18 May 2023 09:00
1754
SİYASƏT
A- A+

Unutmağa haqqımız yoxdur!

 

İflasa uğramışların zorən səmimi etirafları

 

"Hakimiyyətdə olanlar ancaq şəxsi mənafeyi düşünürdülər, talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC-Müsavat  hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün bu insanlar öz xalqına nə dərəcədə  nifrətlə yanaşmışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atmışlar. Hakimiyyətdə qalmaq üçün  hətta vətəndaş müharibəsinə də rəvac verdilər. Torpaqlar əldən gedirdi, Şuşa 1992-ci ilin  may ayında məhz milli  xəyanət və satqınlıq nəticəsində düşmənə  təhvil verilmişdir".   

İlham ƏLİYEV

 

İnsanın  yaddaşı korşala  bilir, zaman keçdikcə nəyisə yaddan çıxarır.
Tarix isə heç nəyi unutmur!

Əksinə, unutqanlığı cəzalandırır.
Baş verən faciələrin bir daha təkrarlanmamasından ötrü yaddaşımızı daim "iti" saxlamalıyıq.
Yaxın tarixi, bir nəslin ömür müddətində baş verənləri isə kimsənin unutmağa haqqı yoxdur!
***
Hər dəfə may gələndə bayramlarla zəngin olan bu ayda AXC-Müsavat cütlüyünün məşhur "1993-cü ilin 25 may konfransı" da yada düşür.
Hakimiyyət dövrü "quş yuxusu" qədər çəkən bu cütlüyün özünüifşa  konfransı.
Özündən müştəbeh "bəy"lərin üzqaralığının göstəricisi sayılan konfransı.

AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək eşqinə düşdükləri gündən 1993-cü ildə vəzifələrini "donduraraq" aradan çıxdıqları anadək təkcə bu "hesab konfransı"nda səmimi oldular.
Hər şeyi düz danışdılar, olanları söylədilər.

Öz naşılıqlarını, səriştəsizliklərini, bacarıqsızlıqlarını faktlarla açıqladılar.
Dövləti idarə edə bilmədiklərini, tamahlarının quluna çevrildiklərini misallarla söylədilər.
Komanda daxilində bir-birilərini aldatdıqlarını, hər şeyi şəxsi maraqlarına qurban verdiklərini etiraf etdilər.

Ən əsası onlara inanan insanlara xəyanət etdiklərini utanmadan dillərinə gətirdilər.
Ona görə yox ki,  peşman olmuşdular,  daha düzgün və təmiz, milli  maraqlara uyğun işləyəcəklərini  bildirmək istəyirdilər...
Yox, günahı bir-birilərinin üstünə yıxaraq hərə özünü suya çəkməyə, "təmiz"  göstərməyə çalışırdı.
Səmimiyyətləri də peşmanlıqdan yox, etdikləri qəbahət, günah, nöqsan və xəyanətləri etiraf etmək məcburiyyətində qaldıqlarından irəli gəlirdi.
***
1993-cü ilin may konfransında "baş rolda"  Əli Kərimli oynayırdı.
Ona görə yox ki, o, "məsum və günahsız", süddən çıxmış qaşıq kimi tərtəmiz idi...
Sadəcə, əlinə yaxşı girəvə düşmüşdü.
Ömrü boyu ona etibar edənləri, həyan duranları, vəzifəyə irəli çəkənləri, "düzlüyünə" və "təmizliyinə" inananları aldadaraq atan, öz məqsədləri üçün istifadə edərək niyyətinə çatanda satan, pul və vəzifə üçün vətəninə daim xəyanət edən bu ünsür rəqiblərini sıradan çıxarmaq üçün əlinə düşən imkandan məharətlə bəhrələnirdi.
Sevincdən özünü o qədər itirmişdi ki, irəli sürdüyü ittihamların, cinayət tərkibli faktların üzvü olduğu iqtidara ünvanlanmasının fərqinə belə varmırdı.
Heç kəsə sərbəst danışmağa imkan vermirdi ki, birdən müəyyən olunmuş mövzudan  kənara çıxar, dövlət katibinin də "xidmət"ləri xatırlanardı.
May konfransı əsl tamaşa, baş rolun ifaçısı isə məkrli Əli Kərimli və bir də  hamı tərəfindən aldadılan çarəsiz və zavallı Ə.Elçibəy idi.
May konfransındakı ittihamların bir neçəsinə nəzər salaq:  

"Əli Kərimov:
- Bu gün Azərbaycanın maddi sərvətləri qaçaqmalçılıq yolu ilə talan olunur.  Respublikanın on minlərlə iribuynuzlu mal-qarası, minlərlə texnikası və digər maddi sərvətləri sərhəddən qaçaqmalçılıq yolu ilə  keçirilir. Bu, respublikanın  iqtisadiyyatına  sarsıdıcı zərbə vurur".
Əvvəla, ittihamdakı faktlar kimə ünvanlanıb, qaçaqmalçılıqla kimlər məşğul olur, respublikanın iqtisadiyyatına sarsıdıcı zərbələri endirənlər kimlərdir?
Elə  özün qarışıq sizin komanda deyilmi?
Mal-qaranı, maddi sərvətləri kim  qorumalıdır, onlar sərhəddən keçiriləndə  qarşısını kim  almalıdır?
Sadə xalq, yoxsa ölkəyə rəhbərlik edənlər?!
Əli Kərimlinin ritorik suallarına zavallı prezident Elçibəy salondakı vəzifəyə qoyduğu, etibar etdiyi hüquq-mühafizə orqanları rəhbərliyinə ünvanladığı  cavaba  bəlli müraciəti ilə aydınlıq gətirdi.
Əslində isə özünə verməli olduğu sualı əlinin altında  işləyənlərə ünvanlamaqla yerində olmayan  dövlət başçısı olduğunu bir daha sübut etdi:
"Ə.Elçibəy:
- Bir sualım var. Respublikada talançılıq baş alıb gedir. Nizami demişkən, əgər  oğurlanan maldan gözətçinin xəbəri yoxdursa,  demək, gözətçinin orada əli var. Burada  milis orqanıdır, prokuror orqanıdır və bir də məhkəmə orqanıdır. Burada  oturan orqanların əli həmin cinayətdə var. Bunu nə ilə izah edərdiniz? Bax hamımız  burdayıq. Demirik  hüquqi dövlət qururuq... Onda bu ölkəni niyə dağıdırsan? Başa  düşmürəm... Xarici iqtisadi  əlaqələr pozulur, benzin, neft, taxıl respublikadan  dağıdılır. Azərbaycanın rayonlarında benzin  tapılmır. Amma Ermənistan  Azərbaycan neftini aparır, özü də tonla. Bunu adi vətəndaş da bilir. Xalq deyir ki,  kaş  canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Heç kim, heç birimiz belə axıra qədər gedə bilməyəcəyik. Bunu birdəfəlik  hamınız yaxşı bilin.  Bu xalq əgər azadlıq və demokratiya  uğrunda mübarizə aparırsa, bu xalq əgər böyük imperiyadan  canını qurtara bilirsə,  gələcəkdə aramızda olan bu adamların canı xalqın əlindən qurtarmayacaq.  Prokurorluq da, məhkəmə də, xahiş edirəm, buna cavab versin:  bu gün bu respublika niyə dağılır?.."

Əgər prezident bilmirsə ki, respublika niyə dağılır, onda o, nə ilə məşğuldur, işinin adı nədir?
Yox, bilib qarşısını almırsa, yaxud ala bilmirsə, onda özü nədir? Müqəvva?

Son konfransın məzhəkəsi təkcə bununla bitmir:
* Bu qədər  müzakirədən; 
* Bu qədər çək-çevirdən;
* Bu qədər  "araşdırma"dan;
* Ən nəhayət, bu qədər sorğu-sualdan sonra  bir nəfərə belə  "qaşın üstə gözün var" - deyilmir.
Bir nəfər vəzifədən kənarlaşdırılmır.
Bir nəfər barədə araşdırmaya  başlanılmır.
Bir nəfər barədə belə  cinayət işinin açılması haqda  göstəriş verilmir.

Necə deyərlər,  yedik, dağıtdıq,  xəyanət etdik,  yığışıb danışdıq və dağılışdıq!
Sabahdan yenə əvvəlki qaydada  "işləyəcəyik"!

Baş prokuror  İxtiyar  Şirinov isə aparılan yoxlamaların "uğurlu"  nəticələrindən, aşkara çıxarılan  qanunsuzluqlardan  danışır:  
"İxtiyar  Şirinov: 
- Ümumi nəzarət  yoxlamaları zamanı  "Azərneftyağ"  (müəssisəyə Rəsul Quliyev rəhbərlik edirdi - red.)  zavoduna məxsus olan  2,5 milyon  ABŞ dollarının  qanunsuz olaraq israf edilməsi, 18 milyon dollara yaxın vəsaitin Türkiyənin "Dənizçilik"   bankında saxlanması,  Yasamal Rayon Ticarət İdarəsinin 1,5  milyard  rublu  qanunsuz olaraq  Moskvadakı "Bank-Servis" kommersiya birliyinin hesabına keçirməsi,  Azərbaycan  Elmi-Tədqiqat Hidrotexnika və  Meliorasiya  İnstitutunda  külli  miqdarda  dövlət əmlakının israf edilməsi, "Xəzər" firmasının Bakı Gömrük İdarəsinin  əməkdaşları ilə cinayət əlaqəsinə girərək  27,5 ton bürünc və 100 tondan artıq mis çıxdaşını  xaricə göndərməsi, "Mərzili"  kiçik müəssisəsinin  30 ton əlvan metalı qanunsuz yolla Türkiyəyə keçirməsi,  "Elgün"  assosiasiyasının  157 tondan artıq  alüminiumu  İrana ucuz qiymətə satması nəticəsində dövlətə 100 min  Amerika dollarından artıq ziyan vurması,  Şamaxıda  3 nömrəli  üzüm emalı zavodunda  29 milyon rublun mənimsənilməsi,  Bakı şəhərində dövlət məmurlarının saxta sənədlərlə banklardan  245 milyon rublu çıxarması və digər cinayətlər açılmışdır.   Yoxlamalar zamanı kənd təsərrüfatı və ərzaq,  ticarət, su və meliorasiya,  rabitə  nazirlikləri sistemində,  Dövlət  Neft Şirkətində,  Dəmiryol  İdarəsinin  idarə və təşkilatlarında  böyük   qanunsuzluqlar aşkar edilmişdir". 

Bütün dağıntılar barədə  konkret faktlar əsasında  danışan baş prokuror nədənsə  dövlətə başçılıq edən Ə.Elçibəyin sualına  susmaqla  "cavab verir":
"Ə.Elçibəy:  
- Sən söz verirsən ki, Azərbaycanın nefti gedib Ermənistanın əlinə çatmayacaq? Azərbaycanda rayonlarda benzin yoxdur ki, avtobuslar işləsin.  Camaat  ata-anamızın qəbrinə söyür. Bu cinayətkarlar axı kimdir?.."
  
- ...
Yəqin ki, əsl həqiqəti  söyləməkdə,  cinayətkarların həmin zalda oturanların sırasında  olduğunu  deməkdə  çətinlik çəkir.
Əgər komandanın kapitanı rüşvət almağı cinayət hesab etmirsə, vəzifə verdiklərinə rüşvət və  korrupsiya ilə  məşğul olmağı  yasaqlamırsa,  başqa necə olmalıdır?
Və Azərbaycanın "atalar sözü" sırasına düşən, AXC-Müsavat iqtidarının ən "məşhur",  "həmişəyaşar"  lətifələrindən biri  məhz bu məqamda  Elçibəy tərəfindən söylənilir:
"Rüşvət alanda milyonlarla dollar alırsınız, alırsan, heç olmasa yüz minlərlə  al,  beş manat al,  insafla al".
Əqidəniz budurmu?
Müstəqil dövlətin qurulmasını buna görəmi istəyirdiniz?
Hakimiyyətə buna görə yiyələnmişdiniz?

Xalq isə bütün bunlara görə sizə nifrət etdi və arxa çevirdi!
***
AXC-Müsavat cütlüyü xəyanət və səriştəsizliyi ilə Azərbaycanı kövrək müstəqilliyini itirmə,  bir dövlət kimi  məhvolma həddinə  çatdırdı.
Böyük xəyanət - Şuşanın düşmənə təslim edilməsi öz məntiqi davamı ilə "kiçik  xəyanət"lə - ölkənin baş prokurorunun prezident  Elçibəyin həbsinə sanksiya verməsi ilə yekunlaşdı.
Düşmən tanklarını, hərbi maşınlarını hərəkətə gətirən yanacaq Bakıdan göndərilirdi - "bəy"lərin cibinə girəcək pul əvəzində.
"Kələklə gələn, küləklə gedər - demişlər".
Xalqı aldatma yolu ilə iqtidara gələnlərin qısa müddətdə yığdıqları burunlarından gəldi!
Təkcə törətdikləri cinayət əməllərinə görə  həbsxanalara  düşmədilər...
Həm də xalqın gözündən düşdülər, urvatsız oldular!
İqtidarda olduqları dövr xalqın  ağzında  müxtəlif lətifələrlə  "tarix"ə  yazıldı!
Əgər Ulu Öndər Heydər Əliyev onların yalvarışı və ən əsası xalqın çağırışı ilə geri dönməsəydi,  bəlkə də  S.Hüseynovun  "Azadlıq"  meydanında  qurmağa vəd etdiyi  dar ağaclarında yellənəcəkdilər.
Özləri nə olsalar da, bəxtləri var imiş...
Ulu Öndər Heydər Əliyev anarxiya, xaos və fəlakətə çatdırdıqları Azərbaycanı xilas etdi, Prezident İlham Əliyev isə xəyanətkarlıqla düşmənə verdikləri  Şuşanı geri qaytardı!
O  dövrdə  yaşayan insanlar da,  qocaman  tarix də bütün bunları  bilir və yaddaşında  saxlayır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video