30 Aprel 2024 09:00
257
CƏMİYYƏT
A- A+

Vətən borclu qalmır

 

Şəhid ailəsi üzvləri, qazilər Şirvan Reabilitasiya Mərkəzinin fəaliyyətindən razıdırlar

 

Şirvan Reabilitasiya Mərkəzi 2004-cü ildə fəaliyyətə başlamışdır. Mərkəzdə 18 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlil şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. 2020-ci ildə əsaslı şəkildə yenidən qurulan mərkəz müasir  avadanlıqlarla təchiz olunmuşdur. 
Keçən il stasionar və ambulator olaraq əlilliyi olan 639 vətəndaşımız reabilitasiya kursu keçmiş, müxtəlif fizioterapevtik xidmətlərdən yararlanmışdır. Onlardan 64 nəfəri Qarabağ döyüşlərində əlillik almış şəxslər - qazilər olmuşdur. 
Mərkəzdə əlillərə müalicəvi idman, hidroterapiya, masaj, şüa terapiyası, termoterapiya, elektroterapiya, psixoloji seans, əmək terapiyası kimi xidmətlər göstərilir. Bunlardan başqa, pasiyentlər burada telereabilitasiya və səyyar xidmət növlərindən də yararlanırlar. Keçən il və cari ilin ötən müddəti ərzində 31 nəfər əlilə səyyar xidmət göstərilmiş, habelə onlara reabilitasiya kursu keçilmişdir. 
Birinci Qarabağ, 44 günlük Vətən müharibələri, 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı nəticəsində əlil olan döyüşçülər, müharibə iştirakçıları, şəhid ailələri mərkəzin daha çox diqqət verdiyi kateqoriyadır. Bu kateqoriya üçün sosial-psixoloji dəstək layihəsi çərçivəsində mütəmadi olaraq sosial-psixoloji reabilitasiya kursları keçirilir. Bu, onların cəmiyyətə yenidən inteqrasiyasına kömək edir. Keçən il və bu ilin ötən 4 ayı ərzində 25 nəfər şəhid ailəsi və müharibə veteranı belə bir sosioloji-psixoloji dəstək layihəsindən yararlanmışdır. 
Mərkəzin müxtəlif növ ağaclar, güllər və çiçəklərlə əhatə olunmuş geniş həyətyanı sahəsi var. Əlillərin, şəhid ailəsi üzvlərinin rahatlığı üçün burada hər cür şərait yaradılıb. Əlilliyi olan şəxslərin asudə vaxtlarını maraqlı, səmərəli keçirmələri üçün mərkəzdə maraqlı mədəni-kütləvi tədbirlər də keçirilir. Stolüstü idman yarışları, müxtəlif master-klaslar, film saatları bu sıradandır. Bayramlarda keçirilən tədbirlər də yaddaqalan olur. Bütün bunlar isə mərkəzdə müalicə alanların hər birində razılıq hissi yaradır. 
Nicat Əsədov Vətən müharibəsində igidlik göstərən oğullarımızdandır. Çoxları kimi Nicat da Vətənimizin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdi. İstəyirdi torpaqlarımız erməni işğalından tezliklə azad edilsin. 2020-ci il sentyabrın 27-də belə bir fürsətin yaranması, düşmənə qarşı əks-hücum əməliyyatının başlanması onun ürəyincə oldu. Əsgəri andını yerinə yetirmək üçün  ölüm-dirim savaşına atıldı. Alınmaz hesab edilən mövqeləri ordumuzun yararaq irəliləməsi onu daha da ruhlandırır, düşmən gülləsinə tuş gələn, minaya düşən dostlarının qanını yerdə qoymamaq üçün irəli atılırdı. 
Çətin döyüşlərin birində Nicat özü də ağır yaralanır. Bir il yataqdan qalxa bilmir. Əvvəlki 2 əməliyyat yaxşı nəticə vermədiyindən üzərində 3-cü dəfə cərrahiyyə əməliyyatı aparılır. Bud çanağına protez qoyulur. Bu dəfə həkimlərin zəhməti hədər getmir. Vəziyyəti getdikcə yaxşılaşır. Yavaş-yavaş yeriməyə başlayır. Yaşadığı Şirvan şəhərində yerləşən Reabilitasiya Mərkəzinin də ona böyük köməyi olur. Vaxtaşırı müəssisəyə gəlir. Deyir ki, mərkəzin xidmətindən çox razıdır: "Hər dəfə bura müalicə almağa gələndə mərkəzin direktoru Mehriban Siracova və kollektivi məni çox mehriban qarşılayıb bütün lazım olan köməyi göstərir. Hər il mərkəzdə 3-4 dəfə müalicə alıram. Hər müalicə də 10-12 gün çəkir. Burada hər cür şərait var. Verilən yeməklərin keyfiyyətinə söz ola bilməz. Müalicədən sonra qalan boş vaxtlarımızda şahmat, dama, nərd oynayırıq. Bayram günlərində isə maraqlı, mənalı tədbirlər təşkil edilir. Bütün bunlar biz əlillərin sağlamlığına yaxşı təsir edir. Hər müalicədən sonra özümüzü gümrah hiss edirik. Əmək fəaliyyətimi davam etdirirəm. Şirvan şəhərindəki müəssisələrin birində oturaq şəraitdə operator işləyirəm". 
Elvin Abasov da Vətən müharibəsi əlilidir. Şirvan şəhərində yaşayır və buradakı Reabilitasiya Mərkəzinin xidmətlərindən istifadə edir. Vanna, masaj, elektroterapiya və digər müalicə kursları alır. Hər il bir neçə dəfə aldığı bu müalicələr səhhətinə çox yaxşı təsir edir. 
Təklif də var: "DOST" xidmətində yaxşı olardı ki, müharibə əlilləri üçün ayrı bir şöbə təşkil edilsin. Biz gedəndə ora müraciət edək. Çünki "DOST"a respublikamızın hər yerindən gündəlik çoxlu sayda digər kateqoriyadan olan əlillər də gəlirlər. Çox sıxlıq olur. Müharibədə kontuziya alan qazilər üçün uzun müddət növbə gözləmək çətindir". 

Seyran CAVADOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video