Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyini sumqayıtlılar özlərinə məxsus tərzdə, böyük məhəbbət və ruh yüksəkliyi ilə qeyd edirlər. Şəhərin müxtəlif idarə və müəssisələrində, ali təhsil ocaqlarında, kollec və məktəblərində bir-birindən maraqlı tədbirlər keçirilir, ulu öndərin doğum günü ehtiramla qeyd olunur.
Sonuncu bayram izdihamı daha yaddaqalan oldu. Sumqayıtlılar dəstə-dəstə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidə-kompleksinin ətrafına toplaşırdılar. Onların arasında sinəsi orden və medallarla bəzənmiş yaşlı nəslin nümayəndələri - Sumqayıtın yaşıdları, müxtəlif sahələrdə çalışan minlərlə insan və tələbə gənclər, məktəblilər var idi. Ümummilli liderin bu gün daha əzəmətli görünən abidəsi önünə düzülən çiçəklərin sayı hesabı yox idi.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, bəşər tarixində qurub yaratdığı işlərlə öz sözünü deyən, hələ sağlığında əbədiyaşarlıq qazanan şəxsiyyətlər içində ümummilli lider Heydər Əliyevin xüsusi yeri olması danılmaz bir faktdır. Öz ömrünü xalqının firavan həyatına, onun inkişaf və tərəqqisinə, dövlət müstəqilliyinə həsr edən ulu öndərin həyat yolu hamının bəhrələnə biləcəyi zəngin bir məktəb olmuşdur. Sumqayıt məhz ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində ötən əsrin 70-ci illərindən başlayaraq keçmiş ittifaqın ən məşhur kimya şəhərlərindən birinə çevrildi. Prezident İlham Əliyev isə Sumqayıtın Qafqazın ikinci sənaye şəhəri kimi formalaşması üçün böyük investisiya tutumlu layihələrə start verdi, yeni zavod və fabriklərin, minlərlə iş yerinin yaradılmasına zəmin yaratdı.
E.Əzizov müasir Azərbaycanın banisi Heydər Əliyevin ordu quruculuğuna xüsusi diqqət yetirdiyini, dövlətimizin beynəlxalq nüfuzunun güclənməsinə var gücü ilə çalışdığını qeyd etdi. Bu gün Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində reallaşdırdığı islahatlar nəticəsində dövlətimizin hərbi qüvvələri ən müasir avadanlıqlar və silahlarla təchiz edilmiş, yüksək döyüş hazırlığı səviyyəsinə gətirilmişdir. Hər bir ölkə vətəndaşı tam əmindir ki, müsəlləh ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyi gün uzaqda deyil.
Daha sonra hərbi parad başladı. Hərbi marşların sədaları altında öncə "N" saylı hərbi hissəsinin əsgərləri ulu öndərin abidəsi önündən keçdilər. Onların ardınca Sumqayıt şəhərinin orta məktəblərinin, liseylərin və digər ümumtəhsil müəssisələrinin şagird və tələbələrinin möhtəşəm paradı oldu. Hərbi qüvvələrimizin müxtəlif hissələrinin geyimlərində olan məktəblilər meydana toplaşanlara əsl coşqu yaşatdılar. Gənc hərbiçilərin meydandan keçidi mərasim iştirakçılarının alqışları ilə müşayiət olundu.
Kiçik yaşlı Sumqayıt məktəbliləri tərəfindən hazırlanan "hərbi maşınlar" da tədbirə ayrı bir ovqat qatdı. Mərasimə Sumqayıt Şəhər Polis İdarəsinin xüsusi təyinatlılarının qatılması böyük maraq doğurdu. Tədbir axşama qədər davam edən şəhər gəzintisi ilə sona çatdı.
Akif ƏLİYEV,
"Azərbaycan"