Cəlilabadda "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir.
Tədbirdə RİH başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın sədri Qalib Xudaverdiyev, RİH başçısı aparatının əməkdaşları, Cəlilabad və Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin əlaqələndirmə şurasının sədri, rayonda yerləşən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın sədri Qalib Xudaverdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə imkan yaradır. Korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin mütəmadi xarakter alması, ictimai müzakirələrin təşkil edilməsinin, eləcə də tibb və təhsil işçiləri arasında antikorrupsiya davranış modelinin formalaşdırılmasının vacib olduğu vurğulanaraq qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və zəruri tədbirlərin davam etdirilməsi bildirilib.
Eyni zamanda qeyd edilib ki, həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş məmnunluğunun həyata keçirilməsinə diqqət artırılmalıdır.
Tədbirin sonunda müəssisələrin rəhbər və əməkdaşlarına bu istiqamətdə işlərində diqqətli olmaları və şəffaf fəaliyyətə üstünlük vermələri tapşırılıb.
Seyran CAVADOV,
"Azərbaycan"