07 Yanvar 2022 00:30
1846
SİYASƏT

Şuşada İLHAM ƏLİYEV zirvəsi

 

Müzəffər liderin bu şəhərə ötənilki 7 səfəri nəticəsində mədəniyyət paytaxtımızın siması sürətlə dəyişdi, tarixi əzəməti geri qaytarıldı

 

“...Mən yeni ili “Şuşa ili” elan edirəm...”

Azərbaycan Prezidenti İlham Əliyev bu möhtəşəm xəbəri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti zamanı açıqladı. İlham Əliyev onu da qeyd etdi ki, bu il, 1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa şəhərinin 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək.

Bəli, ölkə Prezidenti tərəfindən verilən hər iki qərar həm Şuşanın şanlı tarixinin təntənəli bayramının qeyd edilməsi, həm də mədəniyyət beşiyimizin, Qarabağın baş tacının bərpasını, dirçəldilməsini sürətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Şuşanın Azərbaycan xalqının, Azərbaycan Prezidentinin ürəyində hansı uca zirvədə dayandığını təntənəli şəkildə nümayiş etdirir...

Heç təsadüfi deyil ki, ötən il, işğaldan azad edilən torpaqlara 32 dəfə səfər edən İlham Əliyev, düz 7 dəfə yolunu Şuşa şəhərindən saldı. Qala şəhərimizdə böyük quruculuq işlərinə, ən genişmiqyaslı bərpa işlərinə start verdi, Şuşaya mütəmadi səfərlər edərək görülən işlərin gedişatı ilə şəxsən tanış oldu.

İlham Əliyevin hər gəlişinin Şuşanı necə möcüzəvi sürətlə dirçəltdiyinin, simasının dəyişdiyinin, ruhunun, tarixi əzəmətinin özünə qayıtdığının şahidi olduq...

 

Şuşanın dirçəlişinin təməlini Ulu Öndər qoymuşdu

 

Əslində, Şuşanın mədəni dirçəlişinin təməli hələ illər öncə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Ümummilli Liderin 1982-ci ildə Şuşaya 2 dəfə səfər edərək Vaqifin məqbərəsinin, Poeziya Evinin açılışında və orada keçirilən “Vaqif poeziya günləri”ndə iştirak etməsi xalqımızın, şuşalıların yaddaşına ən xoş xatirələr kimi həkk olunub. Foto və videoların da yaddaşına köçən həmin tarixi anlarda İlham Əliyev də Ulu Öndərlə bərabər Şuşada idi.

Düz 39 ildən sonra, 2021-ci ilin 15 yanvarında Vaqifin ermənilər tərəfindən dağıdılmış məqbərəsi önündə çıxış edən Prezident İlham Əliyev həmin günləri belə xatırlamışdı: “...Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü Ulu Öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı”.

İlham Əliyev işğala məruz qalmış torpaqlarımızın erməni tapdağı altında qalması ilə heç zaman barışmırdı və ötən bu illər ərzində daim yurdlarımızın azadlığı üçün çalışırdı. Şuşanın işğaldan qurtarılması isə, həm də İlham Əliyevin  ata nəsihətinə əməl etməsi kimi böyük xoşbəxtliyə nail olması demək idi.

Müzəffər Ali Baş Komandan 2020-ci ilin 8 noyabrında Şəhidlər xiyabanından Şuşanın azadlığını xalqımıza müjdələyəndə onu da qürurla söyləmişdi ki, ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt adamdır.

Hələ Şuşanın azadlığından əvvəl, İkinci Qarabağ müharibəsinin gedişi ərəfəsində də Prezident İlham Əliyev müsahibəsi zamanı Şuşanın azadlığının xalqımız üçün nə qədər əhəmiyyətli olmasını dilə gətirmiş, qətiyyətlə vurğulamışdı: “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

 

Şuşaya aparan “Zəfər” yolu

 

Şuşanın qəhrəmanlıqla düşmən tapdağından azad edilməsindən sonra isə növbə bu tarixi şəhərin əzəmətini bərpa etmək idi.

Prezident İlham Əliyev 2021-ci ilin 14 yanvarında, Şuşaya “Zəfər” yolu ilə səfər edərək, bu tarixi missiyanın uğurlu təməlini qoydu. İlham Əliyev bu səfəri zamanı illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhlarını şad etdi. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya - öz əzəli vətənlərinə qaytarılması qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi.

İki aydan sonra, martın 16-da dövlət başçısı yenidən Şuşaya üz tutdu, Vaqifin məqbərəsində tezliklə bərpa işlərinin başlayacağının, məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildiyinin, otuz il ərzində ermənilərin qurutduğu bütün bulaqlarımızın bərpa ediləcəyinin və bir çox möhtəşəm planların xoş xəbərini verdi.

Daha sonra Ali Baş Komandan xalqımızı ölkəmizin tarixində əlamətdar günlərdən olan və uzun fasilədən sonra Şuşada, Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalından salamladı. Mayın 12-də keçirilən festivalda Prezident qürurla qeyd etdi ki, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Bu festival isə Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir: “Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.

Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edən İlham Əliyev “Xarıbülbül” festivalındakı çıxışında onu da söylədi ki, “ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi”.

 

Şuşa Bəyannaməsi: Azərbaycan - Türkiyə müttəfiqliyinin rəsmi təminatı

 

Müstəqil Azərbaycan dövlətinin 15 İyun - Qurtuluş Günündə Prezident İlham Əliyev növbəti dəfə Şuşaya səfər etdi. Amma bu dəfə İlham Əliyev həm də qardaş ölkə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında salamladı. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada əsl tarixi salnamə yazdılar. Azərbaycan - Türkiyə əlaqələrini ən yüksək zirvəyə çatdırdılar, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar.

Tarixə əsaslanan bu bəyannamənin əhəmiyyəti haqqında danışan İlham Əliyev söylədi ki, bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb: “XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Öz növbəsində Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik: “Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.

 

Tarix təkrarlanır

 

Ötən il İlham Əliyevin Şuşaya möhtəşəm və unudulmaz səfərlərindən biri də avqustun 29-da oldu. Prezident “Qarabağ” hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonrakı açılışında, Molla Pənah Vaqifin büstünün, Bülbülün Ev-Muzeyinin bərpadan sonra, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışlarında iştirak etdi.

2021-ci ilin 30 avqustunda 1982-ci ildə Ulu Öndər tərəfindən açılışı edilən və 2021-ci ildə Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Vaqifin möhtəşəm məqbərəsinin önündə “Vaqif Poeziya Günləri”nə start verildi.

Poeziya günlərinin açılışında iştirak edən Prezident İlham Əliyev məlumat verdi ki, şəhərdə artıq çox böyük işlər görülüb və Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görürlər, Şuşanın bərpası ilə bağlı qısa müddət ərzində böyük işlər görülüb. İlk növbədə “Zəfər” yolu çəkilib. Magistral yol da çəkilir, Şuşanın elektrik təsərrüfatı bərpa edilib, yarımstansiya tikilib. Şuşaya suyun verilməsi bərpa edilib və indi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verilib. Vaqifin məqbərəsi artıq bərpa edilib. Ermənilər tərəfindən dağıdılan Vaqifin büstü bərpa edilib və ikinci açılışı həyata keçirilib. Üç məsciddə təmir-bərpa işləri gedir, Yuxarı Gövhər ağa məscidinin təmiri bitmək üzrədir. Saatlı və Aşağı Gövhər ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Natəvan bulağı bərpa edilib...

 

Tarixlə müasirliyin birləşdiyi məkan

 

Həmin tarixdə Prezidentin Şuşa səfəri çərçivəsində əlamətdar hadisələrdən biri də şəhərin müfəssəl hazırlanmış baş planı əsasında tikiləcək yeni yaşayış kompleksinin təməl daşının qoyulması oldu. Dövlət başçısına təqdim edilən Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın.

Baş plan hazırlanarkən şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.

Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək. İlham Əliyev söylədi ki, bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilirlər: “Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”.

 

Zəfər bayramının Şuşa təntənəsi

 

Bu qədim Azərbaycan şəhərinin azadlığının ilk ad günündə - 8 noyabrda  da Müzəffər Ali Baş Komandan Şuşada idi. 2021-ci ilin 7 noyabrında Şuşaya səfərə gələn İlham Əliyev əvvəlcə Füzuli rayonunda “Zəfər” yolunun açılışında iştirak etdi. Daha sonra Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Şəhər Xəstəxanasının təməllərini qoydu.

Dövlət başçısı Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış oldu.

8 Noyabr - Zəfər Günündə isə xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər.

Ali Baş Komandan İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış etdi, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini və Azərbaycan xalqını Zəfər günü münasibətilə təbrik etdi. Dövlət başçısı söylədi ki, bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.

8 noyabr 2021-ci ildə Şuşada qeyd olunan təntənəli Zəfər günü bütün beynəlxalq aləmə, doğma diyarlarımıza göz dikən işğalçılara bir daha mesaj verdi ki, Vətənimizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək qüdrətli Ordumuz, bu Orduya rəhbərlik edən qətiyyətli, əzmkar Baş Sərkərdəmiz var.

 

“Şuşa hər birimizi özünə çəkir”

 

2021-ci ilin 24 dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 60 illik yubileyini qalib sərkərdə, Müzəffər Ali Baş Komandan kimi Zəfərimizin qürur zirvəsi olan Şuşada qeyd etdi, aldığı yubiley təbriklərinə görə Cıdır düzündən təşəkkürünü çatdırdı. 

Dövlət başçısı Azərbaycan xalqına verdiyi müqəddəs vədin gerçəkləşməsinin qürurunu, üzərinə düşən ən böyük missiyanı ləyaqətlə yerinə yetirməyin fəxarətini, ata vəsiyyətinə əməl etməyin xoşbəxtlik hissini həmin gün bir daha Qarabağda keçirirdi.

Müzəffər lider fəxrlə diqqətə çatdırdı ki, Şuşaya bu il yeddinci səfəridir: “Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada - Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olduğunu bir daha təsdiqləyir. Amma eyni zamanda hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm”.

Bəli, hələ bundan 10 il əvvəl, 2011-ci ilin 24 dekabrında 50 illik yubileyini Qarabağ torpağında - Ağcabədidə Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün ailələri ilə birgə qeyd etdiyi gün İlham Əliyev sərkərdə qətiyyəti ilə dediyi kimi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, elə həmin gün vəd verdiyi kimi işğaldan azad edilən yurdlarımızda böyük quruculuq işlərinə başladı.

İlk növbədə isə Şuşada böyük quruculuq işlərinə start verildi və işğaldan azad edilmiş torpaqlar arasında ən genişmiqyaslı bərpa işləri də məhz Qarabağımızın baş tacında aparılmağa başlandı.

Prezident İlham Əliyevin birbaşa nəzarəti altında gündən-günə Şuşa dirçəlir, inkişaf edir, tarixi əzəmətini özünə qaytarır. Bütün bunlar isə onu göstərir ki, tezliklə mədəniyyət paytaxtımızda həyat yenidən qaynayacaq. Və qarşıdakı bütün illərimiz də şuşalı bəxtəvərlər kimi keçəcək...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video