04 Fevral 2026 08:45
306
Mədəniyyət
A- A+
Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri

Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri


B.Çobanzadə qeyd edir ki, Avropada artıq vahid elmi sistem, ənənə (latın dili əsasında), terminoloji baza və dillərarası sıx əlaqə formalaşdığı üçün elm adamları bir-biri ilə çətinlik çəkmədən ünsiyyət qura bilirlər. O, terminologiyanı yalnız dil məsələsi deyil, sivilizasiya faktoru kimi görür - elm vahiddirsə, terminologiya da vahid olmalıdır. 

Bunu mümkün edən 3 tarixi faktor göstərir: latın sxolastik ənənəsi, renessans dövründə Avropa dillərinin ortaq termin bazası və xalqlarının ortaq iqtisadi-mədəni inkişaf modeli əlaqəsi. Qeyd edir ki, türk dillərinin də terminologiyası üçün 3 real baza mövcuddur: 1) ümumtürk (bütün türk dillərində mövcud olan) baza. Burada  sırf türkçülük ideyasına qapılmaq olmaz, çünki dilimiz artıq ərəb və fars təsiri ilə dəyişib, "təmiz türk dili" anlayışı düzgün deyil (Zifelddən fərqli olaraq, daha elmi və tarixi yanaşmadır - N.M.). 2) ərəb və fars bazası - ərəb və fars mənşəli terminlər yalnız dini sahə ilə məhdudlaşmr,  onlar türk ədəbi dillərinin tarixi, elmi və mədəni bazasını formalaşdırıb.  Ərəb və fars terminləri artıq dilin tarixi-mədəni qatına çevrilib, onlar aradan qaldırılsa, klassik ədəbiyyatla bağlarımız qırılar. Bunu dil tarixi reallıq kimi qəbul edir. 3) Qərb (Avropa) -  ən strateji baza: hətta Çin yaxınlıqda olsa belə, xalqlar elmdə Şərqə yox, Qərbə yönəlir. Bütün türk xalqları Avropa elmi və mədəniyyətinə inteqrasiya prosesindədir. Nəticə çıxır ki, gələcək terminologiya Avropa bazasına söykənməlidir, ancaq bunu kor-koranə yox, vahid prinsip əsasında etmək lazımdır. Məsələn, bir termin yunan mənşəlidirsə, bütün türk xalqları onu eyni formaya yaxın şəkildə qəbul etməlidir.

Terminlərin iki funksiyası vardır: elmi və pedaqoji. Hazırda prioritet pedaqoji terminologiyadır, çünki cəmiyyət təzəcə elmə qədəm qoyur. Bu o deməkdir ki, termin anlaşılan, mücərrəd deyil, tədris üçün yararlı olmalı, elmi dəqiqlikdən yayınmamalıdır. Bu, elmi düşüncənin şəffaflığı üçün zəruri şərtdir. Türk terminologiyası qurularkən paralel 3 baza nəzərə alınmalıdır: ümumtürk söz fondu, ərəb və fars - müsəlman-islam mədəniyyət qatından gələn tarixi termin qatı, müasir Avropa elmi terminləri. Bunlar ziddiyyət deyil, sintez olunmalıdır - çox müasir və balanslı strategiyadır. O, türk dilləri üçün terminologiya siyasətinin ən inkişaf etmiş nəzəri modelini təqdim edir: milli, tarixi-mədəni, beynəlxalq elmi komponent. Məqsəd türk xalqları elm dilində həm bir-biri ilə, həm də Qərb dünyası ilə asanlıqla ünsiyyət qura bilməsidir.

Hənəfi Zeynallının (1896-1937) fikrincə, elm nailiyyətləri ilə "sadə xalq" arasında bütün maneələr aradan qaldırılmalıdır. Orijinal və tərcümə elmi ədəbiyyatının yaradılması tələbi hər bir respublikanı öz ana dilində vahid və dayanıqlı terminologiyanın yaradılmasına sövq edir. Türk-tatar dillərinin köklərini müqayisəli öyrənmək göstərir ki, bu dillər quruluş etibarilə eyni olsalar da, bütün aspektlərdə vahid terminologiyanın yaradılması mümkün deyil. Bunun səbəbi müxtəlif həyat şərtləri və fərqli dialektlərin mövcudluğudur. Buna baxmayaraq, mümkün görünən budur ki, 3-4 əsas türk dilindən ibarət terminologiya qrupu yaradılsın və digərləri bu qollardan birinə uyğunlaşdırılsın. 

Müxtəlif türk xalqının digər xalqlarla yaxın əlaqəsi dialektlərdə dərin iz qoymuşdur. Bu səbəbdən bəzi mütəxəssislər dilin qanunlarına zidd olaraq, hələ də uyğunsuz yönəltmələrə (məsələn, cənub türk dillərində "ərəb-fars", şimal türk dillərində "rus təsiri") sadiq qalırlar. Bu süni üsullar bizi dünya texnologiyası və iqtisadiyyatından ayıra, həmçinin anlayışlar dünyasında qarışıqlıq yarada bilər. Buna görə türk ləhcələrinin məqsədəuyğun təsnifatını daha dəqiq müəyyən etmək və dayanıqlı terminologiyanın yaradılması üçün vahid prinsip sistemini formalaşdırmaq vacibdir.  Təklif olunan rəhbər prinsiplər:

1. Türk xalqlarının sosial, siyasi və iqtisadi vəziyyəti təxminən eyni olduğundan terminlərin yaradılması və onların mənbələri də oxşar olmalıdır. Birinci yerdə xalqın özünün yaradıcılığı durmalıdır.

2. Müvəqqəti olaraq elmi terminlərin bəzilərini, yerli sözlərlə əvəz etmək mümkün olmadıqda, ərəb və fars sözlərini saxlamalıyıq: bu terminlərin yalnız kütlə tərəfindən anlaşılan hissəsi qalmalıdır. Qlobal iqtisadi və texniki mədəniyyətin bütün Şərqdə, xüsusən də türk xalqları arasında qəbul olunması qaçılmazdır. Buna görə də, bu sahələrdə yeni yerli terminlər yaratmaq əvəzinə, hazır terminlərdən istifadə etmək məqsədəuyğundur. Məsələn: mühərrik, dinamo, sosializm, trest, sindikat sözlərini milli dillə əvəz etmək düzgün olmayacaq.

3. Hər hansı  bir sahəyə aid termin mənbə dildən götürülməlidir. Məsələn: iqtisadi terminlər - İngiltərə, cinayət hüququ terminləri - Fransa, fəlsəfi terminlər - Almaniya və s.

Avropa terminlərini iki kateqoriyaya bölmək təklif olunur: bütün Avropa xalqları tərəfindən dəyişdirilmədən qəbul edilən terminlər və ümumi əsasdan götürülən, lakin hər dilə uyğunlaşdırılan və qismən tərcümə edilən terminlər. 

Heç bir halda ərəb və fars terminlərinə geri dönüş olmamalıdır, terminlər mümkün qədər türk dillərinin tələblərinə uyğunlaşdırılmalıdır. 

H.Zeynallı konkret bir fikir irəli sürür: elmi nailiyyətlər ilə sadə xalq arasında maneələr olmamalıdır. Bu, o deməkdir ki, elmi dil xalqdan uzaq olmamalıdır,  terminlər sıravi insan üçün yad və anlaşılmaz qalmamalıdır, tərcümə və orijinal elmi ədəbiyyat ana dildə olmalıdır - dil milliləşməli, amma elm də əlçatan olmalıdır.  "Bütün türkdilli xalqlar üçün tam vahid terminoloji sistem yaratmaq mümkün deyil" - çox səmimi və realist etirafdır. Səbəblər müxtəlif tarixi mühit, fərqli sosial-iqtisadi şərtlər, dillərarası fərqlər, başqa xalqlarla təmas nəticəsində dil qatlarının dəyişməsi və s.-dir. Onun fikrincə, struktur eyni olsa da, tam vahid termin sistemi yaratmaq real deyil (bu mövqe B.Çobanzadəyə qismən alternativdir - N.M.). Onun "türk dil qrupları əsasında termin sistemi" ideyası  çox maraqlı və praktik modeldir, yəni bütün türklər üçün bir terminologiya deyil, dil qrupları üzrə vahid termin standartları yaradılsın. Məsələn, oğuz qrupu, qıpçaq qrupu üçün ayrıca sistem və s. və digər dialektlər bu qruplardan birinə uyğunlaşdırılsın, bu, həm birliyi qoruyur, həm də real fərqləri nəzərə alır. Onun qənaəti belədir ki, "uyğunsuz istiqamət seçimi təhlükəlidir". Bəzi xalqlar dilin təbii qanunlarına zidd olaraq terminləri yanlış istiqamətlərdən götürürlər. Məsələn, cənub türkləri ərəb və fars, şimal türkləri rus dillərinin təsiri ilə; bu, nəticədə elmdə xaos yaradır, türk dillərinin bir-birini başa düşməsini çətinləşdirir, bizi dünya elmindən uzaqlaşdırır (siyasi-mədəni xəbərdarlıqdır - N.M.). 

H.Zeynallının terminyaratma prinsipləri çox konkret və praktikdir. O, bir neçə prinsip sistemi təqdim edir: 1) əsas mənbə xalq dili və yerli yaradıcılıqdır, çünki bütün türk xalqlarının sosial-mədəni vəziyyəti oxşardır, buna görə də terminlərin yaranması oxşar qaydalara tabe olmalıdır; 2) ərəb və fars terminləri şərti və məhdud şəkildə saxlanıla bilər, yalnız xalq tərəfindən artıq mənimsənilmişlər qalmalıdır, yəni  dini və tarixi olaraq oturuşmuş terminlər qala bilər, amma süni şəkildə geriyə dönüş edilməməlidir, yeni anlayışlar üçün təkrar ərəb və fars bazasına qayıtmaq olmaz; 3) müasir texniki-iqtisadi terminlər Avropadan götürülməlidir, bunları yerli sözlərlə əvəz etmək düzgün deyil. Səbəbi bu anlayışların Qərbdə formalaşması,  beynəlxalq elmi-iqtisadi bazaya aid olması, tərcümə zamanı mənaca itki və anlaşılmazlıq yaratmasıdır. O, beynəlxalq terminlərin qorunmasının tərəfdarıdır.

Alimin çox maraqlı və sistemli yanaşmasından biri "Terminlər mənşə ölkələr üzrə götürülməlidir" prinsipidir. Məsələn, iqtisadi terminlər - İngiltərə, hüquq terminləri - Fransa, fəlsəfə terminləri - Almaniya və s. Bu, o deməkdir ki, hər elm sahəsinin tarixi mənbə və  aparıcı mədəni mühiti var, terminologiya həmin mənbədən götürülərsə, daha sistemli olar. Son dərəcə yüksəksəviyyəli qərbşünas düşüncəsidir.

Avropa terminlərinin kateqoriyaları ilə bağlı H.Zeynallının təsnifatı belədir: dəyişdirilmədən qəbul edilən terminlər (bunlar beynəlxalq sözlərdir). Qismən uyğunlaşdırılan terminlər:  eyni kökdən gəlir, amma dilin fonetikasına uyğunlaşdırılır, müəyyən hallarda tərcümə elementləri ola bilər. Onun mövqeyi qətiyyətli Avropa yönümüdür. Yəni mənbə Avropa, forma türk - radikal təmizləmə deyil, rasional inteqrasiya.

Odabaş göstərir ki, hər bir sosial çevriliş, yeni hərəkat və ədəbi məktəbin yaranması,  ümumiyyətlə, kəşf və ixtira dilin lüğət tərkibində çoxlu sayda yeni sözlərin yaranmasını tələb edir. Yeni anlayışlar, həmin dilin müəyyən sosial-tarixi münasibətlərdə olduğu dillərdən götürülmüş sözlərlə ifadə olunur. Bütün mövcud və bizə məlum olan mədəni dillərə müraciət etsək, bu sahədə iki istiqamətin olduğunu görərik: 1. Avropa dillərində xüsusi anlayışlar üçün yeni sözlər əsasən, latın və daha az dərəcədə yunan dilindən götürülür. Rus, fransız, ingilis və digər dillərdə elmi terminlərin 50-60 faizi məhz bu dillərdən alınmışdır; 2. Müsəlman Şərqinin dillərində, xüsusilə türk dillərində yeni sözlər, demək olar ki, tamamilə ərəb dilindən və nisbətən az hallarda fars dilindən götürülmüşdür.

Yeni kəşf və ixtiralar yarandığı ölkədə müəyyən ad alır və sonradan həmin ad bütün digər dillərə keçərək işlənir. Yeni sözlər ixtiraçıların, alimlərin və digər şəxslərin adlarından da yarana bilər. Məsələn: darvinizm, qalvanizasiya, ampermetr. Dil canlı bir orqanizm kimi ona təsir edən bütün amillərə - istər arxaizm, istər neologizm, istərsə də barbarizmlər olsun, biganə qala bilməz, onlarla davamlı mübarizə aparır və daimi fəaliyyət göstərən qanunlarına tabe etdirməyə çalışır. Bu hadisə istisnasız olaraq bütün dillərdə "purizm" hərəkatını yaradır. Purizm arxaizmlərin, neologizmlərin və barbarizmlərin dilə həddindən artıq təsirinin tənzimlənməsi işində müəyyən müsbət rol oynasa da, dilin yeni təsirlərdən tamamilə qorunmasını heç vaxt təmin edə bilmir. Ona görə də onlara qarşı ehtiyatlı və şüurlu münasibət tələb edilir. Türk dillərinin müxtəlif şivələrində purizm aşağıdakı formalarda özünü göstərir:

a) Osmanlı və ona yaxın olan Azərbaycan şivəsində purizm, ilk növbədə, bu dillərin ərəb və fars dillərinin təsirindən təmizlənməsinə yönəlir. Bu isə tərkiblərin, isimlə sifətlər arasındakı uyğunluq qanunlarının və ərəb-fars mənşəli müxtəlif şəkilçilərin dilə təsirindən imtina formasında təzahür edir;  bu şivələri ərəb və fars mənşəli sözlərin çoxluğundan təmizləmək meyili ilə bağlıdır. Aparılan hərəkat tam uğur qazanmasa da, onlara kifayət qədər təsir göstərmişdir.

b) Krım tatarları, türkmənlər, qazaxlar, qaraçaylılar, özbəklər, Voqaboyu tatarlar və s. ləhcələrində isə purizm hərəkatı, ərəb və fars dillərinin qanunlarının təsiri ilə mübarizə aparmalı olmamışdır. Bu ləhcələrdə hazırda elmi terminologiya yaratmaq meyli o qədər güclüdür ki, çox vaxt ifratçılığa gətirib çıxarır. 

Elmi terminologiyanın yaradılmasında aşağıdakı prinsiplər əsas götürülməlidir:

a) Sosial-tarixi səbəblər nəticəsində türk dillərinə ərəb və fars dillərindən keçmiş elmi terminlər saxlanılmalı, lakin əvvəlcə onlar yenidən nəzərdən keçirilməli, vahid yazılış forması müəyyənləşdirilməli və bütün türk xalqları üçün eyni mənada işlədilməlidir. Ayrı-ayrı türk tayfalarının bəzi ərəb və fars terminlərini yerli sözlərlə əvəz etmək meylini məqsədəuyğun hesab etmək olmaz. 

b) Yeni terminologiya tərtib edilərkən üstünlük, əsasən, türk dillərinin öz materialına verilməli və türk dilinin qanunlarına əsaslanmalıdır.

c) Yeni terminologiya yaradılarkən ərəbcədən alınmış sözlərdə bəzi ərəb şəkilçilərindən də istifadə etmək olar. Məsələn: "-i", "-iyyat" və s. Bu şəkilçilər türk dillərində çoxdan işlənildiyindən, sanki onlarla üzvi surətdə qaynayıb-qarışmışdır. 

Müasir texniki biliklər sahəsində Qərbi Avropa terminlərinin türk dillərinə güclü axını müşahidə olunur. Abstrakt-fəlsəfi və ideoloji sahədə türk dilləri ərəb dilindən alınmış sözlər baxımından kifayət qədər zəngindir və bunlar əksər hallarda türk dillərinin ehtiyaclarını ödəyə bilir. Yerli terminologiya savadsızlıq səviyyəsi yüksək olan kütlələr arasında elementar və mədəni anlayışların yayılması üçün müəyyən qədər istifadə oluna bilər. Türk terminologiyası məsələləri bütün detallarına qədər yalnız bu məqsədlə yaradılacaq xüsusi elmi institutda həll edilə bilər. 


(Ardı var)


Nadir MƏMMƏDLİ,

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Antarktidada pinqvinlər yox olma təhlükəsi ilə üz-üzədir

10:09
04 Fevral

NATO Qrenlandiyada yeni missiya hazırlayır

10:08
04 Fevral

Rəcəb Tayyib Ərdoğan: Ankara Suriyanın bərpasında Ər-Riyadla əməkdaşlığa hazırdır  

09:57
04 Fevral

Azərbaycanda 8 ada tipli palçıq vulkanı mövcuddur  

09:57
04 Fevral

ABŞ-da qismən şatdaun ləğv edilib

09:56
04 Fevral

Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

09:52
04 Fevral

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Ermənistanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir YENİLƏNƏCƏK 

09:51
04 Fevral

Fransa hökuməti aylarla davam edən müzakirələrdən sonra milli büdcəni qəbul edib

09:10
04 Fevral

Xərçəng həyatın sonu deyil

09:05
04 Fevral

Üç şəxsiyyət, üç tale

09:00
04 Fevral

Oyun, yoxsa təhlükə

08:55
04 Fevral

Ana dili xalqın əmanətidir

08:50
04 Fevral

Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri

08:45
04 Fevral

Dünya elminin azərbaycanlı ulduzu

08:40
04 Fevral

Leyla Əliyeva missiyasını davam etdirir

08:35
04 Fevral

Azərbaycan-BƏƏ enerji əməkdaşlığı şaxələnir

08:30
04 Fevral

Münasibətlərin yeni mərhələsi

08:25
04 Fevral

Ermənistanda siyasi qütbləşmə dərinləşir

08:20
04 Fevral

Sülh missiyası və artan beynəlxalq nüfuz

08:15
04 Fevral

Aİ-nin ikili standartları Cənubi Qafqazda sülhə risk yaradır

08:10
04 Fevral

Prezident İlham Əliyevə beynəlxalq etimadın nümunəsi

08:05
04 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!