Son illər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı davamlı xarakter alıb. Bunun bariz göstəricilərindən biri qeyri-neft ticarətinin ümumi həcminin bir neçə dəfə artmasıdır. Kənd təsərrüfatı, texnologiya, əczaçılıq və enerji infrastrukturu sektorlarına sərmayələrin yatırılması prioritet təşkil edir. Ölkələrimizin dövlət başçılarının qarşılıqlı səfərləri, ali səviyyədə görüşlər və söhbətlər, birgə tədbirlər iqtisadi əlaqələrin daha da inkişafına təkan verir.
Prezident İlham Əliyevin bu ölkəyə növbəti səfəri zamanı da BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla söhbətdə Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq əməkdaşlığın bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Xatırladaq ki, iki ölkənin iqtisadi əməkdaşlığında əsas yeri enerji sektoru tutur. Məsələn, 2023-cü ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında strateji əməkdaşlıq sazişi imzalanıb. Bu, Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində baş tutub.
Saziş ətraf mühitin mühafizəsi sahəsində SOCAR və ADNOC arasında birgə fəaliyyətin daha da genişləndirilməsini, o cümlədən "yaşıl hidrogen", geotermal enerji və karbon emissiyalarının idarə edilməsi sahəsində əməkdaşlıq məsələlərini nəzərdə tutur. ADNOC Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz yatağı layihəsində sanballı iştirak payına da malikdir. Beləliklə, bu şirkət yaxın tərəfdaşlarımız arasında özünə yer alır.
Ölkələrimizin birgə reallaşdırdığı "yaşıl enerji" layihələri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, BƏƏ-nin "Masdar" şirkətinin Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələrində önəmli rolu var. Təkcə o faktı qeyd etmək kifayətdir ki, "Masdar" Bakıda Xəzər regionunun və MDB məkanının ən böyük günəş-elektrik stansiyasını tikib.
230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası 2023-cü il oktyabrın 26-da işə salındı. Obyektin təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilmişdi. Prezident stansiyanın açılışında da iştirak etdi.
Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmaqla 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək. Bir sözlə, ölkəmizin öz "yaşıl gündəlık" prioritetlərinə doğru atdığı inamlı və uğurlu addımlardan biri də məhz "Qaradağ"ın tikintisinin başa çatdırılıb istifadəyə verilməsidir.
Növbəti ildə isə Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, "Masdar" şirkətinin idarə heyətinin sədri Sultan Əhməd Əl-Cabirin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüş tərəfdaşlığın uğurla davam etdiyinin daha bir təsdiqi oldu. Belə ki, görüşdə "Masdar" şirkəti ilə quruda və dənizdə "yaşıl enerji" layihələrinin icrası, hər iki ölkənin apstrim sektorunda dövlət şirkətlərinin iştirakı, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi. 1000 MVt gücündə günəş və külək enerjisi stansiyalarının inşası ölkələrimizin "yaşıl enerji" keçidinə birgə töhfəsi kimi dəyərləndirildi.
Görüşün yekununda Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "Masdar" şirkəti arasında 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş-elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ Külək-Elektrik Stansiyası layihələri üzrə "İnvestisiya müqaviləsinə Əlavə", "Enerji alqı-satqı müqaviləsi", "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" və "Torpaq icarə müqaviləsi" imzalandı.
2024-cü il iyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" - "Caspian Power" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş-Elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməlini qoydular. İndi bu "yaşıl enerji" layihələri özlərinin icrasının müxtəlif mərhələlərindədir.
Beləliklə, BƏƏ-nin aparıcı enerji şirkətlərindən olan "Masdar"la əməkdaşlıq və tərəfdaşlığımız getdikcə daha çox layihələri əhatə edir. Yeri gəlmişkən: 2006-cı ildə BƏƏ-də yaradılan "Masdar" həmin vaxtdan bəri zəngin təcrübə toplayıb, dünyada günəş və külək enerjisinin inkişafına on milyardlarla dollardan çox sərmayə yönəldərək onlarca layihənin iştirakçısı olub. Təsadüfi deyil ki, COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev "Masdar" şirkətinin adını çəkib.
Keçən il sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə sənədlərin mübadiləsi mərasimi oldu. Bunların sırasında "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında Azərbaycan Respublikasının "yaşıl enerji" zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında "Cənub qaz dəhlizi"ndə investisiya haqqında Anlaşma Memorandumu" da vardı.
Həmin gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşündə dövlətimizin başçısı demişdir: "Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bu gün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpaolunan enerji növlərinin işlənilməsi istiqamətində bizə çox böyük dəstək vermişlər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadəyə verilmiş birinci günəş-elektrik stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə qiqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır".
Dövlətimizin başçısının BƏƏ-yə budəfəki səfərində hər iki ölkənin prezidentlərinin iştirakı ilə "Cənub qaz dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı. Bu hadisənin özü də göstərir ki, Azərbaycan-BƏƏ iqtisadi əməkdaşlığı genişlənir və möhkəmlənir.
Flora SADIQLI,
"Azərbaycan"