Rəsmi "Tehran Times" qəzeti Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossini İranın nüvə proqramı ilə bağlı ABŞ tərəfinə yanlış məlumat və hesabatlar ötürməkdə ittiham edib.
Nəşrin yazdığına görə, Qrossi Böyük Britaniya, Fransa və Almaniyanın təzyiqi ilə hərəkət edib və bu, İranla ABŞ arasında nüvə danışıqlarının təxirə salınmasına səbəb olub. Məqalədə yazılıb: "Qrossi Amerika tərəfinə təhrif olunmuş məlumat və hesabatlar təqdim etməklə İranın nüvə fəaliyyətinin dinc xarakter daşıması ilə bağlı bəyanatlarının reallığa uyğun gəlmədiyi görüntüsü yaratmağa çalışır. Aydındır ki, o, İran və ABŞ arasında danışıqlara buraxılmaq üçün bütün mümkün vasitələrə əl atır".
Martın əvvəlində ABŞ Prezidenti Donald Tramp İran lideri Ayətullah Əli Xamneyiyə təhdidləri ehtiva edən məktub göndərərək nüvə proqramı ilə bağlı birbaşa danışıqlar təklif etmişdi. İran Oman vasitəsilə Amerika liderinə cavab məktubu göndərib.
Məktub mübadiləsindən sonra Tehran və Vaşinqton aprelin 12-də Omanda dolayı danışıqlar aparıb, aprelin 19-da isə Omanın vasitəçi qismində çıxış etdiyi başqa bir görüş İtaliyanın paytaxtı Romada keçirilib. Hər iki tərəf danışıqlarda irəliləyiş əldə etdiklərini bildirib.
Danışıqların növbəti turu da mayın 3-də Romada keçirilməli idi. Lakin Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi görüşün logistik səbəblərə görə təxirə salındığını bildirib.
ABŞ İrana qarşı "maksimum təzyiq" kampaniyası çərçivəsində dünən yeni sanksiyalar elan edib. İran neftinin satışı ilə məşğul olan 7 şirkət məhdudiyyətlərə məruz qalıb. Onlardan dördü BƏƏ-də, biri Türkiyədə qeydiyyatdan keçib.
ABŞ-nin müdafiə naziri Pit Heqset məsələ ilə əlaqədar deyib: "Biz sizin husiləri necə dəstəklədiyinizi görürük. Biz sizin nə etdiyinizi bilirik. Siz ABŞ ordusunun nəyə qadir olduğunu bilirsiniz. Sizə xəbərdarlıq edilib. Cavab bizim seçdiyimiz vaxt və ərazidə veriləcək".
Buna cavab olaraq İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai davam edən danışıqlarda ABŞ-ni ziddiyyətli hərəkətlərdə və təxribat xarakterli bəyanatlarda ittiham edib.
"ABŞ İranla müharibəyə can atmır, sadəcə, onun nüvə silahına malik olmasının qarşısını almaq istəyir". Bunu isə ABŞ Dövlət katibi Marko Rubio mayın 2-də "Fox News" telekanalına müsahibəsində deyib. Dövlət katibi vurğulayıb: "Prezident Tramp müharibə istəmir. Heç birimiz istəmirik. Amma biz İranın nüvə silahına malik olduğu bir dünyada yaşaya bilmərik. Əgər İran məsələlərin həlli ilə bağlı diplomatiyanı seçərsə, irəliyə doğru aydın bir yolu var".
Rizvan CƏFƏROV,
"Azərbaycan"