22 May 2022 00:38
845
İQTİSADİYYAT
A- A+

Təbiətlə yaşayanlar

 

İsmayıllının məftunedici meşələrindəki nadir bitkilərin, nəsli kəsilməkdə olan heyvanların yaşam səbəbkarlarının həyatı fədakarlıq və macəralarla zəngindir  

 

Şahdağ Milli Parkının İsmayıllı zirvəsindəyik...

Səssiz addımlarla irəliləyirik...

Axı meşənin "daimi sakinləri" pıçıltını, alınan hər nəfəsi belə duyurlar...

Bura səbrin sınandığı məkanlardandır. Bir heyvanı görmək üçün bəzən ağacların arasında gizlənərək saatlarla səssiz-səmirsiz gözləmək lazım gəlir. Elə biz də meşə qanunlarına tabe olub sıx ağacların arasında yerimizi alırıq...

Deyəsən, İsmayıllının məftunedici meşəsində bəxtimiz gətirmişdi. Dəqiqələr sonra uzaqdan budaqlarda sərin mehin avazı ilə əsən yarpaqların səsi, yerə dəyən möhkəm ayaq zərbələrinin sədaları eşidilir. İlk dəfə üz-üzə gələcəyimiz heyvanın siluetini günəşin şəfəqləri daha aydın büruzə verirdi.

Gələn zubrlar idi, ata, ana və bir bala...

 

Qafqaz silsiləsinin dörd bir qurşağında...

 

Şahdağ Milli Parkının İsmayıllı filialı həqiqətən də gözoxşayan, əsrarəngiz mənzərəyə sahib məkandır. Bu dəfə onların xüsusi günündə, bu peşənin yorulmaz və qoçaq nümayəndələrinin iş fəaliyyəti ilə tanış olmaq, Milli Parkın yaz donlu təbiətində gəzişmək, dağı-daşı üstdə bitən gül-çiçəyini qoxlamaq, nadir ağaclarını görmək,  heyvanlarını seyr etmək, dağlarından, dərələrindən süzülən çaylarının, şəlaləsinin ecazkar mənzərəsini seyr etmək üçün buradayıq.

Milli Parkın bu bölməsi 2006-cı ildə Şirvan zonasında yerləşən qoruqların əsasında yaradılıb. Qoruğun Milli Parkla əvəzlənməsinin əsas üstün cəhəti geniş arealı əhatə edə bilməsi və insanların bu məcradakı valehedicilikdən faydalana bilməsidir. Milli Park 130 min hektardan çox ərazini və Azərbaycanın 6 şimal rayonunu - Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuzu əhatə edir. İsmayıllı bölməsinə isə ümumi ərazinin 44 min 500 hektarı daxildir.

İsmayıllını bəşərlə təbiət arasında əsl köprü adlandırmaq yerinə düşər. Şahdağ Milli Parkının İsmayıllı bölməsi ilə tanışlığımız Buynuz kəndindən başlayır. Elə kəndin girəcəyində bizi qarşılayan bölmənin direktor müavini Cəlil Rzazadənin bələdçiliyi ilə qoruğu gəzməyə başlayırıq...

Buynuz kəndi üzrə olan Milli Parkın marşrut xətti bölgəyə xas ağacların, nəsli kəsilməkdə olan heyvanların yaşayış məskənidir. Öyrənirik ki, Dağıstan turu, Avropa cüyürü, köpgər, maral, qonur ayı, dağ qartalı kimi "Qırmızı kitab"a düşmüş heyvanları burada görmək mümkündür. Meşələr Şərq fıstığı, Qafqaz vələsi, palıd, göyrüş, ağcaqayın kimi ağac növləri ilə əhatələnib.

Cəlil Rzazadə deyir ki, Milli Parkın ərazisi təbii formada olan sərhədlərlə müəyyənləşdirilir. Yəni müvafiq çaylarla, dərələrlə ümumi areal ayırd edilir. Parkın içində olanda da axan çayın şırıltısını eşidirik. Bu marşrut xəttinin payına bol sulu çaylardan olan, başlanğıcını Böyük Qafqazın cənub yamaclarından götürən Göyçay çayı düşüb. Buradakı ağacların əzəmətindən isə çayın mənzərəsini deyil, yalnız coşub-çağlayan ritmini duymaq olur.

Milli Parkın ərazilərinin geniş hissəsi kəndlərlə həmsərhəddir. Buna görə də sakinlərin üzərinə daha çox məsuliyyət və öhdəlik düşür. Belə ki, daim təhlükəsizlik qaydalarına riayət etməli, təbiətə aid hər bir zərrəni qorumaq üçün fədakarlıq göstərməlidirlər. Axı onların pəncərələri tozlu-dumanlı, səsli-küylü səmtlərə yox, unikal flora və faunanın astanasına açılır.

 

İnsanlardan "qorunan" meşələrin taleyi

 

Şahdağ Milli Parkının İsmayıllı bölməsində 6 sahə müfəttişi, 33 mühafizə yegeri (nəzarətçi) olmaqla, 39 əməkdaşın fədakarlığı ilə ərazidə daim ayıq-sayıqlıq gözlənilir. Mütəmadi olaraq ərazilərdə gözətçilik edən şəxslər təbiətin keşikçiləridir. Bu məsləyin digər bir çətin məqamı isə müəyyən iş vaxtının olmamasıdır.

Müşahidələr, reydlər müvafiq fəaliyyət saatında həyata keçirilsə də, hər an istənilən hadisənin başvermə ehtimalı onları yuxuya dalanda belə gözdə-qulaqda olmağa vadar edir. Ancaq bu sahədə ruhları təbiət sevgisi ilə yoğrulan insanlar çalışdıqlarından onlar vəzifələrini özlərinə borc bilərək ömürlərini təbiətə həsr edirlər.

Cəlil Rzazadə vurğulayır ki, reintraduksiyadan əlavə nəsli kəsilməkdə olan heyvanları, bitkiləri yalnız qorumaqla həyatda saxlamaq olar. Dağıstan turu bu istiqamətdə təhlükə altında olan heyvanlardandır. Son 2-3 ilə qədər müəyyən sayda bu növün ovlanmasına icazə verilsə də, hazırda ölkə ərazisində onlardan yalnız 7 minə qədəri qalıb. Dağıstan turunun "Qırmızı kitab"a daxil edilməsi yönündə isə müzakirələr gedir.

Milli Parkda mühafizənin müxtəlif üsullarından istifadə edilərək heyvanlar qorunur. Bunlardan biri də foto-tələ ilə mühafizədir. Adından da göründüyü kimi, xüsusi kameralarla həyata keçirilən mühafizə günün 24 saatı üçün xarakterikdir. Kameralar müxtəlif keçidlərdə, heyvanların sıx gəldiyi şorlarda quraşdırılır. Həm şəkil, həm də video lentə alan vasitələrlə müdaxilələr, heyvanlarla bağlı uyğunsuz faktorlar, dəyişikliklər qeydə alınır. İstənilən vaxt yaddaşdakı görüntülər mühafizə işçiləri tərəfindən çıxarılaraq qeydə alınan kadrlara baxış keçirilir. Foto-tələlər uğurlu üsullardan olsa da, onlardan geniş istifadə edilmir. Buna səbəb maliyyə xərcinin  yüksək və oğurlanma riskinin böyük olmasıdır.

Ovlanma mövsümlərində, xüsusilə də yaz və yay fəsillərində yüksək dağlıq ərazilərdə çadırlar qurulur. Mühafizə yegerləri sahələrdə heç bir kənar təsirlərin olmaması üçün çalışırlar. Ancaq bu üsul havanın mülayim keçdiyi vaxtlar üçün məqsədəuyğundur. O da məlumdur ki, qış aylarında qanunsuz ov edənlər hündür qar örtüklərinin metrlərlə qalaqlandığı, kəskin çovğunun müşahidə edildiyi vaxtlarda ov, ağac kəsməyi həyata keçirə bilmədiklərindən demək olar ki, belə hallara rast gəlinmir.

Sahə müfəttişlərindən Xəzər Şərifov iş fəaliyyətindən bəhs edərkən deyir ki, hər bir müfəttişin nəzarətindəki ərazilərə müxtəlif adlar verilib: "Hazırda durduğumuz yer "Böyük sığınaq" adlanır. Burada baş verən istər təbii fəlakət, istərsə də qanun pozuntusu hallarına biz cavabdehlik daşıyırıq. Bir-birimizlə rabitə vasitəsilə əlaqə yaradır, mövcud vəziyyətlə bağlı xəbərdarlıqlar edirik. Yanğına qarşı xüsusi təchizatımız var. Bir çox hallarda ilkin müdaxiləni etməyi də bacarırıq".

Milli Parkın işçiləri bu sahəyə gecə-gündüzlərini həsr etsələr də, bircə gileyləri gələn ziyarətçilərdəndir. Cəlil Rzazadə söyləyir ki, bəzi turistlər meşələrin mahiyyətini dərk edə bilmirlər: "Milli Parka buraxılan ziyarətçilərin davranışına nəzarət üçün əməkdaşlarımız daim müşahidələr həyata keçirirlər. Bəzən elə olur ki, səhər getdiyimiz tər-təmiz cığırdan, şeh bağlayan ətirli otların üstündən müxtəlif tullantıları, salfet, plastik butulka və s. kimi zibilləri təəssüf hissi ilə toplayırıq. Hər dəfə bu kimi hallarla bir də qarşılaşmayacağımızı ümid edib təskinlik tapsaq da, ancaq nə fayda… "

Əslində, girişdə vətəndaşlar meşədə davranış qaydaları ilə bağlı məlumatlandırılır, marşrutlar boyunca informasiya lövhələri ilə istiqamətləndirilirlər. Onlara etməməli olduqları hər bir nüans xırdalıqlarına qədər izah edilir. Hətta bəzən "atmayacaqları tullantıların müqabilində ödənişin geri qaytarılması" kimi təşəbbüslər də Milli Park tərəfindən həyata keçirilir. Ancaq bütün səylərə baxmayaraq, yenə də kəskin davranış sərgiləyənlər "tapılır".

 

Qafqazın nadir  zubrları İsmayıllı təbiətində

 

Hər marşrut xətti xüsusi hədəfi ilə seçilir. Belə ki, əgər Şahdağ Milli Parkının İsmayıllı bölməsində bizim ilk olduğumuz Buynuz kəndi istiqamətindəki xətdən səyahətə çıxılarsa, zubrlarla tanış olmaq fürsəti yaranacaq. Zubr nəsli kəsilmiş ağır, iri məməlilərdəndir. Rəngi tünd qəhvəyi olan heyvanların çəkisi 1 tona yaxın olur. Onlardan sonuncusu 1937-ci ildə Cənubi Qafqazda məhv edilib.

Bu məqsədlə zubrların Azərbaycan təbiətinə qaytarılması yönündə 2019-cu ildən reintraduksiya tədbirləri həyata keçirilir. Onların olduğu ərazilərə doğru yönələrək zubrlar üzrə mütəxəssis Rafayıl Musayevlə söhbətləşirik. Mütəxəssis söyləyir ki, hazırda milli parkın təbiətində 20 baş zubr var. Ölkəyə gətirildikdən sonra 5 yeni zubr balası doğulub. 2 dəstəyə ayrılaraq zubrlar 300 hektarlıq elektrik xətləri ilə çərçivələnmiş ərazidə yaşamlarını sürürlər. Aqressiv davranışlar sərgiləyən bu heyvanların insanlar üzərinə hücum etmə təhlükəsi olduğundan ziyarətçilər yalnız müəyyən məsafədən - müşahidə çardağından onları seyr edə bilərlər.

Rafayıl Musayev bildirir ki, ilk vaxtlar zubrlar gətiriləndə onların təbiətimizə uyğunlaşdırılması üçün bir sıra tədbirlər görülüb. Əvvəlcə kiçik bir ərazidə yemlənən, dərmanlanan məməlilər daha sonra geniş səmtlərə buraxılıb: "Onların dərmanlanması əsasən payız və yaz aylarında həyata keçirilir. Zubrlar xüsusi yemlərdən əlavə ağac qabıqları ilə də qidalanır. Ağac qabıqları müxtəlif bakteriyalar, qurdlarla zəngindir. Bu zaman təbiətdən qaynaqlanan xəstəliklərlə üzləşən heyvanların orqanizmləri tanış olmayan xəstəliklərə qarşı həssaslaşır. Buna görə də dərmanlanma prosesi onları üzləşəcəkləri xəstəliklərə qarşı hazırlayır".

Bu heyvanlar ardıcıl tibbi yoxlanışlardan keçirilir. Azərbaycanda bu, yeni olduğundan, əsasən, tibbi ekspertlər, baytarlar xarici ölkələrdən cəlb olunur. Bununla da onların ümumi sağlamlığı daim nəzarətdə olur.

Elə zubrlarla bağlı yenicə söhbəti bitirmişdik ki, meşənin dərinliklərindən görünən məməlilərin qidalanma prosesinə şahidlik etdik. Yamacın bir üzündə isə hazır yemlərdən ibarət qabları görürük. Onlar qidalarını təbii formada qəbul edə bilmədikləri halda bu qablara tökülən arpa, buğda, qarğıdalının üyüdülmüş forması, kök və s. ilə yemlənirlər.

Təbiətin elə ovsunlayıcı cazibəsi var ki, ona dalıb mənzərəyə qərq olanda bir də ayılırsan ki, saatlar ötüb, keçib, günəş səmtini dəyişib, yarpaqlarsa küləyin ahəngi ilə fərqli-fərqli əsir. Zubrların hərəkətlərini addım-addım izləyərkən birdən onlardan birinin boynundakı halqa diqqətimizi çəkir. Rafayıl Musayev deyir ki, bu, GPS boyunbağıdır: "Bu vasitə sürüyə başçılıq edən dişi zubrun boynuna taxılır. "Google Map" üzərindən sürünün hərəkət istiqamətini asanlıqla müəyyən etmək və diqqətdə saxlamaq olur. Müəyyən bir vaxtdan sonra isə batareyası tükənmiş halqalar yeniləri ilə əvəz edilir".

 

"Ögey ana" filminin çəkildiyi, güllü-çiçəkli, şəlaləli dağlar

 

Gözləri qamaşdıran yaşılın ən gözəl tonlarının içərisindən keçib geriyə qayıdırıq. Bu zaman qarşıdakı düzü göstərən Cəlil Rzazadə deyir ki, buranın başqa bir xatirəsi də var. Yaxınlaşdıqca maket görünməyə başlayır. Bu, "Ögey ana" filmindəki məşhur qəhrəman İsmayılın obrazlaşdırılan siması idi...

Elə ağacdakı maketi görər-görməz yada düşür ki, filmdə İsmayıl "Kəndimiz" mahnısını bu səfalı yerlərdə ifa edə-edə qaçıb ağaca çıxır, düzləri dolanır, zirvələrdən yamaclara tamaşa edirdi.

Film ağ-qara formatda çəkilmişdi. Ancaq bu yerdə olanda o ağ-qara səhnələri xatirələrdə yenidən canlanaraq əlvan rənglərə boyanır. Buranı görəndən sonra sanki filmə rəngli formada baxmış olursan...

Buynuzdan çıxıb yolumuzu Çayqovuşan kəndinə salırıq. Burada Milli Parkın növbəti marşrut xətti üzərində Gurgur şəlaləsi yerləşir. Şəlalə dağın 1200-1300 metr hündürlüyündən axır. Yolu çox dik yoxuşlu olsa da, bura qədər gəlib yolun yarısından qayıtmaq olmazdı. Getmək üçün əvvəlcə bol sulu axar çayın daşlı-kəsəkli yollarını keçib dağı piyada qalxacağımız yerə çatırıq. Axar çayın qüvvətindən şəlalənin əsrarəngizliyi hiss edilirdi. Hətta bəzi yerlərdə suyun təzyiqi o qədər güclü idi ki, əyləşdiyimiz yük maşınının irəliləməsinə belə mane olurdu...

 

Dağ lalələri, erkək səhləb gülü, "pip dolması"...

 

Nəhayət, İsmayıllının hər qarışını ovcunun içi kimi tanıyan Cəlil Rzazadənin müşayiəti ilə gəlib şəlalənin axdığı, insan ayağının nadir halda dəydiyi yerlərdən birinə çatırıq. Bura sanki rəssamın palitrasından çıxan ən gözəl peyzajlardan biridir. Hər daş, hər ağac, hər zərrə bir-bir işlənmiş, öz yerlərində əbədiləşdirilmişdi.

Yolboyu şəlaləyə qalxanda nadir, nəsli kəsilməkdə olan bitkiləri də gördük. Dağ lalələri qırmızı çalarları ilə torpağa, daşa bəzək verən xalıya bənzəyirdi. Qalxdığımız cığırda bir bitkiyə də rast gəldik. Yuxarısı bənövşəyi don geymiş çiçəklərlə örtülü idi. Çiçək bu dağların ən nadiri - erkək səhləb gülü idi.

Şəlalədən enəndə ətrini qoxulayıb, yorğunluğumuzu unudub hündürlükləri geridə qoyduq. Son ünvanımız isə Qalacıq kəndi oldu. Gəzdiyimiz yerlər İsmayıllının bəlkə də ən səfalı guşələri idi. Getdikcə hava qaralır, görmək istədiyimiz təbiətin təqdim etdiyi möcüzələrsə bitib-tükənmirdi. Bu kənd istiqamətində Milli Parkın Qalacıq şəlaləsi marşrut xətti yerləşir. Marşrut xəttinin postundan keçən zaman düzən çölləri bir anda fıstıq, vələs ağacları qamarlayıb ətrafda ala-toranlıq yaratdı. Ağacların quruluşuna nəzər saldıqda görünür ki, Şərq fıstığının gövdəsi daha hamar, yarpaqları isə daha iri olur. Yeri gəlmişkən, ismayıllılıların ən sevimli yeməklərindən biri də bu ağacın yarpaqlarından hazırladıqları "pip dolması"dır. Qafqaz vələsi isə yarpaqlarının daha xırda olması ilə fərqlənir.

Hava getdikcə zülmətə qərq olurdu. Bu səbəbdən də şəlaləni töküldüyü dağların sinəsindən seyr edərək səfərimizi başa vurmaq məcburiyyətində qalırıq...

Hissdən-hissə adlayıb ömür səhifəmizin ən xoşbəxt günlərindən birini də İsmayıllı meşələrinin, dağlarının ecazkar nişanəsi ilə əbədiləşdirdik. Təbiətə dayaq olanların zəhmətləri isə belə diyarların qorunub saxlanması, keçən dövrlərə və dövrdəkilərə etibarında görünür.

Təbiətə aşina olmaq üçün isə ona məxsusi eşqlə yanaşmaq gərəkdir...

 

Aydan XƏLİLOVA,

"Azərbaycan"

Bakı-İsmayıllı-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video