Seçki dilemması: sülh və əməkdaşlıq, yoxsa müharibə və fəlakət?
Ermənistanda cari il iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca siyasi rəqabət kəskin fazaya adlayır. Siyasi qüvvələr öz maraqları naminə müxtəlif taktiki gedişlər edirlər. Mövcud pərakəndəlik şəraitində müxalif düşərgənin vahid cəbhədə birləşməsi variantı gündəmdən düşmür. Bu istiqamətdə ən fəal fiqur sabiq dövlət başçısı Robert Koçaryandır. Keçmiş prezident keçirdiyi sonuncu media brifinqində seçki dövründə genişmiqyaslı müxalif koalisiyanın formalaşmasının önəmindən danışıb.
Koçaryanın qənaətincə, müxalif cinahın təmsilçiləri təməl prinsiplərdə fərqli baxışlara sahib olsalar da, əsas niyyət və məqsədləri üst-üstə düşür. O hesab edir ki, ortaq məqam tərəflər arasında işbirliyi qurmaq və fəaliyyətləri koordinasiya etmək üçün əlverişli zəmin yaradır. Şübhəsiz, Koçaryanın çıxışının pərdəarxasında hökumətdən narazı kütləni, xüsusilə radikal meyilli qrupları məhz öz liderliyi altında toplamaq niyyəti dayanır. Bu yolla seçkilər qabağı öz siyasi reytinqini yüksəltməyə ümid edir. O, seçki öncəsi formalaşacaq siyasi bloka başçılıq etməyə "ən layiqli namizəd" kimi özünü gördüyünü açıqlayıb.
Müxalifətin vahid cəbhədə birləşmə ehtimalı hər zaman müzakirə olunsa da, reallıqda bu, çox çətindir. Həm Koçaryan, həm də digər iddialı fiqurlar, məsələn, keşiş Baqrat Srbazan vahid lider olmaq arzusunu bəyan ediblər. Hələlik müxalifəti birləşdirən məsələ "Paşinyan getsin" devizidir, onun yerinə kimin necə gəlməsi söhbətində müxalifətin mövqeyi fərqli və ziddiyyətlidir. Əgər müxalifət xalqın böyük qismini inandıra bilsə ki, Paşinyan dövlətçiliyi tamamilə itirir, o zaman vahid blok hökumət üçün real təhlükəyə çevrilə bilər. Lakin indiki vəziyyətdə müxalifətin daxili parçalanması Paşinyanın ən böyük sığortası hesab olunur. Məsələ ondadır ki, Paşinyanın ən böyük rəqibi klassik müxalifət yox, daha çox erməni cəmiyyətindəki ictimai məyusluqdur. Sərhədlərin delimitasiyası prosesində verilən qərarlar və anklavlar məsələsi müxalif media tərəfindən əhaliyə "milli itkilər" kimi sırınmaqdadır. Müharibədən sonrakı dövrdə hərbi gücün bərpasının gözlənilən sürətlə getməməsi də ciddi tənqid hədəfidir. Həmçinin Ermənistana köçən kütlənin sosial problemləri və onların potensial etiraz elektoratına çevrilmə ehtimalı hakimiyyət üçün daxili gərginlik mənbəyi sayılır. Baş nazir 2018-ci ildə verdiyi vədləri reallaşdırmamaqda ittiham olunur. Yəni müxaliflər hər fürsətdən istifadə edərək Paşinyan hökumətinin mövqeyini sarsıtmağa, reytinqini azaltmağa çalışır.
Radikal müxalifətin xarici dəstəyi də önəmli faktordur. Revanşistlərin Rusiya siyasi elitaları və mediası ilə sıx əlaqələri mövcuddur. Kreml Paşinyanın Qərbə meyilliliyindən narazı olduğu üçün köhnə elitaya "etibarlı tərəfdaş" kimi baxır. Həmçinin, xaricdəki erməni lobbi təşkilatları və diasporunun, xüsusilə Daşnaksütyun tərəfdarlarının maliyyə və ideoloji dəstəyi bu qüvvələr üçün mühümdür. Ancaq istifadə müddətini başa vurmuş köhnə siyasi elitanın daxildəki bazası heç də geniş deyil. Onların əsas dayağı keçmiş idarəetmə aparatında qalan şəxslər, bəzi oliqarx dairələr və Erməni Apostol Kilsəsidir. Sıravi ermənilərin böyük əksəriyyəti hələ də keçmişin qayıdışından qorxduğu üçün revanşistləri dəstəkləmir. Kilsə əvvəlki seçkilərdə pərdəarxası dəstək verirdisə, bu dəfə birbaşa siyasi aktor rolundadır. Baqrat Srbazan kimi fiqurların liderlik etdiyi hərəkat göstərdi ki, kilsə artıq müxalifətin dağınıq liderlərini deyil, xalqı öz ətrafında birləşdirməyə çalışır. Ona görə də seçicilərə "milli və dini kimlik" seçimi təqdim edir. Paşinyanın tərəfdarlarını "vətən xaini" və ya "imansız" kimi qələmə verməklə baş nazirin elektoratını zəiflətməyə çalışır. Seçki prosesini "xeyirlə şərin savaşına" çevirməyə cəhd edir. Hökumətin Qərb dəyərlərinə yaxınlığı, Paşinyanın ailə və din məsələlərindəki liberal yanaşması kilsə tərəfindən kəskin tənqid olunur. Nəzərə alaq ki, rayon və kənd yerlərində keşişlərin sözü hələ də təsirlidir və kilsə öz şəbəkəsini seçki təşviqatı mərkəzləri kimi istifadə edə bilər.
Paşinyan kilsənin təbliğatına qarşı artıq bir neçə addım atıb və güman ki, qarşıdakı günlərdə keşişlərlə mübarizəsini daha da gücləndirəcək. Baş nazir kilsənin gəlirlərinin vergiyə cəlb edilməsi və maliyyə şəffaflığı məsələsini gündəmə gətirməklə dini qurumu "korrupsioner şəbəkə" kimi təqdim edir. Dövlət və dinin ayrılması prinsipini müdafiə edərək, kilsənin siyasətə qarışmasını qanunsuzluq kimi qiymətləndirir. Kilsənin birbaşa hakimiyyətə iddiası da ictimaiyyətdə teokratik dövlət qorxusu yaradır.
Paşinyan hakimiyyəti ilə revanşist müxalifətin qarşıdurması təkcə Ermənistanın daxili işi deyil, həm də Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasını müəyyən edən amildir. Baş nazir çıxışlarında uydurma və zərərli "tarixi Ermənistan" ideologiyasından imtina edərək, sülh və əməkdaşlığa əsaslanan "real Ermənistan" konsepsiyasını təqdim edir. Paşinyan seçki kampaniyasını "sülh və sülhsüzlük" dilemması üzərində qurur. Bu, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün yeganə rasional yoldur. İndiki şəraitdə Paşinyanın məğlubiyyəti bu prosesin dondurulmasına və ya tamamilə ləğvinə səbəb ola bilər. Çünki müxalifətin ritorikası itirilmiş mövqeləri geri qaytarmaq və delimitasiya prosesini dayandırmaq üzərində qurulub. Revanşistlər Paşinyanın Azərbaycanla olan istənilən razılaşmasını "ölkənin satılması" kimi qələmə verirlər. Ələlxüsus, 2026-cı ilin əvvəlindən etibarən Ermənistanda dezinformasiya və hibrid hücumların artması müşahidə olunur. Müxalifətin hakimiyyətə gəlişi Ermənistanın yenidən özünütəcrid vəziyyətinə qayıtması və gərginlik ocağı kimi qalması deməkdir. Paşinyanın qalibiyyəti isə regionun kənar qüvvələrin, xüsusilə Rusiya-Qərb qarşıdurmasının poliqonuna çevrilməsinin qarşısını bir qədər ala bilər. Nəticə etibarilə, Ermənistan seçicisi qarşısında iki yol var: ya sağlam təfəkkürlə mövcud reallığı qəbul edib sülh və sabitlik içində yaşayacaqlar, ya da utopik xəyallar dalınca gedərək yeni fəlakətlərə sürüklənəcəklər.
İ.QOCAYEV,
"Azərbaycan"