30 Mart 2024 08:55
440
İQTİSADİYYAT
A- A+

Suyu torpağın qanı da adlandırmaq olar

 

Meliorasiya və su təsərrüfatında görülən işlər nikbin proqnozlara əsas verir

 

Əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməyin əsas yollarından biri  də torpağın məhsuldarlığının artırılmasıdır. Bu isə bir sıra aqrotexniki tədbirlərlə yanaşı, suvarma işlərinin düzgün və vaxtında təşkil edilməsindən asılıdır. Su təsərrüfatı düzgün qurulmasa, ondan vaxtında və səmərəli istifadə edilməsə, meliorasiya və irriqasiya işləri gözlənilən nəticəni verməz. 
Azərbaycan qədim suvarma əkinçiliyi diyarıdır. Zaman-zaman əkinçiliyin inkişafı suya olan tələbatı artırıb. Belə olan halda suvarma suyunun düzgün bölüşdürülməsi və onun idarə edilməsi meydana çıxmağa başlayıb. Hazırda suvarmada ən müasir texnologiyalardan istifadə olunur, innovasiyalar tətbiq edilir. 
Ölkə üzrə kənd təsərrüfatında istifadəyə yararlı olan 4 milyon 500 min hektar torpaq sahəsindən 3 milyon 200 min hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğu üçün Azərbaycanda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılıb. İri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilib, suvarılan torpaqların ümumi sahəsi 2,6 dəfədən çox artıb. Kənd təsərrüfatı məhsullarının istehsalı əsasən mühəndis-texniki meliorasiya və irriqasiya sistemləri ilə təchiz edilmiş minlərlə hektar suvarılan torpaqlarda cəmləşdirilib. İstehsal olunan məhsulun  çox hissəsi suvarılan torpaqlardan götürülür. 
Vaxtilə suvarılan sahələrin 128 min 800 hektarı işğal altında idi. Ermənilər  30 il ərzində 6426 kilometr  suvarma və 330 kilometr kollektor-drenaj şəbəkəsini, 88 nasos stansiyasını, 1429 subartezian quyusunu, 2 hidroqovşağı yararsız hala salmışlar. Odur ki, bu gün Qarabağ və Şərqi Zəngəzurun meliorasiya və su təsərrüfatında ənənəvi suvarma üsullarını damcı və çiləmə kimi texnologiyalarla əvəzləmək üçün işlər aparılır. 
Ümumilikdə ötən il Azərbaycanda suvarılan torpaqların deqradasiyasına (şorlaşma, şorakətləşmə, erroziya, bataqlaşma və s.) qarşı mübarizə məqsədilə suvarılan torpaqlarda şorlaşmanın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparılıb. Suvarılan torpaqların meliorativ vəziyyəti qiymətləndirilib, meliorativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirilib, irriqasiya və meliorasiya sistemlərinin istismarı həyata keçirilib. Su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, 2022-ci ilə nisbətən isə 2,2 milyard kubmetr  artıq həcmdə su toplanıb ki, bu da su qıtlığı şəraitində əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərməklə yanaşı, cari ilin suvarma mövsümü üçün nikbin proqnozlar verir. 
Suvarma və kollektor-drenaj şəbəkələrində 52,4 milyon kubmetr həcmində (39,2 milyon kubmetr suvarma, 13,2 milyon kubmetr kollektor-drenaj şəbəkəsi) lildən təmizləmə işləri aparılıb. Torpaq məcralı kanalların 58 kilometr hissəsi beton üzlüyə alınıb, 2,9 min hidrotexniki qurğu, 6,4 min subartezian quyusu, 291 nasos stansiyası əsaslı və cari təmir edilib. Cay məcralarında 10,4 milyon kubmetr həcmində məcratəmizləmə işləri görülüb. Bundan başqa, 946 kilometr şax-daş və faşın, 1,1 min kubmetr qabion, 16,5 min kubmetr həcmində daş-beton bəndlərdə təmir işləri  yerinə yetirilib.
2023-cü ildə  suvarılan  torpaq sahələri suvarma suyu ilə təmin edilib. Ölkə üzrə bütün kənd təsərrüfatı bitkiləri 1465,5 min hektar sahədə orta hesabla 3,4 dəfə suvarılıb. Dənli bitkilər 559,6 min hektarda 2,4 dəfə, pambıq 94,8 min hektarda 3,6 dəfə, tütün 2,7 min hektarda 4,5 dəfə, yem bitkiləri 422,9 min hektarda 3,5 dəfə, bostan-tərəvəz bitkiləri 67,7 min hektarda 6,2 dəfə və həyətyanı sahələr 146,3 min hektarda 5,4 dəfə suvarılıbdır. 2024-cü ilin məhsulu üçün taxıl sahələri arat və səpindən sonra suvarma suyu ilə təmin olunub. Həmin əkinlər 481,7 min hektarda 0,8 dəfə suvarılıb. Bütün suvarma mənbələrindən 9,85 milyard kubmetr su götürülüb, su istifadəçilərinə isə 7,23 milyard kubmetr  su verilib.
Meliorasiya və irriqasiya sistemlərinin istismarı, bu istiqamətdə təmir-bərpa işlərinin görülməsi,  eləcə də kənd təsərrüfatı bitkilərinin suvarma suyuna olan tələbatının təmin edilməsi, suvarılan torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə davam edir.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video