07 May 2024 09:35
167
CƏMİYYƏT
A- A+

Son nəfəsində də Vətən dedi

 

Mayor Emin Süleymanov 2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlanan Vətən müharibəsində artilleriyaçı kimi iştirak etmişdir. Murovdağın, Füzulinin, Xocavəndin, Şuşanın və Laçının azad olunması uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstərmişdir. Təəssüflər olsun ki, cəsur zabit 9 noyabr 2020-ci ildə müharibənin 43-cü günündə 43 yaşında Laçın dəhlizi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
İkinci Qarabağ müharibəsində iştirak edən zabit və əsgərlərimiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdikləri misilsiz qəhrəmanlıqlar xalqımıza böyük qələbə sevinci yaşatdı. Mayor Emin Süleymanov İkinci Qarabağ müharibəsinin ilk günündən döyüşlərə atılıb. Artilleriyaçı kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirib. Son nəfəsində də "Vətən" deyib...
İkinci Qarabağ müharibəsində vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirdiyinə və döyüşlərdə göstərdiyi igidliyə görə mayor Emin Bəhmən oğlu Süleymanov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunun Xubyarlı kəndində dünyaya göz açmışdı. 1983-1992-ci illərdə kənddəki orta məktəbdə oxumuşdu.  1992-cü ildə hərbçi olmaq arzusu ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdu. 1995-1999-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə artilleriya ixtisasına yiyələnmişdi. Ali hərbi təhsilini başa vuran Emin Süleymanov leytenant rütbəsi ilə hərbi hissələrdən birinə taqım komandiri təyin olunmuşdu. Xidmətə böyük həvəslə başlayan gənc zabit hərbi məktəblərdə əxz etdiyi bilikləri böyük həvəslə ordu sıralarına yeni çağırılan əsgərlərə öyrədirdi.
Sonrakı illərdə Emin Süleymanov ayrı-ayrı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etdi. Həmişə də üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldi. Cəsur zabit Aprel döyüşlərində böyük hünər və cəsarət göstərdi. Düşmən hədəflərinə dəqiq artilleriya zərbələri endirdi. Vətən müharibəsində isə mayor Emin Süleymanovun döyüş yolu Murovdağdan başladı. Bir müddət bu istiqamətdə vuruşduqdan sonra onların bölmələri Füzuli rayonuna göndərildi. Emin bu istiqamətdə vuruşa-vuruşa Cəbrayıldan, Zəngilandan, Qubadlıdan və Laçından keçərək Şuşayacan getdi. Şuşanın erməni işğalçılarından azad olunmasında yaxından iştirak etdi. Son döyüşü də elə bu istiqamətdə oldu. Həyat yoldaşı Məhsəti Süleymanova Eminli günlərindən və onun son zəngindən söz açdı:
- İki övladımız var. Emin çox vətənpərvər bir zabit idi. Söhbətinin əvvəli də, sonu da Vətən idi. Ən böyük arzusu işğalda qalmış torpaqlarımızın düşməndən azad olunmasıydı. İkinci Qarabağ müharibəsində döyüşlərə yola düşəndən sonra tez-tez zəng vurub uşaqlardan hal-əhval tutur, uğurlu döyüşlərindən danışırdı. Son zəngi noyabrın 7-də oldu. Dedi ki, artıq Şuşaya yaxınlaşırıq. Bu gün-sabah Şuşanı da işğaldan azad edəcəyik. Bu, ondan gələn son zəng oldu. Noyabrın 9-da Eminin şəhid olduğunu eşitdik. Onu İmişli rayonunun Xubyarlı kəndində torpağa tapşırdıq. Həyat yoldaşımın qəhrəmanlığı, igidliyi ilə həmişə fəxr edəcəyəm. Övladlarımı onun adına layiq böyütməyə çalışacağam.

V.MƏHƏRRƏMOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video