Beynəlxalq təşkilatlara üzv olmaq və onların işində iştirak etmək bütün dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bu, beynəlxalq münasibətlər sisteminə inteqrasiya etmək və qlobal proseslərdə söz sahibi olmaqla yanaşı, nüfuz, imic və etimad məsələsidir.
Heç təsadüfi deyil ki, Azərbaycanın da xarici siyasətinin prioritet istiqamətlərindən biri beynəlxalq təşkilatlara üzv olmaq, onlarla fəal və səmərəli əməkdaşlıq etməkdir. Təcrübə də göstərir ki, bu siyasi-diplomatiya hələ torpaqlarımızın işğal altında olduğu illərdə Ermənistanın təcavüzkar siyasətini olduğu kimi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa, respublikamızın dünya birliyindəki mövqelərinin möhkəmləndirilməsinə və qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınmasına yol açmışdır. Ölkə rəhbərliyi demək olar ki, üzvü olduğumuz və ya müşahidəçi qismində iştirak etdiyimiz bütün mötəbər tribunalardan milli maraq və mənafelərimizin qorunması naminə səmərəli şəkildə yararlanmışdır.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq xarici siyasətin prioritetlərindən biri kimi
Ulu Öndər Heydər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirirdi. Məlum olduğu kimi, məhz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra geosiyasi vəziyyət dərindən təhlil edilməklə və mövcud reallıqlar nəzərə alınmaqla Azərbaycanın xarici siyasət kursunda ölkəmizin mənafelərinin qorunmasına, beynəlxalq imicinin artmasına yönəlik əməli dəyişikliklər edildi. Yeni xarici siyasət xətti dərin elmi nəzəri və zəngin təcrübə üzərində qurulmuş bir xarici siyasət konsepsiyası kimi respublikamızın milli maraqlarına xidmət edən beynəlxalq əməkdaşlığının formalaşması üçün əsaslar yaratdı. Qısa müddət ərzində dünyanın siyasi qütbləri, ABŞ, Rusiya və Avropa ölkələri ilə mehriban əməkdaşlığa əsaslanan əlaqələrin qurulması və möhkəmləndirilməsi Heydər Əliyev diplomatiyasının, düşünülmüş, əsaslandırılmış və sistemləşdirilmiş yeni xarici siyasət xəttinin uğurları idi.
Elə həmin dövrdən etibarən Azərbaycanın xarici siyasət kursunda əsas yerlərdən birini beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri tutmağa başlamışdır. Respublikamız bütün mötəbər qurumların platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmiş, onların potensial imkanlarından istifadə etməklə problemin ədalətli həllinə çalışmışdır. Məsələn, 1994-cü ilin sentyabrında BMT Baş Məclisinin iclasında nitq söyləyən Heydər Əliyev bu tribunadan Azərbaycanın haqq səsini dünyaya çatdırmış, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etmişdir. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycanın prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır. Heydər Əliyev 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında da iştirak etmiş, çıxışında qlobalizasiya mövzusuna toxunmuş, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusi qeyd etmişdir.
Prezident İlham Əliyev də xarici siyasətdə beynəlxalq təşkilatlar səviyyəsində fəal işin aparılmasına, əlaqələrin çoxtərəfli inkişafına mühüm önəm verir. Təsadüfi deyil ki, ötən 21 ildə Azərbaycanın üzvü olduğu BMT, ATƏT, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi təşkilatlarla əlaqələri yüksələn xətlə inkişaf etmiş, onların tribunasından Ermənistanın işğalçı siması ifşa olunmuşdur.
2011-ci ilin oktyabrında BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə, Azərbaycanın bu mötəbət təşkilatın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin tarixinə böyük siyasi-diplomatik hadisə kimi yazılmışdır. Azərbaycan BMT TŞ-yə üzvlüyü və sədrliyi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, iki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirmişdir. İşğaldan əziyyət çəkən ölkə kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini daim gündəmdə saxlamışdır.
2019-2023-cü illərdə isə Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etmişdir. Dünyanın ikinci ən böyük təşkilatına sədrlik Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin nəticəsi, respublikamıza olan yüksək beynəlxalq etimadın göstəricisi idi. Həmin vaxt Prezident İlham Əliyev bununla bağlı demişdir: "Oktyabrın 25-də isə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur. Orada Təhlükəsizlik Şurasının sədri olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi ilə əldə etmişik. Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir".
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə mükəmməl nümunələr yaratdı, xüsusən pandemiya dövründə beynəlxalq ictimaiyyəti bu qlobal bəla ilə mübarizədə səfərbər etdi. Eyni zamanda Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının institusional inkişafı ilə əlamətdar oldu. Bütövlükdə isə Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının qlobal nüfuzunu və çəkisini artırdı.
Bunlarla yanaşı, Azərbaycan üzv olmadığı NATO, Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, BRICS kimi regional təşkilatlarla da fəal əməkdaşlıq edir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün bu beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənmiş və möhkəmlənmişdir.
Dövlətimiz müxtəlif beynəlxalq platformalarda yalnız üzləşdiyimiz problemlərin deyil, eyni zamanda qlobal miqyaslı problemlərin həllinə töhfə verməyə çalışır və bir çox hallarda buna nail olur. Azərbaycanın səyləri dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və biz tez-tez bunun əməli şahidi oluruq.
TDT 15 ildə böyük təşəkkül dövrü keçib, sürətlə təşkilatlanıb
Azərbaycan dost və tərəfdaş dövlətlərlə yalnız ikitərəfli deyil, həm də təşkilatlanma səviyyəsində çoxtərəfli əməkdaşlığı təşviq edən dövlətdir və bunun ən mükəmməl nümunəsi yaradılmasının 15-ci ili tamam olan Türk Dövlətləri Təşkilatıdır.
Çağdaş dövrümüzdə dünyanın bütün dövlətləri təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişafla bağlı çağırışlarla üzləşirlər. Bu baxımdan ortaq mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlı olan türk dövlətlərinin daha sıx əməkdaşlıq etmələri, həmrəy olmaları, beynəlxalq və regional məsələlərdə ortaq mövqedən çıxış etmələri qloballaşan və sürətlə dəyişən dünya nizamının tələbidir. Çünki bu, türk dövlətlərinin daha da möhkəmlənmələri, dünyada və regionda cərəyan edən siyasi-iqtisadi proseslərə təsir göstərə bilmələri, öz milli maraqlarını müdafiə etmələri baxımından olduqca vacibdir. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Toplantısı zamanı imzalanmış sazişə əsasən yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası məhz bu məqsədlərə xidmət edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi yaradılan təşkilat 2021-ci ildən Türk Dövlətləri Təşkilatı (TDT) adlanır.
Öncə onu qeyd edim ki, dünyada dövlətlərin milli identifiklik ətrafında təşkilatlanmasına dair müxtəlif nümunələr var. TDT də türk dövlətlərini ilk növbədə türkçülük məfkurəsi ətrafında birləşdirən təşkilatdır. Məhz bu prinsip üzərində formalaşan TDT hazırda türk dünyasını birləşdirən və dünyaya tanıdan siyasi platformadır.
Naxçıvan sazişinə əsasən, türkdilli dövlətlər tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək təşkilat formatında əməkdaşlıq mexanizmini yaradıblar. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Türkdilli Dövlətlər Təşkilatı beynəlxalq sənədə görə, beynəlxalq hökumətlərarası təşkilatdır. Yaranarkən 4 üzvü olan təşkilatın sıralarında hazırda Özbəkistan da daxil olmaqla 5 dövlət birləşir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatın müşahidəçi üzvləridir.
TDT-nin əsas fəaliyyət məqsədləri və vəzifələri məhz Naxçıvan Sazişi ilə müəyyən edilir. Bunlar türk dövlətləri arasında qarşılıqlı dostluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın edilməsi, elm, texnika, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və turizm sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, tərəflərin xalqlarının həyat səviyyəsinin daim yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bərabərhüquqlu tərəfdaşlıq əsasında regionda hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsip və normalarına uyğun olaraq qanunun aliliyi, səmərəli idarəçilik və əsas insan hüquq və azadlıqlarının təminatı üzrə məsələlərin müzakirəsi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və ölkələr arasında təmasların təşviqi və s-dir.
Təşkilat daimi fəaliyyət göstərən və BMT-nin standart və normalarına uyğun olaraq formalaşmış katibliyə, nizamnaməyə uyğun yaradılmış rəhbər orqanlara - Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurasına malikdir. 2018-ci ildə Macarıstan Türk Şurasında müşahidəçi statusu alıb. Təşkilatın sammitləri də daxil olmaqla, onun müxtəlif tədbirlərində Türkmənistan da iştirak edir. Bütün bunlar qurumun daha da təşkilatlanaraq möhkəmlənməsində mühüm rol oynayıb.
Təşkilat 15 ildə mühüm təşəkkül dövrü keçib, sürətlə təşkilatlanıb. Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası, Türk İnvestisiya Fondu kimi qurumların fəaliyyəti sayəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənib.
TDT beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük əhəmiyyət verir. Təşkilat artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur.
Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsində Azərbaycan mühüm rol oynayır
Azərbaycan TDT-nin yaradıldığı ölkə olaraq təşkilatın fəaliyyətində və türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində aparıcı rol oynayır. Təsadüfi deyil ki, türk dövlətləri arasında əlaqələrin genişləndirilməsi, bütövlükdə türk toplumunun dünyanın siyasi səhnəsində mövqeyinin gücləndirilməsi Azərbaycanın reallaşmasına çalışdığı məsələlərdir. Ən yaxın tariximizdə baş vermiş siyasi hadisələr - 2005-ci ildə Bakıdan Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşaya birbaşa təyyarə reysinin təşkil olunması, 2007-ci ildə Bakıda Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları rəhbərlərinin I forumunun keçirilməsi, o cümlədən həmin il Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı ilk dəfə olaraq Türkiyədən kənarda, yəni Bakıda keçirilməsi, 2009-cu ildə Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması və digər bu kimi məsələlər ölkəmizin türk dünyasının birliyinə nə qədər həssas yanaşmasının bariz nümunələridir.
Azərbaycan həyata keçirdiyi iqtisadi layihələrlə həm türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsini təşviq edir, həm də türk dünyasının qlobal proseslərdə mövqelərini möhkəmləndirir. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastruktur olmaqla yanaşı, Türkiyədən Orta Asiyaya qədər türk dövlətləri arasında ticarət dövriyyəsinin artmasına mühüm təsir göstərib.
Ən əsası, Azərbaycanın enerji layihələri istər birbaşa, istərsə də dolayısı ilə bütün türk dövlətlərini birləşdirir. Bakı-Tbilisi-Ceyhan neft və "Cənub qaz dəhlizi" Qazaxıstan və Türkmənistanın Xəzərdən hasil etdikləri karbohidrogen ehtiyatlarının ixracı ilə bağlı imkanlarının genişlənməsinə səbəb olub. Eyni zamanda bu layihələr qardaş Türkiyənin enerji təhlükəsizliyini daha da gücləndirib. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir.
Bu barədə danışan Prezident İlham Əliyev Azərbaycanın bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxladığını bəyan edərək deyib: "Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır".
(ardı var)
Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin deputatı, akademik