18 İyul 2026 08:35
1062
SİYASƏT
A- A+
Sarsılmaz birliyi təmin edən siyasət

Sarsılmaz birliyi təmin edən siyasət


"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu müasir dünyanın aktual problemlərinin müzakirə edildiyi əhəmiyyətli bir tədbir oldu. Azərbaycanın tarixi zəfərini və ədalətli mövqeyini dünyaya çatdıran bu beynəlxalq tədbirdə səslənən fikirlər bir daha göstərdi ki, ölkəmizin regionda yaratdığı yeni reallıqlar dünya tərəfindən qəbul edilir.

Şuşanın evsahibliyi etdiyi bu forum qlobal media nümayəndələrini bir araya gətirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin sürətli intibahının, bərpa-quruculuq işlərinin dünyaya təqdimatı üçün unikal imkandır. Müxtəlif ölkələrdən gələn media təmsilçiləri və siyasi ekspertlər Şuşada aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış olaraq Azərbaycanın sülh və inkişafına yerində şahidlik etdilər. Bu baxımdan Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, ölkəmizin zəfərini və quruculuğunu dünyaya bəyan edən əsas mərkəzlərdən birinə çevrilib.

Forumun açılış mərasimində Prezident İlham Əliyev dünyaya mühüm mesajlar verdi. Dövlətimizin başçısının suallara cavabı ölkəmizin daxili və xarici siyasətinin əsas prinsiplərini bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdı. Bu açıqlamalarda yer alan hər bir fikir həm də bu günümüz və gələcəyimiz üçün bələdçi rolunu oynayır.

Prezident İlham Əliyevin açıqlamalarının əsas xətti "biz yalnız özümüzə güvənməliyik" fəlsəfəsindən ibarətdir. Ölkə rəhbəri yürütdüyü uzaqgörən siyasətlə sübut etdi ki, dövlət özünə güvənməlidir. Dünyanın müxtəlif bölgələrində gərginliyin, qarşıdurmaların və qanlı müharibələrin baş verdiyi indiki mürəkkəb şəraitdə bu yanaşma öz aktuallığını daha da artırır.

Prezident İlham Əliyev vurğuladı ki, xarici təhdidlərin və qlobal risklərin artdığı bir dövrdə milli birlik xüsusi önəm kəsb edir. Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən və suverenliyini tam bərpa edərkən məhz bu prinsipi rəhbər tutmuşdu. Azərbaycan heç bir kənar qüvvədən kömək gözləmədən öz iqtisadiyyatını qurdu, ordusunu gücləndirdi və tarixi ədaləti öz gücü ilə bərpa etdi. Bu gün Azərbaycan cəmiyyətində olduqca yüksək səviyyədə həmrəylik mövcuddur. Dövlət başçısı forumda bu məqama xüsusi diqqət çəkərək bildirdi ki, hazırda ölkəmizdə hökm sürən birliyə bənzər mənzərə tapmaq çətindir. Bu həmrəylik xalqımızın daxili inamından və milli maraqların vəhdətindən doğan saf, sarsılmaz bir bağdır.

Dünyanın sürətlə dəyişdiyi, beynəlxalq hüquq normalarının bəzən tamamilə unudulduğu indiki şəraitdə arxayınlaşmaq ən böyük səhv olar. Yeni dövr özü ilə hibrid təhdidlər, informasiya müharibələri və ideoloji təzyiqlər kimi fərqli təxribatlar gətirir. Xüsusilə informasiya təhlükəsizliyi məsələsi müasir dövrün ən həssas cəbhələrindən biridir. Azərbaycan əleyhinə aparılan sistematik qarayaxma kampaniyaları, yalan xəbərlərin tirajlanması və dezinformasiya hücumları göstərir ki, müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq rıçaqları çoxşaxəlidir. Bu şəraitdə yerli medianın üzərinə düşən məsuliyyət ikiqat artır. Æurnalistlər yüksək peşəkarlıq nümayiş etdirməli, milli maraqları hər şeydən uca tutaraq, qlobal informasiya məkanında ölkəmizin haqlı səsini operativ və dolğun şəkildə çatdırmağı bacarmalıdırlar. Bu, ideoloji təhlükəsizliyimizin qorunmasında ən etibarlı qaladır. 

Dövlətimizin başçısı qeyd etdi ki, müstəqillik daim qorunmalı və möhkəmləndirilməli olan ən böyük sərvətdir. Bu müqəddəs əmanəti gələcəyə daşıyacaq və qoruyacaq əsas qüvvə isə gənclərdir. Məhz buna görə də müasir dövrün çağırışları ilə bağlı öz milli kimliyimizi, köklərimizi qorumaq və yad təsirlərdən uzaq olmaq gənc nəslin əsas vəzifəsidir. Prezident İlham Əliyev gənclərin milli ruhda vətənpərvər böyüməsinin vacibliyini və dövlətin gələcək taleyinin məhz bu təmələ bağlı olduğunu vurğulayaraq dedi: "Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu, onları qoruyacaq. Amma nəticə etibarilə olurlar qurban. Böyük oyunların qurbanları. Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun".

Bu gün fəxrlə xatırladığımız tarixi hadisələr vətənpərvərliyin əməldə necə böyük qüvvəyə çevrildiyini sübut edir. 44 günlük Vətən müharibəsində Şuşanı, Füzulini, Kəlbəcəri və digər əzəli torpaqlarımızı işğaldan azad edən qəhrəmanlar məhz bu cür yüksək milli ruhda, müstəqillik illərində yetişən gənclərimiz oldu. Onlar canlarını Vətən yolunda fəda edərək Azərbaycanın yeni şanlı tarixini yazdılar.

"Böyük qayıdış" proqramının icrası sayəsində bu gün Qarabağ və Şərqi Zəngəzurda yeni həyata başlayan gənc nəsil bu sarsılmaz birliyin və milli ləyaqətin təntənəsidir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında qurduqları yeni həyat, yenidən inşa edilən müasir məktəblər və infrastruktur layihələri vaxtilə törədilən vandallığa verilən ən böyük cavabdır. 

IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan həm regional, həm də qlobal səviyyədə sülhün və ədalətin əsas təmsilçilərindəndir. Şuşadan dünyaya yayılan bu mesajlar xalqımızın öz taleyinin sahibi olduğunu, müstəqilliyini hər zaman uca tutacağını və sarsılmaz birliklə gələcəyə doğru qətiyyətlə addımlayacağını nümayiş etdirir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!