Azərbaycanın beynəlxalq səviyyədə mövqeyi gücləndiyi bir dövrdə, təbii ki, ona qarşı müxtəlif mənbələrdən təhdidlərin artması gözləniləndir. Regionda yeni geosiyasi reallıqlar formalaşıb. Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyi sahəsində artan rolu ölkəni həm tərəfdaşlar, həm də burada maraqlı olan zidd dairələr üçün diqqət mərkəzinə çevirir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ərazi bütövlüyümüzün, suverenliyimizin, müstəqilliyimizin qorunmasına, eyni zamanda Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəlib. İndiki şəraitdə bizə güclü ordu, güclü xüsusi xidmət və hüquq- mühafizə orqanları mütləq şəkildə lazımdır və vacibdir. "Azərbaycan müdafiə qabiliyyəti baxımından son illərdə çox sistemli, məqsədyönlü şəkildə addımlar atır. Ordunun modernləşdirilməsi, yüksək texnologiyaların, yeni silahların alınması, yeni silah sistemlərinin, PUA-ların tətbiqi, kəşfiyyat və rabitə xidmətlərinin inkişafı müdafiə gücünü keyfiyyətcə yeni mərhələyə çıxarıb. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan canlı qüvvələrin say üstünlüyünə deyil, strateji planlaşdırmada texnoloji üstünlüyə nail olmaq üçün addımlar atır. Məhz bu baxımdan hərbi sənaye kompleksimizin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Azərbaycan bu sahədə artıq idxalçı ölkədən ixracatçıya çevrilib", - deputat əlavə edib.
A.Nağıyevin sözlərinə görə, təhlükəsizlik xidmətlərinin bacarığı və çevikliyi bu sistemin əsas sütunlarından biridir. Burada Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, hüquq-mühafizə orqanları terrorizmə, kibercinayətkarlığa, diversiya, hibertəhdidlərə və informasiya müharibələrinə qarşı peşəkar şəkildə preventiv tədbirlər həyata keçirən qurumlardır. Bu və digər dövlət orqanları yüksək səviyyədə koordinasiyalı şəkildə öz işlərini görür və əsas məqsəd də təhlükələrə reaksiya yox, onları öncədən görərək, aradan qaldırmaqdır.
Komitə sədri qeyd edib ki, ümumiyyətlə, xüsusi xidmət orqanlarının əsas işi məlumatı əvvəlcədən əldə etmək, xəbərdarlıq etmək və onu lokallaşdırmaqdan ibarətdir: "Eyni zamanda Azərbaycanın təhlükəsizlik konsepsiyası yalnız hərbi və xüsusi xidmətlər müstəvisində məhdudlaşmır. Diplomatik balans, beynəlxalq əməkdaşlıq, strateji tərəfdaşlıq, daxili sabitliyin qorunması milli təhlükəsizliyin ayrılmaz hissələridir. Dövlətin gücü məhz bu kompleks yanaşmada özünü göstərir. İstər hökumət, istər müxtəlif dövlətlərlə olan parlamentlər səviyyəsində, istərsə də hökumətlərarası komissiyalarda bu istiqamətdə işlər qurulur və ciddi addımlar atılır".
A.Nağıyev vurğulayıb ki, nəticə etibarilə təhdidlər nə qədər artsa da, Azərbaycan bu çağırışlara cavab verə bilən, özünü müdafiə etməyi bacaran, təhlükəsizliyini təmin etmək üçün bütün resurslarını səfərbər edən dövlətdir. Burada xüsusi xidmət orqanlarının rolu danılmazdır, hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi tədbirlər görürlər. "Bütün bunlar ölkənin həm regionda, həm də beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsinə xidmət edir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan son əməliyyat da sübut etdi ki, Azərbaycan digər dövlətlərin səfirliklərinə, nümayəndəliklərinə qarşı olan təhdidlərin qarşısının alınması istiqamətində də ciddi addımlar atır. Bu, təbii ki, koordinasiyalı şəkildə olan məsələlərdir, eyni zamanda xüsusi xidmət orqanları tərəfindən Azərbaycanda əməliyyat şəraitinə tam nəzarətin olduğundan xəbər verir. Bütün bu proseslər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı siyasətə birbaşa bağlıdır və onun nəzarəti altında həyata keçirilir", - deyə komitə sədri əlavə edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"