Naxçıvan Muxtar Respublikası Azərbaycan-Türkiyə əlaqələrində aparıcı rol oynayır. Türkiyə Naxçıvanın təhlükəsizliyinə tarixən xüsusi önəm verib. Naxçıvanın enerji təminatında əhəmiyyətli rol oynayan İğdır-Naxçıvan qaz kəməri istifadəyə verildi. Bu layihənin davamı olaraq Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması regionun iqtisadi potensialının inkişafına, o cümlədən Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyəli siyasi ekspert Umut Tuqay Yücel deyib.
Onun sözlərinə görə, dəmir yolunun açılması Naxçıvanla yanaşı Türkiyənin İğdır, Ərdahan və Qars bölgələrini beynəlxalq ticarət və yükdaşıma üçün əsas logistik mərkəzə çevirəcək.
“Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur və Orta Dəhlizlə birləşərək Türk dövlətlərinin iqtisadi əməkdaşlığını gücləndirəcək, tarixi və mədəni turizm potensialı inkişaf edəcək. Bununla yanaşı, Azərbaycanın Türkiyə və Avropa bazarlarına çıxışını təmin edəcək. Bu dəmir yolu marşrutu gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birləşəcək. Eyni zamanda, Avropa və Asiya arasında ticarət əlaqələrini genişləndirəcək, beynəlxalq yükdaşımaların həcminin artmasına təkan verəcək. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi 223,9 kilometr uzunluğunda, qatarların saatda 120-160 kilometr/sürət üçün nəzərdə tutulduğu, uzunluğu 638 metr olan 10 körpü, 5,5 kilometr uzunluğunda 144 yeraltı keçidin tikiləcəyi layihədir ki, bunlar da 5 ilə tamamlanacaq. Hazırda Ordubaddan Naxçıvanın şimalında yerləşən Sədərək rayonuna kimi 158 kilometrlik yol əsaslı şəkildə təmir olunur.
Bundan başqa, xətt Sədərəkdən Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. Bu dəmir yolunun açılması Zəngəzur dəhlizinin Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkan yaradacaq. Gələcəkdə dəhliz işə başlayanda Qafqazla sərhəddə yerləşən bölgələrin nəqliyyat və enerji sahəsi iqtisadi cəhətdən güclənəcək”, - deyə Umut Tuqay Yücel vurğulayıb.
Qars-İğdır-Naxçıvan dəmir yolunun yalnız Türkiyə ilə Azərbaycanı birləşdirməklə kifayətlənmədiyini deyən ekspert bu layihənin qlobal nəqliyyat və ticarət marşrutlarının əsas arteriyalarından birinə çevriləcəyini sözlərinə əlavə edib: “Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan, Türkiyə və region ölkələrinin iqtisadiyyatı daha da güclənəcək, xüsusilə Naxçıvanın blokadadan çıxması böyük iqtisadi sıçrayışa səbəb olacaq. Qardaşlıq münasibətləri sayəsində hər iki dövlət son illərdə böyük irəliləyişlər əldə edib, əməkdaşlıq bütün sahələrdə böyük inkişaf yolu keçib. Bu layihə hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına zəmin yaradacaq”.