24 May 2023 10:00
632
Mədəniyyət
A- A+

Şuşada bir ev var...

 

Mehmandarovlar soyuna məxsus malikanə kompleksi milli irsimizin möhtəşəm nümunəsidir

 

2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik olan Şuşa şəhərini - Qarabağın tacını işğalçılardan azad etdi. Bu, 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Şuşanın işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə ciddi təsir göstərdi, hərb meydanında olduğu kimi, diplomatiya meydanında da Azərbaycanın uğurlarını şərtləndirdi və xalqımızın tarixinə Zəfər Günü kimi yazıldı.
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı sərəncamda vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.
Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev tapşırmışdı ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən,  eyni zamanda tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir. Buna görə Şuşa işğaldan azad edildikdən dərhal sonra şəhərin bərpası istiqamətində işlərə başlanıldı.
Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə, xüsusilə Şuşada 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlamışdır. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi fəal dəstəyini göstərir. Aparılan genişmiqyaslı işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunmuşdur.
Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Heydər Əliyev Fondu artıq Şuşada bir neçə layihənin bərpasını başa çatdırmışdır. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması, Yuxarı Gövhər ağa, Saatlı məscidlərinin, Milli Xalça Muzeyinin Şuşa filialının, Yaradıcılıq Mərkəzinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı, Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin bərpa olunan məzarı və digərləri daxildir.
Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir. 2023-cü il mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etdilər.

 

Şuşanın tanınmış Mehmandarovlar soyu

 

Mehmandarovlar Qarabağın, Şuşanın qədim və məşhur soylarındandır. Bu soyun tarixçəsinə gəldikdə, mənbələrdə qeyd edilir ki, Qarabağ xanlığının idarəetmə aparatında bir çox hərbi və mülki vəzifələr mövcud olmuş və onlardan biri də mehmandar ("qonaqpərvər", "qonaqsevər") idi. Mehmandarın vəzifəsi xarici dövlətlərin nümayəndələrini və digər rəsmi qonaqları ölkənin sərhədində qarşılayaraq müşayiət etmək, hörmətlə xanlığın paytaxtına gətirib yerləşdirmək, onların istirahətlərini yüksək səviyyədə təşkil etmək olmuşdur. Bununla yanaşı, mehmandarlar xanlığa gələn qonaqların məktublarını saraya, xanın məktublarını isə onlara çatdırmaq vəzifəsini də yerinə yetiriblər. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin və oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə bu şərəfli və məsuliyyətli vəzifəni Mirzə Əli bəy həyata keçirirdi. Bu səbəbdən də 1830-cu illərdə Azərbaycanda yeni soyad sistemi formalaşarkən Mirzə Əli bəyin övladları və bu nəslin görkəmli nümayəndələri babalarının keçmiş vəzifəsini özlərinə soyad götürmüş və bütün rəsmi dövlət sənədlərində Mehmandarovlar kimi qeydə alınmışlar.
Mirzə Əli bəy yaşı ilə əlaqədar mehmandarlıq vəzifəsindən istefaya çıxarkən Mehdiqulu xan Cavanşir bir çox mükafatla yanaşı, ona Şuşanın qədim 17 məhəlləsindən biri olan, "Təzə məhəllə" adı ilə tanınan yerdə əlavə torpaq sahəsi də bağışlamışdı. Mirzə Əli bəy də burada o dövrün tanınmış memarı olan Kərbəlayi Səfixan Qarabağinin rəhbərliyi ilə heç bir binaya bənzəməyən malikanə tipli saray kompleksi inşa etmişdi. Qarabağ xanının mehmandarı Mirzə Əli bəyin üç oğlu olub: Mirzə Həsən bəy, Mirzə Sadıq bəy və Mirzə Mustafa bəy.
Mirzə Əli bəyin oğlu Mirzə Sadıq bəy Mehmandarov dövlət xidməti ilə əlaqədar Lənkəranda yaşamışdı. Mehmandarovlar soyunun görkəmli xadimlərindən olan Mirzə Sadıq bəyin oğlu, general Səməd bəy Mehmandarov 1856-cı ildə Lənkəranda anadan olmuşdur. 1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Səməd bəy Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağrılaraq, hərbi nazirin müavini təyin edilmiş, nazirliyin və ordunun formalaşdırılması ona tapşırılmışdı. Onun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, ən başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də tezliklə öz təsdiqini tapmışdı. 1918-ci il noyabrın 1-də o, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirinin müavini, həmin il dekabrın 25-də isə hərbi nazir təyin edilmiş və qısamüddətli fəaliyyəti dövründə 30 minlik milli ordu yaratmağa nail olmuşdu. 1928-ci ildə Səməd bəy Mehmandarov səhhətinə görə orduda xidmətdən tərxis olunmuşdu. O, rus, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfəsi ilə məşğul olan Səməd bəy Mehmandarov 1931-ci ildə Bakıda vəfat etmişdir.
Mirzə Əli bəyin kiçik oğlu Mirzə Mustafa bəy Mehmandarov 1825-ci ildə Şuşa şəhərində anadan olub. Şuşa qəza məktəbini bitirən Mustafaya savadlı olduğuna görə şuşalılar "Mirzə" deyə müraciət etmişlər. 1843-cü ildə Şuşa qəza idarəsində katib işləmiş Mirzə Mustafa bəy Mehmandarov 1870-ci ildən Şuşa və Zəngəzur qəzalarında seçki üzrə ali müsəlman silkindən Şuşa bəy komissiyasının üzvü olmuş, kollec katibi, müşavir, xeyriyyəçi, xəttat, publisist kimi tanınmışdır. Şuşada qardaşı oğlu Qasım bəy Mehmandarovla birlikdə susuzluqdan əziyyət çəkən "Təzə məhəllə" sakinləri üçün 1899-cu ildə su çəkdirmiş və hər ikisinin vəsaiti hesabına yerli daşlardan memarlıq abidəsi sayılan gözəl bir bulaq tikilmişdir. "Təzə məhəllə" bulağı adlanan bu bulaq bir əsrə yaxın, yəni Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ildə işğalına qədər məhəllə sakinlərinin suya olan ehtiyacını təmin etmişdir.

 

Əbdülkərim bəy Mehmandarov - Azərbaycanın tanınmış həkimi, xeyriyyəçi, maarifçi və ictimai xadim

 

Mirzə Mustafa bəyin böyük oğlu, ilk ali təhsilli azərbaycanlılardan biri olan Əbdülkərim bəy Mehmandarov 1854-cü ildə Şuşada anadan olmuşdur. O, Şuşa qəza məktəbini əlaçı şagird kimi, daha sonra 1872-ci ildə Bakı şəhər gimnaziyasını qızıl medalla bitirərək Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasına daxil olmuş, 1877-ci ildə akademiyanı bitirib Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləmişdir. O, 1881-ci ildə 162-ci Axaltski piyada alayının kiçik həkimi vəzifəsinə təyin edilmiş, 1883-cü ilin yanvarında isə Yelizavetpol quberniyasının Cavanşir qəzasına həkim göndərilmişdir. Bununla da o, hərbi xidmətdən mülki xidmətə keçmiş və sonrakı bütün fəaliyyətini doğma Qarabağda səhiyyə və mədəni-maarif işlərinə həsr etmişdir. 1893-cü ildə Qafqaz həkimlərinin Tiflisdə keçirilən birinci qurultayında fəal həkim kimi iştirak etmiş və bölgədəki vəba epidemiyası haqqında hesabat vermişdir.
Əbdülkərim bəy Mehmandarov 1895-ci ildən həkimlik fəaliyyətini Ağdamda və Şuşada davam etdirmiş, daha sonra Şuşada əvvəlcə "Difai" Partiyası Şuşa komitəsinin sədri, ardınca isə komitənin əsasında yaradılan Qarabağ Birlik Məclisinin rəhbəri olmuşdur. O, Azərbaycanda ilk dəfə olaraq Qafqaz mülki idarəsinin əmri ilə Yelizavetpol (Gəncə) quberniyasının Cavanşir qəzasına həkim təyin edilmişdir. On il burada işləyən Əbdülkərim bəy 1895-ci ildən Şuşa qəzasında kənd həkimi kimi çalışmışdır. Həmin ildə Məmmədrza ağa Vəkilov və Əbdülxalıq Axundov ilə birgə Bakı Tibb Cəmiyyətini təsis etmişdir. Onun xeyriyyəçilik fəaliyyəti daha geniş olmuş, Əhməd bəy Ağaoğlu ilə birlikdə Şuşada xəstəxana və yetim qalmış uşaqlar üçün məktəb və qiraətxana açmışdır. O həm də Şuşa Xeyriyyə Cəmiyyətinin sədri kimi bir çox xeyirxah işlər görmüş, 1911-ci ildə onun təşəbbüsü ilə Şuşada ilk dəfə qızlar məktəbi açılmışdır. Onun Şuşadakı xeyriyyəçilik fəaliyyətində Həmidə xanım Cavanşirin çox böyük köməyi olmuşdur. Əbdülkərim bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə də səhiyyənin inkişafı, əhaliyə tibbi yardımın təşkili işləri üçün böyük xidmət göstərmişdir. Sovet hakimiyyəti onu siyasi baxışlarına görə təqib etmiş, ona fiziki və mənəvi iztirablar vermişdir. O, 1929-cu ildə vəfat etmişdir.
Əbdülkərim bəy Mehmandarovun oğlu Rəşid bəy Mehmandarov 1887-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, şəhər realnı məktəbini bitirdikdən sonra Tiflis hərbi məktəbinə daxil olmuşdur. Rəşid bəy Mehmandarov Kiyevdə ali təhsil almış, Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun zabiti kimi xidmət etmişdir. O, 1937-ci ildə qardaşı Ədil bəy Mehmandarov kimi tutulub Bakıya gətirilmiş və 1938-ci ildə güllələnmişdir.
Rəşid bəyin qardaşı Ədil bəy Mehmandarov 1889-cu ildə Şuşada anadan olmuşdur. O, Şuşa Realnı Məktəbini bitirəndən sonra Bakı şəhərində feldşerlik kursunda oxumuşdur. Ədil bəy Mehmandarov bir müddət Şuşa Şəhər Xəstəxanasında çalışmış, sonra Kiyev Politexnik İnstitutuna daxil olmuş, burada Qafqaz Həmyerlilər Cəmiyyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Daha sonra doğma şəhərə qayıdaraq ictimai-siyasi fəaliyyətlə məşğul olmuş, şəhər bələdiyyəsində işləyərək Şuşanın abadlığı üçün çalışmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra 1927-ci ildə siyasi fəaliyyətinə görə həbs edilmiş, lakin bir müddət sonra azadlığa buraxılmış, müəllimliyə başlayaraq Şuşa Pedaqoji Texnikumunda dərs demişdir. Ədil bəy Mehmandarov 1930-cu ildə yenidən həbs olunsa da, azad edildikdən sonra iş yerinə qayıtmışdır. Sonuncu dəfə 1937-ci ildə tutularaq Bakıya gətirilmiş və güllələnmişdir.

 

Mehmandarovların malikanə kompleksi - qədim tarixə malik memarlıq abidəsi

 

Memarlıq abidəsi sayılan Mehmandarovlara məxsus malikanə kompleksinə böyük yaşayış evi, kiçik yaşayış evi və məscid daxildir. Daha sonralar məscidə gedən yolun üstündə bulaq tikilmişdir. Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-1978-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılmışdır. Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 1985-ci il 26 sentyabr tarixli 502 nömrəli əmrinə əsasən qoyulmuşdur. XIX əsrə aid tarixi memarlıq abidəsi olan Mehmandarovlar ailəsinə məxsus malikanə kompleksində 1987-ci il 19 may tarixdən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlamışdır. 1992-ci ildə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilmişdir. Bundan əvvəl isə sovet dövründə Mehmandarovların böyük yaşayış binasında Şuşa Şəhər Xəstəxanası fəaliyyət göstərmişdir. Yaşayış kompleksinə daxil olan, 1984-cü ildən etibarən Şuşada təbii dərman vasitəsi kimi istifadə edilən bitkilərin toplandığı məhəllə məscidi isə "Yaşıl Aptek" kimi fəaliyyət göstərmişdir.
Şuşanın azad edilməsindən sonrakı dövrdə - 2021-ci ilin oktyabrından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılmış, bulağın damı əvvəlki vəziyyətinə gətirilmişdir. Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənmiş, tavanlar bərpa edilmişdir. Bununla yanaşı, malikanə kompleksinin dağılmış divarı bərpa olunmuş, zədəli divarda bərkitmə işləri aparılmış, həmçinin məscidin "Güldəstə"si restavrasiya olunmuşdur. Evin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilmişdir.
Görülmüş işlərdən sonra malikanə kompleksində "Qarabağ zadəganının evi" mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu - XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülmüşdür. Ekspozisiyada Azərbaycan Milli Kino-Foto Sənədləri Arxivi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun materialları, həmçinin elmi ədəbiyyat mənbə qismində istifadə etmişdir.
Zadəgan malikanəsinin qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən istifadə edilmişdir. Fotolar Şuşanın tanınmış zadəgan nəsilləri - Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir. Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilmişdir. Artıq buranı ziyarət edən hər bir kəs özünü XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış azərbaycanlı zadəganın evindəki kimi hiss edir. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı çərçivəsində 2023-cü il mayın 11-də Mehmandarovların malikanə kompleksində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olmuşdur. Ən diqqətçəkən məqamlardan biri də konsertə Mehmandarovlar nəslinin nümayəndəsi, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluq etməsi idi. Bərpa işlərindən sonra malikanənin bu nəslin nümayəndəsinin dirijorluğu ilə möhtəşəm konsert proqramına evsahibliyi etməsi Azərbaycan tarixində iz buraxmış Mehmandarovlar soyunun dünyadan köçmüş nümayəndələrinin xatirəsinə göstərilən yüksək ehtiramın ifadəsidir.
Beləliklə, maarifçilik beşiyi və mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlət başçısının tapşırığına əsasən, şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun həyata keçirilir. Şuşanın həm tarixi-mədəni ənənələri, həm də tarixi-memarlıq abidələri Azərbaycanın zəngin şəhərsalma mədəniyyətinin parlaq incisi kimi bərpa olunur, Şuşanın əzəmətli ruhu canlandırılır.

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Qarabağ İrsini Araşdırma Mərkəzi"nin rəhbəri,  professor, siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video