08 May 2024 08:00
293
SİYASƏT
A- A+

Tarixin ən qüdrətli Azərbaycanının banisi

 

Bəşəriyyətin inkişaf yolunun, bir çox xalqların tarixi inkişaf mərhələlərinin təhlili bir tezisi haqlı çıxarır ki, xalqların dünya miqyasındakı yeri və rolu ən çətin, taleyüklü məqamlarda məsuliyyəti öz üzərinə götürərək xalqının bayraqdarı və xilaskarına çevrilən böyük şəxsiyyətlərin tarixi missiyası ilə birbaşa bağlıdır. 
Məhz belə şəxsiyyətlər öz xalqlarının müstəqillik, azadlıq və tərəqqi amallarının həyata keçməsində, gələcək inkişaf meyillərinin müəyyənləşməsində müstəsna rol oynayır, onların yaratdıqları sarsılmaz miras onilliklər, yüzilliklər sonra da xalqlarının gələcəyinə işıq tutur. Azərbaycan xalqı üçün belə bir fövqəladə missiyanı həyata keçirən, bu gün müstəqil ölkəmizin nailiyyətlərinin əsasını qoyan böyük lider Heydər Əliyev olmuşdur. 

 

Heydər Əliyev Azərbaycanın müstəqillik tarixini yaradan, bu tarixə öz parlaq imzasını atan nəhəng şəxsiyyət olmuşdur

 

Heydər Əliyev kimi nəhəng şəxsiyyətlər üçün zaman və məkan fərqi yoxdur. Belələri şərait və mühitdən asılı olmayaraq, sahib olduqları ali mənəvi keyfiyyətlər, zəngin bilik və səriştələri sayəsində böyük liderlik bacarıqlarını nümayiş etdirməyə nail olurlar. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, dahi lider təkcə tarixi reallıqlar fonunda doğru qərar qəbul edərək, xalqımızı zamanın burulğanından xilas etməmişdir. Onun zəngin həyat yolu və fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sonsuz sevginin və bağlılığın, milli amallara və dövlətçilik ideyalarına sadiqliyin parlaq təcəssümü olmuşdur. 
Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqillik tarixini yaradan, bu tarixə öz parlaq imzasını atan nəhəng şəxsiyyət olmuşdur. Heydər Əliyev həmişə zamana, siyasi vəziyyətə baxmayaraq, Azərbaycan xalqının maraqlarını qorumuşdur. Heç bir əngəl, heç bir məhdudiyyət Ulu Öndərə doğma xalqına xidmət etməyə, onun müstəqillik amallarının həyata keçməsini təmin etməyə mane ola bilməmişdir. Möhtərəm Prezident İlham Əliyev də Ulu Öndərin misilsiz xidmətləri haqqında danışarkən qeyd edir ki, sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir.
Sovet dövründə bütün ideoloji əngəllərə, mövcud siyasi sistemin yaratdığı çətinliklərə baxmayaraq, Ulu Öndərin həyata keçirdiyi islahatlar və strateji tədbirlər nəticəsində Azərbaycan sürətlə inkişaf edərək keçmiş ittifaq miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdir. Əgər 1969-cu ilin iyul plenumuna qədər Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edən, inkişaf tempinə görə ən geridə qalmış respublikalardan biri kimi səciyyələndirilirdisə, Heydər Əliyevin rəhbərliyi ilə görülən işlərin fonunda respublikamız sürətli inkişafa, həyatın bütün sahələrində nəzərəçarpan uğurlara imza atmış qabaqcıl respublikalardan birinə çevrilmişdir. Heydər Əliyev qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa, yeni istehsal sahələri, güclü sənaye potensialının yaradılmasına nail olmuşdur. Məhz o dövrdə formalaşmış iqtisadi potensial və icra edilmiş infrastruktur layihələri bu gün də müstəqil Azərbaycana xidmət göstərir.
1969-1982-ci illər Azərbaycanda xalqın tarixi yaddaşının özünə qaytarılması, milli ruhun oyanması, bu gün milli birliyimizin ideya əsasını təşkil edən azərbaycançılıq ideologiyasının formalaşdırılması baxımından da çox əlamətdar dövr olmuşdur. Bu illər ərzində Heydər Əliyevin təşəbbüsü ilə Bakıda və Moskvada Azərbaycanın tanınmış ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatları və fəxri adlarla qiymətləndirilmiş, abidələri ucaldılmış, minlərlə azərbaycanlı gənc SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə göndərilmiş, azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə, respublikada hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilmişdir. Ulu Öndərin qətiyyəti nəticəsində Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə bağlı müddəa 1978-ci il Konstitusiyasına daxil edilmişdir. Dövrün reallıqlarını nəzərə alaraq bunun nə qədər böyük cəsarət və qətiyyət tələb edən tarixi bir addım olduğunu daha yaxşı dərk edirik. 
Ümumiyyətlə, əgər Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində və 80-ci illərinin əvvəlində qəbul edilən qərarların məntiqinə, bu addımların hədəflədiyi məqsədlərə diqqətlə nəzər yetirsək, onda aydın şəkildə görərik ki, atılmış bütün addımlar Azərbaycanın müstəqilliyinə yönəlmiş, həmin dövrdə yaradılmış milli ideoloji əsas sonrakı illərdə xalqımızın müstəqillik mübarizəsinin zəfər çalmasında baza rolunu oynamışdır. 

 

Harada, hansı vəzifədə çalışmasından asılı olmayaraq, Heydər Əliyev həmişə Azərbaycanı düşünmüşdür

 

Ulu Öndər Heydər Əliyevin bir siyasətçi, dövlət xadimi kimi bir çox üstün məziyyəti var idi. Böyük liderlərə məxsus bütün müsbət keyfiyyətlər onun şəxsiyyətində cəm olmuşdur. Ulu Öndər Heydər Əliyevin böyük bilik və təcrübəsi, yüksək idarəçilik və liderlik qabiliyyəti, təşəbbüskarlığı, ən mürəkkəb problemləri həll etmək bacarığı və Azərbaycanda onun rəhbərliyi ilə əldə edilmiş uğurlu nəticələr Ümummilli Liderin keçmiş ittifaq miqyasında da nüfuzunun getdikcə artmasını və ittifaq rəhbərliyinə qədər yüksəlməsini şərtləndirmişdir. Heydər Əliyev 1976-cı ilin mart ayında Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. O, həmin yüksək vəzifədə çalışdığı dövrdə 60-dan çox nazirlik, komitə və müxtəlif mərkəzi idarələrin fəaliyyətinə rəhbərliyi həyata keçirmiş, keçmiş ittifaq miqyasında ən böyük layihələrə, strateji əhəmiyyətli tədbirlərə məhz Heydər Əliyev rəhbərlik etmiş, üzərinə götürdüyü vəzifələri layiqincə yerinə yetirmişdir. Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə 50 illik yubileyi qeyd olunan Baykal-Amur Magistralının tikintisinə də məhz Ulu Öndər Heydər Əliyev rəhbərlik etmiş, bu mürəkkəb layihənin həyata vəsiqə almasına nail olmuşdur. Həmin tədbirdə iştirak edənlərin, vaxtilə bu magistralın tikintisində çalışanların Ümummilli Liderimiz haqqında dedikləri də bir daha Heydər Əliyevin necə heyrətamiz, fenomenal bir şəxsiyyət olduğunu təsdiqləyir. Heydər Əliyevi tanıyan, onun müasirləri olmuş hər kəs bu böyük şəxsiyyət haqqında yalnız yüksək fikirlər səsləndirir, ona etimadını, sevgisini ifadə edir.
Ümummilli Lider SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən də onun Azərbaycanın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, qəbul etdiyi qərarlar ölkəmizin inkişafına xidmət etmişdir. Heydər Əliyev respublikamızdakı prosesləri daim diqqət mərkəzində saxlamışdır. O, bütün varlığı ilə sevdiyi doğma xalqının mənafelərini hər zaman hər şeydən üstün tutmuş, böyük qətiyyətlə xalqımıza xidmət etməyə davam etmişdir.
Məlumdur ki, 1987-ci ilin oktyabrında Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib M.S.Qorbaçovun yeritdiyi yanlış xəttə, onun anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Bu istefadan sonra xalqımız üçün bir çox problem, çətinlik başlamış, respublikamıza qarşı o vaxta qədər Heydər Əliyev amilinin qarşısına sədd çəkdiyi təxribat planları, məkrli iddialar baş qaldırmışdır. Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidlər, separatçı meyillər geniş vüsət almışdır.
1990-cı ilin 20 yanvar tarixdə Azərbaycan xalqına qarşı törədilmiş qanlı qırğınlara ilk etiraz səsini ucaldan, informasiya blokadasını yararaq baş verən hadisələri beynəlxalq ictimaiyyətə çatdıran məhz Heydər Əliyev olmuşdur. Özünün və ailə üzvlərinin həyatlarına təhdidlərə, təzyiqlərə baxmayaraq, Ulu Öndər hadisənin ertəsi günü - yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqımıza qarşı törədilən cinayəti pisləmiş, onun törədilməsi səbəblərini, təşkilatçılarının, günahkarlarının adlarını açıq mətnlə bəyan etmiş və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə etmişdir. Bununla da Ümummilli Lider tərəfindən bütün dünya ictimaiyyəti bu böyük faciə haqqında tam detalları ilə məlumatlandırılmışdır. Heydər Əliyev qanlı cinayətə etiraz olaraq, daha bir cəsarətli addım ataraq, Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Ulu Öndər 1990-cı il iyulun 20-də Bakıya dönsə də, respublikanın ovaxtkı rəhbərliyi bu böyük liderin Bakıda yaşamasına imkan verməmiş və iyulun 22-də Heydər Əliyev doğulduğu Naxçıvan Muxtar Respublikasına getmişdir.

 

Heydər Əliyevin Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyi, müstəqilliyimiz naminə mübarizəsinin növbəti mərhələsi

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyi, müstəqilliyimiz naminə mübarizəsinin növbəti mərhələsini onun Naxçıvan Muxtar Respublikasında çalışdığı dövr təşkil edir. Bu mərhələdə də Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını çox böyük müvəffəqiyyətlə həyata keçirdiyinin şahidi oluruq. 
1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumun getdikcə daha da ağırlaşması, Bakıdakı mərkəzi hakimiyyətin muxtar quruma qarşı təxribatçı planları Naxçıvanda mövcud olan mürəkkəb vəziyyəti daha da gərginləşdirmişdi. Həmçinin erməni separatçılarının və onların havadarlarının Azərbaycana qarşı məkrli planlarında muxtar respublikanın işğal edilməsi də var idi. Ulu Öndər Heydər Əliyev isə Naxçıvana qarşı təxribat planlarının qarşısını alaraq, muxtar respublikanı qorumağa nail olmuş və növbəti dəfə xilaskarlıq missiyasını yerinə yetirmişdir. 
Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik, tariximizə qızıl hərflərlə yazılmış bir sıra qərarların qəbul olunması ilə yadda qalmışdır. Məhz bu dövrdə uzaqgörən dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Ali Məclisinin - ovaxtkı Ali Sovetin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı elan edilmiş, eyni qərarın Azərbaycan Ali Soveti tərəfindən də qəbul olunması üçün vəsatət qaldırılmışdır. SSRİ-nin saxlanması məqsədilə respublikada keçirilən referendum Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda boykot edilmiş, Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın Ali Məclisi onun adından "sovet" və "sosialist" sözlərinin çıxarılması haqqında qərar qəbul etmişdir. 31 Dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis olunması haqqında qərar da məhz həmin dövrdə qəbul edilmişdir. 
Bu dövrdə muxtar respublikada dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görülmüş, siyasi böhran aradan qaldırılmış, iqtisadi islahatlar həyata keçirilmişdir. Hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirilmiş, keçmiş sovet ordusunun bu ərazidəki bütün silahları və texnikası alınıb Milli Ordu hissələrinə verilmişdir. 
Azərbaycanın müasir siyasi sisteminin əsasları da həmin dövrdə qoyulmuşdur. Ulu Öndərin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizdə siyasi münasibətlər sisteminə yeni müsbət dəyərlər gətirmiş, yeni siyasi mədəniyyət formalaşdırmışdır. Yeni Azərbaycan Partiyası Ulu Öndərin rəhbərliyi ilə yeni dövlət quruculuğu prosesinə mühüm töhfələr vermiş, eyni zamanda ölkəmizdə müasir demokratik ənənələrin formalaşmasında öncüllük etmişdir. 

 

1993-2003-cü illər sabitlik və inkişaf dövrü kimi xalqımızın tarixində şərəfli yerini tutmuşdur

 

Heydər Əliyevin rəhbərliyi ilə muxtar respublikada çox mühüm dəyişikliklərin baş verdiyi bir vaxtda respublikanın mərkəzində - paytaxt Bakıda tamamilə fərqli hadisələr yaşanırdı. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən çox qısa vaxt sonra mərkəzi hakimiyyətin səriştəsizliyi, dövlət idarəetməsində yol verilən ciddi nöqsanlar səbəbindən ölkədə ictimai-siyasi münasibətlər gərginləşmiş, xaos və anarxiya dərin böhrana səbəb olmuşdu. İqtisadiyyat iflic olmuş, vətəndaşların güzəranı kəskin pisləşmişdi. Respublikanın bir çox rayonunda qanun pozuntuları, hakimiyyətə yaxın qrupların özbaşınalığı, hərc-mərclik və zorakılıq halları artmış, siyasi böhran son həddə çataraq, vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Hərbi hissələrdə nizam-intizamın zəifləməsi, orduda vahid komandanlığın və təşkilatçılığın olmaması Ermənistanın işğalçılıq siyasətinin və ərazilərimizin işğalının daha da genişlənməsinə rəvac vermişdi. Beləliklə, Azərbaycan 1993-cü ilin may-iyun aylarında dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, belə ağır bir şəraitdə məsuliyyəti və xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürərək, xalqı bu bəlalardan qurtaracaq bir liderə - Heydər Əliyev kimi nəhəng bir şəxsiyyətə sahib idi. Ona görə də ölkəmizin başının üstünü qara buludlar alanda xalqımız tərəddüd etmədən Heydər Əliyevə müraciət edərək onu Bakıya, siyasi hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin Vətən və xalq sevgisinə, səriştə və bacarığına, qətiyyətinə, bənzərsiz liderlik keyfiyyətlərinə yaxşı bələd idi. Bu səbəbdən də xalqımız Heydər Əliyevə inanırdı, Ona güvənirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Xalq ona böyük dəstək verirdi, o da gücü xalqın inamından, məhəbbətindən alırdı".
1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi Azərbaycan tarixinə "Milli Qurtuluş Günü" kimi daxil olmuşdur. Çünki bu tarixi seçim xalqımızın qurtuluşuna, müstəqil dövlətçiliyimizin xilasına səbəb olmuşdur. Ulu Öndərin qətiyyəti, idarəçilik məharəti sayəsində Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxmışdır. Bununla da ölkəmizin siyasi tarixində yeni  mərhələ başlamışdır. 
Azərbaycan parlamentarizminin ən parlaq tarixinin də müəllifi məhz Heydər Əliyev olmuş, bu dövrdə qanunvericilik orqanının fəaliyyətində dönüş yaranmışdır. Milli Məclisin üzvləri olaraq, bizim hər birimiz üçün böyük bir qürur mənbəyidir ki, 1993-cü ilin iyununda Heydər Əliyev böyük siyasətə qayıdışa parlamentdən başlamış, dörd aya yaxın Azərbaycan parlamentinin sədri vəzifəsində çalışmışdır. Ulu Öndər Heydər Əliyevin respublikanı xilas etmək üçün keçirdiyi bütün görüşlərə, qəbul edilən bütün qərarlara məhz Milli Məclis evsahibliyi etmişdir. 15 iyun tarixə qədər parlamentdə siyasi intriqalara, hakimiyyəti zəbt etmiş qrupların çəkişməsinə, məzmunsuz müzakirələrə vərdiş etmiş ictimai rəy üçün Heydər Əliyevin formalaşdırdığı nizam-intizam, demokratik mühit, siyasi mədəniyyət tamamilə yeni bir mənzərə idi. Artıq Heydər Əliyev Azərbaycan parlamentinin rəhbəri kimi, ictimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görməyə, vətəndaş həmrəyliyinin, ictimai-siyasi sabitliyin əsaslarını yaratmağa, parlament özünün qanuni funksiyalarını və vəzifələrini yerinə yetirməyə, milli maraqları müdafiə edən demokratik bir təsisat kimi özünü göstərməyə başlamışdır. 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi 1993-2003-cü illər sabitlik və inkişaf dövrü kimi xalqımızın tarixində öz şərəfli yerini almışdır. Hər bir inkişafın təməlində sabitlik amili dayanır. Ümummilli Lider Azərbaycanın inkişafa doğru irəliləməsi üçün ilk olaraq ölkədə vətəndaş birliyi və həmrəyliyi amilinə söykənən möhkəm sabitlik yaratmış, ölkəmizin müstəqilliyinə qarşı təxribat cəhdlərinin və separatçı meyillərin qarşısı alınmışdır. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl tədbirlər reallaşdırılmış, ölkədə insan hüquq və azadlıqlarının, qanunun aliliyinin başlıca prinsiplərinin bərqərar olması üçün möhkəm əsaslar yaradılmışdır. Yeni iqtisadiyyat quruculuğu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkənin yeni enerji strategiyasının icrasına başlanılmışdır. Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, fikir və ifadə azadlığı təmin edilmiş, demokratik institutların formalaşdırılması və inkişafına etibarlı zəmin yaranmışdır.
Bu gün hər birimiz haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin memarı, banisi adlandırırıq. O, bütün sahələrdə dərin, universal biliklərə, geniş təcrübəyə malik rəhbər idi. Ona görə də hər zaman ən doğru həll yolu tapırdı. Necə ki, 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan sonra respublikanın sürətli inkişafını təmin edərək, onun aqrar respublikadan qabaqcıl sənaye respublikasına çevrilməsinə müvəffəq olmuşdusa, 1993-cü ildən sonra isə müstəqil Azərbaycanı sovet "şinel"indən, tipik postsovet ölkəsi platformasından çıxararaq, onun müasir, dinamik inkişaf edən, beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi tanınmasına nail olmuşdur.

 

Regionun görkəmli şəxsiyyəti, qlobal miqyaslı siyasətçi

 

Bu gün bir çox analitik, siyasətçi Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyəti haqqında danışarkən onu Azərbaycan xalqını və dövlətçiliyini uçurumdan, məhv olmaq təhlükəsindən xilas etmiş xilaskar lider kimi xarakterizə etməklə yanaşı, Ümummilli Liderimizi qlobal məkanda da böyük nüfuza malik, adı hörmət və ehtiramla anılan dövrünün nəhəng siyasi və dövlət xadimlərindən biri kimi təqdim edirlər. Çünki Heydər Əliyev əməlləri ilə dünyanın ən qüdrətli siyasi xadimləri ilə bir sırada dayanmaq haqqı qazanmışdır. Onun beynəlxalq münasibətlər sistemində mövcud olan problemlər və çağırışlarla bağlı fikirləri, mülahizələri beynəlxalq siyasi mərkəzlər tərəfindən daim diqqətlə izlənilmiş, Ulu Öndərlə görüşlərə böyük maraq göstərilmişdir. Dünya liderləri Heydər Əliyevi böyük bir regionun ən əsas şəxsiyyəti adlandırarkən Ulu Öndərimizin misilsiz xidmətlərinə istinad edirlər. Ona görə də biz bu gün Ümummilli Liderimiz haqqında danışarkən tam obyektiv olaraq, onu qlobal miqyaslı şəxsiyyət kimi xarakterizə edirik. 
Heydər Əliyevin xarici və regional siyasətlə bağlı baxışları kifayət qədər praqmatik və konseptual idi. O, geosiyasi məkanda baş verən dəyişikliklərin məntiqini çox dəqiq duyur, Azərbaycanı xarici təhdidlər qarşısında qətiyyətlə qoruyurdu. Ölkəmizin çox gərgin regionda yerləşməsinə baxmayaraq, Ulu Öndərin yanaşmasında geopolitik maraqların toqquşması deyil, milli mənafelərimizə uzlaşdırılması qırmızı xətti təşkil edirdi. Heydər Əliyev üçün xalqımızın ali mənafeləri hər şeydən üstün idi. Bu, onun müəllifi olduğu xarici siyasət strategiyasının dəyişməz tələbi idi. Bu siyasət qısa müddət ərzində Azərbaycanın beynəlxalq inteqrasiyasını təmin etmiş, ölkəmiz mühüm beynəlxalq platformalarda uğurla təmsil olunmağa başlamışdır. Azərbaycan qlobal əməkdaşlıq məkanı, beynəlxalq dialoq və sülhün ünvanı kimi geniş nüfuz qazanmışdır.
Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə sayəsində "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin arzuları həyata keçmişdir. İndi Ulu Öndərin ruhu şaddır! Çünki bu gün Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalanır!

 

Heydər Əliyev ideyalarının həyata keçirilməsinə və onun irsinin geniş təbliğ olunmasına misilsiz töhfələr

 

Müstəqil Azərbaycan dövləti Ulu Öndərin indiki və gələcək nəsillərə ərmağanı, onun zəngin və əvəzsiz irsi xalqımızın milli sərvətidir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli Lider Heydər Əliyevin əvəzsiz siyasi irsindən faydalanacaq, bu irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq. Bu sərvəti, bu irsi qorumaq, onu gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Bu işdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti möhtəşəm bir örnək, mayak təşkil edir.
20 il öncə fondun təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Fondun qarşısında böyük vəzifələr durur... Ümid edirəm ki, Azərbaycanın ictimai həyatında fondun rolu böyük olacaqdır". 
Heydər Əliyev Fondu ötən dövrdə çoxşaxəli fəaliyyəti ilə üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmiş, xalqımızın inam və etimadını doğrultmuşdur. Fond bu 20 ildə Azərbaycanın ictimai həyatında oynadığı böyük roluna, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, həyata keçirdiyi layihələrin miqyasına və bənzərsizliyinə görə ölkəmizdə analoqu olmayan yeni qurum olduğunu, ictimai fəaliyyətlər seqmentinə yeni nəfəs gətirdiyini sübut etdi. 
Mehriban xanım Əliyeva fondun rəhbər tutduğu dəyərləri, qarşısında duran vəzifələri bu sözlərlə ifadə edib: "İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır". Əlbəttə, bu gün Heydər Əliyev Fondunun əldə etdiyi misilsiz nailiyyətlərin əsasında fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq və rəhbərlik qabiliyyəti, səriştəsi və peşəkarlığı, gərgin əməyi və böyük zəhməti dayanır. Hörmətli Mehriban xanım Əliyevanın xeyirxahlığı, humanizmi fondun fəaliyyət prinsiplərinə sirayət edir. Heydər Əliyev Fondu ona üz tutan insanlara ümid olur, onların gümanlarını boşa çıxarmır.
Əsas qayəsi Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək olan Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər elm, təhsil, səhiyyə, idman, ekologiya da daxil olmaqla, həyatın bir çox sahəsini əhatə edir. O cümlədən ölkəmizdə bir sıra sosial problemlərin həlli, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək Heydər Əliyev Fondunun ali məramlı fəaliyyətinin əsas istiqamətlərindəndir. Mədəniyyət və incəsənət xadimlərinə, yaradıcı potensiala malik insanlara dəstək göstərilməsi, Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğ olunması, qədim mədəniyyət ənənələrimizin tanıdılması istiqamətində həyata keçirilən tədbirlər fondun ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətinə əhəmiyyətli töhfələridir. Bundan başqa, ölkəmizin beynəlxalq nüfuzunun artırılması ilə bağlı görülən işlər, bu məqsədlə çoxsaylı kitabların çap olunması, təbliğat materiallarının hazırlanması və yayılması, sərgilərin, elmi-praktik konfransların, simpoziumların təşkili Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında vacib rol oynayır.
Heydər Əliyev Fondu İkinci Qarabağ müharibəsində qələbəmizə, xalqın müzəffər Ali Baş Komandanın və Ordumuzun ətrafında yumruq kimi birləşməsinə yüksək töhfələr vermişdi. Fond tərəfindən şəhid ailələrinə, döyüşlər zamanı sağlamlığını itirmiş əsgər və zabitlərimizə hərtərəfli dəstək göstərilməsi tarixi Zəfərimizi təmin edən amillərdən biri qismində çıxış etmişdir. Bu gün isə Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində, quruculuq işlərində yaxından iştirak edir. 

 

Heydər Əliyevin parlaq əməlləri xalqımızın yaddaşında əbədi yaşayır 

 

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin qurucusu və banisi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü tamam olur. Zaman sürətlə ötüb keçsə də, Heydər Əliyevin tariximizdəki yeri dəyişmir, parlaq əməlləri əbədilik hüququ qazanaraq, xalqımızın milli yaddaşında yaşayır, O, bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub" deyən Heydər Əliyev bütün mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışmış, istedadını, bilik və bacarığını milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə sərf etmişdir. Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı, parlaq səhifələrini təşkil edir. 
İndi ən böyük vəzifə Ümummilli Liderin başlatdığı islahatların, əldə olunan nailiyyətlərin davamlılığının, uğurlu dövlət idarəçiliyinin, siyasi varisliyin hüquqi, demokratik yolla təmin olunmasının həyata keçirilməsidir. 2003-cü ildən Heydər Əliyev ideyalarının, siyasi xəttinin ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirmiş, özünün çoxəsrlik dövlətçilik tarixində ən böyük nailiyyətləri qazanmışdır. Prezident İlham Əliyev möhtəşəm fəaliyyəti ilə xalqımızın etimadını və inamını doğrultmaqla yanaşı, Ulu Öndərin də arzuladığı qüdrətli, güclü Azərbaycanı yaratmışdır. Bu gün gələcəyə doğru inamla irəliləyən müasir qüdrətli Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir!

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video