16 Aprel 2024 08:25
223
SİYASƏT
A- A+

Son dövrdə sərhəddə iki dəfə insident olub

 

Hər ikisi də Fransanın təhriki ilə baş verib

 

2024-cü ilin son iki ayında Ermənistanla Azərbaycanın şərti sərhədində  gərginlik müşahidə olundu. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan aprel ayının əvvəllərində Ermənistanın sərhədlərimizə ağır texnika, artilleriya qurğuları və əlavə qoşun cəmləməsi ilə artan gərginlik silah səsləri ilə əvəzləndi. 
Müdafiə Nazirliyinin aprelin 2-də yaydığı məlumatda bildirilir ki, bazar ertəsi axşam saatlarında təxminən 20 dəqiqə Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan MR-in Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. 
Sərhədlərimizdə gərginliyin artmasını, Ermənistan ordusunun hərəkətliliyini təsadüfi hesab etmək olmaz. Heç sübhəsiz ki, aprelin 5-də Brüsselə "sülh konfransına" getməyə hazırlaşan Nikol Paşinyan ölkəsinə Qərbdən "təhlükəsizlik" təminatı almaq üçün "dostlarının" yanına əliboş getmək istəməmişdir. Birmənalı olaraq demək olar ki, iki ölkənin şərti sərhədlərində baş verən gərginliyin əsl səbəbkarı Ermənistanı geosiyasi maraqlarının əsiri etmiş, Cənubi Qafqazı hərbi poliqona çevirmək niyyətindən əl çəkməyən Fransadır. İşin maraqlı tərəfi də burasıdır ki, Ermənistanın "təhlükəsizliyindən" narahatlıq hissi keçirən, Fransanın sabiq jandarma qüvvəllərinin əməkdaşlarından təşkil olunub sərhəddə müşahidə aparan Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası o günlərdə sərhəddə "hər hansı qeyri-adi hərbi hərəkət" olmadığını bildirib. Avropalı "müşahidəçilərin" məsələyə bu cür yanaşması da təbii ki, səbəbsiz deyil. Azərbaycan tərəfi bir qayda olaraq sülhün və davamlı sabitliyin tərəfdarıdır. Ölkəmiz heç vaxt hər hansı qonşu dövlətə qarşı ərazi iddiasında olmayıb. Tərəflərin imzalaması üçün təqdim edilmiş sülh müqaviləsinin təşəbbüskarı da Azərbaycandır. Belə olan halda, Azərbaycanın sərhəddə hər hansı pozuculuq fəaliyyəti ilə məşğul olması absurddur. Bütün dünya, həmçinin Ermənistanı himayə və atəşkəsi pozmağa təhrik edən Fransa da bilir ki, şərti sərhədlərdə baş verən münaqişənin səbəbkarı ermənilərin özüdür. Məsələ burasındadır ki, tərəflərin sərhəddə atəşkəsin pozulmasına görə verdikləri açıqlamalardan əvvəl, ABŞ Dövlət Departamentinin sözçüsü Matthev Miller ənənəvi brifinqdə Azərbaycan və Ermənistanı "sərhədboyu ərazilərdə gərginliyi artıran ritorikalardan" çəkinməyə çağırmışdı. Əslində, Matthev Miller Azərbaycanı haqsız yerə ittiham edib. Ermənistanı yenidən müharibəyə təhrik edən, onu silahlandıran Fransa şərti sərhədlərdə "gərginlik" ola biləcəyi haqqında əvvəlcədən "həyəcan təbili" çalaraq bu ölkəyə "təhlükəsizlik" təminatı vermək istəyən qüvvələri feyk xəbərlərlə məlumatlandırıb.
İş burasındadır ki, iki ölkə arasındakı şərti səhəddə gərginlik hələ də davam etməkdədir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, aprelin 10-da saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisindən Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. Sərhədin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.
Bu dəfə Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "News.am" Ermənistan İstintaq Komitəsinin açıqlamasına əsasən, baş verən hadisədən Ermənistan təəssüfləndiyini bildirib. Eyni zamanda xəbərdə Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açmış hərbçilərə cinayət işinin açıldığı qeyd edilib.
İş o yerə çatıb ki, Ermənistan öz cinayətkar əməllərini etiraf etmək məcburiyyətində qalıb. Bu fakt həm də onu göstərir ki, Hayastanda sabitliyi pozmaqda iki ölkə arasında gərginlik yaratmaq istəyən qüvvələr var. Həmin qüvvələrin imkanları hərbi strukturlara göstəriş verib, atəşkəsi pozmağa qədər yetərlidirlər.
Azərbaycan həmişə məsələyə səbirlə yanaşıb. Qarşı tərəfə səhvlərini anlayıb, düzgün nəticə çıxarmaq üçün imkan verib. Bu dəfə də baş leytenant Rövşən Məmmədovun yaralanması ilə nəticələnən insident zamanı ölkəmiz başqa addımlar da ata bilərdi. Gözlənti o idi ki, Ermənistan hadisəni araşdırıb nəticəni bəyan etsin. Hadisələrin gedişi, təhlillər göstərir ki, iki ölkə arasında münasibətləri gərginləşdirməkdə maraqlı olan kənar müdaxilələr olmasa, məsələlər normal məcrasına düşə bilər. Bunun üçün də ilk növbədə Ermənistanın Fransanın asılılığından xilas olması lazımdır. Fransanın Ermənistana göstərdiyi "xidmət" bu ölkəyə yalnız bədbəxtçilik vəd edir.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video