19 Mart 2023 03:02
2115
SİYASƏT
A- A+

Türk dünyası daha böyük coğrafiyanı əhatə edir

 

Ankarada təşkil olunan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə Görüşü türkdilli dövlətlər arasında getdikcə güclənən birliyin, xoş günlərdə də, sınaq anlarında da bu dövlətlərin bir-birinin yanında olmasının, dəstək verməsinin təcəssümü oldu. Fövqəladə Zirvə görüşü "Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusuna həsr edilmişdi. Qardaş Türkiyənin bir neçə bölgəsində baş vermiş, böyük dağıntılara və insan tələfatına səbəb olmuş zəlzələdən sonra belə bir Zirvə görüşünün keçirilməsi təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən gəlmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan buna görə dövlət rəhbərimizə öz adından və Türkiyə vətəndaşları adından xüsusi minnətdarlığını bildirdi. 

 

Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan birinci olub

 

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə Görüşündəki nitqi, irəli sürdüyü fikirlər Azərbaycan və Türkiyə arasındakı qardaş münasibətlərin miqyasının, bu münasibətlərin ümumən türk dünyasının birliyindəki müstəsna rolunun, Vətən müharibəsindəki qələbəmizdən sonra regionda yaranmış yeni reallıqların, perspektivlərin, Türk Dövlətləri Təşkilatının müasir dünya siyasətindəki yerinin və rolunun, bu qurumdan gözləntilərin ifadəsi baxımından tarixi bir çıxış idi. 
Prezident İlham Əliyev qardaş Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan zəlzələnin Azərbaycan cəmiyyətində yaratdığı dərin kədər və üzüntünü diqqətə çatdırdı. Azərbaycan hökuməti və xalqının zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olunduğunu xatırlatdı. Azərbaycandan 940 nəfərin, o cümlədən xilasedicilərin, tibbi personalın və könüllülərin zəlzələ bölgəsinə göndərildiyini bildirdi və qeyd etdi ki, Türkiyəyə yollanan xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Dövlət rəhbərimiz çıxışında xüsusi vurğuladı ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq. Azərbaycanın təbii fəlakətin aradan qaldırılması ilə bağlı qardaş ölkəyə yardımları təkcə axtarış-xilasetmə işləri ilə məhdudlaşmayıb. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesablarına köçürülüb. Bununla yanaşı, 5320 ton humanitar yardım çatdırılıb. Zəlzələnin baş verdiyi günlərdə bütün Azərbaycan ayaqda olub. Hər bir vətəndaşımız maddi imkanlarından asılı olmayaraq qardaş Türkiyəyə kömək göstərməyə, faydalı olmağa çalışırdı. Azərbaycanın bütün şəhərlərində yardım aksiyaları keçirildi, lazımi vasitələr toplandı, ianələr verildi. Bütün Azərbaycan vətəndaşları Türkiyənin yanında idi. 
Sonuncu dəfə belə coşqu ölkəmizdə 44 günlük Vətən müharibəsi zamanı yaşanmışdı. 44 günlük müharibə dövründə də bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Bu məqama Azərbaycan Prezidenti İlham Əliyev də toxundu. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi zəfərimizdən sonra qardaş ölkədən gələn minlərlə təbrik mesajları da haqq savaşımızda bizə böyük dəstəyin ifadəsi idi. 

 

Düzgün siyasət, liderlik qətiyyəti

 

Vətən müharibəsi, onun yaratdığı tarixi reallıqlar Azərbaycan-Türkiyə arasındakı münasibətləri daha da gücləndirdi. 2021-ci ilin iyununda Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırdı. Belə bir müttəfiqlik Azərbaycan və Türkiyənin regiondakı mövqelərini daha da möhkəmləndirdi. Bu birgəlik ən müxtəlif təhdidlər qarşısında ölkələrimizi sarsılmaz edir. 
Bu gün bütün dünyada Türkiyə ilə hesablaşırlar. Ölkənin  dünya siyasətində belə bir mövqeyə yüksələ bilməsi ilk növbədə Prezident Rəcəb Tayyib Ərdoğanın liderlik qətiyyəti, apardığı siyasət sayəsində mümkün olmuşdur. Zirvə görüşündə xüsusi vurğulandı ki, son 20 ildə Türkiyə Cümhuriyyəti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçərək, dünyada söz sahibinə, güc mərkəzinə çevrilmişdir. Bu ölkənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. 
Azərbaycan Prezidenti vurğuladı ki, bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr   verəcəyini vurğuladı. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir.
 

Hayastan öhdəliklərindən yayınır

 

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə Görüşündəki çıxışı zamanı 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimizin, tarixi və dini abidələrimizin, qəbiristanlıqlarımızın, ziyarətgahlarımızın işğalçı ölkə tərəfindən məqsədli şəkildə dağıdılması faktını da diqqətə çatdırdı. Yerləyeksan edilmiş Ağdam şəhərini xarici ekspertlərin "Qafqazın Hirosiması" adlandırmasını xatırlatdı. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasını, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilməsini, təbii sərvətlərimizin talanmasını, ətraf mühitə ciddi zərər vurulmasını yada saldı. Azərbaycan Prezidenti onu da diqqətə çatdırdı ki, Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın 4 minə yaxın vətəndaşı itkin düşüb. Onların hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır. Təcavüzkar ölkə tərəfindən işğal edilməsinə görə, Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr sırasındadır. İkinci Qarabağ müharibəsindən sonra 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır.
Azərbaycan Prezidenti onu da qeyd etdi ki, Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər hələ qalmaqdadır. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq ərazilərimizdən çıxarmamışdır. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Bu dövlət həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır, mənfur əməllərini hələ də davam etdirir. 
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə Görüşündəki çıxışı zamanı Zəngəzur dəhlizi məsələsinə xüsusi toxunması, təbii ki, təsadüfi deyil. Türk dünyasının mənəvi birliyi qədər iqtisadi birliyinin də təmin olunmasında, ölkələrimiz arasında nəqliyyat-logistika infrastrukturunun qurulmasında, türk dövlətlərinin iştirakı ilə qlobal layihələrin reallaşdırılmasında Zəngəzur dəhlizi mühüm rol oynayır.   
Azərbaycan Prezidenti çıxışı zamanı onu da vurğuladı ki, türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır, daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 
50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır. Ölkə rəhbərimizin çıxışındakı bu məqam Azərbaycan dövlətinin İranda yaşayan milyonlarla soydaşımıza, eləcə də bütün dünya azərbaycanlılarına sahib çıxması, onların qayğılarını, problemlərini diqqətdə saxlaması faktının göstəricisi sayıla bilər. Azərbaycan Prezidenti türk dünyasının coğrafiyasına müdaxilə faktını da  dilə gətirdi. Qeyd etdi ki, tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. Ermənistanda aparılan deportasiya siyasətinin fəsadları isə 1991-ci ilə qədər bütün azərbaycanlıların indiki Ermənistan ərazisindən zorla qovulmasına gətirib çıxarmışdır: "Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir".
Prezident İlham Əliyev türk dövlətləri rəhbərlərinin diqqətinə onu da çatdırdı ki, Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan soydaşlarımız indi Qərbi Azərbaycan İcmasında birləşiblər: "Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir". Bu konsepsiyanın böyük siyasi əhəmiyyəti var. Bununla qarşılılıq prinsipi qorunmuş olur. Belə ki, biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.

 

Misli görünməmiş yenidənqurma modeli

 

Azərbaycan Prezidenti görüş iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə - Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri barədə də söhbət açdı. Qeyd etdi ki, biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Bütün bərpa işlərini hökumətin postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirməsi nadir və misli görünməmiş yenidənqurma modelidir. 
Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün hazırda "Böyük qayıdış" proqramının icrası başlanıb. Yenidənqurma prosesində Türkiyə şirkətləri də podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Digər türk dövlətləri də bərpa-quruculuq işlərinə müəyyən dəstəkləri ilə qardaşlıq jesti göstərirlər. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilməsi, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşası buna bir nümunədir.  Türk dövlətləri arasında əməkdaşlıq əlaqələri şaxələnir. Ötən qısa dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılıb. 
Bütün meyarlar baxımından Türk Dövlətləri Təşkilatının təsiredici gücə çevrilməkdə olması artıq bir faktdır və bu təsirlər bütün türk dünyasının həyatında böyük faydalar yaradacaqdır.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video