Deyirlər ki, dağlar qoynunda doğulanlar böyüyəndə elə dağlar kimi vüqarlı və qürurlu olurlar. Zaqatalanın Lahıc kəndi də başı buludlara söykənən dağların qoynunda yerləşir. Ziyalı, sənət adamları ilə yanaşı, vətənpərvər, igid, cəsur oğullar zaman-zaman kəndə başucalığı gətirib, adlarını qəhrəmanlıq tariximizə böyük hərflərlə yazıblar. Böyüməkdə olan nəsillər isə igidliyi, qəhrəmanlığı həmin cəsur oğullardan öyrəniblər, onların şərəf dolu yollarını davam etdiriblər.
9 avqust 1990-cı il başqa kənd sakinləri üçün adi bir gün olsa da, Məhəmməd kişi üçün qeyri-adi, sevinc dolu unudulmaz bir gün idi. Onun dünyaya sığmayan sevincinə, xoşbəxtliyinə səbəb ailəsində qızı Vəsilədən sonra çox arzusunda olduğu oğlunun dünyaya gəlməsi idi.
Ailəsinə, yaxınlarına böyük sevinc gətirmiş uşağın adını İsmayıl qoydular, uzun ömür və xoşbəxtlik arzuladılar. İsmayılın uşaqlığı yenicə müstəqillik əldə etmiş ölkəmizin ən çətin, ən ağır illərinə təsadüf etmişdi. Həmişə torpaqlarımıza göz dikmiş ermənilər keçmiş ittifaq süquta uğradıqdan sonra Qarabağda baş qaldırmışdılar. Ermənistan yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanı elan olunmamış müharibəyə cəlb etmişdi.
"Ana" və "Vətən" sözlərini sevinə-sevinə yazmışdı
Aylar, illər isə ətrafda baş verən hadisələrə məhəl qoymadan ötüb keçirdi. Hiss olunmadan arxada qalan illər İsmayılı da böyüdüb yaşdan-yaşa keçirirdi. Günlərin birində İsmayıl da sevinə-sevinə Lahıc kənd orta məktəbinə getdi. İlk müəllimi Cəvahir xanım ona hərfləri öyrətdi, sonra "Ana", "Vətən" sözlərini yazdırdı. Təbiət fənlərinə marağı çox olduğunu görən valideynləri gələcəkdə İsmayılı həkim görmək istəyirdilər. İsmayılın özü isə hələ hansı bir peşənin arxasınca gedəcəyini dəqiqləşdirməmişdi. Bir gün Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olmuş bibisi oğlu Muradı kursant geyimində kənddə gördü. İsmayıl ucaboylu, qamətli Muradla görüşüb onun boynuna sarıldı. Elə həmin gündən də onun ürəyində hərbçi peşəsinə sevgi oyandı. İsmayıl hərbçi peşəsinə olan arzusunu dilinə gətirməsə də, daxilən özünü bu şərəfli yolun yolçusu kimi hiss edirdi. Dərslərinə ciddi fikir verir, özünü gələcəyin zabiti kimi görürdü.
Vətəni Azərbaycanın müharibə şəraitində olması, Qarabağın ermənilər tərəfindən işğal edilməsi onu çox incidirdi. Cəbhələrdən gələn şəhid xəbərləri İsmayıl Səmədovun erməni separatçılarına nifrət və kinini artırırdı. Ürəyi, qəlbi qisas hissi ilə döyünürdü.
Artıq İsmayıl doqquzuncu sinfi bitirmək üzrə idi. Valideynləri qərara gəlmişdilər ki, övladları təhsilini Bakıdakı Kimya Biologiya Təmayüllü Liseydə davam etdirsin. Məhəmməd kişi ilə Həlimə xanım arzularına çatdılar. İsmayıl imtahanlardan yüksək bal toplayıb liseyə qəbul oldu. Bitirəndə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini seçdi. Arzusuna çatmaq üçün o, xeyli çəkən söhbətdən sonra valideynlərini buna razı sala bilmişdi. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ən yüksək balla qəbul olunanların sırasında İsmayıl Səmədovun da adı vardı. Övladlarının qazandığı uğur valideynlərini də çox sevindirdi.
Özünü yalnız hərbi xidmətə hazırlayırdı
Ali hərbi məktəbə qəbul olması İsmayılın həyatına xeyli yeniliklər gətirdi. İlıq payız günlərində onun kursantlıq həyatı başladı. O, təhsil aldığı illərdə hərbi bilikləri mükəmməl mənimsəyir, həm nəzəri, həm də əməli məşğələlərdə fəal iştirak edirdi. Buna görə də təcrübə və səriştəsi gündən-günə artırdı. Bilirdi ki, gələcəkdə onu məsuliyyətli işlər və sınaqlar gözləyir. Gənc İsmayıl özünü zabit kimi hərbi xidmətə hazırlayırdı.
Nəhayət, İsmayıl arzusuna çataraq ilk zabit rütbəsini - leytenant paqonlarını böyük qürurla çiyinlərinə taxdı. Çox keçmədi ki, onu cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birinə göndərdilər. Xidmətə başladığı hərbi hissədə məşqlərindən qalmırdı. Müntəzəm olaraq əsgərləri ilə birlikdə çöl təlimlərində olur, döyüş atışlı çalışmaları həm gecə, həm də gündüzlər yerinə yetirirdi. Leytenant Səmədov tabeliyində olan əsgərlərə təkcə hərbi bilik və vərdişləri deyil, həm də vətənə sevgi, düşmənə nifrət hissləri aşılayırdı. Əvvəlcə əsgərlərinə istifadə edəcəkləri silahların taktiki-texniki xüsusiyyətlərini ətraflı izah edir, istər dağlıq, istər düzən, istərsə də sıx meşəlik ərazilərdə taktiki gedişləri onlara başa salır, relyefə uyğun düzgün hücum və müdafiə gedişlərini anladırdı. Komandanlıq da İsmayılın çalışqanlığını görüb onun əməyini yüksək qiymətləndirdi. Hərbi hissənin "Şərəf lövhəsi"nə İsmayıl Səmədovun da şəkli vuruldu.
Gənc zabit xidmətə başlayandan bir il sonra özünü daha məsuliyyətli və çətin qoşun növündə - xüsusi təyinatlı qüvvələrdə sınamaq qərarına gəldi. Xeyli hərbçinin cəlb olunduğu altı aylıq təlim kursunu yalnız 20 zabit uğurla başa vurdu. Onlardan biri də leytenant İsmayıl Səmədov idi. Kursu uğurla başa vuran İsmayıl xüsusi təyinatlı qüvvələrdə qrup komandiri təyin olundu. Qısa müddət ərzində bilik və bacarığı ilə yeni xidmət yerində də fərqləndi, iki dəfə qardaş Türkiyədə və Gürcüstanda komando kurslarının təlimlərində iştirak etdi.
Hazırlığı, döyüş bacarığı yüksək olanlar həmişə böyük uğurlar qazanırlar. Azərbaycanın hərb tarixinə Aprel döyüşləri kimi yazılmış, cəmi dörd gün davam etmiş hərbi əməliyyatlarda gənc zabit dəqiq atəş zərbələri ilə düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv etdi. İsmayıl Səmədovun döyüşlərdə göstərdiyi peşəkarlıq və şücaət komandanlığın diqqətindən yayınmadı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cəbhə bölgəsinə səfərləri zamanı hərbçilərlə görüşərkən İsmayılın da əlini sıxıb, ona mükafat təqdim etdi. Bu əlamətdar gün onun həyatında çox mühüm bir hadisə oldu. Cəsur zabit artıq kapitan rütbəsi almışdı.
Bir-birindən uğurlu əməliyyatlar
27 sentyabr 2020-ci ildə düşmən ağır silahlardan istifadə edərək mövqelərimizi atəşə tutdu. Erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Ordumuzun cəbhə xəttində yerləşən bölmələri qəsbkarların hücumlarının qarşısını qısa müddətdə və qətiyyətlə aldılar. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi. Zabit İsmayıl Səmədov da komandiri olduğu bölmə ilə torpaqlarımızı işğalçılardan azad etmək uğrunda vuruşurdu. Onun rəhbərlik etdiyi qrup düşmən arxasına keçərək işğalçıların döyüş ehtiyatlarını, köməyə gedən qüvvələrini məhv edirdilər. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr vururdular.
Oktyabrın 11-də İsmayılın komandiri olduğu qrupa olduqca mühüm döyüş tapşırığı verildi. O, qrupu ilə birlikdə Xocavəndin yaxınlığındakı Gorazilli kəndi istiqamətindən düşmən arxasına keçməli və qoşunlarımızın irəliləməsinə mane olan yağılara köməyə gələn qüvvələri zərərsizləşdirməli idi. Düşmənin canlı qüvvə ilə dolu olan maşınları cəsur kapitanın dəstəsinin mövqe tutub gizləndiyi ərazidən keçməyə çalışırdı. Təcrübəli zabit ermənilərlə dolu üç avtomobili dəqiq atəşlə vurdu. İki avtomobildəki düşmən əsgərləri dağlara qaçaraq müqavimət göstərməyə başladılar. Təəssüflər olsun ki, bu döyüşdə zabit İsmayıl Səmədov düşmən snayperinin atəşinə tuş gəldi. Cəsur komandir canından da çox sevdiyi Vətən torpaqlarının azadlığı yolunda şəhid oldu, əbədiyyətə qovuşdu. Onu qoynunda dünyaya göz açdığı doğma kəndində torpağa tapşırdılar.
Atası Məhəmməd kişi deyir ki, İsmayıl heç zaman xidmətin çətinliyini dilinə gətirməzdi, həmişə razılıq edərdi. Hərbi işlərdən, keçdikləri təlimlərdən isə danışmağı heç vaxt xoşlamazdı. Sanki oğlum anadan zabit doğulmuşdu.
Döyüşlərdə göstərdiyi igidliyə, cəsarətə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə kapitan İsmayıl Məhəmməd oğlu Səmədov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü.
Qəhrəmanın iki övladı - Nurgül və Mehdi vətənə əmanətdir. Həyat yoldaşı Bəsti xanım deyir ki, İsmayılla birgə getdiyi yerlərdən keçmək, xatirələri yenidən oyatmaq çox çətindir: "Yoldaşımın şəhid olduğu yerə gedə bilmirəm. Hələ buna hazır deyiləm. Onunla çox olduğumuz şəhərlərdən, yerlərdən keçməməyə çalışıram. Kədərli xatirələr çox ağır olur, adamı yandırıb-yaxır. Həyəcan keçirmək istəmirəm. Olanları yenidən yaşamaqdan, yenidən o xəbərləri eşitməkdən qorxuram. Uşaqlarım üçün, İsmayılın yadigarları üçün ayaqda dururam. Kaş belə olmazdı. Ancaq nə edə bilərik, Vətən hər şeydən önəmlidir. O canını Vətən yolunda qurban verdi, Qarabağ problemi Mehdilərə, Nurgillərə qalmasın deyə savaşdı. İstədi ki, biz rahat yaşayaq. Övladlarımı onun adına layiq böyütməyə çalışacam".
Zabit İsmayıl Səmədovla çiyin-çiyinə vuruşan gizir, əslən Quba rayonunun Alpan kəndindən olan Cavad Babayev komandirinin qəhrəmanlığından söz açdı: "O, ən ağır döyüşlərdə belə, öndə gedib bizi qorudu, uğurlu əməliyyatlar qurdu. Oktyabrın 4-dən başlayaraq, Cəbrayıl, Füzuli, Hadrut istiqamətlərində şiddətli döyüşlər getdi. Bölüyümüz oktyabr ayının 3-dən 4-nə keçən gecə Cəbrayıl istiqamətində düşmənin televiziya qülləsini qoruyan bir tankını və 8 nəfərlik canlı qüvvəsini məhv etdi. Nəzarətçi qrupumuz ərazidə düşmən snayperlərin olduğunu müəyyənləşdirdi. Əvvəlcə onlardan 3-nü, sonra isə arxadan bizə atəş açan düşmənləri məhv etdik. Oktyabr ayının 10-da komandanlıq Horadiz-Füzuli-Hadrut yolunu yağılardan təmizləmək tapşırığını verdi. Bu əməliyyat zamanı gərgin anlar yaşadıq. Öncə düşmənin 10-a yaxın texnikasını zərərsizləşdirib yolu gediş üçün təmizlədik və əlverişli mövqe tutduq. Ertəsi gün - oktyabrın 11-də Xocavənd istiqamətində ağır, şiddətli döyüşlər oldu. Döyüş zamanı gözlənilmədən işğalçılar üzərimizə böyük qüvvə ilə hücuma keçdilər. Düşmənin çoxlu sayda texnikasını, canlı qüvvəsini məhv etdik. Amma bizim də itkilərimiz oldu. Təəssüflər olsun ki, bu döyüşdə fəxrimiz, Silahlı Qüvvələrimizin dəyərli, təcrübəli zabiti, bölük komandiri İsmayıl Səmədovu itirdik. Komandirimiz düşmənin açdığı snayper atəşindən şəhid oldu. Biz komandirimizi, onun qəhrəmanlığını heç vaxt unutmayacağıq".
Şəhidin adı əbədiləşdirilib. Zaqatala rayonundakı 5 nömrəli tam orta məktəb Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Məhəmməd oğlu Səmədovun adını daşıyır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"