10 İyun 2023 09:00
1518
SİYASƏT
A- A+
Şuşa Bəyannaməsi - iki qardaş ölkənin gerçəkləşən arzusu

Şuşa Bəyannaməsi - iki qardaş ölkənin gerçəkləşən arzusu

 

Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdaraq Azərbaycan dövlətini zamanın ağır sınaqlarından xilas etdiyi təlatümlü dövrün rəmzi olan 15 İyun Milli Qurtuluş Günü artıq 2 ildir ki, başqa bir əlamətdar məzmunu ilə də tarixi məna daşıyır. 2021-ci ilin məhz həmin günündə zəfər simvolumuz Şuşada "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nə imza atıldı. 
Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin rəmzi mənasını, tarixi əhəmiyyətini belə vurğulayırdı: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. "Cənub qaz dəhlizi"nin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".
Belə bir möhtəşəm sənədə imzalarını qoyan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla iki qardaş ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bütün dünyaya bəyan etdilər. Beləliklə, Azərbaycan və Türkiyə münasibətlərində yeni bir tarixi dönəmin əsası qoyuldu. 

 

Dünyaya ünvanlanmış mesaj

 

Ulu Öndər Heydər Əliyevin məşhur kəlamında ifadə edildiyi kimi, bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə uzun illərdir ki, bütün dünyada bir-birinə doğmalığın, dəstəyin, qarşılıqlı inam və güvənin, əsl qardaşlıq münasibətlərinin mükəmməl örnəyini yaradır. Bu gün dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur. Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırır. Bu sənəd 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra regionda yaranmış yeni tarixi reallıqda proseslərə xüsusi yön verir, iki ölkə arasındakı münasibətlərin zamanın çağırışlarına uyğun şəkildə bütün müstəvilərdə davamlı inkişafını təmin edir. 
Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə dair elə bir real və potensial əməkdaşlıq sahəsi yoxdur ki, Şuşa Bəyannaməsinin məzmunundan kənarda qalmış olsun. İki ölkə arasındakı strateji müttəfiqlik əlaqələri siyasət, beynəlxalq arenada birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər əhəmiyyətli sahələri özündə ehtiva edir. Bütün bunlar birbaşa, yaxud dolayısı ilə regionda sülhə, inteqrasiyaya yol açır. Bu mənada Şuşa Bəyannaməsi bölgəmizdə sabitlik, təhlükəsizlik, dayanıqlı inkişaf mühitinə zəmin yaradır, bölgəmizdə inteqrasiya proseslərini stimullaşdırır. Xüsusilə Qarabağ ərazisində yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının ölkəmizə inteqrasiyası üçün əlavə imkanlar ortaya qoyur. 

 

Bəyan edilmiş inkişaf niyyətləri

 

Müasir dünyamızda iqtisadiyyat sülhün möhkəmləndirilməsində, xalqlar və dövlətlər arasında effektiv kommunikasiyanın qurulmasında, maraqların uzlaşdırılmasında və inteqrasiya proseslərinin genişlənməsində çox mühüm rol oynayır. Bu baxımdan Şuşa Bəyannaməsinin iqtisadi baxımdan da əhəmiyyəti böyükdür. 
Sənəddə nəzərdə tutulmuş müddəalar, bəyan edilmiş strateji niyyətlər bölgəyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Regionun getdikcə artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına şərait yaradır. Xüsusilə azad yurdlarımızda müasir iqtisadiyyatın perspektivli sahələrindən olan turizmin inkişafı üçün geniş imkanlar formalaşdırır. 
Sənəd iki ölkənin qarşılıqlı şəkildə investisiya qoyuluşlarını təşviq edir, bu sahədə bir sıra strateji məqsədlər irəli sürür. Qarşılıqlı investisiya qoyuluşları isə Azərbaycan və Türkiyə iqtisadiyyatlarının sürətli inkişafına və inteqrasiyasına, zəruri əməkdaşlıq sahələrinin daha da genişləndirilməsinə, təkmilləşdirilməsinə təkan verir. 
Son illər Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi tarixi reallıqdır və bunu şərtləndirən həm geosiyasi və iqtisadi, həm də sosial-mədəni amillər var. Nəzərdə tutduğu hərbi əməkdaşlıq, regional əhəmiyyətə malik iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslərlə Şuşa Bəyannaməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmaqdadır. Belə ki, bəyannamə son onilliklərdə regionda bir çox qlobal əhəmiyyətli layihələrin əsas tərəfləri rolunda çıxış edən Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın üfüqlərini genişləndirir. Ölkələr arasında münasibətlərin gələcəyini və bunun ümumilikdə beynəlxalq aləm üçün faydalarını müəyyən edir. 

 

Quruculuq yolunda birlikdə

 

44 günlük Vətən müharibəsində də, bu haqq savaşımıza uzun illər ərzində aparılan hazırlıq mərhələsində də Azərbaycanın daim yanında olan Türkiyə tarixi zəfərimizdən sonra bu gün azad yurdlarımızda başlanmış bərpa-quruculuq proseslərində yenə Azərbaycanla birgədir. Bir çox Türkiyə şirkətləri quruculuq proseslərində yaxından iştirak edir. Bununla Azərbaycan və Türkiyə quruculuq sahəsində birgəliyin, əməkdaşlığın mükəmməl nümunəsini yaradır. Şuşa Bəyannaməsinin bu cəhətdən də xüsusi əhəmiyyəti var. 
Bu sənəd Azərbaycanın öz tarixi qələbəsi ilə yaratdığı reallıqlar fonunda qlobal gündəmə gələn, bölgədə marağı olan bütün tərəflər üçün geniş kommunikasiya imkanları yaradan Zəngəzur dəhlizinin reallaşdırılması baxımından da müstəsna önəm daşıyır. Böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizi layihəsinin reallaşması ilə Şərqdən Qərbə kimi çox böyük bir coğrafiyada hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz işə düşəcək. Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin dəmir yolu və avtomobil yolu ilə birləşməsinə şərait yaradacaq. 
Şuşa Bəyannaməsinin ən vacib məqamlarından biri Türkiyənin Şuşada konsulluq açması ilə bağlıdır. Bu məqamın xüsusilə iqtisadi əhəmiyyəti çox böyükdür. Şuşada Türkiyənin konsulluğunun olması hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinin əyani sübutudur. Bu isə böyük iqtisadi layihələrdən, işğaldan azad edilmiş rayonlarımızın çox qısa zamanda dirçəldiləcəyindən xəbər verir. 
Şuşada Türkiyənin konsulluğunun olması eyni zamanda yüksək siyasi və mənəvi əhəmiyyət daşıyır. Qarabağda Türkiyənin varlığı, bununla bütün dünyaya verilən siyasi, diplomatik mesaj Azərbaycanın əzəli-əbədi torpaqlarında özünü daha güclü və əmin hiss etməsi, quruculuq işlərini, bölgədə sosial-iqtisadi inkişaf, sülh quruculuğu proseslərini daha mətinliklə aparması, üzərimizə yönələn xarici təhdidlərin öz əhəmiyyətini itirməsi baxımından mühümdür.   
Türkiyə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi hallar baş verəcəyi halda öz ordusu ilə ölkəmizin yanında yer alacağını Şuşa Bəyannaməsi ilə açıq şəkildə beynəlxalq ictimaiyyətə bəyan edir. Bu bəyannamə xüsusilə İkinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmaq istəməyən, xarici dəstəyə bel bağlayaraq ara-sıra baş qaldırmağa cəhd edən Ermənistandakı revanşist qüvvələrin dərs çıxarmalı olduqları məqamdır. 

 

Mühüm tarixi uğur

 

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Şuşa Bəyannaməsində əks olunması xüsusilə böyük tarixi uğurdur. Bununla iki qardaş ölkənin bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəyi bəyan olunur. Bu sahədə əməkdaşlıq müdafiə sənayesi məsələlərini də əhatə edir. 
Məlumdur ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın bir sıra xarici ölkələrlə dostluq münasibətləri sayəsində bu ölkələrdən aldığı innovativ silahlar həlledici rol oynadı. Türkiyədən alınmış pilotsuz uçuş aparatlarının əhəmiyyəti burada xüsusilə böyük idi. Şuşa Bəyannaməsi bu silahların istehsalı sahəsində də əməkdaşlığın qurulmasına, Azərbaycanın istehsal mərkəzi kimi inkişaf edərək özünün müdafiə sənayesi potensialını daha da gücləndirməsinə imkan yaradır. Bəyannamə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsini də nəzərdə tutur. Eyni zamanda ölkələrin müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliklərinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, silahlı qüvvələrin fəaliyyət qabiliyyətinin birgə artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlıq, bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması da Şuşa Bəyannaməsinin ehtiva etdiyi niyyətlərdəndir. 
Şuşa Bəyannaməsinin irəli sürdüyü ən mühüm məsələlərdən biri də xarici ölkələrdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsinin artırılması, diplomatik gücün bir araya gətirilməsidir. Sənədin imzalandığı vaxtdan indiyə kimi bu istiqamətdə də səylərin genişləndiyini görürük. 
Bütün cəhətləri ilə Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə birliyini daha da möhkəmləndirir, iki qardaş ölkənin gücünü artırır, dünyada nüfuz sahibi kimi mövqelərini yüksəldir. Bu tarixi reallıq XX əsrin əvvəllərində "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" - söyləyən Mustafa Kamal Atatürkün, XX əsrin sonlarında "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" - deyən Heydər Əliyevin yeni əsrimizdə gerçəkləşən ülvi arzularıdır. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!