07 Oktyabr 2026 09:15
186
CƏMİYYƏT
A- A+
Vətən çağıranda "kimdən əskiyəm" deyən oğul

Vətən çağıranda "kimdən əskiyəm" deyən oğul


Bu, adında şükür, ürəyində Vətən olan Şükür Səfərlidi


44 günlük Vətən müharibəsindən əvvəl savaş olmasını istəmirdim, onun qan-qada qoxusunu oğullarımıza yaxın buraxmamaq hissindən yaxa qurtara bilmirdim. Anayam, axı! Analar müharibə istəmir.  Analar övlad itkisinə dözə bilmir. İllərlə oğul yolu gözləməkdən bağrı çatlayan, ürəyi dayanan analar olub. Oğlu İkinci Dünya müharibəsindən dönməyən 105 yaşlı ana var ki, hələ də qulağı səsdədi.

Müharibə istəməməyimin ikinci bir səbəbi də var idi. Cəmiyyətdə kök salmış təsəvvürlərdən biri də bu idi ki, müharibənin ağır yükünü kasıb ailələrin oğulları daşıyır, imkanlı ailələrin övladları isə döyüşdən kənarda qalır. 44 günlük müharibə bu qənaəti alt-üst edən çoxsaylı həyat hekayələri ilə yadda qaldı. Bu hekayələr göstərdi ki, Vətən sevgisinin nə ölçüsü var, nə də maddi imkanla müəyyənləşən sərhədi. İmkanlı ailədə böyümək insanın Vətən qarşısındakı borcunu azaltmır. Həmin ailələrin övladları da ən ağır sınağın qarşısına çıxaraq öz seçimlərini bütün cəmiyyətə nümayiş etdirirlər. Belə oğullardan biri də Şükür Səfərlidir. Onunla  bağlı düşüncələrimi, hörmətli və diqqətli oxucu, səninlə bölüşmək istəyirəm.

Şükür imkanlı ailədə doğulub. Evin əzizi, ailənin kiçiyidir. Ananın gözünün işığı, atanın arxa-dayaq saydığı bir oğuldur. Odlu ürəyi, möhkəm, əyilməz biləyi var. Məhz həmin ürək onu Vətən  müharibəsi başlayanda cəbhənin ən odlu nöqtəsinə apardı.  Atası Allahverdi Səfərov uzun illər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb, bir neçə rayonun prokuroru olub. Baş ədliyyə müşaviri kimi fəaliyyət göstərib, bu gün isə təqaüddədir. Belə bir ailədə böyüyən övlad haqqında kənardan müəyyən təsəvvür yaranması təbiidir. Elə düşünmək olar ki, atasının tutduğu mövqe, ailənin nüfuzu ona bir az ərköyünlük, bir az da özündənrazılıq gətirib.

Amma Şükürə baxanda bu təsəvvürün nə qədər yanlış olduğunu anlayırsan. O, atasının adının kölgəsində böyüyən övlad deyil, öz adı, davranışı və xarakteri ilə seçilən bir oğuldur. Böyük-kiçik yerini bilən, aldığı tərbiyəni hər addımında yaşadan, ailəsinin adına yük deyil, şərəf gətirməyə çalışan gəncdir. Adında daşıdığı şükranlıq borcunun haqqını  hər nəfəsində verən oğlandır Şükür.

Təbii ki, heç kim ailəsini seçmir. Hərə bir ailədə dünyaya göz açır və onun sonrakı taleyi aldığı tərbiyəyə, təhsilə, ətraf mühitə bağlıdır. Şükürün ailəsi bu Vətənin, bu torpağın hər qarışını sevən, canını, qanını Vətənə qurban verməyə hazır olan övladlar tərbiyə edib. "Şükür həmin tərbiyənin bəhrəsidir", - desəm, səhv etmərəm. Hələ Tovuz döyüşləri zamanı çox həyəcanlı, evə-eşiyə sığmayan düşüncələrlə gününü başa vururdu, döyüşə can atırdı. Məhz o günlərdə ürəyi ilə gözünün arasındakı məsafədə yuva quran Vətən sevgisi daha da böyüdü. Düşmənə nifrət hissi alovlandı. Azərbaycanlı gənclər müharibəyə getmək üçün "yarış"a durdular. Hərbi komissarlıqların qarşısında hətta gecələyən oğlanlar vardı. Hər kəs düşməni diz çökdürməyin həzzini yaşamaq istəyirdi. 

Bir gün  atası sözarası ondan cəbhəyə getmək haqqında müraciət edib-etmədiyini soruşur.  "Əlbəttə, kimdən əskiyəm?" deyə zarafatqarışıq cavab alan atanın ürəyi dağa dönür, oğlundan dolayı qürur hissi keçirir. Əmin olur ki, əgər müharibə başlayarsa, oğlunu kimsə yolundan döndərə bilməyəcək. Bu əminlik qəlbinin bir guşəsində ən qiymətli sirr kimi gizlənir.

Ata bilirdi... bilirdi ki, bir gün müharibə başlayacaq. Bir gün bu xalq ayağa qalxıb torpaqlarını geri alacaq, qoyub gəldiyi yuvasına dönəcək. Şükür də tərəddüd etmədən əlinə silah alıb döyüşə yollanacaq. Çox şükür ki, onun Şükür balası həyatın ən ağır sınağından üzüağ, alnıaçıq çıxdı. Müharibə meydanında zenit-raket artilleriya  batareyasının tərkibində cəsarətlə, qorxmadan döyüşdü, düşmən üzərinə yeridi. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd rayonlarının düşməndən azad edilməsində  bu igid oğlanın da payı var. İndi sinəsində bir neçə medal daşıyır. "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları. Hər biri bir döyüşün, bir yolun, bir gecənin, bir təhlükənin səssiz şahididir. Onlara baxanda sadəcə metal parçası kimi görmək doğru deyil. Hər medalın arxasında səngərin soyuğu, döyüşün gurultusu, silahdaşların nəfəsi, Vətən torpağının uğrunda yaşanan həyəcan və məsuliyyət dayanır.

Şükür o günləri xatırlayanda özündən çox döyüş yoldaşlarından, birlikdə keçdikləri yollardan, azad olunan torpaqlardan bu gün qürurla danışır. Çünki əsl döyüşçü üçün qəhrəmanlıq haqqında danışmaqdan daha vacib olan onu yaşamaqdır. Və illər keçsə də, sinəsində daşıdığı həmin medallar ona bir həqiqəti xatırladır: bir vaxtlar Vətən çağırdı, o da öz yerini bildi, silahını götürdü və Vətən torpağının azadlığı uğrunda döyüşdü.

Əslində, qarabağlı olmayan,  hətta o tərəflərdə heç bir qohum-əqrəbası yaşamayan Şükür üçün dövlətimizin başçısının "Qarabağ Azərbaycandır!" deyimi Vətən şüarı idi. Beynində, zehnində kök atan bu sözlər onu döyüşdən döyüşə apardı, qələbədən qələbəyə ruhlandırdı. Bu gün böyükdən-kiçiyə - hər kəsin dilində əzbər olan bu şüardakı "Qarabağ" və  "Azərbaycan" sözlərindən qiymətli, sevimli, gözəl bir söz varmı? Dünyanın bütün nöqtələrində yaşayan  soydaşlarımız belə həmin günlərdə  bu iki kəlmənin sehrində idilər.  Nə qədər möcüzəli, cazibəli sözlərdir, deyilmi?! Şükür də bu sözlərin  cazibəsi, Vətən sevgisi və düşmənə nifrət hissindən doğan bir gücün təsiri ilə qorxmaz, cəsarətli, döyüşkən ruhlu Azərbaycan oğlu olaraq,  mənfur düşməni torpaqlarımızdan qovanlardandır. Müzəffər Azərbaycan Ordusunun əsgəri olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, cəsarətindən və mərdliyindən ilhamlanan Şükür Səfərli öz adını Vətən müharibəsi tarixinə yazan minlərlə Azərbaycan oğlundan biridir.

Torpaqlarımız işğal olunanda Şükür anadan olmamışdı. İşğal tarixindən kiçik olan bu oğlanın çox böyük ürəyi və ruhu Vətən sevdasına, Azərbaycan eşqinə bağlıdı. Elə olmasaydı döyüşə yollananda yataq xəstəsi olan  anasına müqəddəs yalan söyləməzdi: "Ana, dövlət qulluqçusu olmaq üçün təlimlərə gedirəm, sən narahat olma". Zatən ananın  ağır xəstəliyi imkan vermirdi ki, ətrafda baş verən hadisələrin nə olduğunu anlaya bilsin. Bəlkə də uzunmüddətli müalicələrin, ağır dərmanların təsiri ilə oğlunun nə dərəcədə doğru dediyini, nə söylədiyini dəqiqliyi ilə anlaya bilməmişdi. Yoxsa ana ürəyi 44 gündə oğlundan dolayı nigarançılığın həsrətində parçalanmazdımı? 

Müharibə varlı-kasıb tanımır. Avtomat gülləsi, top mərmisi, əl bombası, ən müasir silahlar prokuror övladı, ya da fəhlə,  əkinçi oğlu tanımır. Savaşdan sağ çıxmaq  Allahın lütfüdür. Şəhid, ya da qazi olmaq isə bir başqa duyğudur. Çox şükür ki, Şükür yüngül yara ilə "kifayətləndi", xəsarət aldı. Qürur hissi, fəxr duyğusu ilə "yüklənərək" qalib ordunun qalib əsgəri kimi evə döndü, yolunu gözləyən ailənin həsrətinə son qoydu. Atası onu küçədə  hərbi salamla qarşıladı, qarşısında diz çökdü. Ağır vəziyyətdən çıxaraq xeyli sağalmış anası sevinc göz yaşları içində oğlunu bağrına basdı, silah qoxusu verən ətrini içinə çəkdi.  Bu qoxunu daşıyan Şükür və onun kimi oğullar çox xoşbəxtdirlər.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır  

10:23
07 Oktyabr

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

10:21
07 Oktyabr

Azərbaycan nefti 120,68 dollara satılır

10:21
07 Oktyabr

Nə gözəl sevgidi Vətən sevgisi

10:15
07 Oktyabr

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb  

10:10
07 Oktyabr

ABŞ-də zabit edam ediləcək

10:10
07 Oktyabr

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

10:09
07 Oktyabr

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına  

10:07
07 Oktyabr

Fizika üzrə Nobel mükafatına Frensis Haltsen layiq görülüb

10:05
07 Oktyabr

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

09:59
07 Oktyabr

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

09:58
07 Oktyabr

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb

09:54
07 Oktyabr

Kiyev raketlərlə vurulub, ölənlər var

09:50
07 Oktyabr

“Mənimlə fəxr edəcəksiz”

09:45
07 Oktyabr

İtməyən zəhmət

09:35
07 Oktyabr

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

09:33
07 Oktyabr

Yeni hədəflərə doğru

09:25
07 Oktyabr

Vətən çağıranda "kimdən əskiyəm" deyən oğul

09:15
07 Oktyabr

Vətən müharibəsinin ilk şəhidlərindən biri

09:10
07 Oktyabr

ZƏFƏR gündəliyi

09:05
07 Oktyabr

Azərbaycanın dəstəyi ilə "Şimal-Cənub" marşrutu qlobal logistik dəhlizə çevriləcək

09:00
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!