27 Sentyabr 2022 01:38
2676
SİYASƏT
A- A+
Tarixə çevrilən "Anım günü" yürüşü

Tarixə çevrilən "Anım günü" yürüşü

 

2020-ci ilin 27 sentyabrı böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi kimi tarixə yazıldı. Həmin gündən Vətən savaşının qələbə dolu əks-sədası eşidildi. Böyük qələbəmizə doğru ilk addımın atıldığı gün heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən savaşındakı şücaəti, əzmkarlığı nəsillərə örnək olacaq. Şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq. 
Xalqımız sentyabrın 27-də Ermənistan silahlılarının növbəti təxribatına cavab olaraq ordumuza hücum əmri verən və bununla regionda yeni bir reallıq yaradan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Qələbə ilə daim qürur duyacaq.
Son bir neçə əsrlik tariximizdə buna bənzər zəfər olmayıb!
Prezident İlham Əliyev iki əsr ərzində yeganə ağır problemimiz olan Qarabağ münaqişəsini həll edə bildi. Yoluna qoyulması mümkün olmayan, hər dəfə yenidən alovlananda minlərlə insanın, ailənin faciəsi ilə nəticələnən, regionun bu günü və gələcəyi üçün ən böyük təhdid kimi qalan bu münaqişəni "dəmir yumruğ"un zərbəsi ilə cəmi 44 gündə həll etdi.
27 Sentyabr ölkəmizdə Anım günüdür! Bu, qürurun, fəxarətin iztirablara üstün gəldiyi, xalqımızın keçmişinə boylanaraq öz böyüklüyünü bütün əzəməti ilə dərk etdiyi gündür.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad olunan torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, eləcə də bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Anım günü" təsis edilmişdir. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə ötən il Bakıda təşkil olunmuş möhtəşəm "Anım yürüşü"nün keçirilməsinin ildönümüdür. Düz bir il əvvəl səhər saatlarında Bakının əsas prospektlərindən olan Neftçilər prospektində yaşanan mənzərə bu görüntüləri izləyənləri riqqətə gətirmişdi. 
Ali Baş Komandan və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ali hərbi məktəblərin gənc kursantları və hərbçilərimizlə birgə əllərində Vətən müharibəsi şəhidlərinin fotoları əks olunmuş plakatları qaldıraraq qətiyyətli addımlarla irəliləyirdilər. Yürüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edirdi. Hər şəhidimizin yerini onun fotosunu ucalara yüksəltmiş bir Azərbaycan övladı tutmuşdu. Yürüşün insanı duyğulandıran mənzərəsi, yaratdığı məna yüksək təşkilatçılıqdan, hər detalın diqqətlə düşünüldüyündən xəbər verirdi. Azərbaycan bu "Anım günü" yürüşü ilə Vətən uğrunda qurban getmiş insanlara ehtiramın, onların müqəddəs xatirəsinin yad edilməsi anlarının da mükəmməl örnəyini yaratdı. Qürurun, güclü bir dövlətə aidlik duyğusunun, bu dövlətin Ali Baş Komandanından başlamış sıravi vətəndaşına qədər öz igid qəhrəmanlarına verdiyi dəyərin ifadəsi idi.

 

Bir igidin yerinə min igid gəlir

 

İstənilən müharibə münaqişələrin həlli üçün sonuncu çarədir. Çünki bütün müharibələrdə itkilər, ölümlər, insan faciələri labüd olur. Bütün bunların qisası döyüş meydanında alınsa da, hər biri təkrarolunmaz olan ömürləri geri qaytarmaq, onların itkisinin qəlbimizdəki dərin yarasını ovutmaq mümkün deyil. Üstəlik, biz humanizm hissindən tamamilə məhrum, adi insani duyğulardan xali, müharibənin qayda-qanunları ilə bağlı heç bir normaya məhəl qoymayan vəhşixislətli azğın düşmənlə üz-üzə idik. Məlum idi ki, münaqişənin həlli üçün hərb yolundan başqa əlac qalmasa, hər iki tərəfdən xeyli itkilər olacaq. Məhz elə buna görə Azərbaycan illər boyu səbirlə, təmkinlə sülh danışıqlarına sadiq qaldı, məsələnin müharibəsiz, itkilərsiz həlli üçün bütün imkanları dəyərləndirdi. Düşmənin 2020-ci ilin yayında əsəbləri tarıma çəkən təxribatları daha hərbdən başqa heç bir yolun qalmadığını göstərdi. Şanlı ordumuz əks-hücuma keçərək torpaqlarımızı cəmi 44 günün içində işğaldan azad etdi. Ermənistan ordusu bu döyüşlərdə darmadağın edildi.
Yada salaq ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycandan 2907 nəfər şəhid olmuş, 7 nəfər itkin düşmüş, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində 94 mülki şəxsimiz həlak olmuş və onlara da şəhid statusu verilmişdi. Düşmənin hədəf aldığı Gəncə şəhərinin, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də, ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdirirdilər. Şəhidlərimizin qisasının döyüş meydanında alınmasını, torpaqlarımızın işğaldan azad olunmasını, illərdir Vətənin köksündə qövr edən bu yaranın birdəfəlik sağalmasını istəyirdilər.  
Dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş igidlərimizin, itkin düşən hərbçilərimizin, eləcə də Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilmiş mülki əhalimizin hər birinin fotoları ilə edilən bu yürüş xalqımızın birliyinin daimi və sarsılmazlığının, Vətənə sevginin, şəhidlərimizə ehtiramın əbədiliyinin nümayişi idi. 
Bu yürüş həm də onu göstərirdi ki, Azərbaycan xalqının Vətən uğrunda canını fəda etmiş hər igidinin yerinə minlər gəlirlər. Şəhadət zirvəsinə ucalmış qəhrəmanlarımızın cismani yoxluğu sıralarımızı əksiltmir ki, artırır, onların yaratdığı örnək, Azərbaycana sevgi nümunəsi bu Vətən üçün hər an mübarizəyə qalxan, fədakarlıq göstərməyə hazır olan minlərlə igid yetişdirir. Ötən il Anım günü münasibətilə xalqa müraciətində Azərbaycan Respublikasının Prezidenti dedi: "Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq...
Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib".
44 günlük Vətən müharibəsinin hər günü böyük bir tarix oldu!

 

İki fotonun hekayəsi

 

Ali Baş Komandan bir il əvvəlki "Anım günü" yürüşündə şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı aparırdı. Müdafiə Nazirliyinin hərbi hissəsinin zabiti, baş leytenant Adil İbrahimli 2020-ci il noyabrın 7-də Xocavənd rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı həlak olub. O, Şuşa istiqamətində aparılmış döyüş əməliyyatlarında xüsusi tapşırıqların yerinə yetirilməsində şəxsi igidlik göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Adil İbrahimlini "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edib.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə yürüşdə şəhid Narin Teymur qızı Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləyirdi. Narin Xalıqova 2019-cu il dekabrın 17-də Gəncə şəhərində doğulub. Ailənin tək övladı olan Narin 5 illik həsrətin sonunda dünyaya göz açmışdı. O, 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində anası Sevil Əsgərova, həmçinin yaxın qohumları Suliddin Əsgərov, Bəxtiyar Əsgərov, Nigar Əsgərova ilə birlikdə həlak oldu. Nazirlər Kabinetinin qərarına əsasən, Narinə də şəhid statusu verildi. 
Yan-yana irəliləyən bu iki foto həm də ibrətamiz bir hekayəni nəql edirdi. Adil İbrahimli kimi igidlərimiz Vətən müharibəsində ona görə canlarını qurban verdilər ki, xalqımızın bir daha körpə Narinlər, müharibədən əvvəl ermənilərin bəşəri cinayətləri nəticəsində snayper gülləsi ilə qətlə yetirilmiş Zəhralar, Farizlər, Xocalıda öldürülən körpələr kimi itkiləri olmasın. Fidan ömürlü körpələrimizin ömrü yarıda qırılmasın. Azğın düşmən birdəfəlik məhv edilsin, ölümsaçan zəhərli nəfəsini Azərbaycandan çəksin. Bu yurdun körpələri, gələcək nəsillərimiz əzəli-əbədi yurdlarımızda xoşbəxt, qayğısız, sülh və əmin-amanlıq içində böyüyüb həyatlarını doya-doya yaşasınlar. 
"Anım günü" yürüşü həmin gün Ali Baş Komandanın təməlini qoyduğu Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin inşa olunacağı əraziyə qədər davam etdi.

 

Birlik mənzərəsi

 

Vətən müharibəsində qazandığımız qələbə həm də milli birliyimizin qələbəsi oldu, bizi həyatımızdakı 30 illik natamamlıq kompleksindən qurtardı. İllərlə ürəyimizdə gəzdirdiyimiz ağır yükdən xilas olduq. Ömrümüzdəki boşluq qələbə ruhu, nigaran yurdlarımıza qovuşmağın vüsalı ilə doldu. Bu müharibədə həyatlarını Azərbaycanın ərazi bütövlüyü, haqq-ədalət uğrunda  qurban vermiş şəhidlərimiz milli ruhumuzu, qürurumuzu özümüzə qaytardı. Onların arasında Azərbaycanın bütün bölgələrinin, ölkəmizdə yaşayan xalqların nümayəndələrinin burada - şəhadət zirvəsində təmsil olunduğunu görərik. Milli yaddaşımızda qan qardaşı, insanların əhd bağlaması kimi bir inanc var. Nağıllarımızın, dastanlarımızın qəhrəmanları bəzən bu ayini yerinə yetirərək həmişə bir-birinə, ümumi ideallarına, addımladıqları birgə yola sadiq qalacaqlarına and içər və andlarına heç vaxt xilaf çıxmazdılar.Vətən müharibəsi zamanı da müxtəlif ailələrdən, evlərdən, obalardan olan şəhidlərimizin Azərbaycan torpaqlarına qarışan qanları ilə bu xalq bir-birinə daha da doğmalaşdı, birliyimiz möhkəmləndi, mətinləşdi.
"Anım günü" yürüşündə ucalara qaldırılan şəhid fotoları arasında müxtəlif xalqların təmsiçilərinin şəkilləri vardı. Həmin gün şəhidlərimizin əziz xatirəsi məscidlərdə olduğu kimi kilsələrdə, sinaqoqlarda, məbədlərdə də anılırdı, Tanrıya onların ruhuna müxtəlif dillərdə dualar oxunurdu. Bölgəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması arzusu dilə gətirilirdi. Bununla bir daha göstərilirdi ki, Vətən müharibəsindəki qələbəmiz kimliyindən asılı olmayaraq bu torpaqları özünə doğma yurd bilən, dövlətçilik dəyərlərimizə hörmət bəsləyən və Azərbaycanın bütövlüyü, dəyərləri uğrunda vuruşmağa hər an hazır olan, eyni zamanda əbədi sülh istəyən, gələcək nəsillərin təhlükəsizliyini təmin etməyə özünü mənən borclu bilən bütün insanların zəfəridir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində xalqımızın belə bir milli qürur tarixini yazdı.
Vaxtilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda indi yenidən həyat canlanır, insanlarımız dogma yurdlara qayıdırlar. Bu gün azad torpaqlarımızda üst-üstə hörülən hər kərpic, əkilən hər ağac, yaradılan hər abadlıq nişanəsi qanı bu torpaqlara qarışmış igidlərimizin xatirəsinə bir abidədir, onların əbədiyyət ömrünün rəmzləridir. Azərbaycan xalqı şəhidlərini heç zaman unutmayacaq, onlar qəlblərdə, yaddaşlarda, xatirələrdə hər zaman nur çöhrələri, sevgi, qürur, təbəssüm dolu baxışları ilə əbədi qalacaqlar.
Müzəffər ordumuzun şəhidlərin canı-qanı bahasına bu gün yazdığı tarix davam edir. Reallıq göstərir ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil ölkəmizin milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Azərbaycan Prezidentinin yetişdirdiyi gənclik Vətən müharibəsində misilsiz qəhrəmanlıq, şücaət göstərərək dünyanı heyrətə gətirdi. Anım günü bizə həm də bu həqiqəti xatırladır.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!