29 Dekabr 2022 03:36
1822
SİYASƏT
A- A+

Sülhü Azərbaycan bərqərar edəcək

 

Havadarlarına arxalanaraq pozuculuqla məşğul olan Ermənistan yeni reallıqlarla barışmağa məhkumdur

 

Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarının 30 illik işğalına güc yolu ilə son qoydu, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini özü icra etdi. Eləcə də onilliklər boyu vasitəçilik adı altında münaqişənin həlli yolunda bircə addım da atmayan və Qarabağ problemini dondurmaqla işğala dəstək verən qüvvələrin məkrli cəhdlərini "dəmir yumruğu"nun bir zərbəsi ilə məhv etdi. 
Azərbaycan dövləti təcavüzkar Ermənistana, ona havadarlıq edən riyakar dövlətlərə nümayiş etdirdi ki, milli maraqlarını təhdid edən bütün qüvvələrə qarşı mübarizə aparacaq və haqlı mövqeyini hər zaman qətiyyətlə təmin edəcək. 

 

Siyasi-diplomatik  platformada milli maraqlarımız qətiyyətlə təmin edilir 

 

1990-cı illərin əvvəllərində Azərbaycanda olan siyasi hərc-mərclikdən istifadə edən Ermənistan ölkəmizin 20 faiz ərazisini işğal etmiş və özünü tarixi torpaqlarımızın sanki yiyəsi sanmağa başlamışdı. Ötən illər ərzində işğal altında saxladığı torpaqlarımızdan çıxmağı ağlına belə gətirmək istəməyən Ermənistan xarici havadarlarına güvənərək daha da quduz iştaha düşür, Qarabağa açıq iddia irəli sürür, bunu beynəlxalq platformalarda həyasızcasına dilə gətirməkdən çəkinmirdi. 
2019-cu ildə, hələ eyforiyada yaşadığı dönəmdə Paşinyan "Qarabağ Ermənistandır, nöqtə" deməklə azğınlıqlarının nə həddə olduğunu, İrəvanın çirkin niyyətini və Ermənistanın işğal etdiyi torpaqlardan öz xoşuna çıxmayacağını bir daha ortaya qoydu. 
Lakin elə həmin Paşinyan cəmi bir ildən sonra, Vətən müharibəsi günlərində Ermənistanı məhv olmaqdan qurtarmaq üçün əli çatan qlobal güclərdən kömək dilənməyə başladı. Amma güvəndiyi dağların heç biri ona kömək göstərmək iqtidarında olmadı və kapitulyasiya sənədinə imza atdı. Bir vaxtlar Şuşanın Cıdır düzündə yallı gedərək tarixi ərazilərimizdən çıxmayacağını həyasızlıqla nümayiş etdirmək istəyən Nikol Paşinyan Ağdam, Laçın və Kəlbəcəri sakitcə təhvil verməyə məcbur edildi. 
Azərbaycan postmünaqişə dövründə siyasi platformada da öz milli maraq və mənafelərini qətiyyətlə təmin edir. 

Vətən müharibəsini parlaq zəfərlə başa çatdırdıqdan dərhal sonra ölkəmiz Ermənistana münasibətlərin normallaşdırılması üçün təkmil sülh modeli təklif edib. Regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsinə yönəlik təşəbbüslərlə daim çıxış edən Azərbaycanın bu sülh modeli, elə həm də məhvə sürüklənən, siyasi, iqtisadi, sosial, demoqrafik böhran içərisində yaşayan Ermənistanın özü üçün də çıxış yoludur.  
Lakin 44 günlük müharibədən sonra biabırçı məğlubiyyətindən dərs çıxarmayan və yenə də bölgədə barışa nail olunmasında qətiyyən maraqlı olmayan xarici havadarlarından aldığı dəstəklə Ermənistan təxribatçı və  revanşist mövqe sərgiləməyə başladı. 
10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından ötən iki il ərzində Ermənistanın sülh istiqamətində hansısa real addımlar atdığının şahidi olmamışıq, əksinə, rəsmi İrəvan sülh istiqamətində gedən prosesləri yubatmağa, pozmağa yönəlik hər cür təxribata əl atdı. 
Avropa İttifaqının vasitəçiliyi ilə keçən ilin dekabrından başlayan "Brüssel prosesi" sayəsində üçtərəfli görüşlərdə Ermənistan üzdə sülhə razı olduğunu bildirsə də, hər dəfəsində sülh sazişinin bağlanması ilə əlaqədar əməli işlər görməkdən yayındı, ölkəmizə qarşı növbəti təxribatlar törətməyə çalışdı. 

 

Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahibik

 

Düzdür, Ermənistan hər dəfə ölkəmizə qarşı təxribatlara əl atdıqda layiqincə yerinə otuzdurulub. Bu il avqustun 3-də Ermənistanın növbəti təxribatına cavab olaraq "Qisas" əməliyyatının keçirilməsi və ordumuzun Qırxqız yüksəkliyini, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürməsi, həmçinin sentyabrın 12-si gecədən başlayaraq Azərbaycana qarşı daha bir təxribat zamanı rəşadətli ordumuzun düşmənin layiqli cavabını verməsi buna əyani sübutdur. 
"Biz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik", - deyə, dekabrın 24-də qərbi azərbaycanlı ziyalılarla görüşündə Prezident İlham Əliyev əlavə etdi ki, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq: "Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək, onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Bax özümüzü bundan sığortalamaq üçün biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idik və buna nail olduq".

 

Arxalandığı dairələr Ermənistanı xilas edə bilmədi

 

Reallıqdır ki, Ermənistanın sülhə pozucu davranışlarının arxasında müstəmləkəçi Fransa kimi ölkələr də dururlar. Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etmək kimi çirkin hərəkətlər nümayiş etdirən Fransa heç zaman razı olmur ki, iki ölkə arasında normallaşmaya, sülhə nail olunsun. Fransanın Vətən müharibəsi zamanı da Azərbaycana qarşı haqsız mövqeyinin şahidi olmuşduq, amma bu məkrli davranışların Ermənistanı məğlubiyyətdən xilas etməyə gücü yetmədi. Eləcə də rəsmi Paris postmünaqişə dövründə də Cənubi Qafqazda sülhə xələl gətirəcək fəaliyyət göstərir.  
Bildirək ki, dekabrın 7-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş nəzərdə tutulurdu. Hətta bu görüşün iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracaq ümidverici nəticələrinin olacağı da düşünülürdü, amma sülh danışıqlarını pozmaq üçün Ermənistan məkrli bir oyuna əl atdı. Sözügedən danışıqlara çox qısa müddət qalmış Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürdü. 
Hiyləgər Ermənistan yaxşı bilirdi ki, bu tələbini rəsmi Bakı haqlı olaraq qətiyyətlə rədd edəcək. 
Noyabrın 25-də Bakıda keçirilən "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev də çıxışında bununla bağlı bildirmişdi ki, Fransa Senatı tamamilə təhqiredici məlum qətnamə qəbul edib: "Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır".
Dövlət başçısı bildirdi ki, bütün bunlara görə Fransa sülh danışıqlarında iştirak edə bilməz: "Bu bizim deyil, onların günahıdır". 
 Bəli, məhz Fransanın belə hərəkətləri üzündən Ermənistan sülhdən yayınır və bu minvalla da özünü daha böyük məğlubiyyət uçurumuna sürükləyir. 

 

Azərbaycanın mövqeyi prinsipialdır

 

Faktiki olaraq Ermənistan tərəfi 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının müddəalarını yerinə yetirmir. Üç ölkə liderinin sözügedən tarixdə imzaladığı bəyanatın dördüncü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb. Sənədin doqquzuncu bəndi isə pozulur, belə ki, bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Eləcə də Ermənistan tərəfindən Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunaraq üçtərəfli Bəyanatın altıncı bəndinə zidd fəaliyyət göstərilir. 
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində separatçı rejimin "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarını və Laçın yolu vasitəsilə sərvətlərimizin talanmasını həyata keçirməsi buna real nümunədir.
Göründüyü kimi, ipi başqalarının əlində olan Ermənistan elə öz xeyrinə olacaq sülh müqaviləsinin imzalanmasına maneə yaratmağa çalışır. Lakin Ermənistanın sülhü pozan destruktiv hərəkətləri Azərbaycanın öz milli maraqlarını tam təmin etməsinə mane ola bilməyəcək. Nəyi necə, nə vaxt etmək lazım gəldiyini bilən qalib lider İlham Əliyev Vətən müharibəsində hərb meydanında olduğu kimi, diplomatiya meydanında da Ermənistanı diz çökdürəcək. 
Ermənistan sülh sazişini imzalamağı bacardıqca uzatmağa, bununla da hansısa məkrli planlarına nail olmağa, özünü "məzlum" obrazda tanıdaraq dünyadan dəstək almağa çalışır, amma bu heç vaxt olmayacaq. Azərbaycanın mövqeyi prinsipialdır və  sülhlə bağlı irəli sürdüyü 5 baza prinsipi təmin edilməlidir. Sərhədlər delimitasiya olunacaq, kommunikasiya xətləri açılacaq, erməni qanunsuz silahlı birləşmələri ərazilərimizi tərk edəcək. Yəni Ermənistan ya öz xoşu, ya da zorla Azərbaycanla sülh müqaviləsini bağlamağa məcburdur və buna məhkumdur. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video