21 Fevral 2024 09:23
601
SİYASƏT
A- A+

Xalqı daim uğurlara aparan siyasətin növbəti zəfəri

 

Prezident İlham Əliyevin son seçkilərdəki inamlı qələbəsi Azərbaycanın yeni mərhələ üçün qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləməsinə təminatdır

 

Dünya təcrübəsi göstərir ki, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaradılması güclü iqtisadiyyat quruculuğu ilə yanaşı, həm də xalqın azad iradəsinin ifadəsi olan demokratik seçkilərdən keçir. Seçkilərin beynəlxalq səviyyədə qəbul olunmuş meyarlar əsasında keçirilməsi sivil münasibətlər sisteminin, siyasi mədəniyyətin formalaşdırılması, habelə cəmiyyətin milli maraqlar ətrafında birləşməsi kimi mühüm amillərə yol açır. 
Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı beynəlxalq rəylər - xarici müşahidəçilərin, qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin açıqlamaları prosesin şəffaf, ədalətli keçdiyini, xalqın azad siyasi iradəsini əks etdirdiyini bir daha təsdiqləyib. Erməni lobbisinin və anti-Azərbaycan şəbəkəsinin apardıqları qarayaxma və böhtan kampaniyasına baxmayaraq, beynəlxalq ictimaiyyət ölkəmizdə yüksək standartlara cavab verən seçkilərin keçirildiyinin, bunun üçün ciddi siyasi iradənin mövcudluğunun əyani şahidi olub. 
Seçkilərin ilk dəfə olaraq bütün ölkə ərazisini, rayon və şəhərləri əhatə etməsi müstəqil Azərbaycanın ən böyük nailiyyətlərindən biridir. Yüksək seçici fəallığı şəraitində səsvermə hüququ olan vətəndaşların 92,12 faizinin Müzəffər Ali Baş Komandana etimad göstərməsi həm də xalqın təşəkkürü, vəfa borcuna sadiqliyi kimi dəyərləndirilməlidir. Xalq-iqtidar birliyinin daha da güclənməsi Azərbaycana münasibətdə məkrli mövqedə olan qüvvələrin qarşısında ən ciddi sipərdir. 
Növbədənkənar prezident seçkilərinin Azərbaycanın hərtərəfli inkişafında, milli maraq və mənafelərinin qorunmasında, demokratikləşmə prosesinin sürətlənməsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyduğu hazırda beynəlxalq miqyasda da etiraf olunur. Əslində, ölkəmizin son 20 ildəki inqilabi xarakterli uğurları, iqtisadi, siyasi nüfuzu, eləcə də ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi fonunda Prezident İlham Əliyevin həlledici səs çoxluğu ilə qələbə qazanacağına nəinki daxildə, beynəlxalq arenada da ciddi əminlik var idi. Seçkilərin nəticələri ilə bağlı rəylər fonunda bir daha təsdiqlənir ki, dünyanın əksər ölkələri Azərbaycanda uzun illərin sınağından çıxmış mövcud siyasi kursa yüksək etimad göstərirlər. Prezident İlham Əliyevə ünvanlanan səmimi çoxsaylı təbriklər ölkəmizin nəinki Cənubi Qafqazda, ümumən qlobal miqyasda yüksək nüfuza malik olmasının göstəricisidir. Təbrik məktublarından da göründüyü kimi, respublikamızın bölgədə sabitləşdirici rol oynaması, Avropanın enerji təhlükəsizliyində mühüm rolu hazırda istər fövqəlgüc dövlətlər, istərsə də aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı etiraf olunur. 
Seçkilərin nəticələri hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymətdir. Bu mənada ötən 20 ildə Azərbaycanı davamlı inkişaf və tərəqqi yoluna çıxararaq təminatlı gələcəyə etibarlı zəmin yaradan mövcud siyasi kursun davam etdirilməsi cəmiyyətin həlledici çoxluğunun iradəsi kimi önə çıxıb, qədirbilən xalqımız birmənalı olaraq taleyini növbəti dəfə də cənab İlham Əliyevə etibar edib. Bu dəyişməz seçim eyni zamanda Azərbaycan cəmiyyətinin öz layiqli liderinin siyasi fəhminə və parlaq şəxsiyyətinə sarsılmaz inamının əyani təcəssümü olub. Mütləq əksəriyyət 7 fevral seçkilərində əməli işi, konkret nəticəni, firavan sabahı seçdiyini nümayiş etdirib.
Yüksək siyasi iradəsi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi, milli maraqlara sadiqliyi, praqmatizmi, təvazökarlığı və sadəliyi, ən əsası Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olması dövlət başçısının növbəti prezident seçkilərində xalq tərəfindən yüksək dəstək almasını birmənalı təmin edib. Cənab İlham Əliyev praqmatik lider və rəhbər olaraq, mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirib, milli maraqlar naminə cəsarətli addımlar atıb, yaranmış ekstremal şəraitlərdə ən optimal, düzgün qərar qəbul edib. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsini dərindən mənimsəmiş cənab İlham Əliyev son 20 ildə idarəçilikdə yeni ənənənin və inqilabi xarakterli yeniliklərin müəllifinə çevrilib. 
Bu məqamda onu da xüsusi qeyd etməliyik ki, müdrik xalqımız hələ 31 il əvvəl - 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevə yüksək etimad göstərməklə, dövlətimizin dayanıqlı və sabit inkişaf yolunu müəyyənləşdirib. Tarixdən məlumdur ki, müstəqilliyin elan edilməsi dövlətin davamlı inkişafı, xalqın can atdığı milli ideallara çatması baxımından çox zaman yetərli olmur. Bu mənada Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini xaos və anarxiya, vətəndaş müharibəsi təhlükəsindən xilas edən, iqtisadi tənəzzülün dərinləşməsinin qarşısını alan, həyata keçirdiyi islahatlarla ictimai həyatın bütün sahələrində tərəqqini, inkişafı təmin edən böyük lider kimi hər zaman dərin ehtiramla xatırlanır. 
Azərbaycan vətəndaşları növbədənkənar prezident seçkilərində dövlətimizin başçısı cənab İlham Əliyevin namizədliyini dəstəkləməklə siyasi taleyini Heydər Əliyev siyasi kursuna etibar edib. Dövlət başçısının milli maraq və mənafelərə əsaslanan uğurlu diplomatiyası, modern ordu quruculuğu siyasəti, xalqı ətrafında səfərbər etmək bacarığı sayəsində Azərbaycan bu gün dünyada ərazi bütövlüyünü, suverenliyini hərb meydanında təmin edən, regionda yeni geosiyasi reallıqlar formalaşdıran qalib ölkə kimi tanınır. 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qazandığımız parlaq zəfərlər dövlətimizin başçısı İlham Əliyevin son 20 illik fəaliyyətinin nəticələrinin obyektiv dəyərləndirilməsi baxımından ən qürurverici, möhtəşəm hadisələrdir. 
Azərbaycanı son iki əsrdə ərazi itirən dövlətdən torpaqlarını geri qaytaran dövlətə çevirən dövlət başçısı Ulu Öndərin ən böyük arzusunu, vəsiyyətini də həyata keçirib. Şuşa şəhərinin işğaldan tam azad edildiyi gün - 2020-ci il noybarın 8-də dövlətimizin başçısının xalqa müraciəti zamanı dediyi bu sözlər yaddaşımızda əbədi həkk olunub: "Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!"
Dövlət başçısının ilk dəfə prezident seçildiyi gün - 15 oktyabr tarixdə Xankəndidə hərbçilər qarşısında dövlət bayrağımızı uçaltması isə rəmzi mahiyyət kəsb edən hadisə kimi tarixiləşib. Nəhayət, dövlətimizin başçısı İlham Əliyevin və ailə üzvlərinin fevralın 7-də Xankəndiyə gələrək, bu şəhərdə səs vermələri Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olması ilə bağlı bütün dünyaya, xüsusilə Ermənistana, onun bəzi havadarlarına ünvanlanan sərt ismarış olub. Dövlətimizin başçısı fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki çıxışı zamanı bu məqama xüsusi toxunaraq deyib: "Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi".
Fevralın 14-də keçirilən andiçmə mərasimindəki hesabat xarakterli, yeni inkişaf mərhələsinin hədəflərini müəyyən edən dərin məzmunlu nitqi bir daha sübut edib ki, dövlət basçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2003-cü ilin prezident seçkiləri zamanı və sonrakı mərhələdə xalq qarşısında verdiyi bütün vədləri əməli işi ilə doğruldub. Praqmatik lider kimi gücü və xarizması cənab İlham Əliyevin qarşıda müəyyənləşdirdiyi milli ideya səviyyəli vəzifələri gerçəkləşdirmək üçün dərin strateji baxışa, yüksək idarəçilik keyfiyyətlərinə, daxili inama və siyasi qətiyyətə malik olmasında, xalqın dəstəyinə arxalanmasındadır.  
Dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda duran vəzifələri düzgün müəyyənləşdirən liderlər həm də inkişafa yönəlmiş məqsədləri gerçəkləşdirməyə nail olurlar. Bu baxımdan cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasət nəticəsində ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılıb, cəmiyyətin ümumi potensialının ümummilli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində dinamizmi təmin edib. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşdırılması, diplomatik münasibətlərdə balanslaşdırma prinsipinin qorunması, mövcud imkanlardan Azərbaycan vətəndaşlarının rifahı naminə maksimum istifadə müasir tariximizin son 20 illik dövrünü səciyyələndirən mühüm yeniliklərdəndir. 
Azərbaycanı mövcudluq tarixinin ən güclü dövlətinə, habelə beynəlxalq miqyasda söz sahibinə çevirən cənab İlham Əliyev seçkiqabağı platformasında irəli sürdüyü "Əsl siyasət konkret real iş görməkdən ibarətdir" tezisini də əməli fəaliyyəti ilə doğruldub. Sözünün imzası qədər çəkisinin olduğunu beynəlxaq səviyyədə təsdiqləyən dövlətimizin başçısı hər bir mərhələ üçün hökumət qarşısında duran vəzifələri düzgün müəyyənləşdirib, onların çevik və işlək mexanizmlər əsasında icrasını təmin edib, sosial sifariş amilini fəaliyyətində əsas tutub. "Güclü iqtisadiyyat, yüksək sosial rifah" tezisi əsasında reallaşdırılan iqtisadi siyasət sivil və inkişaf etmiş cəmiyyət quruculuğu sahəsində mühüm uğurların əldə olunmasına imkan yaradıb. Xalqa layiqli xidmət, vətəndaşa həssas münasibət məsələləri cənab İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini, başlıca ideya istiqamətini təşkil edib. 
Dövlət başçısı İlham Əliyev fevralın 7-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində ona yüksək etimad göstərmiş ölkə vətəndaşlarına səmimi minnətdarlığını ifadə edib, ölkənin inkişafı naminə həyata keçirilən islahatların bundan sonra da davam etdiriləcəyini vurğulayıb: "İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir".
Ötən 20 illik mərhələ ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Ümumiləşdirərək ifadə etsək, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, sahibkarların hərtərəfli dəstəklənməsi, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri cənab İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edib. 
İdarəetmə sisteminə yenilikçi düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirmiş dövlət başçısı hər il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə, onların icra prosesini şəxsi nəzarətdə saxlayıb, ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edib. Bu nöqteyi-nəzərdən regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas istiqamətləri kimi diqqəti çəkir. 
Yürüdülən məqsədyönlü siyasət qlobal gərginliklərin ölkəmizə mənfi təsirlərinin maksimum dərəcədə azaldılmasına deyil, həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təminatına yönəlib. 2016-cı il sentyabrın 26-da keçirilmiş refendumun nəticəsi kimi ölkədə Birinci vitse-prezident institutunun yaradılmasını, Heydər Əliyev Fondunun rəhbəri kimi uzun illər ərzində reallaşdırdığı mühüm sosial-humanitar, mədəni və digər layihələrlə cəmiyyətin rəğbətini qazanmış Mehriban xanım Əliyevanın 2017-ci il fevralın 21-də bu vəzifəyə təyin olunmasının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu təyinat dövlət idarəçiliyinə yeni ruh və müasirlik gətirməklə, ümumilikdə gənc, təcrübəli və intellektual səviyyəli novator kardların ölkədə həyata keçirilən islahatlarda iştirak imkanlarını genişləndirib, ictimai-siyasi münasibətlər sisteminin xarakterində əsaslı dəyişikliklərə yol açıb. 
Son prezident seçkilərindən dərhal sonra dövlətimizin başçısının formalaşdırdığı yeni hökumət, apardığı kadr islahatları ölkəmizdə islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə, xüsusilə məhkəmə və ədliyyə orqanlarının fəaliyyətində səmərəliliyi, şəffaflığı təmin etmək niyyətindən irəli gəlib. Aparılan institusional islahatlar dövlət məmurları tərəfindən ölkə vətəndaşlarına göstərilən xidmətlərin daha da təkmilləşməsinə və yaxşılaşdırılmasına xidmət edib. Tətbiq edilən modern idarəetmə texnologiyasının əsas cəhətlərindən biri hər bir məmurun fəaliyyətinin əldə edilmiş konkret nəticələr əsasında qiymətləndirilməsidir. Bu prinsip dövlət məmurlarının öz işinə daha məsuliyyətlə yanaşmalarına, dövlət idarəetmə aparatının daha səmərəli və məhsuldar işləməsinə zəmin yaradır. 
Bunu demək kifayətdir ki, "ASAN xidmət", "ASAN Kommunal", "DOST" və sairə kimi yeni idarəçilik modellərinin tətbiqində məqsəd vətəndaş məmnunluğunu təmin etmək, bürokratik amillərin aradan qaldırılmasına nail olmaq, idarəetməni çevik və səmərəli əsasda qurmaqdır. Mərkəzi və yerli icra hakimiyyəti strukturlarında şəffaflığa, hesabatlığa, "Açıq cəmiyyət" quruculuğu prinsiplərinə əsaslanan çevik idarəetmə modelinin formalaşdırılması yeni mərhələdə kadr siyasətinin əsas qayəsində yer alır. Bunlar həm də göstərir ki, Azərbaycanda başlanmış islahatlar sistem xarakterlidir və ictimai həyatın bütün sahələrində köklü dəyişikliklərin reallaşdırılması üçün ali səviyyədə ciddi siyasi iradə mövcuddur. Müasir idarəetmə meyarlarına uyğunlaşmaq istəməyən məmurlar barəsində sərt ölçülərin götürülməsi, onlardan bir qisminin cinayət məsuliyyətinə cəlb olunması ilk növbədə qanunun aliliyinin təmin edilməsi istiqamətində atılan prinsipial addımlar olub. 
Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, modernləşmə prosesinin dərinləşdirilməsi və innovativ modellərin tətbiqi də bu sırada xüsusi qeyd oluna bilər. Kompleks siyasi, iqtisadi və hüquqi islahatlar çərçivəsində 2009-cu və 2016-cı illərdə keçirilmiş ümumxalq referendumları əsasında Konstitusiyada edilmiş əlavə və dəyişikliklər ölkə rəhbərliyinin sistem xarakterli islahatların dərinləşdirilməsində, ictimai maraqların etibarlı müdafiəsində nə qədər ciddi olduğunu əyani şəkildə göstərib. 
Dövlət başçısı İlham Əliyev ötən 20 ildə beynəlxalq hüququn demək olar ki, formal xarakter daşıdığı ədalətsiz dünyada qarşıya qoyulan hədəflərin reallaşdırılmasının, ayaqda durmağın, müstəqilliyi möhkəmləndirməyin, söz sahibi olmağın sadə formulunu müəyyən edib: iqtisadi və hərbi cəhətdən güclü olmaq, hücum diplomatiyası yürütmək, təhdidləri dəf etmək! Məhz bunun nəticəsində iqtisadi sahədə inqilabi uğurlara imza atan, dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən Azərbaycan dünyada müstəqil siyasət yürütməyə nail olub, davamlı şəkildə artan iqtisadi-maliyyə resurslarımız ölkəmizə heç bir ölkədən asılı olmadan hədəflərinə çatmaq imkanı yaradıb. Dövlət başçısı İlham Əliyev respublikamızın necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət doktrinasında bölgənin özəlliklərini nəzərə alır. 
Seçkilərin nəticələri fonunda onu da deyə bilərik ki, respublikamız milli mənafelərinin müdafiəsinə yönəlmiş praqmatik, reallıqları özündə əks etdirən, qlobal proseslərin xarakterinə cavab verən çevik xarici siyasətini bundan sonra da davam etdirmək əzmindədir. Prezident İlham Əliyevin andiçmə mərasimindəki dərin məzmunlu çıxışı ölkə diplomatiyası qarşısında yeni vəzifə və hədəfləri də müəyyən edib. Azərbaycanın müstəqil siyasətini bundan sonra da davam etdirəcəyini, qlobal və regional təhdidlərə adekvat cavab verəcəyini, beynəlxalq platformalarda fəaliyyətini davam etdirəcəyini vurğulayıb: "Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik".
Postkonflikt dövründə ölkə reallıqlarının beynəlxalq miqyasda, müxtəlif təşkilatlar çərçivəsində təbliği, Ermənistanın və onun himayədarlarının informasiya cəbhəsində zərərsizləşdirilməsi yeni mərhələdə də Azərbaycan diplomatiyasının əsas vəzifələri olaraq qalır. Dövlətimizin başçısı xüsusən də Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi zəruriliyini vurğulayıb. Prezident İlham Əliyevin bu günlərdə ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi də bu mənada təbii və qanunauyğun hadisədir. 
Azərbaycan strateji müttəfiqi olan Türkiyə ilə birgə eyni dil, din və mədəni köklərə malik türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, onların təmsil olunduqları əsas qurumların beynəlxalq müstəvidə real güc amilinə çevrilməsi təşəbbüsləri ilə çıxış edir. Dünya iqtisadi-təsərrüfat sistemində xüsusi çəkiyə malik türkdilli ölkələrin əməkdaşlıq üçün bu potensialdan səmərəli bəhrələnmələri, bir sıra mühüm sahələrdə, o cümlədən nəqliyyat-logistika sektoru üzrə əməkdaşlığı qlobal çağırışlara əsaslanır. 
İkinci Qarabağ müharibəsindən sonra yeni mənzərənin formalaşdığı Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya arasında tarixən mövcud olmuş nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi strateji məsələ kimi meydana çıxıb. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiyanın türkdilli respublikaları, xüsusilə Qırğızıstan, Özbəkistan, Qazaxıstanla münasibətlərinin strateji müstəvidə inkişafı xüsusilə qeyd oluna bilər. Azərbaycan Qərblə Şərq arasında körpü rolunu oynayan ölkə kimi Orta dəhlizin fəaliyyətinin gücləndirilməsini, yükdaşımalar üçün daha əlverişli şəraitin yaradılmasını təşviq edir.
Ümumiyyətlə, son 20 ildə avtomobil yollarının, dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya, İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda, regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər. "Şərq-Qərb nəqliyyat dəhlizi" Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir.
Prezident İlham Əliyevin ötən həftə Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi rəsmi görüşlər, apardığı müzakirələr deməyə əsas verir ki, Azərbaycanın neft-qaz sektoru ilə yanaşı, alternativ və bərpa olunan enerji sahəsindəki zəngin potensialı da dünyanın diqqət mərkəzindədir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının bu il Bakıda keçirilməsinə ifadə edilən beynəlxalq dəstək də iri neft-qaz hasilatçısı olan Azərbaycanın alternativ enerji mənbələrindən səmərəli istifadə və karbonsuzlaşdırma sahəsində həyata keçirdiyi tədbirlərin dünyada müdafiə edildiyini göstərir. 
Ümumiyyətlə, dövlət başçısının seçkilərdəki inamlı qələbəsi Azərbaycanın daha çevik, qətiyyətli xarici siyasət yürütməsinə, milli maraq və mənafelərinin müdafiəsinə, milli təhlükəsizliyini təhdid edən xoşagəlməz geosiyasi meyillərə qətiyyətli cavab verməsinə imkan yaradacaq. Bu qələbə eyni zamanda Ermənistanla yekun sülh sazişinin imzalanması istiqamətində aparılan danışıqların milli maraqlarımıza uyğun şəkildə irəliləməsini təmin edəcək. Dövlət başçısı seçkilərdən sonra bir daha bəyan edib ki, Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquq və qarşılıqlı hörmət, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında münasibətlərin normallaşmasına hazırdır. Yalnız bu halda Ermənistan məkrli xarici qüvvələrin əlində vasitə olmaqdan xilas ola və regionda Azərbaycan sayəsində yaranan yeni vəziyyətdən faydalanıb, dinamik inkişaf yoluna çıxa bilər. Ermənistandakı revanşist qüvvələr anlamalıdırlar ki, mövcud vəziyyəti dəyişməyə hər hansı kiçik cəhd və yaxud müharibə ritorikasına qayıdış onun dövlət olaraq mövcudluğunu sual altına ala bilər. İnkişaf parametrləri, iqtisadi imkanlar və hərbi güc baxımından Ermənistanın hansısa mərhələdə Azərbaycanla rəqabətə girməsi qeyri-mümkündür.
Onu da xüsusi vurğulamaq istərdim ki, seçkilər Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Sumqayıt şəhərində də yüksək mütəşəkkilliklə keçib, şəhər sakinləri xalqımıza parlaq zəfərlər bəxş edən alternativsiz siyasi kursu dəstəkləməklə, ölkəmizin uğurlu sabahına sarsılmaz inamlarını bir daha nümayiş etdiriblər. Son seçkilərdən sonra ölkəmizin qədəm qoyduğu yeni mərhələdə mütləq əksəriyyət ürəkdən inanır ki, respublikamızın hər bir şəhəri, rayonu, kəndi daha sürətlə inkişaf edəcək, azad edilmiş ərazilərimiz sürətlə bərpa olunacaq, müstəqil Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutacaqdır. 

Qüdrət KƏRİMOV, 
"Xəzər" QSC-nin sədri, iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video