17 Aprel 2024 08:55
242
SİYASƏT
A- A+

Tehranın mövqesizliyi

 

İran nədənsə Aİ və ABŞ-nin Cənubi Qafqaza hərbi müdaxiləsinə göz yumur

 

"Azərbaycan və İran arasında münasibətlərin böyük bir gərginliyinin arxada qaldığı və hər iki dövlətin mənafelərinə xidmət edən yeni mərhələyə qədəm qoyduğu bir dövrdə Tehranın ikili standartlardan əl çəkməməsi təəccüb və təəssüf doğurur. Xüsusən Qərbin səlibçilik niyyətini gizlətmədiyi bir şəraitdə Tehranın bölgə dövləti olaraq ortaya mövqe qoymaması ciddi suallar meydana çıxarır". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, aprelin 5-də ABŞ-Aİ-Ermənistan arasında baş tutmuş görüşün regionda yeni qüvvələr nisbəti yaratmaq məqsədi güdməsi artıq heç bir şübhə doğurmur. Hətta ABŞ və Aİ rəsmilərinin istər Azərbaycan Prezidentinə telefon zəngində, istərsə də sammitsonrası mətbuat üçün açıqlamalarında görüşü birmənalı şəkildə iqtisadi məqsədlərlə əlaqələndirmələri belə yeni geosiyasi arxitektura niyyətlərini pərdələyə bilmədi. Odur ki, regionun əsas hərbi-siyasi güc mərkəzi olaraq Bakı proseslərin cari inkişafına dair özünün qəti mövqeyini ortaya qoydu. Eyni zamanda NATO blokunun aparıcı hərbi qüvvələrindən olan Türkiyənin də Brüssel sammiti ilə bağlı Azərbaycanla yekdil yanaşması var. Həmçinin gecikmiş olsa belə, Rusiya Xarici İşlər Nazirliyi və rəsmi Moskva tərəfindən dəstəklənən çoxsaylı rusiyalı ekspertlər və media qurumları Ermənistanın Qərb bloku ilə yaxınlaşması cəhdlərini kəskin tənqid etmişdir. 
Deputat qeyd edib ki, Vətən müharibəsi dövründə və sonrakı üç il ərzində regionda yad ünsür "ovuna çıxmış", Azərbaycanı heç bir fakt olmadan bölgədən olmayan xəyali dövlətləri regiona gətirməkdə ittiham edən İran nədənsə Avropa İttifaqı və ABŞ-nin Cənubi Qafqaza rəsmən hərbi müdaxiləsi cəhdinə göz yumur: "Bu isə cənub qonşumuzun heç də kollektiv Qərbdən fərqlənməyən və ikili standartlara əsaslanan mövqesizliyinin göstəricisidir. Hər cümə günü məscidlərdə şeytan adlandırdığı Amerikaya lənət oxumağı rituala çevirmiş Tehran rejimi ABŞ-nin onun sərhədləriboyu möhkəmlənməkdə olmasını sanki görmür. Üstəlik, bu, Tehranın bu cür davranışının ilk nümunəsi deyil. Xatırlayırsınızsa, ötən ilin ortalarında ABŞ Arazdəyəndə, Azərbaycanla, eyni zamanda İranla sərhəddə "erməni-amerikan" metallurgiya zavodu inşa etmək niyyətini açıqlayarkən də İran eyni qaydada görməzdən gəlmişdi. Digər nümunədə, İran artıq il yarımdır ki, qulağının dibində yerləşmiş olan Aİ faktiki hərbiləşmiş missiyasının mövcudluğunu da bu cür susqunluqla qarşılayıb. Baxmayaraq ki, sanksiyalar altında əzilən və izolyasiya edilərək dalan dövlətinə çevrilən İran bu məsələlərdə bütün region dövlətlərindən daha həssas davranmalı idi. Lakin İran hakimiyyətini Qərbin təcavüzkar məqsədləri və Cənubi Qafqaza 5 aprel sammiti ilə rəsmiləşən yeni xaç yürüşü narahat etmir. Bu isə təsadüf ola bilməz, görünən odur ki, Tehran bu məsələdə, daha konkret desək, kollektiv Qərblə Cənubi Qafqazda maraqlarını uzlaşdıraraq anlaşıb. Yəni İran növbəti dəfə xaçlı ittifaqı ilə özünün müsəlman qardaşları əleyhinə işbirliyinə girir".
B.Məhərrəmov vurğulayıb ki, İranın mövqesizliyi regionda nəyisə dəyişə, xüsusən kollektiv Qərbin Azərbaycanın yaratdığı hərbi-siyasi reallığı dəyişdirməyə səbəb ola bilməz. Xatırlayırsınızsa, hələ 2022-ci il yanvarın 12-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində geosiyasi arxitekturanın mümkün dəyişiklik və inkişaf istiqamətlərinə toxunaraq ifadə etmişdi ki, "biz istənilən varianta hazırıq". 
Sadəcə, tutduğu riyakar mövqeyi ilə rəsmi Tehran nümayiş etdirdi ki, İran üçün nə hüquqi, nə dini, nə də mənəvi dəyər anlayışı var. Bu situasiyanı isə iki amillə izah etmək mümkündür. Birincisi, İranın dairələri üçün şəxsi maraqlar milli mənafelər də daxil olmaqla hər şeydən öndə gəlir. Hətta ehtimal üçün ciddi əsaslar var ki, İran muzd qarşılığında susur. Yəni illərdir tətbiq olunan sanksiya pərdəsi Tehranın susması qarşılığında gizli şəkildə hakim dairələrinin biznesi, daha dəqiq desək, neft ixracı üçün müəyyən müddətdə aradan qaldırılır. 
İkincisi və ən əsası, böyük Azərbaycan və bütöv türk dünyası amili İranı elə qorxudur ki, Tehran üçün mənəvi dəyərlər və islam həmrəyliyi arxa plana keçir. Lakin Tehran unutmamalıdır ki, tutduğu mövqe ilə, əslində, özünün oturduğu budağı baltalayır. 
Deputat bildirib ki, 5 aprel görüşü və Brüsseldə ABŞ, Aİ və Ermənistanın imzaladığı sənəd də bunu deməyə əsas verir ki, kollektiv Qərb artıq Qafqazı qütblərarası toqquşma platformasına çevirmək niyyətini gizlətmir. İran-İsrail arasında son hərbi qarşıdurma da göstərdi ki, heç bir ikili standart, gizli anlaşma bu prosesdə Tehranı sığortalaya bilməz. Qərbin Ermənistana yerləşmə ehtimalı da, əslində, İranın Qafqazdakı mövqelərindən sıxışdırılması demək olacaq. Bu mənada İranın qətiyyətli davranması Azərbaycana, yaxud digər dövlətə deyil, birinci Tehranın mənafelərinə xidmət edə bilər.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video