15 Iyun 2024 09:05
1917
SİYASƏT
A- A+

Şuşa Bəyannaməsi - əbədi qardaşlıq rəmzi

 

Azərbaycan-Türkiyə əlaqələri tarixinin əlamətdar hadisəsi olan Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür. Azərbaycanın qurtuluş günündə, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan bu bəyannamə ilə əzəldən var olan əlaqələrimiz daha yüksək zirvəyə ucalıb. 
"Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək", - deyə bu ilin fevralında Ankarada Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bütün məsələlərdə ortaq mövqedən çıxış edən, qarşılarına çıxan bütün problemlərlə birgə mübarizə aparan, ay-ulduzlu bayraqları qoşa  dalğalanan bu qüdrətli türk dövlətlərinin qardaşlığı, dostluğu, həmrəyliyi, ümumilikdə türk dünyasının möhkəmlənməsinə, güclənməsinə, dünyada söz sahibi olmasına mühüm töhfələr verir.

 

Azərbaycan tək deyil

 

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluqları və səyləri sayəsində günü-gündən daha da inkişaf edir. Qardaş ölkələr bütün beynəlxalq platformalarda bir-birilərinə dəstək verir, dövlətçiliyimizə, xalqlarımızın varlığına qarşı təhdid olan terrorizmə, işğal siyasətinə qarşı birlikdə mübarizə aparır, bütün məsələlərdə birgə çalışırlar. Haqq savaşına çıxdığımız 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Türkiyənin siyasi, mənəvi dəstəyini ən yüksək səviyyədə hiss etdi. Döyüş meydanında öz gücünə torpaqlarını işğaldan azad edən Azərbaycanın qardaş ölkənin dəstəyini hiss etməsi ona əlavə qüvvət verdi. Müharibə başladığı andan etibarən bəzi güclər ölkəmizə təzyiq göstərməyə çalışsalar da, Türkiyədən ən yüksək səviyyədə gələn açıqlamalar onların qarşısına keçilməz sədd oldu.  
Bu il prezident seçkilərindən sonra ilk olaraq qardaş ölkədə dövlət səfərində olan Prezident İlham Əliyev mətbuata bəyanatı zamanı məhz bu məqamı xüsusi vurğulamışdı: "Savaşın ilk saatlarında əziz qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik".

 

Əlaqələr strateji müttəfiqlik səviyyəsinə ucaldı

 

Azərbaycan-Türkiyə münasibətləri təməl gücünü ortaq tarixi köklərimizdən, dilimizin, dinimizin birliyindən, gündən-günə inkişaf edən qardaşlıq əlaqələrindən alır. Türkiyə ilə sıx münasibətlərin qurulmasında və inkişaf etdirilməsində tarixi xidmətləri olmuş Ulu Öndər Heydər Əliyev iki qardaş ölkənin birliyini "bir millət, iki dövlət" kimi xarakterizə edib.  
Tarixi Şuşa Bəyannaməsinin məhz 2021-ci ilin 15 iyununda - Milli Qurtuluş Günündə imzalanmasının isə öz rəmzi mənası var. Həmin əlamətdar gündə Azərbaycan Prezidenti Türkiyə Prezidentini Qarabağda qarşıladı və hər bir azərbaycanlının vətən qibləsi hesab olunan qala şəhərimizdə iki dövlət arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi imzalandı. Türk dünyasının qələbə simvoluna, qürur ünvanına çevrilən Şuşanın azadlığının üzərindən cəmi 7 ay keçdikdən sonra mədəniyyət paytaxtımızda imzalanan bu bəyannamə ilə bir daha dünyaya iki qardaş ölkənin birgəliyinin mesajı çatdırıldı.   
Bəyannamədə də təsbit olunduğu kimi, bundan sonra da qardaş ölkələr çətin gündə, xoş gündə bir-birinin yanında olacaqlar: "Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur".
Şuşa Bəyannaməsindəki vacib müddəalardan biri də Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə aiddir. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır. Buraya həmçinin hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.
Göründüyü kimi, iki qardaş ölkədən hər hansı birinin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul ediləcək və lazımi tədbirlərin həyata keçirilməsi öhdəliyini yaradacaq.
Şuşa Bəyannaməsi həm də sülh və əməkdaşlığı təşviq etməyə yönəlib. Həmçinin bu tarixi bəyannamə Azərbaycan və Türkiyənin güc mərkəzləri kimi mövqelərinin möhkəmlənməsinə də birbaşa rəvac verib. Bu gün regionla bağlı istənilən layihə, məsələ Türkiyə və Azərbaycanla məsləhətləşmədən həyata keçirilə bilməz. 

 

Gücümüz birliyimizdədir

 

"Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub".
Dövlət başçısı İlham Əliyevin bu ilin fevralında Ankarada bəyan etdiyi kimi, Türkiyə-Azərbaycan əməkdaşlığının vacib istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. 
Vətən müharibəsi zamanı peşəkar yerli kadrlarımız tərəfindən idarə olunan türk PUA-ları ilə düşmənin külünün göyə sovrulduğunu dünya gördü. 
2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradında qüdrətli türk dövlətlərinin liderləri İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanmasının özü də ölkələrimizin güc birliyinin nümayişi oldu.    
Bu ilin əvvəlində isə Türkiyənin "Baykar" şirkətinin "Akıncı" hücum PUA-sı Hərbi Hava Qüvvələrimizin hərbi obyektlərində silahlanmaya qəbul edilib. 
Bir sözlə, qardaş dəstəyi ilə gücümüz birə-min artıb. 

 

Qardaş dəstəyi 

 

Tarixin müxtəlif dönəmlərində Azərbaycanın Türkiyəyə çətin günlərində dayaq, dəstək durduğu, qardaş köməyi göstərdiyi məlumdur. Bu gün də ölkəmiz istər dar, istər xoş günündə qardaş ölkənin yanında olur, sevincini də, kədərini də onunla bölüşür. Ötən il fevralın 6-da da qardaş ölkədə baş verən və çoxsaylı insan tələfatına səbəb olan dəhşətli zəlzələ zamanı Türkiyəyə ilk beynəlxalq yardımı məhz Azərbaycan göstərdi. 
Həmin vaxt Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirildi.
Ümumiyyətlə, həmin çətin günlərdə ölkəmizin ali şəxslərindən tutmuş, sıravi vətəndaşlarına qədər hər kəs Türkiyənin yanında oldu. Hər kəs əlindən gələn köməyi göstərdi, həm maddi, həm mənəvi şəkildə Türkiyədəki qardaşlarına dayaq-dəstək durmaq üçün səfərbər oldu. 
Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il zəlzələ ilə əlaqədar Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşünün keçirilməsi mühüm əhəmiyyət kəsb etdi. 
Digər yardımları ilə yanaşı, ölkəmiz Kahramanmaraşda "Azərbaycan bulvarında" 32 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa edir. Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən nümunələrdir. 

 

Bir-birimizin yanındayıq

 

İyunun əvvəlində TÜRKPA nümayəndə heyətini qəbul edən zaman Prezident İlham Əliyev iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsinin əhəmiyyətini bir daha vurğuladı. Eyni zamanda Azərbaycan-Türkiyə müttəfiqliyinin, əməkdaşlığının timsalında ümumilikdə türk dünyasının birliyinin vacibliyinə diqqət çəkdi: "Baxın, Türkiyə və Azərbaycan 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışlar və rəsmi müttəfiq olmuşlar. Yəni bu müttəfiqlik ən yüksək əməkdaşlıq formatıdır. Hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq. Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu bir-birimizin yanındayıq. Bu birlik bütün türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz".
Azərbaycanın 44 günlük müharibədəki zəfəri türk birliyinin də güclənməsinə rəvac verib. Türk dünyasının həmrəyliyinə verdiyi bu qiymətsiz töhfəsinə görə dövlətimizin başçısı Türk Dünyasının Ali Ordeninə layiq görülüb. 
Prezident İlham Əliyevin təşəbbüsü ilə iyulda mədəniyyət paytaxtımız Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi də türk xalqları birliyinin işinə təkan olacaq.
Qısa nümunələrini gətirdiyimiz faktlardan da göründüyü kimi, iki qardaş ölkə arasında əlaqələr hərtərəfli şəkildə inkişaf edir. Üç il əvvəl Milli Qurtuluş Günündə imzalanan Şuşa Bəyannaməsi isə ölkələrimiz arasındakı münasibətləri strateji müttəfiqlik zirvəsinə daşıyıb. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, müttəfiqliyi  türk xalqları arasındakı həmrəyliyin inkişafına da yeni yollar açıb. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video