Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri iqtisadi əlaqələrin, o cümlədən turizm və ticarət əməkdaşlığının davamlı inkişafı üçün mühüm zəmin yaradır. İki ölkə arasında qarşılıqlı turist səfərlərinin artırılması, birgə turizm layihələrinin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi regional iqtisadi əməkdaşlığın dərinləşməsinə də töhfə verə bilər.
Bunu AZƏRTAC-a açıqlaması zamanı türk turizm eksperti Soner Kılıç bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin turizm sahəsində malik olduğu potensialın birgə şəkildə təqdim edilməsi həm turist axınının artmasına, həm də yeni investisiya imkanlarının formalaşmasına şərait yaradır.
“Azərbaycan zəngin tarixi-mədəni irsi, təbii gözəllikləri, müxtəlif turizm imkanları və müasir infrastrukturu ilə Türkiyədən gələn turistlər üçün cəlbedici istiqamətlərdən biridir. Türkiyənin uzun illər ərzində formalaşdırdığı turizm təcrübəsi, xidmət infrastrukturu və beynəlxalq turizm bazarındakı mövqeyi isə Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm üstünlükdür. İki ölkənin turizm qurumları və özəl sektoru arasında əməkdaşlığın gücləndirilməsi, birgə turizm paketlərinin hazırlanması və qarşılıqlı tanıtım tədbirlərinin keçirilməsi yeni turist qruplarının cəlb olunmasına imkan verə bilər. Xüsusilə mədəni turizm, qastronomiya, sağlamlıq turizmi, ekoturizm, işgüzar turizm və tədbir turizmi istiqamətlərində birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycan və Türkiyə arasında turizm əlaqələri yalnız turist mübadiləsi ilə məhdudlaşmamalıdır. Bu əlaqələr eyni zamanda investisiya, xidmət, nəqliyyat, logistika və ticarət sahələrində əməkdaşlığın genişlənməsinə stimul verə bilər”, - deyə türk ekspert vurğulayıb.
S.Kılıçın sözlərinə görə, turizm sektorunun inkişafı ölkələr arasında iqtisadi əlaqələrin digər istiqamətlərinə də birbaşa təsir göstərir. Turistlərin sayının artması hotellərə, restoranlara, nəqliyyat və pərakəndə ticarət sektorlarına tələbatı yüksəldir, eyni zamanda yerli sahibkarlar üçün yeni biznes imkanları yaradır.
Ekspert Azərbaycan və Türkiyə arasında nəqliyyat və logistika əlaqələrinin inkişafını da turizm və ticarət əməkdaşlığının mühüm amillərindən biri kimi qiymətləndirib. Onun fikrincə, regional nəqliyyat layihələrinin yaratdığı imkanlardan səmərəli istifadə olunması insanların və malların hərəkətinin asanlaşdırılmasına, yeni turizm marşrutlarının formalaşmasına və biznes əlaqələrinin genişlənməsinə şərait yarada bilər.
S.Kılıç bildirib ki, iki ölkənin şirkətləri arasında birgə investisiya layihələrinin sayının artırılması, turizm obyektlərinin yaradılması və mövcud infrastrukturun inkişaf etdirilməsi əməkdaşlığın iqtisadi səmərəsini daha da yüksəldə bilər: “Eyni zamanda, Azərbaycan və Türkiyənin beynəlxalq turizm sərgilərində birgə təşəbbüslərlə çıxış etməsi hər iki ölkənin turizm potensialının üçüncü ölkələrin bazarlarında tanıdılmasına imkan verə bilər. Azərbaycan və Türkiyə arasında mövcud olan güclü əlaqələr turizm və ticarət sahələrində daha böyük layihələrin həyata keçirilməsi üçün əlverişli əsas yaradır. Qarşılıqlı təcrübə mübadiləsi, özəl sektorun əməkdaşlığı və yeni turizm məhsullarının hazırlanması bu potensialın reallaşdırılmasına mühüm töhfə verə bilər”.