Səfər zamanı iki dövlət arasında 8 müqavilə imzalanmışdır. 
Çin hökuməti açıq siyasi iradə nümayiş etdirərək, Azərbaycanın dövlət suverenliyini və ərazilərinin toxunulmazlığını tanıdığını, Azərbaycan-Ermənistan münaqişəsində ölkəmizin yanında olduqlarını bəyan etmişdir.
Ölkələrimiz arasında qarşılıqlı siyasi münasibətlər yüksək səviyyədədir. 1992-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulduğu vaxtdan möhkəm təməl üzərində bərqərar olan ikitərəfli münasibətlər qarşılıqlı fayda əsasında uğurla inkişaf edir. Keçən il sentyabrın 15-də ÇXR Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti çərçivəsində görüşü qarşılıqlı münasibətlərin gələcək inkişafının yeni istiqamətini müəyyənləşdirmişdir.
Azərbaycan-Çin əlaqələri bütün sahələrdə inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Çinin dövlət başçısı Si Cinpinin ötən ilin payızında "Bir kəmər, bir yol" Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi "Çinin böyük dostu" adlandırması heç də təsadüfi deyildir.
İlham Əliyevin Davosda Çinin televiziya kanalına müsahibəsində ifadə etdiyi fikirlər Azərbaycanla Çin arasında dostluq, qarşılıqlı anlaşmanın yüksək səviyyədə oluğunu bir daha təsdiqləyir.
Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Çin arasında xarici ticarət dövriyyəsi 2022-ci ildə 2190 milyon dollara çatmışdır. Əsas ixracat  xam neft və kimya məhsullarının payına düşür. Ümumiyyətlə, Çinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 47-48 faizi Azərbaycanın payına düşür. Bunun nəticəsidir ki, Çin Azərbaycanın 5 böyük ticarət tərəfdaşından biridir və 4-cü yerdə qərar tutub.
Ötən ilin ikinci yarısında ölkələrimiz arasında 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanmışdır. 120-ə yaxın Çin mənşəli şirkətin fəaliyyət göstərdiyi Azərbaycanda Pekin ümumilikdə 800 mln. dollardan çox sərmayə qoyub. Xarici ölkələrə kapital qoyuluşunu günbəgün artıran Azərbaycan Çinə bu vaxtadək 1,7 milyard dollar həcmində kapital qoyuluşu reallaşdırıb. Çin şirkətləri ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində təmsil olunur.
2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 18 faiz artaraq, 2 milyard 159 milyon dollara çatmışdır. Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, eləcə də Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb.
Son zamanlar Çin sərmayəçiləri Azərbaycana böyük maraq göstərirlər. Ələt Azad Ticarət Zonasının salınmasında, texnoparkların tikintisində Çin şirkətləri də fəal iştirak edirlər. Cari iiln sentyabrında "Azərbaycan İqtisadiyyat Nazirliyi və Çinin Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi" imzalanıb.
Hazırda iki ölkə arasında nəqliyyat-logistika sahəsində də sıx faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşir və bu strateji mövqe ölkəmiz üçün çoxlu imkanlar yaradır. Azərbaycan Çinin müəllifi olduğu "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. "Bir kəmər, bir yol" layihəsi tam işə düşəndən sonra, hazırda il ərzində Xəzər dənizi vasitəsilə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü 25-30 milyon tona qədər artırılacaq.
Siyasi və iqtisadi-ticarət əlaqələrinin inkişafı həyatın digər sahələrinə də təsir edir. Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək mümkündür. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir. 
Qaşılıqlı mədəni əlaqələrin səviyyəsi də ürəkaçandır. Təhsil sahəsində əlaqələr hər il daha da genişlənir. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində fəaliyyət göstərən "Uzaq Şərq dilləri və ədəbiyyatı" kafedrasında Çin dilinin tədrisinə xüsusi diqqət yetirilir. Təhsilin bakalavr və magistr pilləsi üzrə kadr hazırlığına geniş yer ayrılır. Həmçinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasında Şərq ölkələrinin, o cümlədən Çinin tarixinin tədrisinə və öyrənilməsinə mühüm əhəmiyyət verilir. Tələbələrə Çin tarixinin müxtəlif dövrlərinə aid elmi tədqiqat işləri verilir.    
Azərbaycan və Çinin inkişafının ümumi xüsusiyyətləri ondan ibarətdir ki, hər iki ölkə mühüm geosiyasi məkanda yerləşir və olduqca əlverişli coğrafi mövqeyə malikdirlər. İqtisadi tərəqqi və dirçəliş üçün hər iki ölkədə obyektiv və subyektiv amillər mövcuddur. Zəhmətsevərlik və sadəlik hər iki xalqı birləşdirən cəhətlərdir. Ərazilərində zəngin təbii sərvətlər olan bu ölkələr Zəngəzur dəhlizi açılandan sonra beynəlxalq iqtisadi əlaqələr sistemində yeni mərhələyə qədəm qoyacaqlar. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən əhəmiyyətli dəhlizdir. Belə bir şəraitdə Çindən Avropa bazarına göndərilən yüklərin daşınma məsafəsi 3 min kilometr qısalacaqdır. Bu isə hər iki ölkənin milli maraqlarına uyğundur.   

Atamoğlan MƏMMƏDLİ, 
BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video