04 İyul 2025 16:29
447
SİYASƏT
A- A+
Tərəfdaşlıqdan müttəfiqliyə: Azərbaycan və Özbəkistan çoxşaxəli əməkdaşlığı dərinləşdirirlər  

Tərəfdaşlıqdan müttəfiqliyə: Azərbaycan və Özbəkistan çoxşaxəli əməkdaşlığı dərinləşdirirlər  


İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə münasibətlərinin tarixində yeni mərhələ kimi dəyərləndirilir. Dövlət başçılarının mətbuata bəyanatları bu səfərin iki ölkə arasında strateji müttəfiqliyin konkret nəticələr və gələcək planlarla zənginləşdiyini nümayiş etdirir.

Azərbaycan–Özbəkistan diplomatik münasibətləri 2 oktyabr 1995-ci ildə qurulub. Bu münasibətlərin təməlində yalnız diplomatik sənədlər deyil, həmçinin ortaq tarix, mədəniyyət, dil, din və mənəvi dəyərlər dayanır. İki ölkə beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir, bir-birinin suverenliyi və milli maraqları ilə bağlı məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər.

2024-ci il avqustun 24-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” dövlətlərarası münasibətlərin hüquqi-siyasi əsasını formalaşdıraraq əməkdaşlığın ən yüksək səviyyəyə çatdığını təsdiqləyib. Müqavilə yalnız diplomatik münasibətlərin deyil, eyni zamanda siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sistemli əməkdaşlığın genişlənməsinə zəmin yaradıb. Prezident İlham Əliyev qeyd edib ki, bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir: “Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”.

Əldə olunmuş razılaşmalar əsasında yaradılan Birgə İnvestisiya Fondu artıq praktiki layihələrlə təmin edilib. Bu fond 500 milyon dollarlıq nizamnamə kapitalına malikdir və gələcəkdə investisiya həcmi bir neçə dəfə artırılacaq. Həmin fond çərçivəsində energetika, mehmanxana biznesi, tikinti və kənd təsərrüfatı kimi sahələrdə 10-dan çox layihə razılaşdırılıb və birgə icraya hazır vəziyyətə gətirilib. Bu layihələr hər iki ölkənin iqtisadi maraqlarını əks etdirir və qarşılıqlı investisiya əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Fondun fəaliyyəti, eyni zamanda, Azərbaycan və Özbəkistanın regional iqtisadi inteqrasiyada fəal rol oynamasına təkan verir. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd edib ki, həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq: “Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir”.

İkitərəfli ticarət dövriyyəsinin artırılması niyyəti də əsas istiqamətlərdən biridir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadan Azərbaycana və buradan Qərbə uzanan Orta Dəhliz layihəsi regional inteqrasiyanın mühüm komponenti kimi ön plana çıxır. Prezidentlər Orta Dəhlizin şaxələndirilmiş marşrutlarının hazırlanması və Azərbaycanın bu marşrutlar üzrə yükləri qəbul etməyə hazır olması məsələsini müzakirə ediblər. Bu sahədə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq perspektivləri mövcuddur.

Özbəkistanın Qarabağın bərpasına töhfə verən ölkə olması iki xalq arasında sarsılmaz dostluğun və qardaşlığın təcəssümünə çevrilib. Füzuli rayonunda Özbəkistan tərəfindən tikilmiş və Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəb erməni işğalından azad edilmiş ərazilərdə həyata keçirilən ilk sosial layihədir. Bu məktəb Azərbaycan və Özbəkistan arasında mənəvi və tarixi bağların əyani nümunəsi kimi çıxış edir. Digər mühüm layihə isə Xankəndidə Özbəkistan sərmayələri ilə inşa edilmiş tikiş fabrikidir.

Səfər zamanı Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının açılışı və “Ağ şəhər” layihəsində “Özbəkistan” parkının təməlqoyma mərasimi iki ölkənin dostluq münasibətlərinin növbəti ifadəsinə çevrilib. Bu park həm bir memarlıq layihəsi, həm də Azərbaycan cəmiyyətinə və xarici turistlərə Özbəkistan mədəniyyətini tanıtmaq üçün əvəzolunmaz platforma olacaq.

Özbəkistan Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində verilən bəyanatlar dövlətlərarası münasibətlərin strateji müttəfiqlik zirvəsində uğurla inkişaf etdiyini təsdiqləyir. İqtisadiyyat, nəqliyyat, enerji, kənd təsərrüfatı, sosial infrastruktur və humanitar sahələrdə imzalanmış sənədlər və reallaşdırılan layihələr münasibətlərin dərinləşməsinin əyani sübutudur. Əminliklə demək olar ki, iki ölkə arasında qarşılıqlı etimada, ortaq dəyərlərə və səmimi münasibətlərə əsaslanan bu əməkdaşlıq modeli regionda nümunəvi strateji tərəfdaşlıq nümunəsi kimi çıxış edir.


Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!