05 May 2024 09:50
785
Mədəniyyət
A- A+

"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub

 

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış bədii albom rəssamın həyat və yaradıcılığına nəzər salır, irsindən bəhs edir

 

Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilib. Gecədə çıxış edənlər kitabın zəngin mənbə olduğunu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınması istiqamətində xüsusi rol oynaycağını qeyd edib, bütövlükdə "Xalq Əmanəti" layihəsinin milli irsin qorunması sahəsində əhəmiyyətindən danışıblar. 
Cahid Camal 15 noyabr 1928-ci ildə Qarabağ torpağında - Ağdam rayonunun Gülablı kəndində anadan olub. Ailələrinin Şuşada da evi vardı. Pasport alarkən valideynlərinin razılığı ilə Cahid özünə babasının adını - Camal soyadını götürür. Belə bir məlumat da var ki, ata tərəfdən Cahidin şəcərəsi Sarıcalı xanlarının xəttilə Qarabağ xanlığının əsasını qoyan Pənahəli xana qədər uzanır. 
Cahid Camal şəkil çəkməyə çox erkən yaşlarından həvəs göstərib, getdikcə maraq və istəyi daha da güclənib. Buna baxmayaraq, uşağın rəssam olmaq arzusu valideynləri üçün gözlənilməz olub.  Lakin onun anası Gülcahan xanım oğlunun yaradıcı istedadına, qabiliyyətinə inanır, hətta onun uşaqkən çəkdiyi rəsmləri toplayırmış.  
1945-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən Cahid 1946-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutuna daxil olur, təhsilini dekorçu-rəssam ixtisası üzrə dekorativ tətbiqi rəssamlıq sənəti bölməsində davam etdirir. Ali təhsilini başa çatdırandan sonra Cahid Camal Bolşoy Teatra stajçı-rəssam kimi işə götürülür və orada iki il ərzində (1952-1954) peşəkar təcrübə toplayır. Staj müddətini bitirən həmyerlimiz Mayakovskinin adını daşıyan teatrda dekorçu-rəssam kimi işə düzəlir.  
1952-ci ildə rəssam Üzeyir bəy Hacıbəylinin Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulacaq "Koroğlu" operası üçün dekorasiya eskizləri də çəkir. 1958-1961-ci illərdə isə Moskva yaxınlığındakı Elektrostal şəhərinin Xalq Opera Teatrında "Yevgeni Onegin", "İolanta" tamaşaları üzərində çalışır. 1956-cı ildə Cahid Camal Moskvadakı XTNS-də Azərbaycan pavilyonunun baş rəssamı olaraq tədbirlərə qatılır.  
Cahid Camalın bədii üslubu və yaradıcılığının formalaşmasında coğrafiyanın müstəsna rolu var. O, Azərbaycanın yalnız şəhər mədəniyyətini deyil, kənd mühitini də göstərməyi bacarıb. Azərbaycanın dili, tarixi, əfsanə və rəvayətləri, təbiəti, musiqisi, memarlığı, xalq tətbiqi sənəti, xalı və tikmələri rəssamın ilham mənbəyinə çevrilib, əsərlərinin süjet və rəng həlli parlaq boyalara və ornamentlərə sevgisində əks olunub. 
Cahid Camal Rusiya Federasiyasının Əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Monqolustan Rəssamlar İttifaqı və Beynəlxalq Təsviri Sənət Fondunun üzvü olub. Rəssamın əsərləri Azərbaycan İncəsənət Muzeyində (Bakı), Q.Zanabazar adına Təsviri İncəsənət Muzeyində, Monqol Milli-Tarixi Muzeyində (Ulan-Bator), Dövlət Rus Muzeyində (Sankt-Peterburq), Dövlət Şərq Muzeyində (Moskva), qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Sərgiləri hələ sağlığında Bakı, Moskva, Dubna, Minsk, Almatı, Kişinyov, Ulan-Bator və Gəncədə təşkil edilib. 
Titullarından da göründüyü kimi, rəssamın yaradıcılığı zəngin mədəniyyətə malik üç ölkə - Azərbaycan, Rusiya və Monqolustan ilə eyni dərəcədə bağlıdır. Onun adı bu ölkələrin XX əsrin ikinci yarısı və XXI əsrin birinci onilliyinin təsviri sənət tarixinə yazılıb. Bu vaxtadək Cahid Camalın rənglərin təbiətinin araşdırılmasına həsr edilmiş "Rəngin anatomiyası" və "Geyimdə rəng" əsərləri nəşr olunub. 
Cahid Camal kitab qrafikası sahəsində də özünü əla illüstrator-rəssam kimi göstərib. O, Bakıdakı "Azərnəşr" və bir neçə Moskva nəşriyyatı ("Raduqa", "Proqress" və s.) üçün kitablara tərtibat verib. "Koroğlu" xalq dastanı (1956), "Molla Nəsrəddinin lətifələri" (1959), C.İkraminin "Od qızı" (1965), X.Qoytisolonun "Elə həmin sözlər" (1967), Namdağın "Həyəcanlı illər" (1969) kitablarının bədii tərtibatı ona məxsusdur. Özünü plakatçı-rəssam kimi də sınayan gənc sənətkar bir neçə il "Soyuzmultfilm"də multiplikasiyaçı-rəssam kimi də çalışıb. 
Cahid Camal yaradıcılığının böyük və ən parlaq hissəsi Monqolustanla bağlıdır və o, bu ölkəyə həsr olunmuş 850 əsər işləyib. Xalqın mədəni irsinin dərinliyini anlamağa can atan rəssam "Monqolların gizli rəvayətləri"ni həvəslə oxuyur, tarixi mənbələri araşdırırdı. Cahid Camal Monqolustanın dağlarına, səhralarına səyahət edir, kəndlərə, ucqar qoyun yataqlarına baş çəkirdi. 
"Monqol süitası" silsiləsində rəssam XX əsr Monqolustanının fərqliliyindən söz açmış, həm qədim, ənənəvi, köçəri həyatı, həm də yeni, çoxmərtəbəli binaların inşa edildiyi şəhərləri  təsvir etmiş, maldar-aratların monqol çöllərindəki atlarını, dəvələrini müasir texnikaya, sürətli maşınlara dəyişdiyini kətana köçürmüşdür. 
Cahid Camalın Monqolustanla tanışlığı 1962-ci ilə təsadüf edir - bu, rəssamın bioqrafiyasında gələcək tədqiqatları üçün bir başlanğıc nöqtəsi idi. Sonralar onun daha bir silsiləsi yarandı - "Monqolustan. Qobi" (1970). Monqolustana aid əsərlərə Moskvada çox maraq göstərirdilər, onlar vaxtaşırı "Komsomolskaya pravda" və "İzvestiya" qəzetlərində, "Oqonyok", "Moskva", "İnostrannaya literatura" və başqa jurnallarda dərc edilirdi.  
Cahid Camal 2011-ci il iyunun 17-də Moskvada vəfat etmişdir. 
"Xalq Əmanəti" layihəsi "Xalq Bank" tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə edilir. Bu günədək xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı, "Aşıq ədəbiyyatı antologiyası" üçcildliyi, həmçinin dünyaşöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində "Bütün əsərləri" işıq üzü görüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video