İqtisadiyyatın bütün sahələrində qazanılmış
göstəricilər Azərbaycanın düzgün istiqamətdə inkişaf etdiyini təsdiqləyir
Sosial-iqtisadi sahədə qazanılmış nailiyyətlər
Azərbaycanın düzgün istiqamətdə irəlilədiyini, inkişafının davamlı olduğunu bir
daha təsdiqləyir. Müxtəlif təyinatlı müəssisələrin fəaliyyətə başlaması, yeni iş
yerlərinin yaradılması, infrastrukturun genişləndirilməsi, sahibkarlığın inkişaf
etdirilməsi sahəsində ötən illərdə həyata keçirilmiş mühüm tədbirlərin sırasına
ilin ilk 6 ayında yeni layihələrin adı əlavə olunub. Belə ki, yeni müəssisələr və
iş yerləri açılıb, sahibkarlara dövlətin dəstəyi davam edib, infrastruktur layihələri
diqqət mərkəzində olub.
Bütün bunlar barədə Prezident İlham Əliyevin
yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə geniş bəhs olunub. Bildirilib
ki, cari ilin əvvəlində qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə icra edilir.
Dövlət başçısı müşavirədə deyib: "Ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur
layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə
də əks etdirir. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz
3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım
15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr
verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə
ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz
kimi, karbamid zavodu, "SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların
istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın
inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin
15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır”.
İqtisadiyyatın bütün sahələrində qazanılmış
göstəricilər deməyə əsas verir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. O
cümlədən, ölkə sənayesindəki vəziyyət təqdirəlayiqdir. Sənayeləşmə sahəsində ötən
illərdə başlamış işlər uğurla davam etdirilir. Regionlarda sənaye parkları və məhəllələri
yaradılır. İndiyədək yaradılmış 9 sənaye parkı və məhəllələrinin işi gələcək perspektivlərdən
xəbər verir. Sənaye parkları və məhəllələrində artıq 78 rezident qeydiyyatdan keçib.
45 rezident fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən
5,7 milyard manatı faktiki olaraq yatırılıb. Bu layihələrin yerinə yetirilməsi nəticəsində
11 mindən çox yeni iş yeri açılıb. Sözügedən layihələrin reallaşması sayəsində
1,5 milyard manatlıq məhsul istehsal edilib və bunun 300 milyon manatlığı ixraca
yönəldilib.
İlin əvvəlindən bəri respublikanın şəhər
və rayonlarında bir sıra yeni müəssisələr istifadəyə verilib. Bunlardan Bakı şəhərində
Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, Sumqayıt şəhərində "SOCAR karbamid”
zavodu, Polietilen zavodu, Qobustan rayonunda "Azərxalça” ASC-nin filialını və s.
göstərmək olar.
Dövlət Statistika Komitəsinin yarım ilin
yekunlarına aid məlumatında bildirilir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət
göstərən fərdi sahibkarlar 23,6 milyard manatlıq məhsul istehsal ediblər. Bu da
keçən ilin 6 ayında olduğundan 1,8 faiz çoxdur. Sənayenin qeyri-neft-qaz sektorunda
məhsul istehsalı 15,7 faiz artıb. Sənaye məhsulunun 69,5 faizi mədənçıxarma,
25,6 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi
və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında
istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı bir qədər azalsa da, əmtəəlik
qaz hasilatı 35 faiz artıb.
Yeri gəlmişkən, sözügedən müşavirədə bugünkü
iqtisadi inkişaf üçün neft-qaz sektorunun əsas olduğu vurğulanıb və bu sahədə önəmli
addımlar atıldığı qeyd edilib.
Dövlət başçısı bu barədə deyib: "Cənub qaz
dəhlizi”nin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda "Cənub qaz dəhlizi”nin
icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi
layihədir. "Cənub qaz dəhlizi”nin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə
gəlir əldə edəcəkdir. Hesab edirəm ki, 6 ayda görülmüş işlər təqdirəlayiqdir”.
Hazırda Azərbaycan sənayesində qeyri-dövlət
sektorunun payı 82,5 faizdir. Ümumi istehsalın 92 faizi sənaye məhsullarının istehsalı,
qalanı sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılır.
Sənayenin ayrı-ayrı sahələrinə aid göstəricilər
də maraq doğurur. Belə ki, mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri
16,4 milyard manat olmaqla, əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 0,1 faiz
artıb.
Emal sənayesində də vəziyyət ürəkaçandır.
İçki, qida məhsulları, tütün məmulatlarının istehsalında nəzərəçarpan artım müşahidə
olunub. Bu sahənin əsas məhsullarından qənd və şəkər tozu 2,8 dəfə, qaymaq və xama
55,4, cem və marmeladlar 49,9, kolbasa məmulatları 45,5, üzlü süd 2,8, alkoqolsuz
içkilər 25,2 faiz artıb.
Toxuculuq sənayesi, geyim, dəri və dəridən
məmulatların, ayaqqabıların istehsalı sahəsində də artım var. Bu, eləcə də kimya
sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalına
aiddir. Bu sahələrdə müvafiq olaraq 233,3 milyon və 534,5 milyon manatlıq məhsul
istehsal edilib.
Tikinti materiallarının
da istehsalı artıb. Məsələn, keçən ilin yarım ilinə nisbətən bu ilin birinci yarısında
tikinti kərpicinin istehsalı 62,2, əhəngin istehsalı 50,1, hörmə üçün hazır beton
qarışığının istehsalı 20,5 faiz çox olub.
Digər sahələrdə
də bir sıra məhsulların istehsalı artıb. Bunlar avtomatik tənzimləmə və idarəetmə
üçün cihazlar, məişət soyuducuları, avtomobil, qoşqu və yarım qoşqular, fəvvarə
armaturu, ştanqlı quyu nasosları, mancanaq dəzgahları və digər məhsullardır.
Elektrik enerjisi,
qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 6 ayda 995,3 milyon
manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da keçən ilin
müvafiq dövründən xeyli çoxdur. Bu, xüsusilə su təchizatı, tullantıların təmizlənməsi
və emalı sektoruna aiddir. Burada məhsulun həcmi 7,4 faiz artıb.
Prezident
İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə qarşıda
duran vəzifələr haqqında da geniş bəhs olunub. Qeyd edilib ki, iqtisadi artım üçün
yeni mənbələr axtarılmalıdır. Bunlardan biri qeyri-neft sektorunun inkişafıdır.
Təcrübə göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi böyük əhəmiyyət daşıyır. İqtisadiyyatımızın
bu istiqamətdə addımlaması onun inkişafının davamlı olmağına təminat verir.
Flora SADIQLI,
"Azərbaycan”