Ermənistanın mina terroru Böyük qayıdışın qarşısındakı əsas maneədir
Azərbaycan və Ermənistan arasında qanlı savaş 2020-ci ilin noyabrında başa çatsa da, azad edilmiş torpaqlarımızın bağrında "səssiz qatillər" - minalar qalmaqdadır. Hələ də torpaq altındakı "gizli ölüm"ün qurbanına çevrilən vətəndaşlarımız var. Müharibə və münaqişəni bitirsək də, torpağın altındakı terrorla mübarizəmiz davam edir. Ermənistanın onilliklər ərzində ilmə-ilmə toxuduğu "mina xalçası" öz qurbanları arasında ayrı-seçkilik etmir. Yalnız hərbi qulluqçular deyil, çoxsaylı mülki şəxslər, öz xidməti vəzifələrini və peşə borclarını yerinə yetirmək üçün işğaldan azad edilmiş bölgələrə ezam olunmuş insanlar, o cümlədən media nümayəndələri mina terrorunun qurbanı olublar.
2026-cı il yanvarın 11-də Ağdərə rayonunun Qızıloba kəndi ərazisində növbəti mina hadisəsi baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu piyada əleyhinə minaya düşüb və sağ ayağı topuq nahiyəsindən amputasiya olunub. Ötən il dekabrın 17-də Ağdam rayonunun Çəmənli kəndində 1982-ci il təvəllüdlü Məmmədov Qədir Malik oğlu traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Ondan bir ay öncə Bərdə sakini Natiq Əliyev Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşərək ağır yaralanıb, sol ayağı amputasiya edilib.
1991-ci ildən bəri mina qurbanlarının ümumi sayı 3400-ü keçib ki, onların 359-u uşaq, 38-i qadındır. Son dörd ildə baş verən partlayışlar nəticəsində 410-dan çox insan zərər çəkib, onlardan 71-i dünyasını dəyişib, 338-i müxtəlif dərəcəli xəsarətlər alıb. ANAMA-nın 2025-ci ildə icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatında qeyd olunub ki, ötən il Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 4 min 963, tank əleyhinə 1861 mina və 52 min 392 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin 69 min 205,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Partlamamış hərbi sursat sayı isə 52 min 392 ədəddir.
Ümumilikdə 233 min hektardan çox ərazi təmizlənsə də, hələ də milyonlarla kvadratmetr sahə təhlükəli olaraq qalır. Təxmini hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox mina basdırılıb və bu, Azərbaycanı dünyanın minalarla ən çox çirkləndirilmiş ölkələrindən birinə çevirib. 2026-cı ilin hədəfləri minatəmizləmə prosesində süni intellekt və dron texnologiyalarından daha geniş istifadə edərək bu ölümcül statistikada artımın qarşısını almaqdır.
Rəsmi Bakının beynəlxalq qurumlar vasitəsilə mina xəritələrinin əldə olunması istiqamətindəki çoxsaylı cəhdlərinə baxmayaraq, Ermənistan beynəlxalq humanitar hüququn prinsiplərinə zidd olaraq bu məlumatları gizlətməkdə davam edir. Halbuki Ermənistanın mina terroru lokal problem deyil, qlobal humanitar cinayətdir. 2020-ci ildən bəri yüzlərlə vətəndaşımızın həyatına son qoyan, yaxud onları ömürlük əlil edən bu "görünməz müharibə" sülh müqaviləsi haqqında danışan tərəfin real simasını, qeyri-səmimiyyətini də ortaya qoyur. Əgər Ermənistan hökuməti postmünaqişə mərhələsinin reallıqlarını qəbul edirsə, o halda qalıcı sülhü stimullaşdıran addımlar atmalıdır. Bu addımlardan biri çirkləndirilmiş ərazilərin mina xəritələrini qeyd-şərtsiz Azərbaycana təqdim etməkdir.
Bu məsələni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında gündəmə gətirib. Nazir bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Ermənistandan 2026-cı ildə də israrla tələb edəcək. XİN başçısı açıqlamasında kritik məqamlara da toxunub: "Ermənistan iddia edir ki, onların əlində mina xəritəsi yoxdur, hamısını veriblər. Bu səbəbdən minalarla bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. Bir sıra ərazilərdə minalar 2021-2023-cü illər ərzində basdırılıb. Həmçinin ərazilərimizdə 2020-ci ildən sonra ümumilikdə yüz minlərlə mina basdırılıb. Bu minaların tam təhlükəsiz şəkildə çıxarılması qısa müddətdə mümkün görünmür və uzunmüddətli, planlı əməliyyatlar tələb edir".
Ceyhun Bayramovun bəyanatı mina məsələsinin 2026-cı ildə prioritet olacağını təsdiqləyir. Ermənistanın "əlimizdə mina xəritəsi yoxdur" iddiası şübhəlidir. Ən azından 2021-2023-cü illərdə torpaqlarımızda minaların basdırılması faktı İrəvanın "bizdə xəritə yoxdur" bəhanəsini sarsıdır. Çünki bu minalar 10-20 il əvvəl deyil, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra, sülh danışıqları getdiyi müddətdə yerləşdirilib. "Xəritə yoxdur" manipulyasiyası beynəlxalq hüquq müstəvisində "müharibə cinayətlərinin gizlədilməsi" kimi də qiymətləndirilə bilər. Hərbi nizamnamələrə görə, basdırılan hər bir mina sahəsinin formulyarı (xəritəsi) tərtib olunmalıdır. Nazirin "qısa müddətdə mümkün görünmür" xəbərdarlığı isə məsələnin texniki mürəkkəbliyinə işarə edir. Dağlıq ərazilərdə, sıx meşələrdə və çay yataqlarında minaların təmizlənməsi həm bahalı, həm də həyati risk daşıyan bir prosesdir. Azərbaycan faktiki olaraq Ermənistanın törətdiyi ekoloji və humanitar cinayətin nəticələrini öz daxili büdcəsi və məhdud beynəlxalq donor yardımı ilə təmizləmək məcburiyyətindədir. Minaların təmizlənməsi sülhün sadəcə, kağız üzərində deyil, torpaq üzərində də bərqərar olması deməkdir.
Azərbaycan hökuməti müxtəlif beynəlxalq platformalarda Ermənistanın mina terroru siyasətini ifşa etməkdə davam edir. Çünki minalar sadəcə, fiziki təhlükə yaratmır, həm də işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işlərini ləngidir. Keçmiş məcburi köçkünlərin öz evlərinə sürətli şəkildə qayıtmasına mane olur. Ən əsası isə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi prosesini çətinləşdirir. İki ölkə arasında sülh sazişinin mətninin ilkin razılaşdırılması istiqamətində mühüm diplomatik irəliləyiş qeydə alınsa da, mina problemi bu prosesin ən ağrılı və həlli vacib tərəfi olaraq qalmaqdadır. Hazırda işğaldan azad edilmiş ərazilərdə çalışan quruculuq işçiləri və mülki şəxslər hər an bu təhlükə ilə üz-üzədirlər. Azərbaycan öz daxili imkanlarını və bütün resurslarını bu qlobal təhlükəni aradan qaldırmaq üçün səfərbər edib. Lakin dəqiq xəritələr olmadan minatəmizləmə prosesinin illərlə uzanacağı qaçılmazdır. Beynəlxalq ekspertlərin fikrincə, ərazilərin tamamilə təhlükəsiz hala gətirilməsi üçün Azərbaycanın onilliklərə və nəhəng maliyyə resurslarına ehtiyacı var. Bu səbəbdən beynəlxalq birlik İrəvana dəqiq və tam xəritələrin verilməsi üçün təzyiqləri artırmalıdır. Xarici tərəfdaşlar və parlamentlər Azərbaycana bu texniki və maliyyə baxımından ağır olan minatəmizləmə prosesində praktiki dəstək verməlidirlər. İnsan haqları təşkilatları mülki əhalinin yaşamaq və təhlükəsizlik hüquqlarının pozulmasına qarşı səssiz qalmamalıdır. Bölgədə sülhün bərqərar olması və insanların təhlükəsiz qayıdışı birbaşa olaraq mina probleminin beynəlxalq səviyyədə ədalətli həllindən asılıdır.
İsmayıl QOCAYEV,
"Azərbaycan"