Erməni daşnaklarının bolşevik hərbi birləşmələri ilə 1918-ci ilin martında birgə hazırlayıb həyata keçirdikləri soyqırımının üstündən illər keçsə də, hadisələrin dəhşətləri həmişə xalqımız tərəfindən nifrətlə xatırlanacaq. Həmin soyqırımı barədə Azərbaycanın SSRİ-nin tərkibində olduğu, məcburən sovetləşdiyi 70 il ərzində rəsmi mətbuatda, tarix kitablarında heç bir obyektiv məlumat olmasa da, bu cinayətlər şahidlərin yaddaşında yaşayıb, nəsillərdən-nəsillərə, dildən-dilə xatirələrdə əbədiləşib.
Ümummilli Lider Heydər Əliyevin mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət idi. Bu sənəd tarixi həqiqətlərin üzə çıxması, aydınlaşması yolunda mühüm əhəmiyyət kəsb etdi, eyni zamanda milli dövlətçiliyimizin möhkəmlənməsi, milli həmrəyliyimiz üçün yeni mərhələ, strateji yol xəritəsi oldu. Fərmanda oxuyuruq: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir". Bu proqram xarakterli sənəddən aydın olur ki, üzləşdiyimiz bütün fəlakətlərin, soyqırımlarının, məhrumiyyətlərin kökündə həmin dövrdə güclü dövlətçiliyimizin, siyasi mühitə uyğun immunitetin olmaması durur.
Əslində, bu qanlı hadisələrin mahiyyəti şimal və cənub qonşularımızın maraqları ilə uzlaşdığından onlar da baş verənlərə qiymət verməyə meyilli deyildilər. Bölgədə türkdilli dövlətlər arasında güclü əlaqələrin yaranması nəinki onların maraqlarına cavab vermirdi, hətta buna hər vəchlə mane olmağa çalışırdılar. Hələ 300 il əvvəl gələcək imperiyanın konturları barədə fikirləşən rus imperatoru Pyotr cənuba göndərdiyi qasidlərə tapşırmışdı: "Onları (erməniləri) toplayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun".
Tarixdən öyrəndiyimiz kimi, Səfəvilər dövlətinin süqutundan sonra Nadir şahın rəhbərliyi ilə yeni güclü dövlət yaransa da, onun ömrü qısa olmuş, şahın sui-qəsd nəticəsində qətlə yetirilməsindən sonra yerli feodallar arasında birliyin yaranmaması sanki xaricdən uzanan əllərlə idarə edilmişdi. Nəticələr də özünü çox gözlətməmişdi. Tezliklə dövrün əzəmətli Osmanlı imperiyasının Qafqaz, eləcə də Orta Asiya ilə əlaqələrinin kəsilməsində maraqlı olan çar Rusiyası ilə İran arasında 1813-cü ildə "Gülüstan", 1826-cı ildə "Türkmənçay" müqavilələrinin imzalanması, əslində, Azərbaycanın -mühüm ticari, iqtisadi yolların keçdiyi, təbii sərvətlərlə zəngin bölgənin parçalanması, türk dünyasında mühüm strateji bölgənin ələ keçirilməsi planının tərkib hissəsi idi. Müqavilələrin, necə deyərlər, "mürəkkəbi qurumamış" dərhal bölgəyə İrandan və Türkiyədən ermənilərin köçürülüb yerləşdirilməsinə başlanılır. Təkcə 1828-1830-cu illər ərzində Cənubi Qafqaza İrandan 40000, Türkiyədən isə 84000 erməni Azərbaycan ərazisində yerləşdirilmişdi. Çar Rusiyasının himayəsi altında "Erməni vilayəti" adlandırılan süni inzibati bölgünün yaradılması isə azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılmasının və soyqırımı siyasətinin əsasını qoymuşdu. Bunun müqabilində isə ermənilər onlara verilən tapşırıqları yerinə yetirməli idilər. Tapşırıq isə əvvəlcədən bəlli idi: bölgədə azərbaycanlılara qarşı terror və soyqırımları təşkil etmək.
Əslində, ermənilərin heç vaxt xalq və millət kimi formalaşmamağının, öz tarixi dövlətçiliyinə malik olmamasının başlıca səbəbi onların xəyanətkar xisləti, ancaq "uzaqdan vur-qaç" kimi terror hadisələrinə meyillənmələri olub. Onların bu xüsusiyyətlərindən əsasən dindaşları olan Qərb dövlətləri ermənilərin tərkibində toplum şəklində yaşadıqları bölgədə öz çirkin maraqlarını təmin etmək üçün iğtişaşlar yaratmaq, qətllər törətmək məqsədilə istifadə ediblər. Qərb dövlətlərinin birgə səyləri ilə Osmanlı imperiyasının zəiflədiyi bir dönəmdə ermənilər Anadoluda 1 milyon türkün ölümü ilə nəticələnən qətliam törətmişdilər. Bir müddət onlara yer vermiş dövlətlərə guya sadiq olmaları görüntüsü yaratsalar da, yeni vədlər və böyük pulların müqabilində istənilən xəyanətə getdiklərinə görə tarixi şəxsiyyətlər tərəfindən lənətləniblər.
Çar imperiyasının erməni kartından çoxməqsədli istifadə planları olub və bu həmin imperiyanın sovetləşməsindən sonra da davam edib. Belə ki, imperiya daxilində böhran yarandıqda, milli şüurun oyanışı baş verdikdə erməniləri milli etnik zəmində təxribata cəlb etməklə Cənubi Qafqazın nəzarətdə saxlanılmasında istifadə ediblər.
1918-ci ilin mart soyqırımı ərəfəsində Rusiyada vəziyyət yenidən gərginləşmiş, mövcud quruluşun dağılması üçün təhlükə yaranmışdı. 1918-ci il martın 3-də Brest-Litovsk sülh sazişinin imzalanması ilə bağlanan sülh müqaviləsinə əsasən, rus qoşunları Cənubi Qafqazdan çıxarıldı. Qafqaz Almaniyanın və Osmanlının nüfuz dairəsinə bölündü. Bununla da regionda separatizmin stimullaşması və millətlərarası münasibətlər və sosial-siyasi münaqişələr daha da kəskinləşdi. Bu ərəfədə Bakıya Birinci Dünya müharibəsində müxtəlif cəbhələrdə vuruşmuş təxminən 7 min erməni əsgəri gətirilmişdi. Anastas Mikoyanın başçılıq etdiyi soyqırımında xüsusilə fəallıq göstərən 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Bu ərəfədə etnik azərbaycanlılara qarşı soyqırımına başlamaq üçün bəhanə axtarılırdı. Belə bir "səbəb" general M.Talışinski başda olmaqla müsəlman diviziyasının "Evelina" gəmisi ilə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Lənkəranda həlak olan oğlu Məhəmmədi Bakıya gətirən bir qrup zabit və əsgərin Bakı Soveti tərəfindən tərk-silah edilməsi oldu. Diviziyanın əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Əhali arasında sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri S.Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matroslarını azərbaycanlılara qarşı soyqırımına təhrik etdi.
Əvvəlcədən belə hücuma hazırlaşmış ermənilər azərbaycanlı məhəllələrinə soxularaq dinc, əliyalın əhaliyə qarşı ağlasığmaz vəhşiliklər etmişdilər. Bolşevik-daşnak birləşmələri Bakıda, Şamaxı, Quba, Xaçmaz, Muğan, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə də qırğınlar törətmişdilər. Ermənilərin dinc əhalini qətlə yetirmələri yalnız 36-cı Türkistan polkunun dənizçilərinin hədələrindən sonra dayandırılmışdı. "Ərdəhan" və "Krasnovodsk" hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limana yaxınlaşaraq tələb etmişdilər ki, əgər ermənilər dinc əhalini öldürməkdən əl çəkməsələr, onlar da şəhərin ermənilərin sıx yaşadığı ərazilərini toplardan atəşə tutacaqlar. Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və qırğınları dayandırmışdılar.
Mart soyqırımı günlərində ümumilikdə Azərbaycanda Arazdan şimalda 50 mindən çox adam qətlə yetirilibsə, bundan 5 dəfə çox, 250 minə yaxın insan isə Cənubi Azərbaycanda öldürülüb. Mart qırğınlarından sonra sülh sazişi imzalansa da, sentyabrın 15-nə qədər ermənilər müntəzəm olaraq Bakı şəhərinin küçələrində, ətraf kəndlərə gedən yollarda azərbaycanlıları qətlə yetirib, meyitlərini neft quyularına, dənizə atıblar. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan və Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun xilaskar yürüşü nəticəsində erməni vəhşiliklərinin qarşısı alınıb. Yaradılan Fövqəladə Təhqiqat Komissiyası soyqırımı ilə əlaqədar araşdırmalara başlayıb.
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 31 martın azərbaycanlıların ümummilli matəm günü kimi qeyd olunması barədə qərar vermişdi. 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov Amerikanın prezidenti Vilsonla görüşəndə bu faktları, həmçinin Fövqəladə Tədqiqat Komissiyasının materiallarını diqqətə çatdırsa da, heç bir nəticəsi olmamışdır. Zaqafqaziyada baş vermiş 1905-1907 və 1918-1920 illərdə 2 milyona yaxın azərbaycanlının ermənilər tərəfindən amansızcasına qətlə yetirilməsi, öz evindən, dədə-baba ocaqlarından zorla qovulmasına dünyanın susqun mövqeyi türkofobiyanın, islamofobiyanın nəticələri, ermənilərin sonrakı cinayətlərə ruhlanma səbəbi olmuşdu.
1920-ci ilin 28 aprelində bolşeviklər Cümhuriyyət hökumətini süquta uğradaraq hakimiyyəti ələ keçirdilər. Bolşeviklərin və sovet şineli geyinmiş daşnakların Azərbaycanda hakimiyyəti mənimsəməsi, qırmızı terrorun gücü ilə insanların düşüncələrinə, milli iradəsinə vurulan buxovlar, əfsuslar olsun ki, bu qanlı tarixi obyektiv öyrənməyə, 31 Mart canilərini layiqli cəzalarına çatdırmaq üçün sistemli iş aparmağa imkan vermədi. 70 illik sovet ideologiyasının mart soyqırımını "vətəndaş müharibəsi", "əksinqilabi qiyam" kimi təqdim etməsi, əslində, bolşevik-daşnak ittifaqının azərbaycanlılara qarşı yeritdiyi növbəti - ideoloji soyqırımı siyasəti idi. Bu soyqırımı əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra aldı.
Ermənistanın cinayətkar siyasəti davamlı xarakter daşıyıb, onlar XX əsrdə soydaşlarımıza qarşı 4 dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmə törədiblər. Dünya ictimaiyyətinin gözü qarşısında baş verməsinə baxmayaraq, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinə beynəlxalq aləmdə ciddi təpki verilməyib.
Beynəlxalq aləmdəki havadarlarının dəstəyi ilə 1990-cı illərin əvvəllərindən başlayaraq davam edən təcavüz nəticəsində torpaqlarımızın 20 faizdən çoxunu 30 il işğalda saxlayan erməni hərbi birləşmələri yeni təxribat hazırlasalar da, 2020-ci ildə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin müdrik siyasəti, qətiyyəti nəticəsində Silahlı Qüvvələrimiz 44 günlük Zəfər yürüşü ilə torpaqlarımızı azad etdi, ötən il keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə separatizmə son qoyularaq, ölkəmizin suverenliyi tam bərpa olundu.
Raya QƏFƏROVA,
hüquqşünas