Sentyabrın 15-də “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin Xətai filialında İdarə Heyətinin, Ümumi Yığıncağın üzvlərinin və “SOS Children’s Villages International” təşkilatının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ümumi Yığıncağın növbəti iclası ilə başlayıb.
İdarə Heyətinin sədri Fidumə Hüseynova bildirib ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi ulu öndər Heydər Əliyevin bizə yadigarıdır. İctimai Birlik 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb. Hazırda “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi bu qurumun təsisçisi və fəxri prezidenti Sevil Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərir.
Fidumə Hüseynova, eyni zamanda, Bilik günü münasibətilə də hamını təbrik edib və ölkədə təhsilin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü, bu qurumun əvvəlki sədri Tahir Budaqov İctimai Birliyin fəaliyyətinə verdiyi töhfələrə və əməyinə görə “SOS Children’s Villages International” təşkilatı adından “Şərəf nişanı” ilə təltif edilib və ona fəxri medal təqdim olunub.
Daha sonra “SOS Children’s Villages International” təşkilatının Azərbaycan üzrə səlahiyyətləri bitmək üzrə olan nümayəndəsi Zdenko Sedlara xatirə hədiyyəsi təqdim edilib və bu təşkilatın yeni nümayəndəsi Damir Coriclə tanışlıq olub.
Ümumi Yığıncağın iclasında Assosiasiyaya yeni üzvlər qəbul edilib və bir neçə şəxs üzvlükdən çıxıb. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin hazırda 33 üzvü var. Fidumə Hüseynova qeyd edib ki, müxtəlif QHT-lərdən, dövlət qurumlarından Assosiasiyamıza üzvlük üçün müraciətlər edilir. O, göstərilən bu etimada və diqqətə görə hamıya dərin təşəkkürünü bildirib.
Tədbirdə qarşıda duran məsələlər müzakirə olunub. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin gələcək fəaliyyəti, uşaqların inkişafı ilə bağlı yeni yanaşmalar, maliyyə durumu və s. aktual mövzular üzərində dayanılıb. Bununla da Ümumi Yığıncağın iclasına yekun vurulub.
Tədbir İdarə Heyətinin növbəti iclasının keçirilməsi ilə davam edib. İdarə Heyətinin üzvlərinin iştirak etdikləri iclasda 2015-ci ilin strateji planının qiymətləndirilməsi nəticələrinə baxılıb, növbəti illik planlaşdırma ilə bağlı İdarə Heyətinin tövsiyələri dinlənilib. Eyni zamanda, 2014-cü ilin maliyyə auditinin nəticələri, 2015-ci ilin yanvar-iyul ayları üzrə maliyyə hesabatı və 2016-cı il büdcəsinin əsas parametrləri müzakirə olunub. Bundan əlavə, “Davamlı Yol Strategiyası” istiqamətləri üzrə dinləmələr və müzakirələr aparılıb.
Tədbirdə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Fidumə Hüseynova illik planlaşdırma görüşü ilə bağlı İdarə Heyətinin təkliflərini diqqətə çatdırıb, İctimai Birliyin milli direktoru Sevinc İbrahimova illik hesabatla çıxış edib. Həmçinin İdarə Heyəti üzvlərinə “SOS Children’s Villages International” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Zdenko Sedlar tərəfindən təşkilatın Baş Katibliyinin hesabatı təqdim olunub.
Tədbirdə İdarə Heyətinə yeni üzv seçilmiş Uğur Zeynallıya bu vəzifədə uğurlar arzulanıb.
Qeyd edək ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi əsası 1949- cu ildə Avstriyanın İmst şəhərində Herman Qmayner tərəfindən qoyulmuş “SOS Children’s Villages International” humanitar təşkilatının bir üzvüdür. “SOS Children’s Villages International” təşkilatı valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqları irqindən, milli mənsubiyyətindən və dinindən asılı olmayaraq daimi yaşayış yeri, ailə mühiti ilə təmin edir, onları müstəqil həyata hazırlayır.
“SOS Children’s Villages International” təşkilatının nümayəndəlikləri dünyanın 134 ölkəsində fəaliyyət göstərərək UNESCO ilə sıx əlaqədə çalışır və BMT-nin Sosial-İqtisadi Şurasının reyestrinə daxildir. 1999-cu ildə, 50 illik yubileyi ərəfəsində “SOS Children’s Villages International” təşkilatının namizədliyi Nobel Sülh Mükafatı üçün irəli sürülüb. 2002-cı ildə isə “SOS Children’s Villages International” təşkilatı ən önəmli beynəlxalq humanitar mükafat olan “Konrad Hilton” mükafatına layiq görülüb.