Bu platforma türk iqtisadi əməkdaşlıq modeli kimi güclü və davamlı tərəfdaşlıq nümunəsidir
Min illərin dərinliyindən boylanan ortaq yaddaş, bir soyun dilində səslənən eyni kəlmələr, oxşar ruhun tarixdə qoyduğu izlər bu gün Türk Dövlətləri Təşkilatının (TDT) kitabında yeni bir tarix yazır, bir bayraq altında toplaşan xalqların iradəsində, strateji addımlarında və texnoloji yüksəlişində əks-səda verir. TDT eyni kökdən boy verən bir çinar kimi beynəlxalq arenada ortaq mövqe sərgiləyərək, türk dünyasının qəti və kəskin söz deməsinə zəmin yaradır.
Hazırda TDT-yə üzv ölkələr arasındakı çoxşaxəli əməkdaşlıq ticarət dövriyyəsinin artırılması, investisiya axınlarının asanlaşdırılması və regional bazarların birləşdirilməsi üçün yeni imkanlar sərgiləyir. Bu baxımdan mayın 20-22-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü təşkilatın gələcək inkişafı və regional əməkdaşlığın gücləndirilməsi baxımından çox əhəmiyyətlidir. Tədbir TDT üzv və müşahidəçi ölkələrinin ortaq maraqlarını və strateji hədəflərini müzakirə etmək üçün bir platforma rolunu oynayıb.
Deməliyik ki, bu görüş təşkilatın tarixində müşahidəçi dövlətdə keçirilən ilk sammit olaraq yaddaşlara hopdu. Tədbirdə TDT üzvü və müşahidəçi ölkələrin dövlət başçıları iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və rəqəmsal transformasiya kimi sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Azərbaycan sammitdə regional iqtisadi siyasətin formalaşdırılmasında liderliyini, ticarət, enerji və innovasiya sahələrində əhəmiyyətli mövqeyini bir daha nümayiş etdirib. Macarıstanın isə bu proseslərdə fəal iştirakı, həmçinin ölkənin TDT ilə əməkdaşlığını daha da möhkəmləndirmək niyyətini göstərib.
TDT arasındakı qarşılıqlı əlaqə iqtisadi əməkdaşlığın dərinləşdirilməsində, investisiya cəlbediciliyinin artırılmasında və qarşılıqlı sərmayə yatırımlarının təşviqində mühüm rol oynayır. Bu məqsədlə yaradılan Türk İnvestisiya Fondu kiçik və orta bizneslər üçün maliyyə dəstəyi təmin etməklə TDT daxilində iqtisadi fəallığın artmasına xidmət edir. Fond birgə sənaye parklarının və ortaq biznes platformalarının qurulmasına, region daxilində istehsalın diversifikasiyasına, texnologiya transferinə və əlavə dəyər yaradan sahələrin inkişafına şərait yaradır. Qazaxıstan və Özbəkistan kimi resurs baxımından zəngin, lakin bazara çıxışında çətinliklərlə üzləşən ölkələr üçün bu fond regional inteqrasiyanı gücləndirən effektiv vasitədir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərovanın fikrincə, Azərbaycanın TDT üzv dövlətlərinə yatırdığı investisiyaların həcmi 20 milyard dolları keçib ki, bu da ölkənin təşkilat içində artan təsirinə dəlalət edir. Azərbaycan Mərkəzi Asiya, Türkiyə və Avropa arasında strateji keçid nöqtəsi olaraq ticarət axınlarını və regional inteqrasiyanı asanlaşdırmaqda mühüm rol oynayır: "2024-cü ildə Azərbaycanın dəmir yolu tranzit tutumu 11 milyon tona çatıb, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu isə 5 milyon ton həcmə malik olub. Bu irəliləyiş Azərbaycanın Xəzər dənizindəki 50 ticarət gəmisi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və 8 beynəlxalq hava limanı kimi əsas infrastruktur layihələri ilə dəstəklənir. Bu da ölkənin vacib logistika mərkəzi rolunu gücləndirir. Azərbaycanın "Rəqəmsal Nəqliyyat Dəhlizi" adlanan, gömrük, fitosanitar və sərhəd nəzarətini asanlaşdıran vahid rəqəmsal platformanın inkişafında da mühüm rolu var ki, bu da dəhliz boyunca tranzit vaxtlarını və xərclərini azaldır".
Enerji əməkdaşlığı sahəsində ortaq bazar strategiyaları və "yaşıl enerji" keçidi mövzuları TDT-nin gündəmində olduğudan bu sahədə əməkdaşlıq sammitin digər əsas mövzusu olub. TDT-yə daxil olan ölkələr enerji resurslarına görə, dünyanın ən zəngin bölgələrindən birini təşkil edir. Azərbaycanın Xəzər hövzəsindəki qaz ehtiyatları, Türkmənistanın təbii qaz potensialı, Qazaxıstanın neft və uran ehtiyatları, Türkiyənin tranzit gücü və enerji diplomatiyası bu resursların effektiv paylaşımı üçün yeni imkanlar yaradır. Azərbaycan boru kəmərləri və enerji ötürmə xətləri inşa etməklə yanaşı, həm də günəş və külək enerjisi layihələrinə investisiya qoyur. Bu sahələr üzrə fəaliyyət TDT üzv dövlətlərinin qlobal enerji bazarındakı dalğalanmalara qarşı dayanıqlılığını artırmağı hədəfləyir.
Qeyd edək ki, Macarıstanla Azərbaycan arasında ayrıca siyasi, iqtisadi və regional təhlükəsizlik məsələlərində güclü strateji tərəfdaşlıq inkişaf edib. İki ölkə arasında ticarət sürətlə artıb və 2025-ci ilin ilk üç ayında ticarət dövriyyəsi 14,55 milyon dollara çatıb. Macarıstandan Azərbaycanın iqtisadiyyatına birbaşa investisiyalar isə 1 milyard dolları keçib. Ölkəmizin təbii qazının Avropaya ixracında əsas rol oynayan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Macarıstan üçün Azərbaycan qazına çıxış imkanını genişləndirir. Bu layihə Macarıstanın enerji şəbəkəsində təbii qazın təchizat mənbələrini artırır və ölkənin enerji bazarının şaxələndirilməsinə xidmət edir.
Macarıstanın "MOL Group" şirkətinin "Azəri-Çıraq-Günəşli" yatağında payı və Bakı-Tbilisi-Ceyhan boru kəmərindəki iştirakı, SOCAR və Macarıstanın enerji şirkətləri arasındakı ticarət əlaqələri, imzalanmış təbii qaz müqavilələri Azərbaycan-Macarıstan enerji əməkdaşlığını gücləndirir. Macarıstan xüsusilə "Cənub qaz dəhlizi" layihəsindəki fəal iştirakı ilə Azərbaycanın enerji strategiyasına dəstək verir. Elə buradaca əlavə edək ki, Macarıstan TDT-də təkcə Azərbaycanla deyil, Qazaxıstanla da enerji əlaqələri yaradır. Qazaxıstanın zəngin enerji resursları, xüsusilə neft, qaz və uran ehtiyatları Macarıstanın bu ehtiyaclarını qarşılamaq potensialına malikdir. Ona görə də Macarıstanın enerji şirkətləri Qazaxıstanın enerji sektorunda investisiyalar və birgə layihələr vasitəsilə iştirak etməkdə maraqlıdır. Bu mənada Vüsalə Cəfərovanın fikirləri yerinə düşür: "Macarıstanın TDT-nin müşahidəçi dövləti olaraq Türk İnvestisiya Fonduna 100 milyon dollarlıq töhfəsi regionun iqtisadi inkişafını, onların arasındakı əlaqələrin dərinləşməsini nümayiş etdirir. Macarıstanın "MOL Group" şirkətinin Qazaxıstanın "Rozhkovski" qaz yatağında pay alması kimi enerji sahəsində əməkdaşlıqları iki region arasındakı əlaqələrin dərinləşməsini nümayiş etdirir".
Budapeşt zirvəsi 2024-cü ildə Azərbaycanda keçirilmiş Qarabağ sammitindən sonra ikinci qeyri-rəsmi TDT sammitidir. Bu sammit TDT daxilində iqtisadi əməkdaşlığın dərinləşdirilməsində mühüm bir addımdır. Tədbirdə qəbul olunmuş Budapeşt Bəyannaməsi TDT-nin perspektivlərini və strateji fəaliyyət istiqamətlərini bir daha vurğulayıb. Zamanın axarında sınaqlardan keçmiş türk xalqları sübut etdilər ki, ortaq dil təkcə danışıq vasitəsi deyil, eyni zamanda ortaq yolun, birgə gələcəyin rəmzidir. Bu da imkan verir deyək ki, iqtisadi bağlar gücləndikcə, enerji damarları birləşdikcə, rəqəmsal dünyada ortaq addımlar atıldıqca, türk dünyasının səması daha da işıqlanır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"