Ukraynanın prioriteti ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunmasına, vətəndaşlarının təhlükəsizliyinə təminat verən, uğurlu demokratik gələcək üçün sabit zəmin yaradan sülh yolu ilə nizamlanmadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ nümayəndələri ilə ilkin danışıqlardan sonra “Facebook” səhifəsində məlumat verib.
“İki gün ərzində sülh üzrə xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşüb, ədalətli həllə nail olmaq üçün real və effektiv yollara diqqət yetiriblər”, - deyə Umerov yazıb.
Görüşdə ABŞ nümayəndə heyətinin Rusiyaya son səfərinin nəticələri və müharibənin dayandırılmasına səbəb ola biləcək addımlar müzakirə olunub.
Qeyd olunur ki, ABŞ və Ukrayna tərəfləri, həmçinin təhlükəsizlik sazişləri çərçivəsində razılığa gəlib və davamlı sülhü təmin etmək üçün zəruri çəkindirmə tədbirlərini müzakirə ediblər.
“Hər iki tərəf vurğuladı ki, istənilən razılaşmanın əldə edilməsində real irəliləyiş Rusiyanın uzunmüddətli sülhə, xüsusən də gərginliyin azaldılması və ölümlərə son qoyulması üçün addımlar atmaqla həqiqi öhdəliyini nümayiş etdirmək istəyindən asılıdır”, - deyə Umerov bildirib.
Ayrı-ayrılıqda Ukraynanın müharibədən sonrakı bərpasını, ABŞ və Ukrayna arasında birgə iqtisadi təşəbbüsləri və uzunmüddətli bərpa layihələrini dəstəkləmək üçün nəzərdə tutulan “Gələcək inkişaf proqramı” müzakirə olunub.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin sözlərinə görə, Ukrayna və ABŞ tərəfləri müharibənin dayandırılması və Ukraynanın bərpası üçün hərtərəfli planın həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.
Umerov əlavə edib ki, tərəflər danışıqları davam etdirmək üçün sabah yenidən görüşəcəklər.