Tarixin inkaredilməz
həqiqətlərindən biri də odur ki, Fransa terroru və soyqırımını əsrlərboyu dövlət
siyasəti kimi qəbul edib.
Əlcəzairdə
1,5 milyon insanı, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə 100 minlərlə
sakini məhv etmişdir. Özünü "insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa
tarixi ilə üzləşməkdən ona görə qorxur ki, Böyük Fransız inqilabının prinsiplərinə
dəfələrlə xəyanət etmiş, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri
cinayətlər törətmişdir.
Fransızları
ermənilərlə yaxınlaşdıran, onların hamisi olaraq çıxış etməyə vadar edən xristian
təəssübkeşliyi ilə yanaşı, türk düşmənçiliyidir, islami dəyərlərə qarşı barışmazlığıdır.
Fransa tarixinin heç bir dövründə nə Osmanlı imperiyasının, nə də Türkiyə Cümhuriyyətinin
dostu olmuşdur.
100 ildən
artıq bir müddətdir ki, Fransada məktəb dərsliklərində türk düşmənçiliyi tədris
edilir. Fransız Morqan XX əsrin əvvəllərində "Erməni xalqının tarixi”ni yazmaq sifarişini
aldıqda qeyd edirdi ki, "bu məsələ, yəni erməni xalqının tarixinin yazılması Fransanın
dünya müharibəsində iştirakından, hətta qələbəsindən də daha əhəmiyyətlidir”. Birində
türk-islam düşmənçiliyi varsa, o birində xristian təəssübkeşliyindən qidalanan ermənisevərlikdir.
Fransanın tarixində ermənisevərliyində qabarma və çəkilmə dövrləri olsa da, ümumi
siyasət dəyişməz olaraq qalmışdır.
Fransanı ən
çox narahat edən məqam tarixi ilə üzləşməkdir. Fransa böyük coğrafi kəşflərdən başlayaraq
XX əsrin sonlarına qədər işğal etdiyi torpaqlarda - üç qitədə olan müstəmləkələrində
hələ də tarixin arxivlərində saxlanılan soyqırımı aktları həyata keçirmişdir. Fransanın
XIX əsrin 30-cu illərindən başlayan tarixinə işıq tutsaq, aydın olar ki, bu ölkənin
tərcümeyi-halı soyqırımı aktları ilə nə qədər zəngindir. Fransa aparıcı dövlətlərin
soyqırımı reytinqində ön sıralarda durur. Bu ölkə soyqırımı aktlarını ört-basdır
etmək üçün öz gözündə tiri görməyib başqalarının gözündə saxta soyqırımı tükünü
axtarır.
Fransanın
törətdiyi soyqırımı silsiləsi, əvvəlki dövrlər nəzərə alınmasa, 1830-cu ildə Əlcəzairin
işğalı ilə başlanmışdır. İşğal prosesi çox vəhşiliklərlə müşayiət olunmuş, qarşı
qüvvələr tamamilə qılıncdan keçirilmiş və güllələnmişdir. Fransızlar yerli əlcəzairlilərə
"ən yaxşı əlcəzairli - ölü əlcəzairlidir” fəlsəfəsi ilə yanaşmışlar. Əlcəzair xalqı
Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə
aparmış və nəticədə fransızlar soyqırımı cinayətlərini daim artırmışlar. Hətta Amerika,
Avropa mənbələri aydın göstərir ki, Fransa Əlcəzairdəki müstəmləkəçilik müddətində
1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir. Bu gün fransızların
Əlcəzairdəki soyqırımına aid sənədlər informasiya agentliklərinin saytlarında geninə-boyuna
sərgilənir. Gedib tarixin dərin qatlarında saxta soyqırımı axtarmağa ehtiyac yoxdur.
Saxta soyqırımını parlamentə çıxarmaqdansa, Fransa XX əsrin 50-60-cı illərində Əlcəzairdə
mədəni dünyanın, bu gün yaşayan insanların gözləri qarşısında həyata keçirdiyi soyqırımı
cinayətlərindən utanmalıdır. Saxta erməni soyqırımını müzakirə etmək, ona qiymət
vermək böyük fransız inqilabının vətənində insan haqlarının, düşüncə azadlığının
tam qiymətsiz olduğunu aşkarlayır.
Fransa Vyetnamda
çox böyük soyqırımı həyata keçirmiş hərbi birliklərini Əlcəzairdə başlanmış xalq
hərəkatını boğmaq üçün gətirmiş və bu hərəkata qarşı hücum birlikləri təşkil etmişdi.
Fransa Əlcəzairdəki hərbi hava qüvvələrindən də geniş istifadə etmiş, Vyetnamdakı
məğlubiyyətin əvəzini bu ölkədə çıxmışdır.
Fransızlar
yalnız partizanlara deyil, mülki əhaliyə qarşı da amansızlıqla qırğın həyata keçirmişlər.
Fransızlar onlara qarşı ciddi müqavimət göstərilən yerlərdə əhaliyə daha amansız
yanaşır və orta əsr invizisiyasından geninə-boluna istifadə edirdilər. Fransızlar
Əlcəzair sahillərinə gəmilər vasitəsilə gələn və gələ biləcək hər cür hərbi və iqtisadi
köməyin qarşısını alırdılar. Ölkəni aclıqla təslim olmağa məcbur edərkən çoxsaylı
insanların qırılmasına səbəb olmuşdular.
Əlcəzairdə
müqavimət hərəkatı 1954-cü ildən 1962-ci ilin 19 martına qədər davam etmişdir. Hər
gün orta hesabla 557 əlcəzairli öldürülməklə 1,5 milyon insana qarşı soyqırımı həyata
keçirilmişdir. Əlcəzair qurtuluş müharibəsinə başladıqda əhalisinin sayı 9 milyon
olmuşdur. Qurtuluş müharibəsindən sonar 7,5 milyon əlcəzairli qalmışdır. Bəs Fransa
bunları nə vaxt parlamentin müzakirəsinə çıxaracaq? Nə zaman əlcəzairlilərdən üzr
istəyəcəkdir?
Fransanın
soyqırımı ensiklopediyası-tərcümeyi-halı yalnız Əlcəzairlə məhdudlaşmır. Fransa
üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini
ölkələrindən çıxmağa məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani
yaşamaq haqqı verməmişdir.
Bu ölkənin
soyqırımının izləri Afrikanın hər yerində vardır. Mərakeş ərazisində fransız müstəmləkəçiliyinin
izləri bu gün də mətbuat səhifələrində aydın görünür. Fransanın müstəmləkəsi olan
ölkələrin əksəriyyətində xalqın dilində edam meydanı deyimi var. Bu fransızların
yerli xalqa qarşı tətbiq etdikləri edamlarla əlaqədardır.
XIX əsrin
60-cı illərində Fransa əsgəri birlikləri Cibutiyə daxil olmuşdur. O zaman Cibuti
qəbilələrin federasiyası əsasında idarə olunurdu. Fransızlar qəbilə rəislərini görüşə
dəvət edir, onlarla ayrıca müqavilə bağlayırdılar. Müqavilə bağlanmasına baxmayaraq,
bölgənin müsəlman əhalisi fransız müstəmləkəçiliyi ilə barışmamış, ona qarşı mübarizə
aparmışdır. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi qan gölündə boğulmuş,
100 minlərlə cibutili öldürülmüşdü.
Fransız səlahiyyətliləri Cibutidə islama qarşı
da ciddi mübarizə aparırdılar. İnsanları islam dinindən uzaqlaşdırmaq üçün ciddi
missionerlik fəaliyyətinə başlamışdılar. Birinci olaraq müsəlmanların məscidlərini
zor əllərindən alırdılar. Yeni məscid tikməyə icazə vermirdilər. Məscid tikmək istəyənlərə
vergi tətbiq edirdilər. Ölkədə islami təhsili yasaq edilir, missionerlər vasitəsilə
xristianlaşma prosesini həyata keçirirdilər. Lakin bu sahədə əsaslı uğurlar qazana
bilmədikdə Avropadan xristianları köçürərək Cibutiyə yerləşdirmişdilər. Hazırda
Cibutidə olan xristianlar yerli əhali olmayıb, Avropadan ora köçürülənlərdir.
Çad torpaqlarının
fransızlar tərəfindən işğalı da bu ölkənin soyqırımı tərcümeyi-halının bir parçasıdır.
Yerli xalqın uzun müddət ciddi müqavimət göstərməsinə baxmayaraq, XIX əsrin sonlarına
doğru ingilislər, fransızlar və almanlar Çad gölünün ətrafının bölünməsinə nail
olublar. 1911-ci ildə Fransa Çadı tamamilə ələ keçirə bilib. Fransız işğalçıları
qətliamlara haqq qazandrmaq üçün iddia edirlər ki, onlara qədər Çadda xalq ibtidai
vəziyyətdə yaşamışdır. Çadda məscid və mədrəsələr dağıdılmış, islam dini qadağan
edilmiş, müsəlman alimləri həbs olunmuşdular. Fransızların ən dəhşətli soyqırımının
yeni adını elm adamlarının soyqırımı adlandırmaq olar. Fransızlar 1917-ci ildə Çadda
dini həyatı yenidən nizamlamaq üçün konfrans təşkil etdiklərini bildirirlər. Konfransa
hər yerdən fransızların dini islahatlar keçirmək vədlərinə inanan elm adamları toplaşmağa
başlayır. Konfransın başlanmasına bir neçə saat qalmış fransız əsgərləri salona
girərək elm adamlarının hamısını öldürürlər. Ötən əsrin 50-ci illərinin sonlarına
qədər fransızlar Çadda soyqırımını davam etdirmişlər.
Fransa Qabon
torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini
öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. Kamerunda da fransızların
törətdiyi milli, mənəvi soyqırımı izlərinə aid sənədlər elmi mübadiləyə daxil edilmişdir.
Fransa Nigeriyada da 1960-cı ilə qədər qırğınlar törətmiş, müqavimət göstərənləri
öldürmüş, xristianlaşmanı həyata keçirmişdir. Fransa həm də dünya tarixində azadlıq
uğrunda mübarizə aparan xalqlara qarşı zəhərli qazdan istifadə etmişdir. Qaz kameraları
haqqında vəhşiliyi faşistlər fransızlardan öyrənmişdilər.
1881-ci ildə
Fransa Tunisi işğal etmişdir. Fransızlar burada da ən amansız dəhşət, terror, azacıq
müqavimət göstərənlərə qarşı soyqırımı keçirən rejim qurmuşdular. Onlar öz missionerlərini
Tunis mənşəli xalqın nümayəndəsi adından təqdim etmiş və dəstəkləmişdilər. Burgiba
adlı birisi uzun illər Tunisdə Fransanın ssenarisini həyata keçirmişdir. Fransızların
təşkil etdikləri hərbi mərkəzlər zülm, işgəncə, soyqırımı düşərgələri idi.
Belə bir ölkənin
insan haqlarından və düşüncə azadlığından danışmağa haqqı yoxdur.
Həsənbala
SADIQOV,
Gəncə Dövlət
Universitetinin professoru