18 İyul 2026 08:50
1222
İQTİSADİYYAT
A- A+
Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır


Azərbaycan-Çin iqtisadi əlaqələrində bərpaolunan enerji sahəsində əməkdaşlıq özünəməxsus yer tutur. Bu əməkdaşlığın tarixi qısa olsa da, başlanmış işlər gələcək  uğurlardan xəbər verir. 2025-ci il yanvarın 20-də Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına verdiyi müsahibədə bu sahədə atılan addımlardan da bəhs etmişdi.

Dövlətimizin başçısı Azərbaycanın "yaşıl layihə"ləri barədə danışmış, onların reallaşmasının ölkənin enerji sahəsində bir inqilab olacağını bildirmiş və burada Çinin iştirakı məsələsinə toxunmuşdu: "Bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir".

Bu, böyük perspektivləri olan "yaşıl enerji" əməkdaşlığının yalnız bir istiqamətini əks etdirirdi. Bir qədər də  geriyə dönərək xatırlayaq ki, 2024-cü ilin  iyul ayında ŞƏT-in (Şanxay Əməkdaşlıq Təşkilatı) Astanada keçirilən 24-cü sammitində imzalanmış Azərbaycan-Çin strateji tərəfdaşlığının qurulmasına dair Birgə Bəyannamə ölkələrimizin qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığının inkişafına geniş imkan yaratdı. 2025-ci ilin aprel ayında Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində imzalanan Birgə Bəyanat isə əlaqələrin daha da dərinləşməsi və şaxələnməsinə geniş yol açdı. Belə ki, "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın bəndlərindən birində tərəflər iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edərək bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqlarını bildirdilər. Bununla da həmin vaxtadək artıq başlanmış olan "yaşıl enerji" əməkdaşlığının qarşısında daha gur "yaşıl işıq" yandırıldı. 

Hazırda Azərbaycan-Çin "yaşıl enerji" əməkdaşlığı Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində bu sahəyə dair imzalanmış 6 sənəd üzrə şaxələnir. Energetika Nazirliyinin məlumatına görə, həmin sənədlər ümumilikdə 260 MVt gücündə günəş-elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş-elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək-elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpaolunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.

Azərbaycan hökuməti və "Universal Solar Azerbaijan" MMC arasında imzalanmış investisiya müqaviləsi Qobustan rayonunda 100 meqavat gücündə günəş-elektrik stansiyasının tikintisini və istismarını nəzərdə tutur. Stansiyanın bu ilin sentyabr ayında istifadəyə verilməsi gözlənilir. İnvestor Çinin "Universal International Holdings Limited" ("Universal Energy") şirkətidir.

Daha bir müqaviləyə əsasən, Xəzər dənizində külək enerjisi potensialının qiymətləndirilməsi, bu sahədə layihələrin planlaşdırılması və inşası üzrə əməkdaşlıq ediləcək. Bu, Energetika Nazirliyi ilə "China Energy Overseas Investment Co. Ltd." şirkəti arasında Azərbaycanda dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış icra müqaviləsidir. Burada mərhələli əsasda minimum 2 QVt gücündə dənizdə külək-elektrik stansiyasının qiymətləndirilməsi, inkişaf etdirilməsi, layihələndirilməsi, maliyyələşdirilməsi, mühəndisliyi, tikintisi, istismara verilməsi və texniki xidmət üzrə əməkdaşlıq nəzərdə tutulur.

Digər bir sənəd Energetika Nazirliyi, "China Datang Overseas Investment Co. Ltd" və "SOCAR Green" MMC arasında imzalanıb. Belə ki, Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəş-elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsinə müvafiq olaraq yaradılacaq layihə şirkəti vasitəsilə texniki-iqtisadi əsaslandırma, layihələndirmə, maliyyələşdirmə, tikinti, istismar və texniki xidmət işləri həyata keçiriləcək.

Bunlardan başqa, Energetika Nazirliyi, "PowerChina Resources Limited" və "SOCAR Green" arasında 160 MVt gücündə günəş-elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair imzalanmış icra müqaviləsi mübadilə edilib. Stansiyanın 2028-ci ildə istismara verilməsi planlaşdırılır və obyektdə  illik təxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılması deməkdir. Layihə həmçinin gələcəkdə batareya enerji saxlanc sisteminin inteqrasiyası imkanlarını da nəzərdən keçirir.

Energetika Nazirliyi, "SOCAR Green", "China Datang Overseas Investment Co. Ltd" və "PowerChina Resources Limited" arasında imzalanan sənəd isə Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumudur. "Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması"na dair Anlaşma Memorandumu Energetika Nazirliyi ilə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında imzalanıb. Memorandum 2028-ci ildən sonrakı dövr üzrə bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası ilə əlaqədar ötürücü şəbəkədə müvafiq araşdırmaların aparılmasını nəzərdə tutur. Hazırda bütün bu layihələr icrasının müxtəlif mərhələlərindədir. 

Azərbaycan-Çin "yaşıl enerji" əməkdaşlığının bir qolu da işğaldan azad olunmuş ərazilərimizi əhatə edir. Bu ərazilərdə "yaşıl enerji" potensialının qiymətləndirilməsi və Çin sərmayələrinin cəlb edilməsi istiqamətində addımlar atılır. "China Energy Overseas Investment Co.", "PowerChina Resources Limited", "TBEA Co. Ltd" və digər qurumlarla  "yaşıl enerji" potensialının qiymətləndirilməsi və günəş enerjisindən istifadə imkanları müzakirə olunur. 

Ağdamda və digər azad olunmuş  ərazilərdə Çinin  günəş enerjisi avadanlıqları və infrastrukturu tətbiq edilir. "Dongfang Electronics Corporation" kimi şirkətlər bölgədəki şəbəkə quruculuğu işləri ilə tanış olublar. 

Bu ərazilərdə görüləcək bir sıra işlər Energetika Nazirliyi ilə Çin investorları arasında imzalanmış  sənədlərdə artıq öz əksini tapıb.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!