Azərbaycan İlahiyyat İnstitutu Türkiyənin
İstanbul şəhərində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirir. Növbəti
tədbir "Okçular vakfı”nda təşkil olunub.
Öncə Xocalı soyqırımına həsr olunmuş foto-sərginin
nümayişi keçirilib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi
bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət
himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Bəyoğlu Bələdiyyəsinin
sədri Haydar Ali Yıldız Xocalı soyqırımının Türkiyədə böyük üzüntü, ümumxalq hüzn,
yaddaşlardan silinməyən faciə kimi qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib
ki, bu dərd bundan sonra da unudulmayan acı kimi insanlarımızın qəlbində yaşayacaq.
Bəyoğlu icra başçısı Mustafa Demirelli keçmişi
dəqiq şəkildə təhlil edib gənclərimizin məlumatlandırılmasının vacibliyini vurğulayıb.
Bütün dünya xalqlarını bu hadisəyə, ümumilikdə terrorizmə, erməni vandalizminə qarşı
səsini ucaltmağa çağırıb.
Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim
Hacıyev tarixi hadisələrin xronologiyasına
nəzər salıb: "1905-ci ildə Qarabağda, 1918-də Bakıda və 1992-ci ildə Xocalıda Azərbaycan
türklərinə qarşı həyata keçirilən soyqırımlarını bir-birindən ayırmaq olmaz, çünki
hamısı erməni separatçı terrorçularının eyni məqsəd üçün həyata keçirdikləri cinayətlərdir. Birinci Dünya müharibəsində üç
cəbhədə müharibə aparan Osmanlı imperiyasını arxadan xəncərləyərək cinayətlər törətmiş
ermənilər həmin əməllərini daha sonra Azərbaycan torpaqlarında davam etdiriblər”.
Ermənilərin törətdiyi Xocalı soyqırımının təfərrüatları barədə məlumat verən Baş
Konsul M.Hacıyev daha sonra bu faciəni daim gündəmdə saxlayan Türkiyəyə təşəkkür
edib.
Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi
Bayram tarix boyu ermənilərin türk millətinə və Azərbaycan torpaqlarında dinc əhaliyə
qarşı törətdikləri ardıcıl və düşünülmüş soyqırımı siyasəti, həmçinin Xocalı faciəsi
haqqında bəhs edib. Cezmi Bayram bu qanlı hadisənin dünya miqyasında tanıdılması
istiqamətində tələbələrin və sosial medianın rolunun vacibliyini vurğulayıb.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru
Aqil Şirinov erməni vəhşiliklərini tarixi nöqteyi-nəzərdən təhlil edib. O, Xocalıda baş vermiş soyqırımı faktlarını, insanların
hansı amansızlıqlarla - qadın, qoca, uşaq demədən qətlə yetirildiyini bildirib.
A.Şirinov, həmçinin XX əsrin əvvəllərində ermənilər və onların havadarları tərəfindən
Azərbaycan türklərinə qarşı törədilmiş 31 Mart hadisələrini, soyqırımı nəticəsində
dinc əhalinin amansızlıqla qətlə yetirilməsini, yüzlərlə kəndi, yaşayış yerlərini
dağıdıb viran qoymalarını diqqətə çatdırıb. Qeyd edib ki, tarix boyu ermənilər türk-müsəlman
əhalisinə qarşı düşmən münasibətində olublar.
Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin
sədri, Qarabağ veteranı jurnalist Səriyyə Cəfərova çıxış edərək Xocalıda qətlə yetirilmiş
63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan "Onlar heç vaxt böyüməyəcəklər” kitabından
söhbət açıb. S.Cəfərova soyqırımı haqqında olan rəsmi və gizlədilmiş faktlar, öldürülən
insan sayı haqqında məlumat verib. Şahidlərin, o hadisələrdən sağ çıxmış insanların,
əsir düşüb, daha sonra əsirlikdən xilas olanların həmin hadisələr barədə söylədikləri tədbir iştirakçılarını
duyğulandırıb.
Tədbirdə "Xocalı zülmət bir gecə” sənədli
filminin də nümayişi olub. Filmdə Xocalı soyqırımının canlı şahidləri həmin gündən
danışırlar.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”