Seyid Əli axşam qaranlığında Hüsniyyənin
nişan verdiyi evin qapısını tıqqıldadanda canından bir gizilti keçdi və içəridən
tanış səs gəldi:
- Kimsən?
- Mənəm - Seyid Əli.
Qapı azca aralandı.
Onlar lap gənc sevgililər kimi görüşdülər.
Şam işığında kölgəsi güclə seçilən masanın
ətrafında üzbəüz əyləşdilər. Beləcə, dinib-danışmadan bir-birlərinə baxdılar. Şairlər
şairi başını göyə qaldırıb nəsə dedi. Hüsniyyə soruşdu:
- Öz-özünə nə danışırsan?
- Allaha şükür edirəm ki, illər boyu gördüyüm
yuxu, axır ki, çin oldu. Və bir də Allaha şükür edirəm ki, səni hələ bu qədər gənc
və gözəl ikən mənə qismət elədi.
- Hə, deməli, qoca olsaydım, sevməyəcəkdin?
- Lap yüz yaşında olsaydın da, sevəcəkdim.
Sadəcə:
Sən mənə, dilbər, yetərsən, özgələr yar olmasın,
Bir olur yar,
iki olmaz, zinhar olmasın.
Bağrımı doğrar
fərağın xari, ey cənnət gülü,
Novbahar olsun,
gül olsun, arada xar olmasın.
- Sonra?
- Hüsniyyə xoşbəxt-xoşbəxt gülümsədi.
Mənə ol dəm
naz ilə baxdı gözün,
Hicr oduna
canımı yaxdı gözün,
Adımı məlamətə
taxdı gözün,
Razimi aləmlərə
çaxdı gözün.
- Sonra?
Könlümü yağmaladı
şol alı çox,
Şol qızılgül
rəngi gülgün, alı çox,
Zülfünün sirri uzundur, halı çox,
Şol şəkər
sözlu dodağın balı çox.
- Sonra?
- Hüsniyyə uşaq kimi inad etdi.
Ey təbibi-haziqü
nazik mizac,
Sən bilirsən
xəstə könlümə əlac.
Mən könül
ilə sənə qul olmuşam,
Şivə ilə nazinə
nə ehtiyac?
- Elə bu?
- deyə Hüsniyyə qəhqəhə çəkdi.
Ol camalın
afitabi-layəzal,
Ey dodağın
çeşmeyi-abi-zülal.
Bərəkallah,
ey həbibi-xoşvüsal,
Yolunda canım
fəda, qanım halal.
- Yaxşı, ey
qoca aşiq, de görüm, indi nə edəcəyik? Bütün Şirvanı özünə düşmən eləmisən. Harda
bir yurd qurub, bir ocaq qalaya bilərik?
- Şahın əmri
ilə bu gecə bütün düşmənlərimi zindana salacaqlar.
- Bütün düşmənlərini?
Heç bilirsən onlar nə qədərdi? Qorxuram ki, zindanlar onları tutmasın. Səlminazın
əlaltıları hər gün məscidlərdə, hüzr yerlərində, alış-veriş meydanlarında gedən
söhbətləri bizə çatdırırlar.
Seyid Əli
gözünü şam ətrafında fırlanan və yanıb külə dönən pərvanələrdən ayırıb dedi:
- Eybi yoxdur.
Bir şey fikirləşərik. Kəbinimizi kəsdirək...
- Nə vaxt?
- Elə bu gün.
Hüsniyyə tərəddüd
etdi:
- Bilmirəm
necə olacaq? Yaman qorxuram. Bəlkə, - o, zənn ilə şairin qaranlıqda da həyəcanı
hiss olunan üzünə baxdı, - Dərbəndə gedək? Orda
bizim qohumlarımız olurlar. Ev-eşik də var.
- Dərbənd,
Şamaxı, Baki... Nə fərqi var?.. Mən qorxuram ki, daha uzaq yerlərə getməli olaq...
Amma hələ tələsməyək, görək İbrahim şah neyləyir...
O, Hüsniyyənin
üzünə baxdı və əlavə etdi:
- Məgər sən
də mənim kimi düşünmürsən? Bir yerdə olsaq, hara olur-olsun, vətən deyilmi?
- Yaxşı, razılaşdıq.
Mənim şahidim var, sən də sabah bu vaxt şahidin və molla ilə gəl...
***
Şair Qaim
Şirvani yarımdairəvi şəkildə əyləşmiş məclis üzvlərini gözdən keçirib, əyləşmək
üçün elə "bismillah” demək istəyirdi ki, həyətdə it bərkdən hürməyə başladı. Hamı
qulağını şəklədi. İt nəinki kiridi, əksinə, get-gedə səsini daha da qaldırdı. Qaim
Şirvani dəhlizə tərəf getdi və qapını azca araladı - içəriyə Rəbiyyə xatunla qalın
səsli bir adamın danışığı gəldi. Bir an sonra Qaim Şirvani ilə həmin qalın səsli
adamın höcətləşdiyi hiss edildi və qəfildən otağa dolan sərbazlar içəridəkilərin
əl-qollarını arxadan bağladılar. Səs-küy və etiraz sədalarını müsəllim Müqtədir
Oğuzun amiranə səsi pozdu:
- Hamınız
dövlətə qarşı fəaliyyət göstərən gizli təşkilatın üzvləri kimi həbs olunursunuz!
- Biz bura dövlət əleyhinə iş görmək üçün yığılmamışıq,
- yer-yerdən etiraz səsləri yüksəldi.
- Bəlkə deyəsiniz
ki, namaz qılmağa yığışmısınız, hə?
Müsəllim Müqtədir
Oğuzun dəhşət saçan gözləri, az qala, hədəqəsindən çıxacaqdı:
- Abdulla
Kamil, bəlkə Bakidən bura qəzəl oxumağa gəlmisən, xəbərimiz yoxdu?
Rəngi ağappaq
ağarmış bakili şair Abdulla Kamil yerindən tərpənmədiyinə görə sərbaz arxadan onu
itələdi. O:
- Bəli, elədir,
biz şeir məclisinə yığışmışıq.
- Şeir məclisinə?
- müsəllim Müqtədir Oğuz az qaldı ki, uzun barmaqlarını onun gözlərinə soxsun.
- Bəri gəl! Əlini əbanın altındakı cibinə sal, görüm orda nə var?
- Baş üstə...
qəpik-quruş... başqa heç nə...
- Bəs o kağız?
Ver görüm...
- Mən bu kağızı
birinci dəfədir görürəm.
- Bəlkə gecə
arvadın qoyub cibinə, yuxulu olmusan, bilməmisən.
Müsəllim Müqtədir
Oğuz yanında dayanmış burnuəzik yekəpər sərbaza tərəf dönüb dedi:
- Bəkir!
- Eşidirəm.
- O birilərini
zindana, bunu isə dar ağacına!
Abdulla Kamil
bağırdı:
- Vallah,
mənim o kağızdan xəbərim yoxdur! - Və hönkür-hönkür ağlamağa başladı.
Müsəllim Müqtədir
Oğuz bakili şairi aparan sərbaza tərəf dedi:
- Dayan!
- Sonra Abdulla Kamilə yaxınlaşdı. - De görüm
Şamaxıya niyə gəlmisən?
- Doğrudur,
mən bura bir niyyətlə gəlmişəm. Amma Qurana and olsun ki, dövlətlə heç bir işim
yoxdur.
- İndicə dedin
ki, bir niyyətlə...
- Hə, hamı
hansı niyyətlə gəlibsə, mən də...
- Nədi o niyyət?
- Kafir İmadəddin
Nəsimini didərgin salmaq, ya da qətlə yetirmək...
Müsəllim Müqtədir
Oğuz Abdulla Kamilin üzünə karlı bir şillə vurdu:
- Ə, düdük,
sən kimsən ki, çölə atılan bir dırnağı belə ola bilmədiyin adam - şairlər şairi
haqqında ölüm hökmü çıxarasan? - Sonra üzünü sərbaza tərəf tutdu: - Bunu da aparın
zindana!
Seyid Əliyə
sui-qəsd təşkil etmək istəyənlər əli-qolu bağlı halda küçəyə çıxarılanda, üstüörtülü
arabalara mindiriləndə məlum oldu ki, lotu Kamal Məruf sivişib aradan çıxıb.
- Necə sivişib
aradan çıxıb? - müsəllim Müqtədir Oğuz elə bağırdı ki, qorxusundan sərbazın nitqi
qurudu. - Bu dəqiqə hər yeri axtarın! O, içəridə bizə çox lazım olacaq!..
***
Ertəsi gün
axşam Səlminaz xanımın Hacı Veysəlin arvad hamamının yaxınlığındakı mənzilinin qabağında
bir fayton dayandı. Faytondan üç nəfər düşdü. Bunlardan biri Şamaxı qazısı Əbdülvahab,
biri məşhur tacir və oxatan Qara Qaplan Səkmən, biri də şairlər şairi Seyid Əli
İmadəddin Nəsimi idi. İçəridə iri şam işığında gözləri və çöhrələri parıldayan iki
qadın oturmuşdu: biri şəhərin dövlətli xanımlarından Səlminaz xatun, o biri isə
həm gözəlliyi ilə, həm ailəsinin başına gələn acı fəlakətə görə tanınan Hüsniyyə
xatun idi.
Qonaqlar salam
verib içəri girəndə xanımlar ayağa qalxdılar.
Qazı Əbdülvahab:
- Əhsən əl-xaliqüllah!
- deyib, şam işığında güclə sezilən bir təbəssümlə gülümsündü. Hüsniyyə qırmızı
atlas yaylığı ilə yaşmaq vurdu. Qara Qaplan Səkmən nədənsə gözlərini qırpmadan Səlminaz
xatuna baxırdı, axırda Seyid Əli İmadəddin Nəsimi məcbur olub onu dümsüklədi.
Masanın üstünə
Qurani-Kərim, iri bir sərnic şərbət və beş büllur fincan qoyulmuşdu.
Nəhayət, Qara
Qaplan Səkmən dilləndi:
- Qazı həzrətləri,
buyurun!
Qazı Əbdülvahab
masanın üstündən kağız-lələk götürdü, "Bismilləhir-rahmənir-rahim” deyib, əvvəlcə
Hüsniyyəni, sonra da Seyid Əlini sorğu-suala tutdu və nəsə yazmağa başladı. Otaq
elə səssiz idi ki, kağız üstə hərəkət edən lələyin xışıltısından və adamların nəfəsindən
başqa heç nə eşidilmirdi.
Qazı Əbdülvahab
sual-cavab əsasında vərəqi doldurdu, masanın ətrafında əyləşənlərin hamısına bir-bir
qol çəkdirdi və üstünə də üzüyündəki möhürü basdı, bununla da Hüsniyyə ilə İmadəddin
Nəsimini ər-arvad elan etdi.
Qara Qaplan
Səkmən "Mübarək olsun!” deyib, fincanlara şərbət süzdü. Hamı növbə ilə bəylə gəlinə
xoşbəxtlik və uzun ömür arzuladı. Sonra Seyid Əli ilə Hüsniyyə əl-ələ tutub qapıdan
çıxdılar, küçədə dayanmış digər bir faytonda yan-yana əyləşdilər. Yerdə qalanlar
əl edə-edə fayton gözdən itənə qədər onların arxasınca baxdılar. Sonra qazı Əbdülvahab
ilə Qara Qaplan Səkmən Səlminaz xatunla xudahafizləşib, gəldikləri faytona mindilər
və tamamilə başqa bir istiqamətə üz tutdular.
Səlminaz xatun
qapını kilidləyib bir az aralıda kölgə kimi dayanmış nökəri çağırdı və onunla bir
yerdə evlərinə sarı getdi.
Və həmin bürkülü
yay gecəsində Şamaxının balaca evləri bir-birinə qısılıb yatırdı. İtlərin hürüşməsindən,
əlində məşəl küçədən keçən tək-tük adamların səsindən savayı bu qədim, böyük şəhərdə
heç nə eşidilmirdi...
***
Şamaxı narahat
və həyəcanlı günlər yaşayırdı. Artıq neçə vaxt idi ki, Şamaxı və Baki şairlərinin
müraciətinə əsasən buraya Təbrizdən, Ərdəbildən, Zəncandan dəstə-dəstə adamlar gəlirdi.
Həmin müraciətdə yazırdılar:
"Əziz bəradərlərimiz,
böyük yurdumuzun şair, qəzəlxan, mərsiyəxan və meyxanaçıları. Neçə illərdi ki, Şamaxıda
üzdəniraq bir şair peyda olub, öz kafir əşarı ilə nəinki müqəddəs dinimizə, hətta
Allah və peyğəmbərimizə hədyanlar yazıb hər yerdə xalqın ruhuna rəxnə salır. Bu
yaramaz şairlərimizin müqəddəs ənənələrinə arxa çevirib, fars dilində deyil, gəda
və hambalların dili olan türk ləhcəsində yazır. Bu məlun İbrahim şahın rəğbətindən
istifadə edib küfr dolu şeirlərini ölkəmizdə yayaraq, hər yerdə mədrəsə əhli olan
şagird və taliblərin dilini və əxlaqını pozur. Buna son qoymaq üçün harada olsanız
da, təcili başınızı orada isladıb, Şamaxıda qırxdırın. Aman günüdür, özünüzü bizə
çatdırın. Zülhiccə ayının düşənbə günündə bu məlunun evinə yürüş edib onu Şirvan,
Baki və Gəncə mahalını tərk etməyə məcbur edək.
İmza: bütün
Şirvan şairləri”.
Məktub çaparlar
vasitəsilə Azərbaycanın bütün mahallarına yayıldı və çox keçmədi ki, hər yerdən
qafiyə düzənlər dəstə-dəstə Şamaxıya axışmağa başladılar.
Bədbəxtlikdən
İbrahim şah bu zaman həcc ziyarətinə getmişdi. Əlbəttə, saray əyanları nə baş verdiyindən
xəbərdar idilər. Amma müsəllim Müqtədir Oğuz heç bir tədbir görməyib, bu işə barmaqarası
baxırdı...
***
Seyid Əlinin
Hüsniyyəni evə gətirməsindən iki həftə keçmişdi ki, axşam qapı bərkdən döyüldü.
Şahxəndan:
- Kimdir?
- deyə qapıya tərəf getdi.
- Mənəm -
Qara Qaplan Səkmən.
Şahxəndan
qapını açdı və Qara Qaplan Səkmən yüyənindən darta-darta atını həyətə saldı. Salam-kalamdan
sonra:
- Seyid Əli hardadı? - dedi.
- Evdədir.
- Çağır gəlsin.
Şahxəndan
evə girdi və bir neçə dəqiqədən sonra qardaşı ilə qayıtdı.
Qara Qaplan
Səkmən başını bulaya-bulaya:
- Pis xəbər
var.
Seyid Əli
soruşdu:
- Nə olub?
- Bakinin,
Şirvanın, Gəncənin, Qarabağın, Göyçənin bütün şairləri Şamaxıya gəliblər. Sarıtorpağın
bütün həyətləri, evləri adamla dolub. Tərs kimi, İbrahim şah da həcc səfərindədir...
Qorxuram ki, o gələnə kimi...
Seyid Əli
çarəsiz halda Qara Qaplan Səkmənin üzünə baxdı:
- Səncə, mən
nə etməliyəm? Müsəllim Müqtədir Oğuz nə deyir?
- Deyir, bu
qədər adamın qabağını alsaq, qan su yerinə axar. Həm də İbrahim şahın izni olmadan
hərəkət etmək istəmir...
Şairlər şairi
fikrə gedib dodaqaltı pıçıldadı:
Çün bu yalançı
dünyanın aqibəti fəna imiş,
Qaç hamıdan,
ey Nəsimi, baxma onun səfasına.
Su ilə dolu
sərnic Şahxəndanın əlindən yerə düşdü. Qara Qaplan Səkmən dedi:
- Heyif...
Suyu niyə yerə dağıtdın?.. Əl-üzümüzü yuyardıq, içərdik... Yanıram...
Şairlər şairi
dedi:
- Belə çıxır
ki, paxıllar ordusu qalib gəldi, hə?
- Hə! Amma
həmişəlik yox. Müvəqqəti.
Şairlər şairi birdən Şahxəndanın üzünə baxdı:
- Balası,
- dedi, - bəlkə sən də bizimlə gedəsən?
- Yox, dadaş,
yox!
Qara Qaplan
Səkmən Şahxəndanı qucaqladı:
- Buna görə
narahat olma. Mən yanındayam... Bir dəvəniz var, bir dəvə də mən gətirdim, çöldə
otlayır... Amma sənin dəvən gözümə bikef dəydi. Deyəsən, qocadı.
- Yox, cavandı.
Yəqin, Hələbin xiffətini eləyir. Nə vaxt çıxırıq?
- Elə bu gecə,
səhərə yaxın, cümlə-aləm yuxuda ikən...
Şahxəndan
kövrəldi:
- Gec-tez
belə olacağını bilirdim. Özün də şeirlərində neçə dəfə yazmısan - paxıllar məğlubedilməzdir!
Bir də, düzünə qalsa, daim təhlükə və hədə altında yaşamaq da bir şey deyil. Bir
an yaşa - azad yaşa!
- Balası,
qəm yemə, həmişə belə olmayacaq ki, fürsət düşən kimi gələcəyəm...
***
Seyid Əli
evə qalxanda Hüsniyyə dedi:
- Bu nə dəvədi?
- Heç, Qara
Qaplan Səkmən mənə hədiyyə gətirib.
- Elə bilirsən
başa düşmürəm? Bizi Şirvandan qovurlar!
Seyid Əli
naəlac qalıb dedi:
- Hə, qovurlar.
Neyləyə bilərik?
- Bəs İbrahim
şah harda ölüb? Bəs müsəllim Müqtədir Oğuz harda itib-batıb?
- Əsəbiləşmə.
Olan işdir. İbrahim şah burda yoxdur. Lap olsa da, bizi nə vaxtacan qoruyacaq? Bir
deyil, yüz deyil, min deyil, ölkənin bütün cahilləri yığışıb gəlib, sabah evimizə
hücum edəcəklər...
Hüsniyyə hıçqırdı.
Nəsimi onun saçını tumarlayıb dedi:
- Mən, onsuz
da, bir yerdə qala bilmirəm. Bura da səni, Şahxəndanı görmək üçün gəlmişdim. İnan
ki, Şirvandan da elə-belə - Allah ümidinə çıxıb getmirik. Anadolunun hər yerində,
Şamda, Hələbdə, lap Misirdə çoxlu dostlarım var - qapıları həmişə üzümüzə açıqdır!
Sultanlar gəlişimizə şad olacaqlar. Elə bilmə ki, mən səni dilə tuturam. Əsla! İndi
gəl yerimizi sal, yataq. Sübh tezdən yola düşməliyik...
***
1409-cu ilin
avqust ayının onunda sübh çağı, o vaxt ki hələ yol-iz aydın görünmür və yalnız məşriq
səmasında üfüqün kiçik bir hissəsini ağ bir halə bürüyür, Şamaxının Seyidlər məhəlləsindən
uzanan yolda iki dəvə kölgə kimi ağır-ağır uzaqlaşırdı.
Dəvələrin
belində gedənlər XV əsr Şərqinin ən qüdrətli şairi Seyid Əli İmadəddin Nəsimi və
onun zövcəsi Şamaxı gözəli Hüsniyyə idi.
Qapıda dayanıb
hönkür-hönkür ağlayan on beş yaşlı yeniyetmə isə şairlər şairinin yeganə qardaşı,
Şamaxıda qalan nəslinin son yadigarı Şahxəndan idi.
Əslində, Seyid
Əli İmadəddin Nəsimi Şamaxıdan qalib kimi ayrılırdı. Çünki cahillər onun Hüsniyyə
ilə evlənib xoşbəxt olmasına mane ola bilməmişdilər və bu səfərdən xəbərsiz idilər.
Şahxəndan
isə, sadəcə, ondan ötrü ağlayırdı ki, qardaşının üzünü bir daha görməyəcəyini bilirdi.
Bəli, bu səfər - son səfər idi!
Seyid Əli
İmadəddin Nəsimi bu qədər dərdi, nisgili olmasına rəğmən xoşbəxt idi. Çünki ata
ocağından, qardaşından ayrı düşsə də, xoşbəxtliyi insana bəxş edən dörd ünsürün
dördü də onunla bir yerdə idi: sevgi, şöhrət, hörmət və nəhayət, Vətən!
Bəli, doğma
Azərbaycan dilinin timsalında Vətən daim onunla idi...
Oktyabr
2018 - yanvar 2019-cu il