Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ili tamam olur. Respublikamızın hər yerində Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilir, bu münasibətlə müxtəlif tədbirlər təşkil olunur. Bütün bunlar bir daha göstərir ki, xalqımızın öz əbədiyaşar liderinə ehtiramı və sevgisi tükənməzdir.
Azərbaycanın müasir tarixində bir çox hadisələr baş vermişdir. Bu dövrdə respublikamız enişli-yoxuşlu yollar keçmiş, müstəqilliyinə nail olmuş, işğala məruz qalmış, döyüş yolu ilə torpaqlarını azad etmişdir. Bu dövrün ən böyük həqiqəti isə odur ki, Heydər Əliyev siyasəti hər zaman Azərbaycana inkişaf, yüksəliş və məğrurluq gətirmişdir. Ulu Öndər bütün zamanlarda və tarixi şəraitlərdə, ən gərgin vaxtlarda öz xalqının yanında olmuşdur. Məhz Heydər Əliyev siyasi müdrikliyi ilə tarixin gedişatını öz xalqının xeyrinə dəyişmişdir.
Azərbaycanın hələ sovet illərində inkişafının ən yüksək səviyyəsinə yüksəlməsi, milli, iqtisadi və sosial sahələrdə nail olduğu intibah birmənalı şəkildə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sovet dövlətinin sərt tələbləri, öz ideoloji xətti vardı. Belə bir şəraitdə müttəfiq respublikaların rəhbərlərinin müəyyən olunmuş çərçivələrdən kənara çıxaraq öz xalqları naminə xüsusi fəaliyyət həyata keçirmələri çətin idi və ya ümumiyyətlə mümkün deyildi. Heydər Əliyevin böyüklüyü onda idi ki, məhz həmin çətin şəraitdə Azərbaycanın hərtərəfli yüksəlişinə nail ola bilmişdi. Neftlə zəngin olmasına baxmayaraq, ötən əsrin 60-cı illərinə qədər Azərbaycanın keçmiş ittifaqın əsasən aqrar respublikası kimi tanınması sovet rəhbərliyinin ölkəmizə qarşı ögey və laqeyd münasibətinin göstəricisi idi. Lakin Heydər Əliyev qətiyyəti və iradəsi ilə iqtisadiyyatda dönüş yaratdı, Azərbaycanı öz iqtisadi göstəricilərinə görə keçmiş ittifaqın qabaqcıl respublikalarının cərgəsinə çıxardı.
Heydər Əliyev öz milli köklərinə, xalqımızın mənəvi dəyərlərinə son dərəcə bağlı şəxsiyyət idi. Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli dəyərlərinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə yönəlik tədbirlərin həyata keçirilməsi də bundan irəli gəlirdi. Sovet ideologiyasının hakim olduğu, milli dəyərlərin qabardılmasının son dərəcə təhlükə yaratdığı bir dövrdə məhz Heydər Əliyevin nümayiş etdirdiyi böyük cəsarət cəmiyyətimizdə milli özünüdərkin güclənməsində böyük rol oynamışdı. Tədbirlərdə ana dilində danışan, Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail olan, şair və yazıçılarımızı repressiyalardan xilas edən Ulu Öndər milli kimliyimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün nə lazımdırsa, hamısını etmişdi.
Ümumiyyətlə, 1969-1982-ci illərdə respublikamızda cəmiyyət həyatının bütün sferalarında baş verən dəyişikliklər, yeni və möhkəm iqtisadi bazanın formalaşması, xalqımızın milli dünyagörüşünün yüksəlməsi Azərbaycanın intibahı idi. Bu gün tariximizin ötən əsrin 70-80-ci illərində baş verənləri nəzərdən keçirəndə görürük ki, Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi bütün tədbirlərlə həm də Azərbaycanın gələcək müstəqilliyinin möhkəm və etibarlı strateji əsaslarını yaratmışdı. Belə ki, Azərbaycanın inkişafı, milli özünüdərkin yüksəlməsi cəmiyyətimizdə azadlıq və müstəqillik ideyalarının formalaşmasına yol açmışdı.
Müasir tariximizdə baş verənləri təhlil edəndə aydın olur ki, Ulu Öndər Heydər Əliyev özünün müdrik siyasi dühasına əsaslanaraq, Azərbaycanın müstəqilliyinə nail olacağını görürdü. Əlbəttə, bunun üçün mübarizə aparılmalı idi və təsadüfi deyil ki, böyük şəxsiyyətin 1990-cı ildən etibarən həyata keçirdiyi fəaliyyətin əsas qayəsini məhz Azərbaycanın müstəqilliyinin bərpa olunması təşkil edir. Bu baxımdan Heydər Əliyevin təşəbbüsləri ilə 1990-cı ildə Naxçıvan Ali Məclisində qəbul edilən qərarlar xalqımızın milli azadlıq mübarizəsini daha da alovlandırmışdı.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi xalqımızın böyük milli-siyasi nailiyyəti oldu. Amma o illərdə baş verənlər göstərirdi ki, müstəqilliyi qoruyub saxlamaq, onu əldə etməkdən daha çətindir. Müstəqilliyimizin ilkin çağlarında Azərbaycana rəhbərlik edənlərin naşı, səbatsız və həm də xəyanətkar fəaliyyətləri yenicə qazandığımız azadlığımızı itirilmək təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ilin iyun ayında Gəncədə baş verən hadisələr Azərbaycandakı dərin siyasi-hərbi böhranın artıq pik səviyyəyə çatdığını göstərirdi. Həmin ağır, çətin və məşəqqətli günlərdə Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi Azərbaycanı labüd təhlükələrdən xilas etdi. Bu mənada Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük tarixi xidmətlərindən biri də 1993-cü ildə həyata keçirdiyi və uğurla yekunlaşdırdığı xilaskarlıq missiyasıdır.
Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi qorudu, dövlətçiliyimizi yaşatdı, müasir Azərbaycan dövlətinin etibarlı və sarsılmaz təməllərini yaratdı. Ona görə Heydər Əliyevin adı tariximizə müasir Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri kimi həkk olunub.
Bir daha qeyd edək ki, Heydər Əliyev siyasəti hər zaman Azərbaycana inkişaf, yüksəliş və məğrurluq gətirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı, dünya birliyində öz yerini möhkəmləndirməsi, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi və nail olduğu çoxsaylı digər tarixi nailiyyətlər bunu təsdiq edir. Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə respublikamızın yüksəlişi və uğurları həqiqətən qürurvericidir. Azərbaycanı öz tarixinin ən qüdrətli dövləti səviyysinə yüksəltməklə cənab Prezident İlham Əliyev həm də Heydər Əliyevin arzularını yerinə yetirmişdir.
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu isə torpaqlarımızın işğaldan azad edilməsi idi. Ulu Öndər inanırdı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu taleyüklü məsələ də öz həllini tapacaq. Ulu Öndərin 2003-cü ilin oktyabrında xalqımıza etdiyi müraciətdə də bu inam ifadə olunmuşdur. "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə Heydər Əliyev müraciətində bildirmişdi.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyə başladığı 2003-cü ildən sonrakı dövrün təhlili göstərir ki, dövlətimizin başçısının fəaliyyətində torpaqlarımızın işğaldan azad edilməsi başlıca məqsəd olmuşdur. Bu məqsədə nail olunması üçün Prezident İlham Əliyev kompleks işlər həyata keçirmiş, həm siyasi, diplomatik, həm iqtisadi, həm də hərbi sferada etibarlı əsaslar yaratmışdır. Bu baxımdan 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması, 2023-cü ilin sentyabrında Qarabağdakı erməni separatizminin tamamilə aradan qaldırılması Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin təntənəsinə çevrildi. Bununla həm də Heydər Əliyevin ən böyük arzusu yerinə yetirildi.
Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi strateji əsaslar üzərində inkişaf edir, gələcəyə doğru addımlayır. Bu yolda isə bizi qarşıda daha böyük nailiyyətlər gözləyir. Doğum günündə bir daha Ulu Öndər Heydər Əliyevi ehtiramla yad edir, xatirəsi önündə baş əyirik.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı