Sumqayıtda idmana maraq böyükdür. 72-ci ilini yaşayan şəhərdə minlərlə idmançı yetişmiş, onların bəziləri dünya və Avropa çempionatlarının qalibi olmuş, mötəbər yarışlardan vətənə medallarla dönmüşlər.
Şəhərin idman həyatında xüsusi rola malik olan yerlərdən biri də 60 il əvvəl istifadəyə verilən stadion idi. İki-üç min azarkeş üçün hesablanan Mehdi Hüseynzadə adına Sumqayıt stadionu artıq müasir tələblərə cavab vermirdi və azarkeşlərin çoxu yarışları yer darısqallığından canlı izləyə bilmirdi. Dörd tərəfi açıq olan stadion əhəmiyyətli futbol yarışlarını keçirən məkana da qətiyyən bənzəmirdi. Bir sözlə, yeni stadionun tikintisinə ehtiyac vardı.
Hazırda köhnə stadionun yerləşdiyi ərazidə yenisi inşa edilir. Tikintiyə 2019-cu ilin əvvəlindən başlanılıb. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.
Artıq stadionun tribunalarının inşası başa çatmaq üzrədir. Ümumiyyətlə, tikinti işləri qrafikə uyğun həyata keçirilir. Material təminatında da problem yoxdur. Onu da qeyd edək ki, yeni arena beynəlxalq standartlara uyğun inşa edilir ki, bu da stadionda ölkə və beynəlxalq əhəmiyyətli oyunların keçirilməsinə imkan verəcək.
Stadionun yeni quruluşu da maraqlıdır. Belə ki, stadionun qarşısında xüsusi materialdan hazırlanmış iki futbolçunun mücadilə formatlı heykəl-hərəkətli fəvvarə kompleksi də quraşdırılacaq. Bu fəvvarələr dünya futbolunda məşhur “Braziliya dalğası” rolunu oynayacaq. Dünya analoji tikililərində yenilik olacaq Sumqayıt stadionunun yeni dizaynı modern üslub kimi həm də şəhər memarlığına böyük töhfə verəcək. Əvvəl stadionların inşasında eksteryer tərtibata bir o qədər diqqət yetirilmirdisə, indi belə deyil. İdman arenası da şəhərin memarlıq üslubuna həm uyğun gəlməli, həm də yenilik gətirməlidir. Bu baxımdan Sumqayıtın incə milli üslublu yeni stadionu estetik cəhətdən azarkeşlərə, şəhər əhalisinə və turistlərə böyük zövq verəcək.
Stadionun tikintisində üzlük materiallarından və daş üzlüklərdən istifadə olunmur. Onları paslanmaz polad əvəzləyir ki, bu da tikiliyə fərqli görünüş verir. Ərazidə müxtəlif idmançıların heykəlləri də qoyulacaq. Stadion təkcə futbol xidməti üçün nəzərdə tutulmur. Bununla stadion olimpik statusda olacaq.
Sumqayıtlıların açılışını səbirsizliklə gözlədikləri stadionun bu il istifadəyə verilməsi nəzərdə tutulur.
Akif ƏLİYEV,
“Azərbaycan”