Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır.
Ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir. Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır.
Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti peşəkar insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil və innovasiyaları təşviq edən münbit şəraitin olması əsas şərtdir. Məhz keyfiyyətli təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə ola bilər.
Strateji dövrdə kompetensiya, vərdiş və bacarıqların harmoniyada inkişafına əsaslanan ali təhsilə xüsusi önəm verilərək insanların yüksəkkeyfiyyətli təhsil alması, kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, beynəlxalq sertifikatlara malik mütəxəssislərin hazırlanması mühüm hədəflərdən olmalıdır. Bu və digər tapşırıqlar dövlət başçısının uzaqgörən siyasəti sayəsində onun tərəfindən 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş və həmin dövrdə yaxın on il üçün əsas prioritetləri müəyyən edən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı sənəddə öz əksini tapmışdır. Bununla yanaşı müvafiq vəzifələr Azərbaycan Respublikası Prezidenti tərəfindən 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da müəyyən edilmişdir. Göründüyü kimi, uzaq və yaxın perspektiv üçün sənayenin və texnologiyanın inkişafı ilə ayaqlaşmaq, peşəkar kadr hazırlığını bu tendensiyaya uyğun həyata keçirmək müasir dövrdə universitetlərin başlıca vəzifələri olmalıdır.
Gəncə şəhərində yerləşən, əsası 1970-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulan Azərbaycan Texnologiya Universiteti (ATU) sadalanan hədəflərə çatmaq üçün öz intibah dövrünü yaşayır desək, yəqin ki, yanılmarıq. Son iki ildə universitetdə görülən işlərin və aparılan islahatların nəticələri bunu deməyə əsas verir.
Xatırladaq ki, Azərbaycan Texnologiya Universiteti sənayenin müxtəlif sahələri üçün yüksəkixtisaslı mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisəsi kimi yaradılmışdır. Məlum olduğu kimi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirilməsi sənaye müəssisələrinin iştirakı olmadan mümkün deyil. Bunu nəzərə alaraq, ATU texnika və texnologiya təmayüllü ali təhsil ocağı kimi universitet-sənaye əlaqələrini son iki ildə olduqca effektiv şəkildə qurub. Bu zaman kəsiyində əldə olunan müxtəlif müqavilələr və memorandumlar 27 ixtisas üzrə kadr hazırlayan ATU-nun hədəfinin böyük zavodlar, müəssisələr və dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi olduğunu göstərir. Buna ölkənin aparıcı və nəhəng müəssisələrindən olan "Azəralüminium" MMC-ni misal göstərmək olar.
Müəssisə ilə qurulan əlaqələr universitet-sənaye əməkdaşlığının ən yaxşı nümunələrindən biridir və bu əməkdaşlıq bir çox istiqamətlərdə reallaşdırılır. Belə ki, zavodun ehtiyaclarına uyğun kadr hazırlığını təmin etmək üçün təhsil ocağının "Metallurgiya mühəndisliyi" ixtisasının tədris planına müvafiq fənlər daxil etməklə onun yenilənməsi məqsədilə ATU və "Azəralüminium" tərəfindən birgə işçi qrup yaradılıb. Bununla yanaşı, universitet bu qabaqcıl müəssisə ilə sıx elmi əməkdaşlıq da həyata keçirir. Əməkdaşlıq çərçivəsində "Azəralüminium" müəssisəsinin sifarişinə uyğun olaraq ATU-nun təcrübəli və gənc təqdiqatçıları elmi araşdırmalar aparır və universitet-sənaye əməkdaşlığına öz töhfələrini verirlər. İllik 54 min ton alüminium istehsalı gücünə malik zavodda ATU-nun Kimya və metallurgiya mühəndisliyi kafedrasının filialı fəaliyyət göstərir, bir sözlə müəssisədə universitetin tədqiqatçıları və tələbələri üçün xüsusi şərait yaradılıb.
Səmərəli əməkdaşlığın göstəricilərindən biri kimi ATU-nun rektoru v.m.i.e. dosent Yaşar Ömərov və "Azəralüminium" MMC-nin direktoru Maksim Cavadov tərəfindən 15 dekabr 2023-cü il tarixində imzalanmış sazişlə ATU-nun istedadlı tələbələri üçün xüsusi təqaüdün təsis edilməsini göstərmək olar. 2024-cü ilin 14 mart tarixində "Azəralüminium" təqaüdü ilk sahiblərinə, texniki və texnoloji ixtisaslarda təhsil alan, yüksək akademik göstəricilərə malik 2 tələbəyə təqdim edilib. Ötən ilin dekabrında əldə edilən digər razılığa uyğun olaraq ölkənin ən iri alüminium ixracatçısı və istehsalçısı olan "Azəralüminium" tərəfindən ATU-da iki ixtisaslaşmış auditoriya qurulub. Müasir tələblərə cavab verən bu auditoriyalar yeni tədris ilində tələbələrin istifadəsinə veriləcək.
Son iki ili universitetin "Nəqliyyat mühəndisliyi" və "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" ixtisasları üzrə təhsil alan tələbələr üçün də məhsuldar hesab etmək olar. 140 illik təcrübəsi olan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC ATU ilə sıx əməkdaşlıq edir və sözügedən ixtisasların keyfiyyətinin yüksəldilməsinə töhfə verir. 2022-ci ilin sentyabrında ADY-nin bir qrup rəhbər heyət ilə ATU-nun rektoru v.m.i.e. dosent Yaşar Ömərov arasında ilk görüş keçirilib. Həmin görüşdə əldə edilən razılıq əsasında hər iki ixtisas üzrə bakalavriat və magistratura səviyyələrində tədris planlarına dəmir yolu sahəsi ilə bağlı müvafiq dəyişikliklər edilərək yeni fənlər əlavə edilib. Ötən ilin avqustunda ADY öz rəsmi sosial şəbəkə hesablarında abituriyentlər üçün çağırışlar və elanlar edib. Xüsusi vurğulanmalıdır ki, son illərdə universitetin həmin ixtisasları üzrə plan yerləri demək olar ki, tam dolur.
Universitet sifarişlər əsasında ixtisaslaşmış təlimlər də həyata keçirir. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əməkdaşlıq çərçivəsində qərb bölgəsində taksi sürücüləri üçün təlimlər Azərbaycan Texnologiya Universitetində təşkil olunur. Bu proses 2023-cü ilin sentyabrından start götürüb və bu günədək 400-dən çox müdavim taksi sürücüləri üçün təlim kursunu uğurla bitirərək müvafiq sertifikat əldə edib. Gələcəkdə həmin təlimlərin daha da genişləndirilməsi nəzərdə tutulur.
Universitet sənaye ilə əməkdaşlıq əlaqələri qurduqda bütün ixtisasları əhatə etməyə səy göstərir, xidmət sektoru da diqqətdən kənarda qalmır. Məsələn, "Turizm bələdçiliyi", "Turizm işinin təşkili" ixtisasları üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə dünyaşöhrətli kurort şəhərinə çevrilən Naftalanın 5 ulduzlu otelləri ilə əməkdaşlığa başlanılıb. Bu ilin yanvarında rektor v.m.i.e. dosent Yaşar Ömərovla "Garabagh Resort & Spa Naftalan Hotel"in direktoru Safi Orhan Kutluay, "Chinar Hotel & Spa Naftalan"ın direktoru Murat Gözütok, "Gashalti Health Hotel Naftalan"ın direktoru Rəşad Veyisov arasında 3 memorandum imzalanıb. ATU tələbələrinin dünyanın 65-ə yaxın ölkəsindən qonaqlar qəbul edən və ən müasir standartlara cavab verən Qarabağ, Çinar və Qaşaltı hotellərində təcrübə keçməsi kadr hazırlığının daha yüksək səviyyədə aparılmasına imkan verəcəkdir.
ATU-nun ölkənin aparıcı bankları ilə olan mövcud aktiv əməkdaşlığını da qeyd etmək yerinə düşərdi. Ölkənin ən böyük filial şəbəkəsinə malik olan Kapital Bankın maliyyə dəstəyi ilə universitetin İqtisadiyyat və idarəetmə fakültəsində "Kapital Bank Auditoriyası" qurularaq ötən ilin oktyabrında tələbələrin istifadəsinə verilib. 28 nəfərlik bu innovativ tədris otağı PAŞA Holding-ə daxil olan, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətində olan Kapital Bankın konseptinə uyğun dizaynda təmir edilərək, ağıllı lövhə, müvafiq sayda noutbuk və digər zəruri ofis avadanlıqları ilə də tam təchiz edilib. Bununla yanaşı, ölkənin digər iri bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlığa da start verilib. Aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə hazırda Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri hesab edilən ABB ilə yeni qurulmuş əməkdaşlıq çərçivəsində bankın bir neçə rəhbər şəxsi cari ilin 24 may tarixində universitet tələbələri üçün fərdi və karyera inkişafına yönəlmiş bir sıra mövzularda seminarlar təşkil ediblər. Yaxın gələcəkdə həmin bankla əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Bildiyimiz kimi qida sektoru ölkə iqtisadiyyatının əsas hissələrindən birini təşkil edir və Azərbaycan Texnologiya Universiteti də ölkədə bu sahədə baza universitetlərdən biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"na, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 3 may 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında şərabçılığın inkişaf etdirilməsinə dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"na əsaslanan universitetin son iki ildə sənaye müəssisələri ilə əldə etdiyi memorandumlar siyahısında qida istehsalı, kənd təsərrüfatı, qablaşdırma və logistika sənayesi sektorunda ölkənin 30-dan artıq aparıcı şirkətini birləşdirən "Azersun" Holdinq, Cənubi Qafqazın ən böyük və ən müasir şirə və şərab istehsalçılarından olan "AzGranata" MMC, çörək və un məmulatlarının istehsalı üzrə ixtisaslaşan "ATS Food" MMC, alman texnologiyası əsasında fəaliyyət göstərən "N1" Çörək Zavodu, Cənubi Qafqazın ən inkişaf etmiş konserv zavodu olan Qəbələ Konserv zavodu uzun müddətdir ki Azərbaycan iqtisadiyyatına yeni investisiyalar qoyan, sosial, ekoloji və iqtisadi cəhətdən dayanıqlılığa kompleks yanaşma tətbiq edən "Azərbaycan Coca-Cola Bottlers" MMC, ölkənin şərabçılıq sənayesi üzrə aparıcı müəssisələri olan "Şirvan şərabları" MMC, "Aspi Winery" Üzüm Emalı Zavodu, "Şəki Şərab" zavodu, 8 fabrikdən ibarət olmaqla Cənubi Qafqaz regionunda vertikal inteqrasiya sistemi ilə qurulmuş yeganə yüngül sənaye müəssisəsi olan GİLTEX MMC, "Qalaksi" şirkətini və s. görə bilərik.
Yuxarıda qeyd olunan şirkətlərdən biri olan "ATS Food" şirkəti, "Azəralüminium" MMC-dən sonra, universitetlə əməkdaşlıq edən ikinci şirkətdir ki, ali məktəbin istedadlı tələbələrinə xüsusi təqaüdün təsis edilməsi qərarını vermişdir. Həmin şirkət 2024-cü ilin fevralından başlayaraq ATU-nun "qida mühəndisliyi", "şərabçılıq" və "ekologiya mühəndisliyi" ixtisaslarında təhsil alan tələbələri üçün xüsusi təqaüdün verilməsinə başlamışdır.
Ümumiyyətlə, ATU tədqiqat, inkişaf və innovasiya sahələrində nəticə yönümlülüyün artırılması, biliyin istehsalı, ötürülməsi və istifadəsi mühitini institusional əsaslarla yaxşılaşdırmaq üçün effektiv kanalları formalaşdıracaq idarəetməni təmin etməyə çalışır. Bunun üçün ali təhsil ocağı son 2 ildə bir sıra dövlət qurumları ilə də əməkdaşlıq memorandumları imzalayıb. Universitetlə aktiv əməkdaşlıq edən dövlət qurumlarına Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyini, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini, Dövlət Məşğulluq Agentliyini, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyini (İRİA), Azərbaycan Dəmir Yollarını, Təhsilin İnkişafı Fondunu (TİF), Gəncə Regional Turizm İdarəsini və s. misal göstərmək olar. İRİA-nın vasitəçiliyi ilə ötən ilin avqustunda ATU və "Huawei Technologies" şirkəti arasında memorandum imzalanıb. Telekommunikasiya sahəsində əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması məqsədilə hazırda 2.2 milyon abunəçiyə xidmət göstərən, ölkənin lider operatorlarından olan "Nar mobile" ilə əldə edilən əməkdaşlığı da xüsusi qeyd etmək lazımdır. Belə ki, cari ilin fevralında ATU-nun və "Nar"ın rəhbərləri arasında imzalanan memoranduma əsasən, "Nar"ın peşəkar texniki heyəti öz nəzəri və praktiki biliklərini universitetin tələbələri ilə bölüşəcək, tələbələr isə "Nar"ın ixtisaslarına uyğun departamentlərində təcrübə keçərək gələcək karyeraları üçün əvəzsiz üstünlük əldə edəcəklər.
Universitet-sənaye əməkdaşlığı tələbələr üçün istehsalat təcrübəsinin təşkilində xüsusi yer tutur. Belə ki, 2024-cü ildə bağlanmış müqavilələrə əsasən, 628 tələbə üçün 42 müəssisə və təşkilatda istehsalat təcrübəsi təşkil olunub. Həmin müəssisələrə 1 və 2 saylı Gəncə "Asan xidmət" mərkəzlərini, ADY-ni, AYNA-nın Gəncə Regional bölməsini, "AzerGold" QSC-ni, "Azəralüminium", Gəncə Cihazqayırma zavodu, Qəbələ Konserv zavodu, AzGranata, Göygöl Şərab Zavodu, Gəncə Şərab 2, Şirvan Şərabları, Qərb Ulduzu kimi müəssisələri, Gəncə Tekstil, Gəncə Dəyirman, Neon fabriklərini, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini, Regional Turizm İdarəsini, Telekommunikasiya İdarələrini, Kəpəz Televiziyasını, qabaqcıl bankların filiallarını, sığorta şirkətlərini, tanınmış hotelləri və s. misal göstərə bilərik.
Göründüyü kimi, universitet əlaqələrini kortəbii şəkildə qurmur. Qabaqcıl şirkətlərlə rəhbərlik səviyyəsində görüşlər keçirilir, tələbələrin və akademik heyətin səfərləri təşkil edilir, əməkdaşlığın optimal variantları üzərində iş aparılır, elm və tədrisin inkişafına real töhfələr verəcək memorandumlar imzalanır və həmin memorandumlardan irəli gələn öhdəliklər aktiv şəkildə icra edilir. Bir sözlə, perspektiv üçün nəzərdə tutulan yeniliklər kağız üzərində qalmır, əlaqələrin təməli daha məhsuldar nəticələr verməsi istiqamətində qurulur.
Adları çəkilən dövlət qurumları, sənaye müəssisələri və şirkətlərlə elm, tədris, istehsalat təcrübəsi sahəsində aktiv əməkdaşlıq universitetin təşkil etdiyi beynəlxalq konfranslarda, forumlarda, innovasiya müsabiqələrində də diqqətdən qaçırılmır. Tərəfdaş və təşkilati dəstəkçi qismində universitetdə keçirilən tədbirlərdə iştirak edən həmin şirkət və müəssisələr, eyni zamanda öz mütəxəssislərinin yerli və xarici alimlərlə elmi platformada görüşməsinə zəmin yaradırlar.
Qarşıda ATU-nu onun 2024/2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına (SİP) uyğun olaraq daha mühüm vəzifələr gözləyir. SİP-ə uyğun olaraq təhsilin müasirləşdirilməsi ilə bağlı əməkdaşlıqları daha da genişləndirmək, özəl və dövlət müəssisələri ilə iş birliyini təkmilləşdirmək, istehsalat təcrübələrinin səmərəliliyinin və keyfiyyətinin daha da yüksəldilməsini təmin etmək elmi-texniki inkişafda bilik və bacarıqların sərhədlərini genişləndirərək sənaye və cəmiyyət üçün innovativ, rəqabətədavamlı və peşəkar mütəxəssislər hazırlamaq öhdəliyi var.
Dövlət başçısının və dövlətin siyasətinə, eləcə də regionların inkişafı və təhsil sahəsinə aid olan bütün sərəncamlarına əsaslanan, ölkədə zamanın çağırışlarına uyğun ali təhsil müəssisəsinə çevrilmək devizi ilə son iki ildə inamla irəliləyən, 3600 tələbə kontingentinə malik bölgə universitetinə bu yolda uğur diləyir, yeni nailiyyətlər arzulayırıq.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"