Deyirlər, Allah, dərdini çəkə bilənə ver!
Uca Tanrı ayrı-ayrı adamlara da, bütövlükdə millətə də ağır dərd verə bilər!
Əlacını, dərmanını isə sonraya saxlayar, yaxud heç çarəsini qılmaz!
Hər bir insan isə çəkdiyi dərdini də, hətta çəkə bilmədiyini də ürəyinə salar...
Ürək isə qapalı, örtülü yerdə olur.
Kənardan onu nə kimsə görür, nə də dərd yükünü təyin edə bilir!
İçində çəkdiklərini gizlədən, üzə vurmayan da olur, dərdini dilinə gətirib gileylənən, deyinən, hərdən göz yaşına güc verənlər də!
Amma sonra yenə çarə Allahdan və onun seçdiyi bəndə, təbib, dərman tərəfindən olur!
Müstəqil Azərbaycan dövlətinin Qarabağ adlı bir dərdi, həllolunmaz problemi vardı!
Bu dərd xalqımızın ürəyində qubara çevrilmişdi!
Bu dərd gözümüzlə görməsək də, ürəyimizdə yara bağlamışdı!
Bu həm də elə bir dərd idi ki, bizi dost-düşmən yanında sındırırdı, dilimizi gödək edirdi!
Bu həm də elə bir dərd idi ki, dövlətimizin, xalqımızın hər uğuruna sevinəndə, güləndə də içimizdən kədəri əksilməyə qoymurdu!
Bu dərdi nə çəkmək mümkün idi, nə unutmaq, nə də arsızlığa salıb əhəmiyyət verməmək!
***
Bu dərdin bir tərəfi dövlətin, o biri tərəfi isə məcburi köçkünlərin çiynində idi!
Dövlət və onun başçısı təkcə torpaqları geri qaytarmaq və buna görə iqtisadiyyatı gücləndirmək, diplomatiya sahəsində yorulmadan iş aparmaq, qüdrətli ordu yaratmaq, onu ən müasir silahlarla, strategiya və taktika ilə təmin etmək, sülh danışıqları nə qədər ağır və çətin olsa da, davam etdirmək və dünya erməniliyinin məkrli oyunlarını puça çıxarmaq barədə düşünmürdü.
Həm də bir milyondan çox qaçqın və məcburi köçkünü yerləşdirmək, normal həyat şəraitini təmin etmək, müxtəlif növ yardımlar göstərmək, təbii yolla sıraları get-gedə artan bu binəva insanları çadır şəhərciklərindən çıxarmaq, iş yeri yaratmaq, şəxsi bizneslərinin qurulmasına yardımçı olmaq, üstəlik ümidlərini itirməmələri üçün mənəvi dayaq durmaqla da məşğul idi.
Ulu Öndər Heydər Əliyev məcburi köçkünləri heç zaman tənha və köməksiz qoymadı.
Beynəlxalq qurum və təşkilatların diqqətini onların çətin durumuna yönəltdi.
Azərbaycana dost ölkələrə yeni humanitar yardım ünvanını göstərdi!
İlk dəfə olaraq qaçqın və məcburi köçkünlərə sistemli dövlət yardımını, zəruri dövlət qayğısını təmin və təşkil etdi.
Təəssüf ki, ömür vəfasız çıxdı, bu müşkül problemin həllinə zaman vermədi...
Bu ağır dərdin çarəsini də həm Ulu Öndərimiz, həm də tale cənab İlham Əliyevin çiyinlərinə qoymuş oldu!
Möhtərəm İlham Əliyev isə prezidentliyinin ilk günlərində bu barədə ardıcıl tədbirlər görüb, inamlı addımlar atmalı oldu!
***
27 il bir o qədər də qısa müddət deyil!
Hərçənd ki, qocaman tarix üçün “bir göz qırpımı” da sayıla bilər!
Amma bu 27 ilin hər gününü yurdhəsrətlilər qubarla, intizarla, dözümsüzlüklə yaşadılar...
Doğma yurdu, el-obanı bir an belə yaddan çıxarmadılar.
Ürəklərindəki yara heç zaman qaysaq bağlamadı, daim qövr elədi!
Vətəni görmədən dünyasını dəyişənlərin sayı ilbəil artdı.
Ata-baba qəbiristanlığında gömülmək üçün əmanət qəbirlərdə “gözləyənlər” çoxaldı...
Dünyadan ədaləti, beynəlxalq hüququn təntənəsini, işğalçıya təzyiq göstəriləcəyini umsaq da, əlimiz boşda, ümidimiz havada qaldı.
Sanki BMT-nin Təhlükəsizlik Şurası da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etdiyini yaddan çıxarmışdı.
İkili standartlar bizi sıxdı...
Ürəyimizə saldıq!
İşğalçı ilə işğala məruz qalanı eyni tutdular...
Ürəyimizə saldıq!
Münaqişəni həll etməli olan ATƏT-in Minsk qrupu “Siz nə razılığa gəlsəniz, biz onu dəstəkləyəcəyik” söyləyəndə bizə qəribə və gülməli gəldi.
Ürəyimizə saldıq!
Sülh danışıqlarında Ermənistanın dövlət başçıları özlərini yekəxana, yekəbaş apardılar...
Dişimiz bağırsağımızı kəssə də, üstlərinə gedə bilmədik, dözdük.
Ürək isə dözmürdü, yara dərinləşirdi!
Artıq möcüzə gözləyirdik!
Yüz minlərlə insanı doğma torpaqlara qovuşduracaq möcüzəni!
Sən demə, həyatda möcüzə də varmış!!!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 gündə yaratdığı möcüzə!
Bizi doğma torpaqlara qovuşduran möcüzə!
Bizi qalib dövlətə, qalib xalqa çevirən möcüzə!
Düşməni Qarabağdan silib-süpürən, rədd edib atan möcüzə!
***
Sitəmli günlərimizi heç zaman unuda bilmərik!
Bəs bu gün möhtəşəm Zəfərin zirvəsindən geriyə boylananda nə görürük:
22 fevral 1988-ci il!
Qarabağ müharibəsinin başlandığı, iki ağdamlı gəncin - Əli və Bəxtiyarın şəhid edildiyi gün!
8 noyabr 2020-ci il!
44 günlük Vətən müharibəsinin Ermənistanın kapitulyasiya aktının imzalaması ilə başa çatdığı gün!
27 illik işğala 44 günlük Zəfərlə son qoyulduğu xoşbəxt və unudulmaz tarix!
Bu tarixlərin arasında nə qədər şəhid qanı axıb, insanlar nə qədər əzab-əziyyətə qatlaşıb, yurd həsrəti çəkib...
Həm də heç bir günahları olmadan sərsəm, faşist xislətli, ağlını itirmiş və özgə torpağına göz dikən, onu zorla ələ keçirmək istəyən başsız millətin, aqressiv dövlətin vəhşiliyi ucbatından.
Bəs aldığı, 27 il işğalda saxladığı ərazilərdə erməni vandalları özlərini necə aparıblar?
Başqasının torpağına yiyələnmək onlara xoşbəxtlik, var-dövlət, rahatlıq gətiribmi?
Çəyirtkə sürüsü keçəndən sonra bağ-bağatda, zəmi və yaşıllıqlardan nə qalırsa, ermənilər Qarabağdan qovulduqdan sonra təkcə təbiətdən yox, yaşayış məntəqələrindən də o qalıb!
Vəhşi Afrika dövrünün cəngəllik qəbilələrini xatırladan bu millət (özlərini dünyada “ən qədim”, “ən mədəni”, “ən məzlum” xalq kimi təqdim etsələr də) dostlarının, həmməsləklərinin köməyi ilə gözə görünən bütün tikili və qurğuları, insana gərək olacaq və fayda verə biləcək hər şeyi söküb, daşıyıb pula çevirmiş, apara bilmədiyini yerlə-yeksan etmiş, hətta meyvə ağaclarını qırıb nəyəsə işlətmişdir.
Bəli, ermənilər bu işğalla müəyyən qədər qazandılar:
Təbii sərvətlərimizi talayıb apardılar, evlərimizi söküb daşıdılar, meşələrimizi qırıb satdılar, topraqlarımızda əkib-becərib məhsul yığdılar...
Həm də hər yeri dağıdıb viran qoydular, yaşayış məntəqələrini yer üzündən sildilər...
Amma özlərini ağ günə çıxara bilmədilər: forpost dövlətə çevrildilər, monoetnik respublika oldular, dilənçi vəziyyətinə düşdülər, cavanları qırıldı, fərariyə çevrildi, əhali baş götürüb getdi, ölkə boşaldı...
İndi isə hələ də leşlərinin qalıqlarını yığırlar, ağlı başında olan bir adam tapıb dövlət başçısı qoya bilmirlər, bir-birilərinin ətini yeyirlər, sabahlarına inanmırlar, revanşizmdən dəm vursalar da, nə pulları var ki, silah alıb ordunu bərpa edələr, nə də adamları var ki, orduya gətirib sərhədlərini qoruyalar, nə də iş tapırlar ki, pul qazanıb aclıqdan qurtulalar!
Nə bu günləri gündür, nə də sabahları var!
Nə dövlət ola biləcəklər, nə də bu xislətlə rahat yaşayasıdırlar!
Ürəkdə dərd-qubar olmayanda insanın üzü daim gülər!
İnsan ən böyük dərdinə çarə tapanda özünü rahat və xoşbəxt hiss edər.
İnsan dil qısalığından, baş aşağılığından, qınaq və tənədən qurtaranda yüngülləşər!
Qalib millət özünü bəxtəvər və əmin hiss edər.
Milləti qələbəyə rəhbəri, sərkərdəsi çatdırar!
Ona xalq sevgisini Tanrısı, dövlətin qüdrəti və rifahı, xalqın arzu və istəyini gerçəkləşdirməsi qazandırar!
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi rəhbəri və Ulu Öndəri olub.
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun İlham Əliyev kimi lideri və sərkərdəsi var!
***
Eşq olsun Müzəffər Ali Baş Komandanımıza!
Eşq olsun şanlı və qüdrətli ordumuza!
Eşq olsun qəhrəman əsgər və zabitlərimizə!
Eşq olsun əməli düz, haqq, ədaləti uca tutan dostlarımıza və qardaşlarımıza!
Mənfur ermənini elə çəyirtkə sürüsü kimi də qırıb torpaqlarımızdan qovduq!
Bütün şəhidlərimizin qisasını artıqlaması ilə aldıq!
Dağıdılmış el-obalarımızın, qəbiristanlıqlarımızın heyfini çıxdıq!
Həm də murdar xislətlilərin əsl simasını bütün dünyaya faktlar əsasında açıb göstərdik!
İndi dünyanın böyük hissəsi ermənini olduğu kimi tanıyır!
İndi heç kim bu barbar xalqın göz yaşlarına, “məzlumluğuna” inanmır!
İndi erməni yalanından bezənlər daha ona qucaq açmır, dirsək göstərərək arxa çevirir!
44 günlük Zəfər müharibəsindəki qələbələrimizdən biri də budur!
***
Biz dünən itirsək də, bu gün qazanmışıq!
Həm də hərtərəfli, əbədi!
İnandığımız, tarixin sınaqlarından şərəflə çıxan İlham Əliyev kimi rəhbərimiz, Müzəffər Sərkərdəmiz var!
Qayıtdığımız Vətəni yenidən cənnətə çevirməyə hər cür imkanımız var!
Açıq alnımız, qalib millət kimi adımız, Türkiyə kimi dostumuz, qardaşımız, sarsılmaz birliyimiz var!
Bizə qüvvət, qüdrət gətirən, 44 günlük Vətən müharibəsində qələbəyə çatdıran azərbaycançılıq kimi ideologiyamız, bütün çətin sınaqlardan çıxan milli-etnik tamlığımız var!
Bütün təhdidləri, revanşizm cəhdlərini məhv edəcək qüdrətli ordumuz, ən müasir və mükəmməl silahlarımız var!
Sabaha möhkəm inamımız, daha xoş günlərə çatacağımıza təminatımız, dövlətimizin gücünə, qüdrətinə əminliyimiz var!
Daha yurd həsrəti, vətənsizlik dərdi ürəyimizi deşib dağlamır!
Sən demə, ürək yarası da sağalarmış!
Biz Allahın bu sınağından uğurla, birliyimizlə çıxdıq!
İndi isə bizə bu səadəti bəxş edənlərin - Baş Sərkərdənin, qalib ordunun qədrini bilməli, şəhidlərimizi hörmətlə anmalı, qazilərə qayğımızı əsirgəməməliyik!
Bəxtiyar SADIQOV