Qoynunda dünyaya göz açdığımız və ömür sürdüyümüz Vətən torpaqlarını qorumaq hamının müqəddəs borcudur. Çünki Vətən uludan ulu olan babalarımızın bizə ən qiymətli əmanətidir. Onlar bu torpaqları yadelli işğalçılardan göz bəbəkləri kimi qoruyaraq gələcək nəsillərə yetirmişlər. Bu çətin və şərəfli yolda igidlik və qəhrəmanlıqlar göstərmişlər. Ona görə də tariximizin hansı səhifəsini vərəqləsək, orada babalarımızın igidlik və qəh-rəmanlıqlarını görürük və daim bununla fəxr edirik.
Vətənə, torpağa məhəbbət hər birimizin qəlbində kiçik yaşlarından yaranır. Böyüdükcə, yaşa dolduqca formalaşan vətənpərvərlik hissləri daim qəlbimizdə cövlan edir. Bu ülvi hiss yurdumuzu sevməyə, bizi onun uğrunda mübarizəyə hazır olmağa sövq edir. Vətənpərvərlik insanın Vətəninə sevgisindən və sədaqətindən yaranır. Hər bir ölkənin sabahı onun vətəndaşlarının milli ruha və kökə dərindən bağlılığından, ən əsası isə vətənpərvərliyindən asılıdır. Azərbaycan xalqının vətənpərvər, torpaq uğrunda mübarizəyə, döyüşə hazır olan övladları bütün zamanlarda vətəndaşı olduğu ölkənin çətin və keşməkeşli günlərində öz sözlərini deyiblər.
Vətən sevgisi, yurd sevgisi bütün dövrlərdə vətənpərvər insanları bir məslək, bir amal ətrafında birləşdirib. Vətənə məhəbbət hər kəsin torpağa qəlbən, ruhən mənəvi bağlılığı deməkdir. Bu mənəvi bağlılıq zaman-zaman insanları zəfərlərə qovuşdurur. Onu daim igidliyə, qəhrəmanlığa, uğurlu sabahlara səsləyir. Vətənpərvərlik hisslərinin tarixi kökündə min illər boyu yaşanıb möhkəmlənmiş, torpağına, dilinə və adət-ənənələrinə bağlanmış ülvi duyğular dayanır.
Ulu Öndər Heydər Əliyev vətənpərvərlik hissini yüksək dəyərləndirərək çox müdrikcəsinə demişdir: "Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirmək təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir".
Vətəni qoruyanda, sevəndə Vətən olur, deyirlər. Ulularımız da vətənpərvər olublar, Vətənə sonsuz məhəbbət bəsləyiblər. Qəlbən, ruhən hər zaman yurda bağlı olan əcdadlarımız Azərbaycan uğrunda döyüşüblər, vuruşublar, daim mübarizə aparıblar. Həmişə də zəfər və qələbə qazanıblar.
Bugünkü nəsillər də babaların şərəf dolu döyüş yollarını uğurla davam etdirərək yurdumuzu göz bəbəkləri kimi qoruyurlar. Qəhrəmanlıqdan və igidlikdən yoğrulmuş vətənpərvərlik ənənələrini şərəflə davam etdirirlər. Cəsarətləri ilə qəhrəmanlıq tariximizə yeni səhifələr yazırlar. 2016-cı il aprelin 1-də erməni işğalçıları yurdumuza hücum çəkəndə vətənpərvər oğullarımız bir göz qırpımında silaha sarılaraq torpaqlarımızın müdafiəsinə atıldılar. Vətənimizin mərd övladları misilsiz igidlik göstərərək düşməni geri oturtdular. Dörd gün davam edən uğurlu döyüşlər nəticəsində erməni işğalçılarına sarsıdıcı zərbələr vuruldu.
27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda vətənpərvər oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verərək yurdumuzun xilasına, müdafiəsinə atıldılar. Ürəyi Vətən eşqi ilə döyünən cəsur döyüşçülərimiz müharibənin elə birinci günündən erməni işğalçılarına sarsıdıcı zərbələr vurdular. 30 ilə yaxın davam edən işğala 44 gün ərzində son qoyuldu. Ali Baş Komandan-ordu-xalq birliyi, bərabərliyi öz sözünü dedi. Erməni işğalçıları üzərində tarixi qələbə qazanıldı. Bu qələbə rəşadətli Azərbaycan Ordusunun, qətiyyətli Ali Baş Komandan İlham Əliyevin və milli-mənəvi dəyərləri ilə dünyaya nümunə olan Azərbaycan xalqının şanlı qələbəsidir.
Çox gözəl deyilib ki, torpaq - əgər uğrunda ölən varsa, Vətəndir. İkinci Qarabağ müharibəsində qazanılmış zəfər bir daha göstərdi ki, əsrlər, illər keçsə də, xalq öz Vətəninin, dövlətinin arxasındadır. Torpaqlarımızın azadlığı uğrunda vətənpərvər, cəsur oğullarımız döyüşlərdə böyük igidlik və qəhrəmanlıq göstərdilər. Azərbaycan xalqı Vətən müharibəsinin davam etdiyi günlərdə üçrəngli bayrağına sarılıb "Vətənə canımız fəda" - deyərək onun müdafiəsinə atıldı. Qələbəmiz naminə çalışdı, zəfərimiz naminə vuruşdu. Bax, budur vətənpərvərlik, bax, budur Vətənə olan sonsuz sevgi! İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, vətənpərvər övladı, igid vətəndaşı olan ölkə heç vaxt basılmaz. O torpaqlara heç vaxt düşmən ayağı dəyməz.
Doğma yurdumuz Azərbaycan hamımızın ana vətənidir. Onu yadelli işğalçılardan qorumaq, gələcək nəsillərə əmanət etmək müqəddəs borcumuzdur. Bu borcu yerinə yetirmək üçün hamımız vətənpərvər olmalıyıq, vətənpərvər doğulmalıyıq. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından gələn ali bir hissdir. Vətənpərvərlik duyğuları vətəndaş tərbiyəsinin əsasıdır. Vətənpərvərlik hissi həm də ləyaqətin və zəfərin təntənəsidir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"