Ötən il, daha doğrusu 2022-ci ildə Azərbaycan xalqının azadlıq, müstəqillik və əyilməzlik rəmzinə çevrilmiş Şuşa şəhərinin tarixinə həsr olunmuş növbəti tədqiqat əsəri işıq üzü görmüşdür. Əsər (Şuşa müqəddəs Azərbaycan şəhəri. Azərnəşr, Bakı: 2022, 172 s.) özünün çoxşaxəli yaradıcılığı ilə diqqət cəlb edən tədqiqatçı Fazil Zeynalovun qələmindən çıxmışdır.
Şuşa şəhəri əslində yaranma tarixi etibarı ilə Azərbaycanın nisbətən gənc şəhərləri sırasına daxildir. Azərbaycan xalqı 2022-ci ildə şəhərin əsasının qyulmasının 270 illiyini ölkə daxilində və beynəlxalq miqyasda keçirilən çoxsaylı tədbirlərlə qeyd edib. Bu tədbirlər bir daha ölkə və dünya ictimaiyyətinin diqqətini dəfələrlə düşmən hücumlarına məruz qalmış, lakin özünün əzəmətini və məğrurluğunu qoruyub saxlamış Şuşa şəhərinə yönəltdi. Fazil Zeynalovun tədqiqatçıların və geniş oxucu kütləsinin mühakiməsinə təqdim etdiyi əsəri də məhz bu diqqətin nəticəsidir.
Əslində Şuşa Azərbaycanın ən unikal şəhrlərindən biridir. Şəhər özünün yalnız əsrarəngiz təbiəti ilə deyil, həm də təkrarolunmaz memarlığı, zəngin musiqi və ədəbi mühiti, nəfis sənətkarlıq məmulatları ilə digər Azərbaycan şəhərlərindən seçilmişdir. Göstərilən sahələrdən hər biri öz inkişafında ən yüksək zirvəyə yüksəlmiş, bir kamillik nümunəsinə çevrilmişdir. Elə bunun nəticəsidir ki, şəhərdə insan fəaliyyətinin demək olar ki, bütün sahələri, o cümlədən onun siyasi tarixi və sosial-iqtisadi həyatı, ədəbi və musiqi dünyası, memarlığı və sənət istehsalı kimi sahələri uzun müddətdir ki, mütəxəssislərin tədqiqat obyektinə çevrilmişdir. Tam inamla söyləmək olar ki, həsr olunmuş əsərlərin sayına görə Şuşa Azərbaycan şəhərləri arasında ən fəxri yerlərdən birində dayanır.
Bununla belə göstərmək lazımdır ki, Fazil Zeynalovun 5 fəsildən ibarət olan “Şuşa müqəddəs Azərbaycan şəhəri” adlı kitabı özünün bir sıra xüsusiyyətlərinə görə bu şəhərin tarixinə həsr olunmuş digər əsərlərdən xeyli fərqlənir. Əvvəla, əsər həcm etibarı ilə böyük olmasa da, şəhərin 270 illik tarixinin, demək olar ki, bütün əsas məqamlarını özündə əks etdirir. Daha doğrusu, oxucuya şəhərin yaranmasını zəruri edən səbəblər, əsasının qoyulması, formalaşması və inkişafı kimi vacib məsələlər haqqında yığcam məlumat almaq imkanı yaradılır. Müəllif öz əsərinin ilk bölmələrində Şuşa şəhərinin tarixini, çox düzgün olaraq XVIII əsrin ikinci yarısnda Azərbaycanın ən güclü dövlət qurumlarından biri olan Qarabağ xanlığının tarixi ilə üzvi şəkildə tədqiq edir. Müəllif əslində bununla Qarabağı və onun tacı olan Şuşanı Azərbaycan zəminindən uzaqlaşdırmaq cəhdlərinə ağır zərbə endirir.
Şuşanın məhz Azərbaycan mühitinin, azərbaycançılıq məfkurəsinin məhsulu olması fikri əsərin bütün bölmələrində verilmiş təkzibolumaz faktlar əsasında sübuta yetirilir. Bu məsələ özünü şəhərdə yaşayan əhalinin milli tərkibini əks etdirən bölmələrdə daha aydın göstərir. Əsasının qoyulduğu vaxtdan başlayaraq şəhərdə gedən demoqrafik prosesləri izləyən müəllif onun ancaq Azərbaycan türklərinin və Azərbaycan mühitinin məhsulu olduğunu xüsusi vurğulayır. Şuşanın Pənahəli xanın hakimiyyəti dövründə formalaşmış ilk məhəlləsini salan və orada yaşayan 162 ailənin hamısının ancaq Azərbaycan türklərindən ibarət olduğunu təsdiq edən fakt bu baxımdan xüsusilə önəmlidir. Doğrudur, çar Rusiyasının XIX əsrdə həyata keçirdiyi kütləvi köçürmə siyasəti nəticəsində bütün Qarabağda olduğu kimi, Şuşada da ermənilərin sayı bir qədər artmışdı. Lakin bu artım şəhərin ümumi etnik mənzərəsini, onun ancaq Azərbaycan şəhərlərinə məxsus olan simasının dəyişdirə bilmədi. Müəllif haqlı olaraq göstərir ki, ermənilər hətta 1992-2020-ci illəri əhatə edən işğal dövründə belə Şuşanın onlara məxsus oduğunu sübut edəcək heç bir tutarlı dəlil gətirə bilməmişdilər.
Əsərdə Şuşanın qəhrəmanlıq tarixinin öyrənilməsinə xeyli yer ayrılması təqdirəlayiq haldır. Müəllif bu tarixin hər bir səhifəsini qürur və dərin ehtiram hissi ilə təqdim edir. Doğurdan da dəniz səviyyəsindən 1300-1600 m hündürlükdə sıldırım qayalar üzərində müdafiə qalası kimi salınmış Şuşa özünün alınmazlığını və məğrurluğunu dəfələrlə sübuta yetirmişdir. Müəllif Pənahəli xanın və İbrahimxəlil xanın hakimiyyəti dövründə tikilmiş qala divarlarının, İbrahimxəlil xanın dövründə inşa edilmiş Əsgəran qalalarının tikintisi və müdafiə imkanlarının üzərində ətraflı dayanmaqla şəhərin alınmaz qalaya çevrilməsinin “sirrini” uğurla açmışdır. O, haqlı olaraq göstərir ki, bir tərəfdən şəhərin süni müdafiə sistemləri ilə möhkəmləndirilmiş çox güclü hərbi-strateji mövqeyi, digər tərəfdən isə yadelli işğala boyun əyməyi ağlına belə gətirməyən bütün Qarabağ əhalisinin sonsuz vətən sevgisi bu adın qazanılmasında həlledici rol oynamışdır. Məhz bu iki amilin vəhdətinin nəticəsi idi ki, Məhəmmədhəsən xan Qacar, Fətəli xan Əfşar və Ağa Məhəmməd şah Qacar kimi güclü sərkərdələrin Şuşanı ələ keçirmək cəhdləri iflasa uğramışdı.
Şuşa şəhəri yalnız özünün qəhrəmanlıq tarixi ilə deyil, həm də bütün Cənubi Qafqazın mühüm ticarət və sənətkarlıq mərkəzi olmaqla şöhrət qazanmışdı. Şəhər yarandığı vaxtdan az sonra beynəlxalq əhəmiyyətə malik olan mühüm ticarət qovşağına çevrilmişdi. Bu isə şəhərin iqtisadi qüdrətinin güclənməsini təmin etməklə yanaşı, onun memarlıq simasına da ciddi təsir göstərmişdi. Bütün XVIII əsrin ikinci yarısında və XIX əsrdə inşa edilmiş ticarət-sənətkarlıq obyektləri, ilk növbədə karvansaralar, praktiki əhəmiyyət daşımaqla yanaşı, həm də Azərbaycan memarlığının inciləri sırasında layiqli yer tuturlar. Şuşalı sənətkarların istehsal etdikləri bir sıra sənətkarlıq məmulatları, o cümlədən ipək parçalar, kəlağayılar, zərgərlik məmulatları və xüsusilə xalçalar Azərbaycanın hüdudlarından çox uzaqlarda məşhur idi. Şuşanın xalçaçı qadınları tərəfindən yaradılan xalça çeşniləri mükəmməl sənət nümunəsi kimi Azərbaycanın bütün xalçaçılıq mərkəzlərində istifadə edilirdi.
Fazil Zeynalovun oxucuların mühakiməsinə təqdim etdiyi kitabda Şuşa həm də Azərbaycanın milli inkişaf rəmzi kimi təqdim edilir. Müəllifin olduqca maraqlı təqdimatından aydın olur ki, Şuşanın Azərbaycanın milli inkişaf rəmzinə çevrilməsində Şərq memarlığının zəngin ənənələrinə söykənən, bununla belə özlərinin orijinal milli üslubları ilə seçilən müxtəlif təyinatlı memarlıq abidələri mühüm rol ounamışlar. Şuşada inşa edilmiş xan sarayları, imarətlər, məscidlər, hamamlar, karvansaralar və digər ictimai tikililər, hər şeydən əvvəl özlərinin milli koloriti ilə diqqəti cəlb edir.
Şuşanın Azərbaycanın milli inkişaf rəmzinə çevrilməsində burada yaşayıb yaratmış görkəmli şair və yazıçıların, elm adamlarının, bəstəkarların və xanəndələrin böyük rolu olmuşdur. Müəllif bütövlükdə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafına əvəzolunmaz töhfə vermiş memar Kərbəlayi Səfixan Qarabağinin, hər birinin Azərbaycan ədəbiyyatında öz yeri olan Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Xurşid Banu Natəvanın, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Azərbaycan klassik musiqisinin banisi dahi Üzeyir bəy Hacıbəylinin, Cabbar Qaryağdının, Xarrat Qulunun, Bülbülün, Fikrət Əmirovun və digər görkəmli musiqiçilərin yaradıcılıqlarının ən önəmli cəhətlərini oxucuların diqqətinə çatdırmışdır.
Kitabın “Şuşa, Ermənistanın işğalına son qoyan azadlıq rəmzi kimi” adlı sonuncu fəslində şəhərin tarixi Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fonunda tədqiq edilmişdir. Beynəlxalq hüququn müddəalarına əsaslanaraq münaqişəni haqlı olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü kimi qiymətləndirən müəllif işğalçı dövlətin işğal aktını qanuniləşdirmək üçün atdığı addımların iç üzünü açıb göstərə bilmişdir. Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şərəfli səhifələrindən olan 44 günlük Zəfər müharibəsinin Şuşanın azad edilməsi ilə başa çatması əslində xeyrin şər üzərində qələbəsi, ədalətin zəfər çalması demək idi.
Bütün bu deyilənlər göstərir ki, Fazil Zeynalovun “Şuşa müqəddəs Azərbaycan şəhəri” adlı kitabı müəllifin orijinal tədqiqat üslubu və yanaşma tərzi ilə Şuşa şəhərinin tarixinə həsr olunmuş digər əsərlərdən fərqlənir. Hesab edirəm ki, 2022-ci ildə çap edilərək geniş ictimaiyyətin istifadəsinə verilmiş bu əsər Şuşa tarixinə həsr olunmuş əsərlər arasında öz layiqli yerini tutacaqdır.
Camal Mustafayev
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
Humanitar fənlər” kafedrasının müdiri, professor