Əlaqədar qurumların imtahanı başlayır
Payız yavaş-yavaş öz yerini qışa verməyə hazırlaşır. Ağacların yarpaqları budaqlardan qopub torpağa qarışdıqca havanın nəfəsi də dəyişir. Səhərlər daha soyuq, axşamlar uzun, küləklər isə bir qədər sərt olur. Təbiətin bu xəbərdarlığı ölkə gündəminin qarşısına vacib bir sual qoyur: Azərbaycan qışı qarşılamağa nə dərəcədə hazırdır?
Qış, sadəcə, bir fəslin dəyişməsi deyil. O, şəhərlərin küçələrindən kənd yollarına, yaşayış binalarından məktəb və xəstəxanalara qədər həyatın bütün sahələri üçün, necə deyərlər, sınaq dövrüdür. Qışın soyuğu nə qədər amansız olsa da, insanların gündəlik həyatının öz axarında davam etməsi məhz bu xidmətlərin etibarlı fəaliyyətindən asılıdır. Necə deyərlər, qış başlamazdan əvvəl görülən hazırlıq işləri soyuğun gətirə biləcəyi çətinliklərə qarşı bir növ qabaqlayıcı sipər rolunu oynayır. Bu baxımdan mövsümə hazırlıq dövlət qurumlarının qarşısında duran əsas vəzifələrdəndir.
2026-2027-ci illərin payız-qış mövsümü ərəfəsində ölkənin əlaqədar qurumları müxtəlif istiqamətlərdə hazırlıq tədbirləri həyata keçiriblər. İstilik xətlərinin yenilənməsi, qazanxanaların təmiri, təhsil müəssisələrində istilik sistemlərinin yoxlanılması, paytaxtın kommunal xidmətlərinin qar və şaxtaya hazırlanması bu işlərin əsas istiqamətləridir.
Bəs bütün bunlar qışın mümkün çətinlikləri qarşısında nə dərəcədə etibarlı təminat yaradır? Görülən işlərin miqyası nə qədər böyükdür və qarşıdakı aylarda hansı məsələlər diqqət mərkəzində saxlanılmalıdır? Rəsmi qurumların açıqladığı məlumatlar əsasında ölkənin qışa hazırlıq mənzərəsinə nəzər salaq.
İstilik təsərrüfatı qış sınağından çıxacağına söz verir
Qış gələnə yaxın insanların ilk düşündüyü məsələlərdən biri evlərində istiliyin olub-olmayacağıdır. Çöldə şaxta hökm sürərkən mənzildə isti radiatorun verdiyi rahatlığın nə demək olduğunu yəqin ki, hər kəs yaxşı bilir. Məhz buna görə istilik təsərrüfatının qışa hazırlığı mövsümöncəsi tədbirlərin ən vacib istiqamətlərindən sayılır. "Azəristiliktəchizat" ASC-nin məlumatına görə, ölkənin 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlığı çərçivəsində istilik təsərrüfatında genişmiqyaslı təmir və yenilənmə işləri aparılıb. Belə ki, 12 min 153 metr istilik xətti yenilənib, 5458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa edilib. Eyni zamanda 30 qazan aqreqatı əsaslı, 182-si isə cari təmir olunub. 1131 qazanın qızma səthi mexaniki üsulla təmizlənib.
Bu rəqəmlərin hər biri istilik sisteminin daha etibarlı işləməsinə, qışın ən soyuq günlərində mümkün nasazlıqların və fasilələrin qarşısının alınmasına hesablanmış işlərin göstəricisidir. Çünki istilik təsərrüfatında hər xətt, hər qazanxana minlərlə insanın gündəlik rahatlığı ilə birbaşa bağlıdır. Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin balansında 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası fəaliyyət göstərir. Bu infrastruktur vasitəsilə ölkə üzrə çoxsaylı yaşayış binalarının, təhsil və səhiyyə müəssisələrinin istiliklə təmin olunması nəzərdə tutulur.
Artıq istilik mövsümünə start verilib. İqlim şəraiti nisbətən soyuq olan 18 rayonda istilik verilişi noyabrın 1-dən, Bakı şəhərində və respublikanın bir çox digər ərazilərində isə noyabrın 15-dən həyata keçirilir. Paytaxtda və əksər ərazilərdə istilik mövsümünün 2027-ci il aprelin 15-dək davam etməsi planlaşdırılır.
Məktəb və uşaq bağçalarında isti otaqlar
Qışın soyuğu hamıya eyni cür təsir etmir. Xüsusilə uşaqlar üçün isti və sağlam mühitin yaradılması daha böyük diqqət tələb edir. Günün böyük hissəsini məktəb və bağçalarda keçirən minlərlə uşağın qış aylarında isti, rahat və sağlam mühitdə olması mövsümə hazırlığın ən həssas məqamlarındandır.
Elm və Təhsil Nazirliyinin noyabrın 18-də yaydığı məlumata görə, təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti araşdırılıb, qazanxana və istilik sistemlərinin texniki sazlığı yoxlanılıb, aşkar edilən nasazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülüb. 214 məktəb və 151 məktəbəqədər təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş qaydada təşkil olunub. Odun yanacağından istifadə edən bütün təhsil müəssisələrində pellet yanacağına keçid təmin edilib. Ümumilikdə 1438 müəssisə 9209 pellet sobası ilə təchiz olunub. Məlumat üçün bildirək ki, pellet yanacağı ağac yonqarı, taxta qırıntıları, mişar tozu və digər biokütlə tullantılarının yüksək təzyiq altında sıxılaraq kiçik silindrik qranullar formasına salınması ilə əldə edilən bərk yanacaq növüdür. Pellet təhsil müəssisələrinin daha qənaətli və ekoloji cəhətdən nisbətən təmiz istiliklə təmin olunmasına imkan yaradır.
Bununla yanaşı, 176 təhsil müəssisəsində qazlaşdırma işlərinə başlanılıb. Onlardan 144-də işlər tamamlanıb, 32 müəssisədə isə davam etdirilir. Qazlaşdırılması yekunlaşmayan obyektlərdə alternativ istilik avadanlıqlarından istifadə olunur. Ümumilikdə il ərzində 743 təhsil müəssisəsində istilik sisteminin təmiri həyata keçirilib. Nazirlik şaxtalı havalarda yarana biləcək texniki problemlərin operativ həlli üçün regionlarda aidiyyəti qurumlarla birgə xüsusi qrupların yaradıldığını da açıqlayıb.
Bütün bunlar təhsil infrastrukturunun qışa hazırlanması istiqamətində kifayət qədər geniş iş aparıldığını göstərir. Ancaq burada bir məqamı yaddan çıxarmaq olmaz: məktəbdə istiliyin olması, sadəcə, texniki göstərici deyil. Bu, şagirdin dərsə diqqətini, müəllimin iş şəraitini, uşaqların sağlamlığını müəyyənləşdirən amillərdəndir. İsti sinif otağı təhsilin keyfiyyətinə xidmət edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi də tabeliyindəki təhsil müəssisələrində istilik sistemlərinin vəziyyətinin yoxlanıldığını, dam örtükləri, pəncərə şüşələri və giriş qapılarının monitorinqinin aparıldığını bildirib. Qurumun məlumatına görə, istilik təminatında yarana biləcək problemlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb. Bu məsələlərlə bağlı müraciətlər üçün 146-1 Çağrı Mərkəzi fəaliyyət göstərir.
Paytaxtın kommunal xidmətləri qışa hazırlaşır
Qışın başqa bir üzü də var: qar, buz, sürüşkən yollar, hərəkətə mane olan küləklər və bəzən saatlarla davam edən boran, çovğun. Xüsusilə Bakı kimi böyük şəhərlərdə intensiv qar yağması nəqliyyatın hərəkətini çətinləşdirir, küçə və məhəllələrdə gündəlik həyatı poza bilir.
Paytaxtın qışa hazırlığı bu baxımdan diqqət mərkəzindədir. Bakı Şəhər İcra Hakimiyyətinin noyabrın 17-də yaydığı məlumata görə, şəhərin bütün rayonlarında qarlı havalara hazırlıq tədbirləri davam etdirilir. Rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb. Nərimanov, Binəqədi və Nəsimi rayonlarında keçirilən müşavirələrdə kommunal təsərrüfatın, təhsil müəssisələrinin və digər aidiyyəti qurumların hazırlıq vəziyyəti müzakirə olunub.
Noyabrın 19-da isə Yasamal, Nizami və Xəzər rayonlarında qışa hazırlıqla bağlı növbəti müşavirələr keçirilib. Rayonlara qar təmizləmək üçün lazımi alət və avadanlıqların, duz ehtiyatının hazırlanması tapşırılıb. Eyni zamanda xüsusi texnikaların sazlığı yoxlanılmalı, küçə və məhəllələrin təmizliyinə cavabdeh şəxslər müəyyənləşdirilməlidir. Qarlı, şaxtalı qışla mübarizəyə hazırlıq prosesində bələdiyyələr, özəl qurumlar, digər idarə və təşkilatlar da diqqətdən kənarda qalmayıb. Onların qarla mübarizəyə cəlb olunması şaxtalı günlərdə şəhərin daha operativ təmizlənməsinə və bu istiqamətdə məsuliyyətin geniş şəkildə bölüşdürülməsinə imkan verəcək.
Əslində, qarla mübarizə yalnız xüsusi texnikaların küçələrə çıxarılmasından ibarət deyil. Əsas məsələ qar yağmamışdan əvvəl düzgün təşkilatlanmaqdır. Küçələrin, səkilərin, dayanacaqların, yeraltı keçidlərin vaxtında təmizlənməsi, buzlaşmaya qarşı tədbirlərin görülməsi və nəqliyyatın hərəkətinin təhlükəsizliyinin qorunması koordinasiyalı fəaliyyət tələb edir.
Göründüyü kimi, qış mövsümünə hazırlıq müxtəlif istiqamətlərdə aparılıb. İstilik xətləri yenilənib, qazanxanalar təmir olunub, təhsil müəssisələrinin istilik təminatı diqqətə alınıb, paytaxtın kommunal xidmətləri qar və şaxtaya qarşı hazırlıq vəziyyətinə gətirilib.
Lakin bu tədbirlərin nəticəsini hesabatlarda göstərilən rəqəmlərlə ölçmək doğru olmaz. Əsl qiyməti qışın ən sərt günləri verəcək. Məhz onda istilik sistemlərinin nə dərəcədə etibarlı işlədiyi, yolların nə qədər operativ təmizləndiyi, elektrik və qaz təchizatının necə idarə olunduğu, məktəb və xəstəxanalarda normal şəraitin qorunub-qorunmadığı aydın görünəcək. Qarşıdakı aylarda əlaqədar qurumların üzərinə böyük məsuliyyət düşür. Unutmayaq ki, qışın sərtliyi təbiətin qanunudur, onun yaratdığı çətinliklərə hazırlıqlı olmaq isə cavabdeh şəxslərin məsuliyyətidir.
Çünki qış hər il gəlir. Dəyişən isə ona nə dərəcədə hazır olmağımızdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"