Vətənin candan əziz olduğunu Siyahim Dəmirov kimi igid oğullar 2020-ci ildə baş verən 44 günlük müharibədə təsdiq etdilər.
Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində dünyaya gəlib. R. Nəsirov adına Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. 2008-ci ildə məktəbi bitirib. Müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2009-2010-cu illərdə cəbhə bölgəsində, “N” saylı hərbi hissədə xidmət edib.
Ölkəmizin ərazilərinin iyirmi faizi Ermənistanın işğalı altında idi. Uzun illər idi ki, Qarabağ və Şərqi Zəngəzur yol gözləyirdi. Vətənin Siyahim Dəmirov kimi mərd, qeyrətli, igid oğlanları düşmən əsarətinə son qoyacağı günlərin intizarında idilər. Siyahim belə bir vaxtda hərbçi olmağı seçib. O, 2013-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Silahlı Qüvvələrinin sıralarında olub. Müxtəlif illərdə artilleriya divizionunda artilleriya taqım komandirinin müavini - top komandiri, hərbi hissənin xüsusi təyinatlı dəstəsinin minaatan manqasının heyət nəfəri, xüsusi təyinatlı taqımın atəş dəstək manqasının minaatan qrupunun komandiri - tuşlayıcı vəzifələrində xidmət göstərib.
Siyahim hərbi peşəyə dərindən yiyələnib, hazırlığını da artırıb. O, Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində MAHHXHQ və QHQ hazırlığı kursunu bitirib. Xüsusi təyinatlıların hazırlıq kursunda iştirak edib, kəşfiyyat bölüyündə təlim alıb.
Seçdiyi peşənin məsuliyyətini yaxşı bilən Siyahim Dəmirov öhdəsinə düşən tapşırıqları həmişə dəqiqliklə yerinə yetirib. Elə buna görə də xidmət etdiyi illərdə müxtəlif fəxri fərman və təşəkkürnamələrə layiq görülüb. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib. 2019-cu ildə ona kiçik gizir hərbi rütbəsi verilib.
2016-cı ilin aprelində cəbhənin müxtəlif istiqamətlərində baş verən şiddətli döyüşlərdə Siyahim Dəmirov da iştirak edib. Lələtəpə istiqamətində gedən döyüşlərdə cəsarətinə görə seçilib. Aprel döyüşləri onun hərbçi kimi keçdiyi mühüm mərhələlərindən birinə çevrilib. Siyahim Tovuz döyüşlərində də iştirak edib. Döyüş təcrübəsi artdıqca hərbi hazırlığı daha da yüksəlib, üzərinə düşən vəzifələrin məsuliyyəti artıb. Göstərdiyi şücaətə və peşəkarlığa görə komandanlıq tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.
Hərbi hissədə, döyüşlərdə qazandığı təcrübə Vətən müharibəsində Siyahim Dəmirova gərək olub...
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Azərbaycanın bütün vətənsevər, qeyrətli, təəssübkeş, qəhrəman əsgər və zabitləri kimi Siyahim Dəmirov da böyük Zəfər qazanmaq inamı, əzmi ilə döyüşlərə qatılıb. O, Murovdağ istiqamətində gedən xüsusi əməliyyatda, daha sonra Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd, Şuşa istiqamətlərində döyüşlərdə iştirak edib.
...Vətən müharibəsinin hər günü igid Azərbaycan oğullarının sayəsində qəhrəmanlıq tariximizə yazılırdı. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ağır döyüşlər gedirdi. Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə bütün cəbhəboyu zərbələr endirir, addım-addım irəliləyirdi. İllər boyu işğal altında qalan kəndlər, qəsəbələr, şəhərlər düşmən əsarətindən qurtulurdu.
Azərbaycan Ordusunun əsgər və zabitləri qarşıya qoyulan tapşırıqları yerinə yetirərək qəhrəmancasına vuruşur, hər biri vətən torpağını yağılardan xilas etmək naminə sinəsini düşmən güllələrinə sipər edirdi. Siyahim Dəmirov da həmin döyüşçülər sırasında idi. Qarşıda Şuşa vardı...
Siyahim 2020-ci il oktyabrın 29-da Şuşa şəhəri istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Onun döyüş yolu yarımçıq qalmayıb. Döyüş yoldaşları Siyahimin arzusunu həyata keçiriblər. Siyahim Dəmirovun şəhid olmasından on gün sonra - noyabrın 8-də Şuşanı azad ediblər.
Siyahim Dəmirov Beyləqan rayonunun Əlinəzərli kəndində dəfn olunub. Onun Vətən qarşısındakı xidmətləri və döyüşlərdə göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirilib. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Siyahim cəmi otuz il yaşayıb. Bu qısa ömrün böyük hissəsi Azərbaycan Ordusunda xidmətə, Vətənin müdafiəsinə həsr olunub. Əlinəzərli kəndindən başlayan həyat yolu onu cəbhə bölgəsinə, ağır Aprel döyüşlərinə, Tovuz istiqamətinə və Vətən müharibəsinin şiddətli döyüşlərinə aparıb. Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd və Şuşanın Ermənistan işğalından qurtulması naminə şücaət göstərib.
Vətən yolunda canından keçmiş bütün şəhidlərimiz kimi, Siyahim Dəmirovun da əziz xatirəsi ehtiramla anılır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"